2. Praktik funksiya. Sosiologiyanın praktik funksiyası onun idrak funksiyası ilə bilavasitə bağlıdır. Bu
funksiya özündə qabaqgörənlik məqamını əks etdirən elmi idrakın öz təbiətindən doğur. Sosiologiya cəmiyyətin,
sosial proseslərin mövcud vəziyyətini təhlil etməklə kifayətlənmir, gələcək dəyişmələrin perspektivlərini
aydınlaşdırır, həmin perspektivlərin reallaşdırılmasına istiqamətlənmiş praktik fəaliyyətə təsir göstərir. Bu elm
insanların öz sosial münasibətlərini tərəqqinin obyektiv tələblərinə uyğun olaraq tənzim etməsinə kömək edir.
Sosioloji tədqiqatlar nəticəsində hazırlanan tövsiyələr
[21 - 22]
idarəetmə orqanlarının ehtiyaclarını xeyli dərəcədə
ödəyir, sosial tərəqqinin sürətlənməsində özünəməxsus rol oynayır.
Sosial proseslər üzərində həqiqi nəzarət konkret informasiyaya, deməli, konkret sosioloji tədqiqatlara
möhtacdır. Tətbiqi sosiologiya müxtəlif qruplarda, təşkilatlarda, müəssisələrdə və s. sosial inkişaf məsələlərini daha
optimal qaydada həll etmək sahəsində tövsiyələrin işlənib hazırlanmasında bilavasitə iştirak edir. Kompleks sosial
problemlərin tədqiqi mühüm praktik əhəmiyyətə malikdir: bu halda cəmiyyət həyatının daha bütöv mənzərəsini
təsəvvür etmək, neqativ nəticələri irəlicədən görmək, idarəetmənin ən səmərəli yollarını və vasitələrini
müəyyənləşdirmək mümkün olur.
Sosioloji tədqiqatların nəticəsi kimi irəli sürülən praktik tövsiyələr sosial amillərin iki qrupuna aid olur.
Birinci qrup obyektiv xarakterli amilləri - insanın həyat fəaliyyəti şərtlərini (siyasi quruluş, sosial struktur, əməyin,
məişətin və s. konkret şəraiti, habelə subyektin bu şəraitdə real davranışı), ikinci qrup isə subyektiv xarakterli
amilləri - subyektiv məqamları (məqsədlər, niyyətlər, motivlər, maraqlar, sərvət yönümləri, ideoloji təsəvvürlər,
ictimai rəy və s.) əhatə edir. Bunların sıx əlaqədə öyrənilməsi şəxsiyyətlərarası münasibətləri təkmilləşdirmək,
cəmiyyətdə daha möhkəm sabitlik qərarlaşdırmaq vasitələrini müəyyənləşdirməyə kömək edir.