10.6.MÜƏSSİSƏLƏRDƏ DÖVRİYYƏ VƏSAİTLƏRİNİN MAHİYYƏTİ VƏ
TƏRKİBİ
Müəssisələrin fəaliyyəti onların dövriyyə vəsaiti ilə nə dərəcədə təmin edilməsindən
asılıdır. Dövriyyə vəsaitinin çatışmamazlığı təkrar istehsalın gedişinə mane olur, müəssisədə
maliyyə çətinliyi yaranır. Dövriyyə vəsaitinin artıqlığı isə onun dövriyyə sürətinin
azalmasına, vəsaitin dövriyyədən yayınmasına və rentabelliyin aşağı düşməsinə səbəb olur.
Ona görə də istehsal prosesinin dövriyyə vəsaitinə olan ehtiyacının müəyyən edilib,
istehsalın bu vəsaitlərlə lazımı dərəcədə təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Müəssisənin dövriyyə vəsaiti dedikdə onların dövriyyə istehsal fondlarında olan pul
vəsaitləri nəzərdə tutulur. Dövriyyə vəsaitləri təkrar istehsal prosesində roluna görə dörd
qrupa bölünür:
- istehsal ehtiyatlarına qoyulan vəsaitlər;
- bitməmiş istehsala və gələcək dövrün xərclərinə qoyulan
vəsaitlər;
- hazır məhsula qoyulan vəsaitlər;
- pul və hesablaşmalarda olan vəsaitlər.
Müəssisənin tədavül sferasına xidmət edən vəsaiti onun tədavül fondlarını təşkil edir ki,
bu da hesablaşma hesabında və kassada olan pul vəsaitindən ibarət olur. Müəssisənin
dövriyyə istehsal fondları ilə tədavül fondları arasında iqtisadi cəhətdən bir çox ümumilik
112
vardır. Bunlardan hər ikisi istehsal ilə əlaqədardır, bütün istehsal - təsərrüfat fəaliyyətinə
fasiləsiz xidmət edirlər, daimi hərəkətdə, dövriyyədə olurlar. Dövriyyə vəsaitləri müəssisənin
cari və əsaslı xərclərinin maliyyələşdirilməsinin əsas mənbəyi olub, maddi materiallar və
maliyyə aktivlərinə bölünürlər.
Əmələgəlmə mənbələrinə görə dövriyyə vəsaitləri müəssisənin xüsusi və ona
bərabərləşdirilmiş dövriyyə vəsaitinə və borc alınan dövriyyə vəsaitinə bölünür. Xüsusi
dövriyyə vəsaitinin formalaşması mənbələri investisiya üçün nəzərdə tutulmuş vəsaitlərdir.
Planlaşdırma
dərəcəsinə
görə
dövriyyə
vəsaitləri
normalaşdırılan
və
normalaşdırılmayan dövriyyə vəsaitlərinə bölünür.
Normalaşdırılan dövriyyə vəsaitinin ehtiyatları müəssisənin dövriyyə vəsaiti hesabına
yaradılır. Bazar iqtisadiyyatı şəraitində dövriyyə vəsaitinin normalaşdırılması tövsiyə
xarakteri daşıyır, başqa sözlə, onun normalaşdırılmasına ehtiyac duyulur. Lakin buna
baxmayaraq normalaşdırılmış dövriyyə vəsaitinin hərəkəti və dinamikası həmişə müəssisənin
diqqət mərkəzində olmalıdır.
Normalaşdırılan dövriyyə vəsaiti müəssisənin dövriyyə vəsaitinin o hissəsinə deyilir ki,
bunların hər bir növü üzrə ehtiyat normaları və pul ifadəsində ümumi normativ müəyyən
edilir.
Normalaşdırılmayan dövriyyə vəsaiti dövriyyə vəsaitinin o hissəsidir ki, onlar üzrə
ehtiyatın həcmi operativ qaydada nizama salınır. Normalaşdırılmayan dövriyyə vəsaitinə
aiddir: əmtəələrin (malların) göndərilməsi, pul vəsaiti və hesablaşmalarda olan vəsaitlər.
Dövriyyə vəsaitinin bütün qalan elementləri də normalaşdırılır.
Müəssisənin dövriyyəsində daimi hərəkətdə olan dövriyyə vəsaiti istehsal ehtiyatları
yaranan andan hazır məhsulun reallaşdırılmasından alınan gəlirin daxil olması vaxtına qədər
məhsulun istehsalına və reallaşdırılmasına müəssisənin xərclərinin maliyyələşdirmə mənbəyi
hesab edilir. Bununla belə dövriyyə vəsaiti özünün ən mühüm funksiyasını - istehsal
prosesinin fasiləsiz olaraq pul vəsaiti ilə təmin edilməsini yerinə yetirir.
Dövriyyə vəsaiti əsas maliyyə kateqoriyası olmaqla istehsal və tədavül sferasına və
deməli, ölkənin pul tədavülünə əhəmiyyətli təsir göstərərək özünün ikinci funksiyasını yerinə
yetirir. Göstərilən funksiyaların həyata keçirilməsi müəyyən şərtlərin olması ilə əlaqədardır.
İstehsal funksiyasının yerinə yetirilməsi istehsal sferasına qoyulan maliyyə resurslarının
kəmiyyətinin iqtisadi əsaslandırmasından, habelə istehsal prosesinin təşkili dərəcəsindən və
onun ahəngdarlığından asılıdır.
İstehsala qoyulan vəsaitlərin məbləği xammal və materialların alınmasından hazır
məhsul istehsalının yekunlaşmasına qədər olan dövründə bütün mərhələlərində xərclərin
həyata keçirilməsi üçün kifayət qədər olmalıdır. Bu şərt müəssisənin xüsusi dövriyyə
vəsaitinə olan tələbatının normalaşdırılması yolu ilə təmin edilir. Bütün mərhələlərdə istehsal
prosesinin ahəngdarlığına ciddi riayət edilməlidir, çünki hər hansı bir kəskin kənarlaşma
dövriyyə vəsaitinin dövr etməsinə və funksiyalarının yerinə yetirilməsinə mənfi təsir
edəcəkdir. Müəssisənin normal istehsal və kommersiya fəaliyyətini təmin etmək üçün
minimum miqdarda dövriyyə vəsaitinin olması onun öz funksiyalarının müvəffəqiyyətlə
113
yerinə yetirilməsində əsas şərtdir. Bununla yanaşı dövriyyə vəsaitinin mövcudluğu, onun
qorunması müəssisənin maliyyə möhkəmliyini, onun maliyyə bazarında vəziyyətini, ödəmə
qabiliyyətini və likvidistliyini xarakterizə edir.
Bazar münasibətləri şəraitində “Müflisləşmə haqqında”, “Girov haqqında” qanunların
mövcudluğu, maliyyə möhkəmliyi, ödəmə qabiliyyəti və likvidliyin böyük əhəmiyyətə malik
olmasını göstərir. Bəzi istehsal müəssisələrində azqiymətli və tezköhnələn əşyalar dövriyyə
fondlarının istifadə olunan material qiymətlərinin əhəmiyyətli hissəsini təşkil edir.
Azqiymətli və tezköhnələn əşyalara bir ildən çox xidmət edən və ya xidmət müddətindən
asılı olmayaraq hər vahidinin və ya dəstinin dəyəri 100 manata qədər olan əşyalar daxildirlər.
Belə əşyalar öz iqtisadi mahiyyətinə görə əsas fondlara aid olsalar da, uçot işini
sadələşdirmək məqsədilə onları təcrübədə dövriyyə fondlarının istehsal ehtiyatlarına aid
edirlər. Dövriyyə vəsaitinin ayrı - ayrı qrupları arasındakı nisbət onların quruluşunu təşkil
edir. Dövriyyə vəsaitinin strukturunun mühüm göstəricisi istehsal sferasına və tədavül
sferasına qoyulan vəsaitlərin nisbəti ilə müəyyən edilir. İstehsal sferası və tədavül sferası
arasında dövriyyə vəsaitinin ümumi məbləğinin düzgün bölüşdürülməsindən onların normal
fəaliyyəti, dövretmə sürəti və onların funksiyalarının tam yerinə yetirilməsi çox asılıdır.
Qeyd etdiyimiz kimi, müəssisənin hesablaşmalarda, hesablaşma hesabı və kassasında olan
pul vəsaiti onun tədavül fondunu təşkil edir. Müəssisənin kassasında olan nağd pul,
hesablaşma hesabında, valyuta və sair hesablarda saxlanılan sərbəst vəsaitlər, qiymətli
kağızlar və digərləri ümumi pul vəsaitlərini təşkil edir. Müəssisənin hesablaşmalarda olan
vəsaitinə yerinə yetirilən işlərin hesabına (ödəmə müddəti hələ çatmayan) sifarişçiyə təqdim
edilmiş məbləğ, əmtəələr və xidmətlər, alınan avanslar üçün debitor, borc öhdəlikləri
daxildir. Ayrı - ayrı müəssisələrin dövriyyə vəsaitinin dövretmə sürəti əsas etibarı ilə onların
fəaliyyət xarakterindən, yerinə yetirilən işlərin material tutumundan, əmək tutumundan,
məhsulun istehsalına çəkilən xərclərin quruluşundan və reallaşdırılması şərtlərindən çox asılı
olur.
|