3. İdeoloji funksiya. Sosiologiya kütlələrin ideya tərbiyəsi, qeyri-elmi baxışlarla mübarizə vəzifələrini də
yerinə yetirir. Sosioloji biliklərə yiyələnmək, müxtəlif səviyyəli nəzəriyyələrlə tanış olmaq, konkret faktlar əsasında
real vəziyyəti tam təsəvvür etmək insana imkan verir ki, o, ictimai prosesdə öz yerini, mövqeyini daha dürüst başa
düşsün, onun fəallığı daha dolğun sosial məna kəsb etsin.
Sosiologiya elmi təfəkkürün formalaşmasında və inkişafında, insanın ideya cəhətdən yetkinləşməsində
müəyyən rol oynayır. Konkret sosioloji tədqiqatlar təcrübəsi təkcə praktik tövsiyələr işləyib hazırlamaq baxımından
deyil, həm də düzgün idarəetmə, rəhbərlik üslubu, vərdişləri qazanmaq baxımından da əhəmiyyətlidir, çünki sosial
qanunların daha dərindən başa düşülməsinə əsaslanır. Səmərəli, işgüzar, elmi idarəetmə üslubu tələsik, kifayət
qədər əsaslandırılmamış iradi qərarların qarşısını almağa kömək edir.
Sosioloq faktları, hadisələri araşdırarkən nə qədər obyektiv, neytral olmağa çalışsa da, müəyyən sosial-siyasi
mövqe tutur. Renata Maynts (AFR) 1974-cü ildə Torontoda keçirilmiş VIII Ümumdünya sosiologiya konqresində
demişdir: «Siyasətə öz münasibətini müəyyən etmək sosiologiyanın aktual vəzifələrindən biridir. Axı sosiologiya
bir çox cəhətdən siyasi qərarların qəbul edilməsi üçün əsasdır... Sosiologiya siyasətə təsir göstərməkdə başqa
sahələrə, məsələn, texniki sahələrə nisbətən daha böyük imkanlara malikdir. Bu halda o vacibdir ki, sosioloqların
təsir göstərə bildikləri şəxslər hansı sferalara mənsubdurlar. Qərar qəbul edənlər çox tez-tez sosioloqların
topladıqları məlumatlardan sonralar istifadə edirlər». Bu bir həqiqətdir ki, sosioloq maksimum obyektiv və dəqiq
informasiya almağa maraqlı olsa da, onun tədqiqatlarının nəticələri hər halda siyasi qiymətdən kənarda qalmır.
Mövzunun seçilməsi, tədqiqat problemlərinin qoyulması, nəticələrin şərhi hökmən sosioloq alimin sosial-siyasi
mövqelərinin təsirinə məruz qalır, onun siyasi maraqlarından və sərvət yönümlərindən az və ya çox dərəcədə asılı
olur. Buraya onu da əlavə etmək lazımdır ki, sosioloqun nəticələri və tövsiyələri bu və ya başqa dərəcədə müxtəlif
sosial qrupların siyasi mənafelərinə toxunur, müəyyən ideoloji məna kəsb edir. Sosioloqların ideya-siyasi
mövqeləri müxtəlif konsepsiyalar arasında gedən mübarizənin mühüm amillərindən biridir.
Əhalinin maariflənməsi, ideyaca yetkinləşməsi sahəsində dövlətin fəaliyyəti olduqca mürəkkəb işdir. Bu işin
səmərəsini yüksəltməkdə ictimai rəyi, kütləvi informasiya və təbliğat vasitələrinin, cəmiyyətin siyasi və hüquqi
təsisatlarının
[23 - 24]
fəaliyyətini, sosial-psixoloji, ideoloji mövqeləri sosioloji baxımdan tədqiq etmək böyük rol
oynayır.