8
Sonralar geniş şöhrət qazanmış sosioloji cərəyanların - simvolik interaksionizmin (C. H. Midin əsərlərində),
fenomenoloji sosiologiyanın (A.
Şyutsun əsərlərində), Frankfurt məktəbinin «tənqidi» sosiologiyasının
(M. Horkhaymerin və T. Adornonun əsərlərində) formalaşması da bu dövrə təsadüf edir. Bu dövrdə irəli sürülən
bəzi ideyalar bir çox onilliklər ərzində irəlicədən sosioloji fikrin inkişafının bünövrəsini təşkil etmişdir.
Əsrimizin 50-ci illərindən etibarən sosiologiyada sabitləşmə səylərini möhkəmləndirmək, rasionallıq və
inkişaf ideyalarını daha dərindən işləmək meylləri üstünlük təşkil edir. Bu meyllər indi də geniş və qızğın mübahisə
obyekti olaraq qalır.
Hazırda sosiologiyanın müstəqil elm kimi mövcudluq
[9 - 10]
hüququ, onun sosial və intellektual inkişafda
rolu, demək olar ki, heç kəsdə etiraz doğurmur. Bütün qabaqcıl və inkişaf etmiş dövlətlər cəmiyyətin sosial-iqtisadi
və mənəvi - əxlaqi baxımdan sağlamlaşmasında sosiologiyanın əhəmiyyətini dərk edərək, onun inkişafı üçün daha
optimal şərait olmasına qayğı göstərirlər.
Müstəqilliyin çətin, əzablı, lakin zəruri yolu ilə irəliləyən respublikamızda sosiologiyanın inkişafı müəyyən
çətinliklərlə üzləşir. Erməni təcavüzü nəticəsində respublika ərazisinin xeyli hissəsinin işğalı və dağıntıya məruz
qalması, qaçqınlar və məcburi köçkünlər problemi, iqtisadi, sosial, mənəvi potensialın xeyli zəifləməsi, sosiologiya
sahəsində ixtisaslı kadrların azlığı, keçmiş SSRİ-də sosiologiyanın təsisatlaşdırılmasına və öz qanuni yerini
tutmasına lazımınca diqqət yetirilməməsi, sosioloji tədqiqatla və xidmətlə məşğul olan laboratoriyaların, şöbələrin
maliyyə çətinlikləri ilə üzləşməsi və s. obyektiv surətdə vəziyyəti mürəkkəbləşdirir və gərginləşdirir. Lakin nəzərə
almaq lazımdır ki, son illərdə respublikamızda ümidverici addımlar da atılmışdır. Artıq sosiologiya ixtisası üzrə
kadrlar hazırlığına başlanılmış, ali məktəblərdə və kolleclərdə sosiologiyanın tədrisinə diqqət gücləndirilmiş, onun
təsisatlandırılması işi xeyli təkmüləşdirilmişdir. Əlbəttə, problemlər qalır. Lakin bu problemlərin həlli təkcə dövlət
qayğısından yox, həm də bu sahədə çalışan mütəxəssislərin ictimai tələbatı dərk etməsindən, öz bilik və ixtisas
səviyyəsini yüksəltməsindən, respublikanın müstəqilliyinin möhkəmlənməsinə konkret töhfəsindən asılıdır.
Bu bir həqiqətdir ki, tarixi-elmi baxımdan hər bir elm nəinki nəzəri müddəaların az-çox nizama salınmış
sistemidir, həm də müəyyən predmeti öyrənən və onunla peşəkar surətdə məşğul olan adamların daxil olduğu sosial
sistemdir. Bu mənada sosiologiya da bir elm kimi konkret tarixi təsissatdır, onun meydana gəlməsi, inkişafı,
yüksəlmə və enmə momentləri diqqətlə öyrənilməlidir.
Bir sıra elmlərlə müqayisədə sosiologiyanın daha əhatəli
[10 - 11]
və dərin yol keçməli olacağı indi açıqca
etiraf olunur. Bu baxımdan Amerika sosiologiyasının görkəmli nümayəndələrindən biri olan Robert Kinq Mertonun
sözləri xarakterikdir: «İyirminci əsrin fizikası ilə sosiologiyası arasında milyard saatlıq fasiləsiz nizamlı və
təmərküzləşmiş tədqiqatçılıq işinə bərabər olan fərq mövcuddur. Ola bilsin ki, sosiologiya öz Eynşteyni üçün hələ
ona görə yetişməmişdir ki, o, əvvəlcə öz Keplerini tapmalıdır».
Dostları ilə paylaş: