“Azərbaycan tarixi” fənninin metodları. Azərbaycan dilindəki “metod” sözü yunan
sözü “metodos”dan yaranmışdır və tərcümədə “tədqiqat yolu”, “tədqiqat üsulu” mənasını verir.
Eyni məzmunlu metodların toplusu yanaşma adlanır. Metodlar yaranır, dəyişir, yəni daim
inkişaf edir. Metodların öyrənilməsi və hazırlanmasına yönəlmiş elmi dərketmə fəaliyyətinin
nəzəriyyəsi metodologiya adlanır. Tarixin metodologiyası tarixi biliklər və tarixi tədqiqat
metodlarının xüsusiyyətinə uyğun olaraq formalaşmışdır. Əgər tarixi keçmiş haqqında biliklər
zəruridirsə, onlar bütün nəsillər tərəfindən öyrənilməlidir. Müasir tarix elmində “tarixi metod”
dedikdə tarixi reallığı öyrənən bütün metodlar nəzərdə tutulur. Ancaq tarixi tədqiqat zamanı
əsasən dörd klassik metoddan – tarixi-genetik, tarixi-müqayisəli, tarixi-tipoloji və tarixi-sistemli
metodlardan istifadə edilir.
Tarixi-genetik metod tarixi tədqiqatlarda ən geniş istifadə olunan metoddur. Bu metod tədqiq olunan obyektiv tarixi reallığın xüsusiyyətlərinin, funksiyalarının və dəyişikliklərinin
tarixi dinamikada araşdırılmasını nəzərdə tutur. Elmi təfəkkürün ən geniş yayılmış tətbiqi
metodlarından biri tarixi-müqayisəli metoddur. Bu metoddan demək olar ki, bütün tarixi
tədqiqatlarda istifadə olunur. İctimai-tarixi inkişafın təkrarlanması və daxilən müəyyənləşmiş
qanunauyğun proses olması tarixi-müqayisəli metodun əsasını təşkil edir. Tədqiq edilən tarixi
obyekt haqqında bütün məlumatların toplanması və bu məlumatların sistemləşdirilməsi tarixi-
müqayisəli metodun tətbiqinə şərait yaradır. Tarixi-tipoloji metodun obyektiv əsasını ictimai-
tarixi inkişafda bir-biri ilə qarşılıqlı əlaqədə olan tək, xüsusi və ümumi cəhətlərin mövcudluğu
təşkil edir. Çox zaman tədqiqatçılar bütün tarixi proses və hadisələrin daxili mahiyyətini
şərtləndirən ümumi xüsusiyyətlərin aşkarlanmasına daha çox üstünlük verirlər. Tarixi-sistemli metod tədqiq edilən ob-yektiv tarixi reallığın nisbətən tam əhatə olunmasına, onun daxili
fəaliyyət mexanizminin araşdırılmasına imkan verir və onun əsasını tarixi inkişafda vahid,
xüsusi və ümuminin birliyi prinsipi təşkil edir.
“Azərbaycan tarixi” fənninin öyrənilməsi zamanı həmçinin, riyazi metodlardan,
ekstrapolyasiya, ümumiləşdirmə və sair metodlardan da istifadə edilir.