(Sabirabad), “güclü, qüvvətli” (Ağdam, Qarakilsə, Quba, Mingəçevir,
Naxçıvan, Oğuz, Şamaxı, Şuşa), “kobud” (Cəbrayıl, Cəlilabad, Quba,
Oğuz, Zəngilan), “çoxdanışan”;“səbirsiz” (Xanlar) mənalarında işlə-
nir: Hırsız adamı birəz tüşümməz heysav eliyillər (Gəncə); Sənnən hırsız adam görməmişəm (Sabirabad); Şirin elə bil lap anadan xırsız duğulub (Quba); Bu elə uşaxlıxdan çox xırsızdı (Şuşa); Unu heş dindi- mə:n, çox xırsızdı (Zəngilan); Yaman xırsız adamsan, heç kimi saya salmeysən (Cəlilabad); Hər kəs səvirsizdi, ona xırsız deyərəx`(Xanlar)
(7, 206, 224). Gördüyümüz kimi, Azərbaycan dili şivələrində xırsız sözü bir neçə məna ifadə edir. Buna görə də R.Ə.Rüstəmov bu lek-
sik vahidi omonim söz hesab edir (53, 210).
“Kitabi-Dədə Qorqud” dastanlarının leksik tərkibində semanti-
kasına görə nəzəri cəlb edən xırsız sözü “yağı düşmən, oğru, yolkə-
sən” mənasında qeydə alınmışdır: Acı ayran tökiləndə çap-çap içən! Gələn xırsuzları qorqudan! (43). Qədim türk dili abidələrində xırsız sözü xırsız küregi söz birləşməsi tərkibində işlənərək “qayıqdan
istifadə edərkən fışıltı səsini çıxartmaması üçün suyun dibinə doğru
çəkilən avar, avarın bu şəkildə çəkilişi” mənasını ifadə edir (103,
107). G.Vəliyeva xırsız və xırrı leksik vahidlərini leksik-semantik
baxımdan ələ alıb. O, Abşeronun Türkan, Zirə, Əmircan, Hövsan, Maş-
tağa kənd şivələrində xırrı sözünün əhatə etdiyi mənaları qeyd edib:
1. yaxşı, fərli: Sən diyən çox xırrı meclis də elemedilər ununçun (Höv-
san); 2. var-dövlətli: Yaxşı xırrı qoum-əğrebeləri var (Mərdəkan); 3. çoxlu: Bilirsən ne xırrıdular ular (Əmircan); 4. ağıllı(məcazi məna-
da): Həcağa çox xırrı dögür a, gedib quyyə tüşər, mığyet ol (Maştağa).
Tədqiqatçı xırrı sözünü omonimlik xüsusiyyətlərinə malik olan lek-
sik vahid adlandırır (64, 35). Xırrı sözü qeyd olunan mənada yalnız
Şərqi Abşeron şivələrində yaşamaqdadır.
G.Vəliyeva “Qədim türk lüğəti”nə əsaslanaraq xırlı, xırsız sözlə-
rinin kir kökünə getdiyini qeyd edir. Qeyd olunan lüğətdə kir sözü-
nün on bir məna variantı verilmişdir. Bunların içərisində “düşmən-
çilik etmək, hücum etmək”, məcazi mənada desək, “güclülük, mərd-
lik” çaları var. Deməli, hesab etmək olar ki, oğurluq, quldurluq çaları
hücum etmək, düşmənçilik etmək mənalarından irəli gəlir. Xırsız sözünün ikinci komponenti isimlərdən sifət əmələ gətirən və məz-
munla mənfilik xüsusiyyətini bildirən dörd variantlı –sız şəkilçisi-