***
Bu ya digər bir xadimin müvəqqəti populyarlığı da ancaq bir
saatlıq xəlifəlikdir. Xalq indi bircə şeyə inanır –
hakimiyyətdəkilərin, ya hakimiyyətə can atanların bütün
qəşəng sözləri, şirin vədləri, andları və əhdləri – yalnız fırıldaq,
fənd və yalandır. Hər şey yalnız o zaman düzələ bilər ki,
insanlar sözlərə inansın, bunun isə yeganə yolu sözün əmələ tuş
642
gəlməsidir. Bu bir. İkinci şərt də sözlərin az olması, qıt
olmasıdır, xəsiscəsinə deyilməsidir. Yoxsa yaman çoxdurlar
onlar. Onlar – yəni sözlər. Biz söz axınında batıb çabalayırıq və
dünya qurusunun altıda birini təşkil edən ölkəni də bu söz
burulğanında batırmağa hazırıq.
***
İtaət etmək ki, minlərə, milyonlara hökmranlıq edə biləsən.
İtaət etmək? Kimə, nəyə? Pula? Vəzifəyə? Hakim- mütləqə?
Bunun əhəmiyyəti yoxdur. Vacib olan prinsipdir, itaət et ki,
məqamı gələndə sənə də itaət etsinlər.
***
Milli müstəqillik və azadlıq yaxın anlayışlar olsa da, fərqli
mövhumlardır. Tutalım, Tirananın tiranı Ənvər Xoca dövründə
Albaniya tamamilə müstəqil idi, hətta ifrat dərəcədə müstəqil
və tək-tənha idi, lovğalanıb heç kəsi saymırdı – nə SSRİ-ni, nə
Çini, nə ABŞ-ı. Bu cəhətdən başqa kiçik bir dövlətdən –
məsələn, Monqolustandan fərqli idi. Axı Monqolustan
haqqında deyirdilər ki, o asılı ölkə deyil, o mənada ki, ondan
heç nə asılı deyil. Bu baxımdan Albaniya tamamilə müstəqil
idi, fəqət azad ölkə deyildi. Bunu başqa müstəqil – totalitar
ölkələr haqqında da demək olar. Şimali Koreya da belə
məmləkətdir. Allah bizi bu sayaq "müstəqillikdən" qorusun.
Mən Şimali Koreyada olmuşam və nə dediyimi bilirəm.
***
Ölkənin və cəmiyyətin dirçəlişi din deyil, mədəniyyət
vasitəsiylə baş tutmalıdır. Çünki dinin bütün müsbət
cəhətlərinə – insanları mənən saflaşdırmasına, nəyəsə inam
aşılamasına baxmayaraq, çox vədə o, insanları da, xalqları da
birləşdirməkdən daha çox ayırır. Çoxmillətli ölkədə müxtəlif
dinlərə və hətta dini təriqətlərə tapınan insanları da, xalqları da
qarşı-qarşıya qoya bilər. Mədəniyyət isə universaldır, hər hansı
dar əqidə qəlibinə tabe deyil. Mədəniyyət xalqları bir-birinə
tanıdır və bu yolla yaxınlaşdırır. Unutmayaq ki, bir xalq
haqqında yanlış təsəvvürlər çox vaxt o xalqa əməlli-başlı bələd
643
olmamaqdan yaranır. Başqa xalqın tarixini, adətlərini, psixoloji
xüsusiyyətlərini, ənənələrini, mahnılarını və zarafatlarını,
mətbəxlərini və yas, toy-bayram mərasimlərini bilməməkdən
doğulur yad, yabançı, ogey, sonra da düşmən münasibət.
Bəs biz – keçmiş sovet xalqları deyilən millətlər 70 il birgə
yaşamağımız nəticəsində bir-birimiz haqqında nə bilirdik?
Moskvada daha çox masqaradı xatırladan incəsənət dekadaları,
yazıçıların kef səfərləri – yeyib-içmə məclisləri, yaxud da milli
ədəbi klassiklərin yubileyləri. O yubileylər ki, gələn qonaqlar
yubilyarın adını əməlli başlı tələffüz edə bilmədikləri halda
(hələ yaradıcılığıyla tanış olmadıqlarını demirəm), onun
barəsində kürsüdən odlu-alovlu nitqlər irad edirdilər, – bütün
bunlar idi bizi bir-birimizə tanıdan, yaxınlaşdıran? Əsla.
Yenidənqurma başlananda bu yöndə addımlar atmaq hələ
gec deyildi (indi artıq gecdir). Sovet İttifaqının dağılacağı artıq
sezilən bir zamanda Leninqradda bir ədəbi müşavirədə mən
təklif etdim ki, siyasi cəhətdən ayrılsaq da, mədəni məkanı
qoruyub saxlayaq və bu məqsədlə Moskvada keçmiş SSRİ
xalqlarının tarixini, mədəniyyətini öyrənən və öyrədən (yəni
həm ali məktəb, həm elmi-tədqiqat institutu funksiyalarını
yerinə yetirən) bir universitet açılsın. Təklif maraqla qarşılandı,
amma elə təklif olaraq da qaldı.
XIX Ümumittifaq Partiya Konfransında üzvu seçildiyim
komissiyaya SSRİ-nin o vaxtkı Baş naziri N.İ.Rıjkov rəhbərlik
edirdi. Mən təklif etdim ki, müttəfiq respublikaların
paytaxtlarında bir-birlərinin daimi nümayəndəlikləri açılsın.
Komissiya üzvləri bunu qeyri-real ideya saydılar və Rıjkov
nəzakətlə dedi ki, bu məsələ müttəfiq respublikaların öz
səlahiyyətlərinə aiddir, ehtiyac olsa, bunu özləri həll
etməlidirlər. Mən indi də belə hesab edirəm ki, o vaxt üçün
mənim təklifim əhəmiyyətsiz deyildi. O zaman Ermənistanda
hələ 200 min Azərbaycanlı yaşayırdı ki, sonralar hamısını
qovub bu ərazidən çıxardılar. Azərbaycanda da Dağlıq
Qarabağdan başqa yerlərdə də ermənilər yaşayırdı. Bakıda və
644
İrəvanda Azəraycanın və Ermənistanın daimi nümayəndəlikləri
olsaydı, bir çox insanların ən azı bəzi problemləri bəlkə də
daha uğurlu həll edilərdi. Əgər bu nümayəndəliklər səmərəli
işləsəydi, bəlkə də bir çox faciələrin qarşısı alınardı. Heç
olmasa lazımı vaxtda lazımı məlumatlar verə bilər, xəbərdarlıq
edə bilərdilər. Daimi kontaktlar üçün bir kanal olardı. Əfsus ki,
bütün bunların əvəzinə qanlı faciələr baş verdi.
Qırmızı Sovet evində yüzlərlə böyük-kiçik millət bir təhər
başını girləyirdi. İndi bu qırmızı evi sarı boyamağa, dəlixanaya
çevirməyə çalışırlar ki, ağlını qaçırmış adamlar bir-birini atəşə
tutsun. Klassikin sözlərini yada salmağın məqamı gəlməyibmi:
Əlvida, silah.
Əlvida qəddarlıq, nifrət, zülm. Salam mənəvi zənginlik,
salam məhəbbət, salam mədəniyyət. Və yenə də başqa bir
yazıçının kitabı yada düşür: Salam, kədər. Olsun. Mədəniyyət,
mənəvi zənginlik, duyğuların çeşidləri olan yerdə kədər də
olacaq. Bramsın simfoniyasını dinlərkən duyduğumuz kədər,
faciəvi xəbərləri aldığımız zaman duyğumuz sarsıntılardan min
pay yaxşıdır.
***
Müdaxilə modelləri: Qanuni hökumət devrilir, müdaxilə
edən xarici ölkənin öz ərazisində yaratdığı oyuncaq hökümət
ona hamilik edən ölkəyə müraciət edib yardım istəyir və bu
işğalçı dövlət də guya bu "hökumətin" xahişinə əməl edərək
başqa ölkəyə soxulur. Sovet Rusiyası bu modeli ilk dəfə 1920-
ci ilin aprelində Azərbaycanda, daha sonra Ermənistanda,
Gürcüstanda, çox sonralar Pribaltika ölkələrində, daha da
sonralar Macarstanda (1956), Çexoslovakiyada (1968) və
Əfqanıstanda həyata keçirdi. Beləliklə, Azərbaycan ilk sınaq
meydanı oldu. Müdaxilə üçün başqa bir bəhanə. Guya ki, başqa
ölkənin ərazisində yaşayan milli azlığın bu azlıqla eyni millət
olan daha güclü dövlət tərəfindən müdafiə etmək bəhanəsi.
Faşist Almaniyasının Sudet almanlarını müdafiə bəhanəsiylə
Çexoslovakiyaya soxulması. Bizim günlərdə Ermənistanın
645
guya ki, Dağlıq Qarabağ ermənilərini müdafiə məqsədilə
Azərbaycana təcavüzü.
***
Bizim Rusiya demokratlarına qoşulmamağımızın, yaxud
onlardan uzaqlaşmağımızın səbəbi onlara inamımızı
itirməyimizdəndir. Qısa bir müddət ərzində aydın oldu ki, rus
demokratları ancaq Rusiya üçün demokratiya arzulayırmışlar.
Onlar, necə deyərlər, "demokratik İmperiya" yaratmaq, yaxud
"Demokratik sifətli imperiyanı" qoruyub saxlamaq niyyətində
imişlər. Görəndə ki, həmin bu imperiyanın təbəələri olan başqa
xalqlar da demokratiyanı milli müstəqillik kimi düşünürlər (ya
demokratiya onlara belə düşünməyə imkan verir) və bu da
"Minillik dövlətin" dağılmasına gətirib çıxaracaq – onda bütün
bu demokratlar – Qovoruxinlər, Mixalkovlar, Rutskoylar, Yuri
Vlasovlar demokrat olduqlarını unutdular.
Onların tezisi budur – dədə-babalarımın yaratdıqları dövləti
itirdik. Dədə-babalarınız özgələrin torpaqlarını talan, qarət
edirdilərsə və bu qarətlər, talanlar əsasında qurublarsa "öz
dövlətinizi", gec-tez tarixi borcları qaytarmaq məqamı gəlir.
Əgər özgə malına tamah salmağın yeganə əsası güc sayılırsa,
gün gəlir, səndən də güclüsü meydana çıxır və səninlə sənin
daha zəiflə rəftar etdiyin sayaq rəftar edir. Sənə isə elə
donquldanmaq qalır: "Raseya gibnet". Darmadağın edilmiş və
talan olunmuş Almaniya, atom bombardmanından maddi və
mənəvi cəhətdən ağır zədələnmiş Yaponiya məhv olmaları
haqqında qara-qışqırıq salmadan, panikaya qapılmadan, tarixi
talelərindən küsüb incimədən, hamıya nifrət püskürmədən,
hətta qaliblərinə belə qısqanc yanaşmadan addım-addım öz
həyatlarını qurdular və qısa müddətdən sonra bugünkü
rifahlarına nail oldular. Burada isə yalnız vay-şivən: – "Ay
aman, qoymayın, minillik imperiya əldən getdi".
İspaniyada sahib olduğu şəhəri tərk etməli olan ərəb
sərkərdəsi şəhərin yüksək yerindən itirdiyi məskənə baxıb
ağlayırmış. Anası deyib: kişi kimi qoruya bilmədiyin şəhər
646
üçün arvad kimi ağlama.
Tarixdə bütün imperiyalar gec-tez dağılır. Şişir-şişir, sonra,
görürsən, bir günün içində üfürülmüş şar kimi partladı getdi.
Minillik dövlət haqqında xülyalar Gələcəyə yönəlmiş olsa da
(məsələn, alman nasistlərinin minillik Reyx arzusu), keçmişə
üz tutsa da (nəyimiz vardı və nəyi itirdik), real olaraq heç bir
konkret səmərə vermir.
***
Qərb demokratiyalarını söyə-söyə rus patriotları, elə İslam
təməlçiləri kimi, öz ölkələrinin repressiv rejimlərindən
canlarını qurtarmaq üçün yenə də dönə-dönə lənətlədikləri
demokratik ölkələrdə sığınacaq tapırlar. Deməli, bu "mənfur"
demokratiya elə də pis şey deyilmiş ki, bütün təqib olunanları,
qovulanları, həyatları təhlükəyə məruz qalanları xilas edir,
bəsləyir, əvəzində isə tənələr qazanır. Elə sığınacaq verdikləri
Zinovyev kimi nankorların, Limonov kimi ağlı kəmlərin və nə
yazıq ki, Soljenitsin kimi həqiqətən böyük və qəhrəman bir
mücahidin tənələrini…
***
Yazıçı tayfasının böyük qismi, özlərini patriot adlandıranlar
Yevtuşenkonun şöhrətinə qısqanaraq ona bəslədikləri nifrət
naminə bütün sevimli vətənlərini qana bələməyə hazırdırlar.
***
Stalinin bir cəlbedici cəhəti də ən qəliz məsələləri adi
adamlarçün sadələşdirməsi, bəsitləşdirməsidir. Dünyanın ən
mürəkkəb problemlərini ancaq yaxşı-pis, dost-düşmən, ağ-qara
kimi dəyərləndirmək insanı ağır mühakimələrdən və ağrılı
düşüncələrdən xilas edir. Amma bu gün mənəvi daltoniklər
ondan mütəəssir olublar ki, həyatın "ağ-qara" Stalin kinosunu
dünyanın əlvan, min rəngli "filmləri" əvəz edib. Rəngləri ayıra
bilməyənlər üçün bu da bir problem deyilmi?
***
İnqilab və mədəniyyət vaxtilə Azərbaycanda jurnal adı olsa da,
heç cür bir-biriylə uyuşmur. Mədəniyyət ardıcıllıq, davamiyyət,
647
varislik deməkdir. Ənənələr nə qədər təzələnsə də, mədəniyyətin
təməlini onlar təşkil edir. İnqilab isə ardıcıllığın tamamilə tar-mar
edilməsidir. Çox vaxt elə dağıtmaq naminə dağıtmaqdır. Təbiidir,
bu dağıtma əməlinə də ziyalıları boğmaqla başlayır. Çox vaxt da
elə ziyalıların öz əliylə.
***
İlk dəfə çox gözəl, cazibəli və ağıllı qadına rast gələrkən az
sonra agah oluruq ki, bütün bu üstün cəhətlərini bizdən qabaq
duyanlar və yetərincə istifadə edənlər olub. Bəzən ağıllı
jurnalistə, yazıçıya, alimə rast gələndən sonra təəssüflə
öyrənirik ki, onun da bu cəhətlərini bizdən qabaq Xüsusi
xidmətlər nəzərə alıb və istifadə ediblər. Onlar axı belə şikarı
əldən verməzlər. Necə ki, şorgöz kişi cazibəli qadından yan
keçməz.
***
Mən şərqli kimi duymaq və qərbli kimi düşünmək
istəyirəm… Əlbəttə, bu fərq də şərtidir. Şərqli kimi düşünmək
də eyni cür dərindən düşünmək deməkdir. Amma burda
düşüncələrin aramlı axarı, tələsgənliyə yol verməyən müdrik
arxayınlıq var. Qərb düşüncəsi daha mütəhərrikdir, daha
dinamik və praktikdir. O biri tərəfdən çılğın şərqli
ehtiraslarından danışarkən Qərbin də qızğın duyğularını
unutmamalıyıq – Şekspirdən Felliniyə qədər ən böyük
sənətkarların əsərlərində ifadə olunmuş düyğu zənginliyini
yaddan çıxarmamalıyıq.
***
Abuladze. "Tövbə" filmi. Meyiti qəbirdən çıxarıb atırlar.
Yəni bu Stalin-Beriya kabusunun tarixin rəmzi zibilliyinə
atılmasıdır. Amma onu düşünmürük ki, torpağa basdırılmamış
meyit çürüyəcək, üfunəti və mikroblarıyla ətrafı zəhərləyəcək
və beləliklə, yeni bir ictimai epidemiyaya səbəb olacaq.
***
Sistem dağıldı, biz onun dağıntıları və çöküntüləri altında
qalmaqdan qorxuruq. Onun çürüməsindən də qorxuruq ki,
648
hansısa xəstəliyə yoluxarıq.
***
Özlərinə alibi axtarırlar: "Kommunist partiyasının üzvü
olsam da, onun ideyalarını və siyasətini bəyənmirdim"-deyirlər.
Başqa daha tutarlı alibi: "Mən heç partiyanın üzvü də
olmamışam". Əvvəla, gəlin baxaq görək niyə olmamısan, bəlkə
can atmısan, qəbul etməyiblər (Bir çoxları KQB çuğulluğuna
can atdıqları və istəklərinə nail olmadıqları kimi).
Amma istəyirsən partiyanın üzvü ol, istəyirsən olma – sovet
sisteminə mənsub olmağının alibisi yoxdur. Sistem
ideologiyadan daha geniş anlayışdır və bəzən heç onunla tam
üst-üstə də düşmür. Sistem – həm də həyat tərzidir, düşüncə
tərzidir, davranış qaydalarıdır, yaşamaq, salamat qalmaq, başını
girləmək mexanizmidir. Bütün bunlar artıq insanın genetik
mahiyyətinə sirayət edir və bu cəhətləri kənara atmaq partiya
biletini atmaqdan daha çətindir. Sərhəd – kommunistlər və
bitərəflər arasında, hətta ideoloji cəhətdən fərqli baxışlar
arasında deyil. Sərhəd xətti çox əski anlayışlara uyğun olaraq
çəkilib: sərhəd – namus, ləyaqət, şərəf, vicdan və bunların
olmaması arasında çəkilib.
***
Rusiyada əsrlər boyu ağılla güc arasında dava gedir. Rus
xalqı acı bir gerçəklik kimi, bir qədər də kinayəylə bu davanın
mahiyyətini belə ifadə edir: TGüc varsa ağıl cərək deyilU. Güc
– hakimiyyət deməkdir. Qorxunc İvanın opriçniklərindən
Stalinin yejovçularına və Brejnevin tanklarına qədər repressiv
aparatı olan hakimiyyət deməkdir. Ağıl – rus mənəviyyatının
intellektual qiyamıdır – Protopop Avakumdan Lev Tolstoya
qədər. Güc – mütləqiyyətə müti olan sifətsiz (ya hamısı eyni
sifətli) kütlədir. Ağıl – tək-tüklərin üsyanıdır – Çaadayevdən
Saxarov da daxil olmaqla Brejnev dövrünün dissidentlərinə
qədər.
Gücə qarşı sənətin üsyanı - Platonov, Bulqakov, Axmatova,
Zoşşenko, Pasternak, Soljenitsin, Brodski… siyahını davam
649
etdirmək də olar.
Amma güc – yalnız hakimiyyət problemi deyil. Qiyam da
ağlın yox, cilovsuz gücün törəməsi ola bilər. Puşkin tarixə
nəzər salaraq belə "mənasız və qəddar rus qiyamının"
dəhşətindən XIX əsrdə yazmışdı, amma onun peyğəmbərliyi
XX əsrdə daha böyük ölçüdə təsdiq olundu.
Güc və ağıl – bu ziddiyyət, əlbəttə, ancaq Rusiyanın
problemi deyil – kütlə və ziyalılar, kommunistlər və
demokratlar ziddiyyəti bir çox ölkələrə xasdır. Demokratik
dəyərlər və despotik rejimlər, faşist tipli millətçilik və
ümumbəşəri humanist ideallar arasınla gedən savaş – təkcə
ideyalar qarşıdurması deyil, həm də Ağılla Gücün davasıdır.
Ağıl Güc ola bilər, Güc heç vaxt Ağıl ola bilməz. Güc
müvəqqəti zəfərlər qazana bilər: Hitler, Stalin, Mao…. Amma
son nəticədə Sokratdan Saxarova qədər ağıl üstün olduğunu
sübut edir.
Nəyə görə demokratik nəşrlərdə Liqaçova, Polozkova,
Qorbaçova (hələ Lenini demirəm) həsr olunmuş iti yazılar,
karikaturalar, atmacalar yer alır, amma rəsmi informasiya
vasitələri eyni səviyyədə, məsələn, Yeltsini lağa qoya bilmir.
(Bü sözlər yazılan vaxt, doğrudan da, belə idi – çox sonraların
qeydi). Qələmin, dilin iti olmaması ilk növbədə ağlın
yetməzliyilə bağlıdır. Bu sarıdan yəhudilər çox zaman məhz
həmin üstünlüklərinə görə zəfər çalırlar. Amma yəhudilərin
intellektual terrorunu da unutmaq olmaz.
Heç kəsə sirr deyil ki, Kütləvi İnformasiya Vasitələrində
(özü də tək Rusiyada yox, bir çox ölkələrdə) aparıcı qüvvə
yəhudilərdir. Və o da var ki, yəhudilik əsasən yəhudilərdən
ibarət olsa da, yalnız yəhudilər demək deyil.
Yəhudilik – həm də düşüncə və davranış tərzidir, yəhudi
olsan da, olmasan da məhz bu sayaq düşünə və davrana
bilərsən. Bu anlamda yəhudilik dünyaya qlobal baxış, konkret
bir ölkəni deyil (İsrailə nə qədər bağlı olsalar, ona xidmət
etsələr, onu qorusalar da), bütün dünyanı vətən saymaq,
650
yaşadıqları
hər məmləkətin mədəniyyətini, dilini
mənimsəməklə bərabər, öz milli xüsusiyyətini də mühafizə
etmək və lazım gələndə birləşə bilməkdir. Küll halında
yəhudilik planetimizin bəlkə də ən qüdrətli superdövlətidir.
Doğrudur, spesifik xüsusiyyətləri olan və konkret çoğrafi
məkanı olmayan superdövlətdir. (Xəritədəki cılız İsrail bu
superdövlətin bir elementidir, amma əlbəttə ki, onun
nüfuzunun, imkanlarının mində birinə də malik deyil). Bu
superdövlət böyük intellektual sərvətə sahibdir – qüdrəti də
əsasən bundadır – zəngin pul-para, Kütləvi İnformasiya
Vasitələrinə nəzarət, sənət, elm uğurları – bu əsas qüdrətin –
intellektual zənginliyin törəmələridir. Lazım gələndə gücə də
istinad edir, hətta terror, daha doğrusu, antiterror
əməliyyatlarına da əl atırlar. (Eyxmanın tutulması, Olimpiada
dəhşətlərinə görə qisas alınması, Nayrobi reydi və s.) Amma bu
fiziki antiterror aksiyalarından daha vacib intellektual üsullarla
mübarizə aparmaqdır. Bu üsullar yəhudi vəkillərinin (sözün
hərfi və məcazi mənasında) bəlağətində, KİV-dəki
müdafiəçilərinin iti qələmlərində, satira, yumor, kinayə,
sarkazm və ironiyayla qəlibləşmiş mifləri, avtoritetləri, bütöv
quruluşları, rejimləri, məmləkətləri xəcil edib dağıtmaq
bacarığındadır.
***
Mənzil məsələsi. Əgər səkkiz-doqquz nəfərlik ailə 18
kvadrat metrlik otağa sığışıbsa, sənin arvadınla birlikdə ikiniz
yaşadığınız dörd otaqlı mənzildə kitabların çoxluğu ucbatından
darısqallıqdan şikayətlənməyə haqqın yoxdur. Ümumiyyətlə,
insanların elementar həyati və məişət tələbatını ödəyə bilməyən
cəmiyyətdə mənəvi dəyərlərdən danışmaq çətindir.
***
Məhəbbət sivilizasiyanın törətdiyi duyğudur, ona görə də
canlı məxluq üçün, o cümlədən insan üçün şəhvət daha qədim,
daha təbii və daha üzvi bir hissdir. Deyirlər ki, şəhvət heyvani
tələbatdır. Yəni doğrudanmı, insanlar heyvanlardan daha
651
xoşbəxtdir? Əlbəttə, heyvanların da duyğuları var – ağrı, qorxu
hiss edirlər, kiməsə bağlanırlar və bu bağ qırılanda xiffət
edirlər. Amma heyvanların tərəddüdləri olmur, təəssüfləri,
tövbələri, peşmançılıqları, illüziyaları, xəyal qırıqlığı olmur.
Xatirələrini, qəribsəmələrini, ümidlərini və xəyallarını sözlə,
musiqiylə (bəs bülbül, cəh-cəh vuran başqa quşlar? – Öz-
özümə etiraz qeydim), rənglərlə ifadə etmək niyyəti, bu yöndə
acı və əbəs istəkləri onları incitmir. Sənətkar heyvanlar yoxdur
(Heyvan sənətkarlar olsa da). Amma yəqin bu fikir də
mübahisə doğura bilər. Quşların yuvalarını bəzəməsi,
qarışqaların lağım-qurğuları – rasional memarlığını nəzərdən
qaçırmayaq. Tovuz quşunun öz əlvan lələkli quyruq-
qanadlarını yelpazə kimi açıb qürrələnməsi estetik duyumun
bəlirtisi deyilmi?
***
Hər bir insanın dünyaduyumunda qəribə bir məqam var.
Şüurlu, ya qeyri-şüurlu surətdə, istər-istəməz hər insan
doğulduğu yeri (daha doğrusu, daimi, ya davamlı yaşadığı yeri)
kainatın olmasa da, yer kürəsinin mərkəzi kimi qavrayır.
Kosmik planda kürreyi-ərzin nə yuxarısı var, nə aşağısı. Yalnız
qlobuslarda və xəritələrdə planetin təpəsi və alt tərəfi var və
bununla bağlı da Şimala və Cənuba, Şərqə və Qərbə ayrılır.
Bax bu qlobus-xəritə qavrayışında da insan özünün daimi
məkanını dünyanın mərkəzi sayır, bütün istiqamətləri və
məsafələri fikrində bu nöqtədən ölçür və müəyyənləşdirir. Mən
də, necə deyərlər, belə "özmərkəzçilik" duyumuna malik
olduğum üçün vətənimi, yaşadığım şəhəri elə bir nöqtə kimi
qavrayıram ki, bütün qalan torpaq-lar bu yerdən ölçülür. Bu
qavrayışın bir məqamı da var – öz vətənini məkanda ada kimi
duyursan. (Zamanla bağlı da belə duyum var – yaşadığım vaxt
– mənə qədər olanlar və məndən sonra olacaqlar dəryasında bir
adadır).
Bu duyumlarla Azərbaycanı qavrayanda vətənimin onu
əhatə edən və bəzi hallarda ona düşmən kəsilən qüvvələrin
652
episentrində yerləşdiyini dərk edirəm. Bütün azimutlardan,
bütün yönlərdən, istiqamətlərdən Azərbaycan hansı
təhlükələrlə üzləşə bilər? Cənubdan aqressiv təməlçilik ki, dini
birlik adıyla bütün milli xüsusiyyətləri inkar edir və eyni
zamanda bir hakim millətin hökmranlığı naminə bütün başqa
millətlərin öz dilində yaşamaq hüququnu tanımır. Şimaldan
eyni ambisiyalı və aqressiv təmənnalar. Bu təmənnalar
Jirinovski variantında başqa xalqların, ümmiyyətlə,
mövcüdluğunu inkar edir, kommunist-internasionalist
versiyasında isə başqa xalqları guya ki, tamamilə başqa tərzli
Birliyə çağırır. Amma bu birlik də vahid bir Mərkəzə
bağlanmalıdır və məhz bu Mərkəz hansı xalq üçün nəyin yaxşı,
nəyin pis, nəyin xeyir, nəyin zərər olduğunu
müəyyənləşdirəcək. Təbii ki, milli dillərin aqibəti də Allah
umuduna qalacaq. Yenə o əski Sovet himninin məntiqi (Bu
sözlər yazılandan çox sonra əski sovet himni daimi himn
müəllifi Mixalkovun özünün cüzi söz dəyişiklikləri ilə yenidən
Rusiyanın himni oldu – sonrakı illərin qeydi).
Himnin sözlərini xatırlayın: "Soyuz neruşimıy respublik
svobodnıx splotila naveki velikaya Rus". Yəni azad
respublikaların sarsılmaz ittifaqını əbədi olaraq böyük Rusiya
yaratdı. Əgər respublikalar və xalqlar, doğrudan da,
azaddırlarsa, onda niyə onları məhz bir xalq – qoy lap böyük
xalq olsun – birləşdirməlidir. Və bu elə "azadlıqdır" ki, nəinki
heç bir seçimə, nə vaxtsa seçim olacağına da yol vermir, axı bir
ilə, beş ilə yox, "əbədi birləşiblər" və bu ittifaq da
"sarsılmazdır".
Əslində bu əbədi sarsılmazlıq da puç imiş – elə həmin Sovet
İttifaqının Çinlə "Moskva-Pekin" mahnısında ifadə olunmuş
əbədi dostluq xülyası kimi. Umimiyyətlə, ömrün müəyyən
illərinin içində yaşaya-yaşaya əbədiyyətdən necə dəm vurmaq
olar? Ritorika və demoqogiya doğma bacılardır.
Şimal belə, Cənub da belə. Şərqdə Xəzər neft yataqlarına
Türkmənbaşı iddiaları, Qərbdə erməni təcavüzü. Nə qalır?
653
Uzaq Qərb – yəni Avropa, Amerika? Bəli, bu gün Qərb və
qərbçilik istiqaməti bütün başqa yönlərdən daha məqbul
görünür. Amma – bü gün… Sabah necə olacaq? Tutalım ABŞ
siyasi stratejimizin yeganə real qarantı olanda bizi nə gözləyir?
Kim bilir…
Axı Ərəstu və Şekspirin, Don Kixotun və Yanuş Korçakın,
Alber Şveytserin və Con Braunun, Vivaldi və Baxın, Ekzüperi
və Martin Lüter Kinqin, Qərb dünyasından başqa zirək
işbazların, "sabun operalarının", Hollivud "atdı-tutdu"
filmlərinin, bitib-tükənməyən serialların bütün milli
xüsusiyyətləri silib atan kosmopolitik erzas – "mədəniyyət"
dünyası da var. Ən optimal Qərb yönlü inkişafımızda belə
bizim milli mədəniyyətimiz məhvəmi məhkumdur? Son iki
əsrdə mənimsədiyimiz sənət növləri – nəsr, dramaturgiya, teatr,
simfonik musiqi, balet, monumental heykəltaraşlıq, dəzgah
boyakarlığı, kino daha bizə gərək olmayacaqmı? Hər şeyi
təzədən başlamaq lazım gələcək – həvəskar teatr dərnəkləri,
tamaşaları, ayrı-ayrı savadlı xeyriyyəçilərin, mesenatların
umuduna qalmış sənət. Sənət, ədəbiyyat olmayacaqsa, bu
səxavət-kanlarının özlərini kim və necə savadlandıracaq? Kitab
nəşri kimin öhdəsində qalacaq? Ya ümumiyyətlə, kitaba
ehtiyac olmayacaq? Heç kəs kitab oxumayacaq?
Qərb yönlü inkişaf bu nəticələrə gətirib çıxaracaqsa , çox
heyf. Çörçilin dediyi kimi, demokratiyanın min qüsuru var,
amma bəşəriyyət hələ ki, demokratiyadan yaxşı bir üsul-idarə
tapmayıb. Qərb demokratiyasının da mənim gözümdə
üstünlüyü ondadır ki, bu demokratiyanı bəyənməyənlər, o
demokratiyaya ağız büzənlər bərkə düşəndə, öz
məmləkətlərində təqiblərə, həbslərə, zorakılığa məruz qalanda
bəyənmədikləri Qərb ölkələrində sığınacaq axtarır və tapırlar.
Ayətulla Xomneyidən Limonova qədər.
Dostları ilə paylaş: |