F. Q. Vahidov, T. B. Ağayev


 İnstitutlaşma prosesi və onun inkişafı



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə74/131
tarix02.01.2022
ölçüsü1,62 Mb.
#40145
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   131
sosiologiya

2. İnstitutlaşma prosesi və onun inkişafı 
 
İctimai institutların yaranması birdən-birə baş vermir. Bu proses bir neçə ardıcıl mərhələdən keçir. Birinci 
mərhələdə cəmiyyətdə məlum institutun yaranmasına sosial tələbat öyrənilməlidir; bu tələbat insanların əksəriyyəti 
tərəfindən dərk edilməlidir.  İkinci mərhələdə ümumi məqsədlər formalaşdırılır. Növbəti mərhələdə isə  cəmiyyət 
sosial tələbatı ödəmək üçün zəruri olan resurslara (maddi, əmək və təşkilati), funksiyalar və hərəkətlər sisteminə, 
yaranacaq yeni institutun özülü rolunu oynayan mədəni mühiti formalaşdıran simvollar və normalar sistemlərinə 
malik olmalıdır. Nəhayət, sonuncu - dördüncü mərhələdə bu norma və qaydaların, prosedurların institutlaşması, 
yəni onların qəbul edilməsi və praktik tətbiqi baş verir. 
Sosial institutların yaranması prosesi institutlaşma adlanır.  İnstitutlaşma o vaxt baş verir ki, cəmiyyətdəki 
konkret ictimai tələbatın ümumsosial miqyas kəsb etdiyi başa düşülür və onu reallaşdırmaq üçün xüsusi davranış 
normaları işlənilib hazırlanır, lazım olan kadrlar yetişdirilir və resurslar müəyyənləşdirilir. 
«İnstitutlaşma»nın klassik anlamı, onu fərdlər məcmusunun təbii vəziyyətindən sosial vəziyyətə keçidi kimi 
səciyyələndirir. Bu keçid nəticəsində insanlar artıq öz şəxsi maraqlarından və üstünlük verdikləri seçimlərindən 
kənarda duran və onlara münasibətdə üstünlük təşkil edən müəyyən 
[174 - 175]
 yüksək avtoritetin olduğunu qəbul 
edirlər. Məsələn, özünün «Qanunların ruhu» əsərində  vətəndaşın vəziyyəti ilə insan vəziyyətini bir-birinə qarşı 
qoyan Monteskyö bu mövqedən çıxış edir. Vətəndaşın hərəkətləri qanunlar vasitəsilə  tənzim olunur, insanın 
davranışları isə  əksər hallarda əxlaq normaları ilə nizama salınır. Monteskyöyə görə, institutlaşmış  cəmiyyətdə 
fərdlərin hərəkətlərinin nəticələrinin irəlicədən görünməsini və onların qarşılıqlı münasibətlərində xeyirxah 
davranışı təmin edən qayda hökm sürür. 
«İnstitut» anlayışının dəqiq mənasını ilk dəfə E. Dürkheym məktəbinə  mənsub olan sosioloqlar müəyyən 
etmişlər. Əlbəttə, ailə və hüquq kimi sosial institutlar o vaxta qədər də sosioloqların tədqiqat obyekti, müqayisəli-
tarixi təhlilin predmeti olmuşdur. Dürkheymin və onun tələbələrinin nəzərincə, institutlar müəyyən sosial qrup 
üçün məcburi olan və onun üzvlərini başqalarından fərqləndirən daimi xarakterli və bir növ «kristallaşmış» olan 
hərəkət üsulları, təfəkkür və hissetmə üsullarıdır. Qeyd edək ki, bu anlayışa dəqiq tərif verməkdə özünü göstərən 
çətinliklər onunla izah edilir ki, həmin anlayış  nəticə etibarilə sosial davranışın istisnasız olaraq bütün növlərinə 
tətbiq oluna bilir. Sözün məhdud mənasında götürdükdə isə o, yalnız cəmiyyət tərəfindən aşkar surətdə və effektiv 
səviyyədə sanksiyalaşdırılmış sosial davranış formalarma aiddir. Dürkheym və onun tərəfdarları bu termini daha 
çox ikinci mənada işlətdikləri halda, bir sıra başqa müəlliflər (məsələn, Parsons) onun birinci mənasına üstünlük 
verirlər. Digər tərəfdən, Dürkheym institutların məcburedici xarakteri üzərində  təkid edərək, ona hər cür sosial 
tənzimetmənin sinonimi kimi yanaşmağa məcbur olur, yəni sosial olan hər şey institusionaldır, çünki onların hamısı 
sosial baxımdan məcburidir, institut isə sosial məcburetmənin vasitəsidir. Nəticədə  İ. Qurviçin  sözləri ilə desək, 
çox sərt və sosial həyatdan «özgələşmiş» bir konsepsiya alınır. Dürkheym sosial institutlara müəyyən qaydalar 
kompleksi və ya normativ sistemlər kimi yanaşaraq, onların sistemli və mütləq 
[175 - 176] 
xarakterli olmasında 
təkid edir. Lakin belə olduqda, təcrübədən də göründüyü kimi, vahid cəmiyyət çərçivəsi daxilində müxtəlif 
fəaliyyət növləri arasında dayanıqlı qarşılıqlı  təsirin olduğu aşkara çıxır (məsələn, eyni bir institutlar sistemi 
daxilində  həyata keçirilən iqtisadi və siyasi fəaliyyət növləri arasında).  Əgər institutlar müxtəlif növlərdən olan 
fəaliyyətlər arasında qarşılıqlı asılılıq münasibətləri yaradırsa, onda belə bir sual ortaya çıxır: onları hansı qüvvə 
əlaqələndirir? Məsələn, kapitalizmin iqtisadi institutları həmin cəmiyyətin hüquq, siyasi və mədəni institutları ilə 
bir araya sığa (uyuşa) bilərmi?  İnqilab haqqında nəzəriyyələrin  əksəriyyəti inqilab ərəfəsində mövcud olan 
rejimlərin süqutunu istehsal münasibətlərinin (iqtisadi institutların) inkişaf məntiqi ilə arxaik siyasi və hüquq 
sistemi (siyasi institutlar) arasında açıq-aşkar ziddiyyətin olması ilə izah edir. D. Bell də  cəmiyyətin mədəni 
yönümü (oriyentasiyası) ilə kapitalistcəsinə  təşkili arasında ziddiyyətin olduğunu qeyd edir. Müəllifə görə, 
ziddiyyətin mövcudluğu kapitalizmin «süquta» uğradığını sübut edir. Bu müddəa, əlbəttə, çox mübahisəlidir. Lakin 
onun  əksi olan aşağıdakı fikir də birmənalı  qəbul olunmur: kapitalizmdə  və yaxud hər hansı başqa cəmiyyətdə 
müxtəlif institutlar arasında sıx əlaqəlilik və vəhdət mövcuddur. İndustrial cəmiyyətin guya ailəni körpə uşaqlı ər-
arvad cütlüyünə muncər etdiyi haqqında funksionalist xarakterli təsəvvür «nuklear ailəyə» dair mübahisələri nəinki 
aradan qaldırmır,  əksinə bu məsələyə daha çox dolaşıqlıqlar gətirir. Təhsil və  səhiyyə institutlarını öyrənən 
sosioloqlar, xüsusilə də neomarksistlər analoji yolla gedərək çox vaxt kapitalizm cəmiyyətində həmin sistemlərin 
(təhsil və səhiyyənin) bu və ya digər səciyyələrini verərkən onların yalnız iqtisadi fayda götürməyə yönəlməsi ilə, 
yəni iqtisadi institutların fəaliyyəti ilə izah edirlər. 


72 
 
Beləliklə, məlum olur ki, vahid institutlar sisteminin mövcud olması daha çox ideal konstruksiyadır. Real 
həyatda institutlaşma köhnə institusional formalarla yeni yaranan 
[176 - 177]
 sosial tələbatlar arasında 
ziddiyyətlərin olduğunu da qəbul edən dinamik prosesdir. 
Tanınmış sosioloq Q. Lenski institutlaşma proseslərini doğuran bir neçə  əsas sosial tələbatı müəyyən 
etmişdir: kommunikasiyaya olan tələbat (dil, təhsil, rabitə, nəqliyyat); məhsullar və xidmətlər istehsalına olan 
tələbat; mövcud nemətlərin bölgüsünə olan tələbat; vətəndaşların təhlükəsizliyinə, onların həyatının və uğurlarının 
müdafiəsinə olan tələbat; cəmiyyətdə qeyri-bərabərlik sisteminin (ictimai qrupların mövqelərinin və statuslarının 
müxtəlif meyarlar üzrə yerləşdirilməsi) qorunub saxlanılmasına olan tələbat; cəmiyyət üzvlərinin davranışı 
üzərində sosial nəzarətin həyata keçirilməsinə (din, əxlaq, hüquq, cəzaçəkmə müəssisələri) olan tələbat. 
Müasir cəmiyyət institutlar sisteminin çoxalması və mürəkkəbləşməsi ilə səciyyələnir. Bir tərəfdən, eyni bir 
təməl xarakterli tələbat bir çox xüsusi institutların mövcudluğunu zəruri edə bilər, digər tərəfdən isə  hər bir 
institusional kompleks (məsələn, hüquq) aşağıdakı bir sıra təməl tələbatlar çoxluğunu yerinə yetirir: 
kommunikasiyaya, xidmətlərin, nemətlərin bölgüsünə, fərdi və kollektiv müdafiəyə olan tələbatları, qanun-
qaydanın və nəzarətin qorunması tələbatını. 
Tarixi inkişafın gedişində sosial institutlarda baş verən dəyişikliklər həm onların öz daxilində olan 
səbəblərlə  (əsasən həmin institutun hakim sosial qrupların mənafeləri baxımından səmərəliliyinin aşağı düşməsi 
üzündən), həm də xarici amillərlə (məsələn, cəmiyyətin yeni biliklər, yeni təsəvvürlər və dünyagörüşü əldə etməsi 
ilə əlaqədar olaraq) bağlıdır. 
Aydındır ki, sosial institutun fəaliyyətinə qoşulmuş insanlar onlar üçün ayrılmış müvafiq rolları  qəbul 
etməlidirlər.  Şübhəsiz, institut daxilindəki bütün rollar institut rolları ola bilməzlər. Məsələn, «ananın balaca 
köməkçiləri» - bunlar ailədaxili rollardır. Lakin onlar institutlaşmamışlar. Eyni zamanda oğul və ya qız 
institutlaşmış rollardır. Bəs fərq nədədir?  İnstitutlaşmış rol kənaraçıxmaları daha ciddi cəzalandırmağı  nəzərdə 
tutan, daha sabit davranışlar toplusudur. Belə rollardan kənaraçıxmalar təhlükəlidir və ictimai cəhətdən mühakimə 
olunur. Hətta prezidentlər, nazirlər çox ciddi qüvvəyə malik olmalarına baxmayaraq, institut rollarının çərçivəsini 
qəbul etməyə  məcburdurlar. Ailədə  oğulun və  qızın rolları onların valideynlərə, bir-birinə qarşı münasibətdə 
vəzifələri ilə birlikdə sözsüz yerinə yetirilməlidir, bundan kənaraçıxmalar ciddi cəzalandırılır. 
İnstitut rolları  təəccüblü dərəcədə sabitdir. Məsələn, rəis arvadı ilə müqayisədə xidməti işdə katibəsinin 
onun tələbatlarını necə çevik və bacarıqla yerinə yetirdiyini müşahidə edir. Narazı ər arvadından ayrılır və katibəsi 
ilə evlənir. Lakin tezliklə məlum olur ki, katibə arvad rolunda onun əvvəlki arvadından heç nə ilə fərqlənmir. Başqa 
bir misalı da nəzərdən keçirmək olar. Tədricən rəhbər vəzifəyə nail olmuş qulluqçular tabeliklərinə keçmiş əvvəlki 
həmkarları ilə köhnə münasibətləri saxlamağa çalışırlar. Lakin bu yol nadir hallarda müvəffəqiyyətə gətirib çıxarır. 
Belə ki, rəhbər rolu üçün başqa, tamamilə yeni münasibətlər zəruridir. 
İnstitutun rollarının sabitliyi fərdlərin həmin rolları  fərdi ifaetmə bacarıqlarının eyniləşməsi ilə  şərtlənir. 
Tikintidə çalışan fəhlələrdən biri pis, digəri yaxşı  əhval-ruhiyyədə, başqa birisi isə nisbətən bacarıqsız ola bilər. 
Ancaq fərdi fərqlər rolların tələbata istinad etməsi ilə  məhduddur.  İnstitut daxilində  əmələ  gələn mübahisələr, 
əlbəttə,  şəxsiyyətlərin bir-birinə olan münasibətlərinin dəyişilməsi ilə  nəticələnir, çox hallarda sosial rolların 
toqquşmasına gətirib çıxarır.  İstehsalçı ilə sifarişçi ona görə toqquşurlar ki, istehsalçı  məhsulu tam keyfiyyətli 
hazırlamalı olduğu halda, sifarişçi həmin məhsulun istifadəyə yararlı olmasını yoxlayır. Bütün bu toqquşmalar 
institut rollarıdır. Arvad həmişə arvad, kişi həmişə kişi, direktor isə direktordur. Fərq, ancaq institut rollarının fərdi 
cizgilərindədir. Bəzi hallarda rol şəxsi keyfiyyətləri tənzimləyir, məsələn, rəhbər vəzifəyə təyin olunduqda. Rolların 
dayanıqlı olması ayn-ayrı institut rollarının yerinə yetirilməsində uyğunluq tələb edir. Başqa sözlə, 
[178 - 179]
 
rolun özü fərdlər arasında seçim aparır. 
Sosial sistemin inkişafı institutların təkamülünə  gətirib çıxarır. Bu proses sosial institutların  ənənəvi 
modellərindən müasir modellərinə keçilməsinə doğru yönəlir.  Əgər  ənənəvi cəmiyyətdə bütün institutlar sərt 
şəkildə birmənalı xarakter daşıması ilə, statuslarda və davranış normalarında fərdi azadlığa son dərəcə  aşağı 
səviyyədə yer verilməsi ilə  səciyyələnirdisə, müasir cəmiyyətdə institutlar tərəfındən sosial reqlamentləşmənin 
həyata keçirilməsi sərt deyil, daha yumşaq formalara malikdir və yüksək səviyyədə plüralizmə imkan verir. 
Bütövlükdə institutlaşma prosesi öz sıralarında birləşdirdiyi insanların status və  vəzifələrinin dəqiq 
müəyyənləşdirilməsi ilə başa çatır. Qeyd olunmalıdır ki, ictimai institutsuz heç bir müasir cəmiyyət normal 
fəaliyyət göstərə bilməz; institutlar cəmiyyətdə qayda-qanunun və mütəşəkkilliyin simvoludurlar. 
 
3. Sosial institutların funksiyaları 
 
Sosial institutun normal fəaliyyəti üçün ona daxil olan insanlar müvafıq rolları  qəbul etməli və yerinə 
yetirməlidirlər. Sosial institutların  əsas rolu müvafıq sosial tələbatın təmin edilməsindən ibarətdir. Onu 
reallaşdırarkən hər bir institut öz üzvlərinin birgə fəaliyyətini təmin edən aşağıdakı funksiyaları yerinə yetirir: 


73 
 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin