Sizsiz (roman-xatirə) Həyatım ağrıyır (povest-xatirə)



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə42/49
tarix24.01.2017
ölçüsü3,02 Mb.
#6264
1   ...   38   39   40   41   42   43   44   45   ...   49

*** 

Ən bacarıqlı yalançılar  ən səmimi yalançılardır, yəni yalan 

danışdıqları vaxt səmimi olanlar, öz yalanlarına özləri 

inananlar, ya özlərini inandıranlar. Dahi yalançı ilk öncə özü-

özünü aldada bilən yalançıdır. O, elə davranır, elə duyur, elə 

danışır ki, sanki bu situasiyada həqiqi davranış, həqiqi duyum, 

həqiqi söz – bax belə olmuş, ya olmalıdır. O, yalnız öz fikir və 

sözlərinə müəyyən vaxt həddi qoyur, belə bir müddət ki, özünü 

də, başqalarını da səmimi  şəkildə aldada bilsin. Bu hədd 

keçiləndən sonra o, yalanın başqa bir situasiyasına keçir və 

yenə özü özünü aldadır.  

*** 

Qadınlar haqqında o, Napoleon şahmat barədə dediyi kimi 

düşünürdü: Bu çox yüngül məsələdir ki, onu ciddi iş sayasan 

və çox ciddi işdir ki, ona əyləncə kimi baxasan.  



*** 

Elə düşünürdük ki, öz ömrünü, özünün yaşamaq müddətini 

dünyada  əsas dəyər saymaq "mənçi"liyə, eqoizmə, 

eqomərkəzçiliyə  gətirib çıxarar. XIX əsrdə  də hesab edirdilər 

ki, ateizm özbaşınalığa, hərki-hərkiliyə  səbəb olacaq. "Allah 

yoxdursa, demək hər  şey etmək olar" – Dostoyevskinin bu 

düsturu həyat gerçəkliyindən daha məhdud görünür indi. (70-ci 

illərdə etdiyim bu qeydlərin həqiqiliyinə 90-cı illərdə şübhəylə 

yanaşıram).  

XX  əsr bir çox ateistlər yetişdirdi ki, onlar əxlaqı 

tapdamadılar. Beləcəsinə öz həyatını  ən vacib dəyər hesab 

etmək də  əxlaqsızlıq, mənəviyyatsızlıq, eqoizm deyil. Ona 

qalsa, gələcək səadət naminə indiki mərhumiyyətlərə dözmək 

düsturu da əxlaqsız və mənəviyyatsız fikir sayıla bilər. Gələcək 

xoşbəxt cəmiyyət naminə milyonlarla insanın məhv edilməsi 

isə tamamilə cinayətkar düstur olmaqla bərabər, həm də 

həqiqətə uyğun deyil. Milyonlarla insanın qanı bahasına 


 632 

qurulan səadət heç cür səadət sayıla bilməz. Hegel haqlıdır: " 

Məqsəd – ona çatmaq üçün istifadə olunan vasitələrin 

toplusudur". Dostoyevski bir çocuğun bir gilə göz yaşlarından 

danışanda peyğəmbərlik edirdi. Həm peyğəmbərlik edirdi, həm 

də  gələcək Rusyanın falını açmışdı. Rus inqilabı damla nədir, 

dənizlərlə göz yaşı axıtdı. Gözyaşı  və qan. Özü də  tək bir 

uşaqlarınkını yox.  

Rus inqilabının metafizik və  fəlsəfi uğursuzluğu Çarın 

günahsız övladlarının qanı axıdılan gecə müəyyənləşdi. Hansı 

siyasi və strateji məqsədlərlə izah olunsa da (uzun müddət 

gizlədilsə də), bu cinayətin bəraəti yoxdur. Və tarix sübut etdi 

ki, saf, işıqlı və xoşbəxt gələcəyi günahsız insanların, uşaqların 

qanı üstündə qurmaq olmaz. Tarix Vladimir Ulyanovdan da 

betər qisasçıdır.  

Əlbəttə, qəlblərdə döyünən yalnız Orenburqda edam 

olanların külü deyil, milyonlarla başqa günahsızların səssiz 

harayıdır. Amma hər halda Orenburq faciəsi kökündən cinayət 

üstündə qurulmuş bir işin axır-əlbət uğursuzluğa düçar 

olacağının ən parlaq rəmzidir.  

Türkiyədə bu ölkənin tarixiylə tanış olarkən mən bu barədə 

də düşünürdüm. I Sultan Muradın hakimiyyəti dövründə (1359-

1389) sui-qəsdin üstü açılır, bu sui-qəsdə Sultanın öz oğlu da 

bulaşıbmış. Qəsdin bütün iştirakçıları edam olunur. (Məlumdur 

ki, Qorxunc İvan (İvan Qroznı) və  Dəli Petro (I Pyotr) da öz 

oğullarının başına oyun açıblar). Amma Osmanlı dövlətində bu 

vaxtdan bəri bir ənənənin  əsası qoyulur. Taxt-tac uğrunda 

çəkişmələrin qarşısını almaq üçün hər yeni sultan hakimiyyətə 

gələn kimi yaxın qohum-əqrəbasını  qətlə yetirir (əcəb 

ənənədir!). Məsələ ondadır ki, bu vəhşi davranışı  ən yüksək 

dövlət maraqlarıyla izah etmək və ona bu baxımdan bəraət 

qazandırmaq istəyirlər. Sonralar İkinci Məhmədin verdiyi 

fərmanlarda deyilirdi: "Əgər mənim övladlarımdan,  əziz 

oğullarımdan, ya nəvələrimdən biri dövlətin başçısı olarsa, 

ümumi xeyir naminə öz qardaşlarını məhv edə bilər". Bax buna 


 633 

görə də türbələrdə sultanların uşaqkən öldürülmüş övladlarının, 

ya qohumlarının məzarları belə çoxdur.  

Dünyanın özü qədər qədim, amma alçaq bir fikir var – 

hansısa ali məqsələrlə günahsız insanların, hətta uşaqların 

qanını tökmək man deyil. Bu fikir bəlkə də Bibliyada öz əksini 

tapmış "körpələrin məhv edilməsi"  əfsanəsindən qaynaqlanır. 

Bu düsturu əsas götürüb Stalin və digər müstəbidlər məxsusi 

haqq-hesabı qanuniləşdiriblər. Əgər yüzlərin naminə on adamı 

məhv etmək məqbuldursa, minlərin uğrunda yüzləri, 

milyonların yolunda minləri və bu haqq-hesabla yüz minləri, 

milyonları qurban vermək olar. Böyük miqyasda söhbət hətta 

yüz milyonlardan gedir. O vaxt milyard əhalisi olan Çinin 

rəhbəri Mao Xruşşova deyirmiş ki, Üçüncü Dünya 

müharibəsində kapitalizmin məhv olması  və kommunizmin 

qələbə çalması naminə yüz milyon insanın qırılması böyük itki 

deyil. Stalin dövrünün amansız anekdot - lətifələrindən biri də 

belə idi: Guya ki, Stalinin özü Beriyanın təqdim etdiyi edam 

siyahılarından dəhşətə gələrək: – Bu qədər adamı qırmağı təklif 

edirsən? – deyə soruşur. Beriya cavabında: – Məgər biz bu 

əhalini Nikolay padşahdan siyahıyla almışdıq? – deyir.  

(Bu fikrin müəyyən  əks-sədası 1990-cı ilin Qara 

yanvarından sonra M.S.Qorbaçovla olan söhbətimizdə səsləndi. 

"Bəli, Bakıda insanlar həlak oldu – deyirdi Qorbaçov bizimlə 

görüşdə  və  əlavə edirdi: – Ancaq qoşunlar daxil olmasaydı, 

daha çox insan məhv ola bilərdiU. Mən, bax bu yuxarıda 

yazdığım fikirləri xatırlayaraq Qorbaçova dedim: "Minlərin 

naminə yüzlərin məhv edilməsi, minlərin naminə yüz minlərin 

həlak olması – bu haqq-hesabı biz tarixən çox keçmişik axı"… 

Qorbaçov dinmədi, onun yanında dayanmış Primakov isə 

məzəmmətlə başını buladı – bu qeyd, çox sonralar, 90-cı illərdə 

edilib). 

Mənə ruhən çox yaxın olan fəlsəfə sisteminə – zen-

buddizmə müraciət edərək bu təlimin bir maddəsini yada 

salmaq istəyirəm: "Günahı xeyirxah əməllərlə yumaq fikri və 


 634 

gələcək səadət naminə indi cinayət törətmək düşüncəsi zen 

etikasına kökündən ziddir". Zenbuddizmin tədqiqatçısı 

Y.V.Zavadskaya "Qərb Şərqdə" kitabında belə yazır. Beləliklə, 

dəyərlər cədvəli necə qurulub? Kim deyə bilər ki, gələcək 

nəsillər səadətə indikilərdən daha artıq layiqdirlər və nəyə görə 

indiki nəsillər öz yeganə  və  təkrarsız ömürlərini necəliyi 

məlum olmayan, hansı dövrdə yaşayacağı bilinməyən nəsillərin 

fərziyyə, güman şəklində  nəzərdə tutulan səadətlərinə qurban 

verməlidir? Və bu gələcək nəsillər də öz növbələrində 

ömürlərini daha da irəlidə yetişəcək nəslin yolunda fəda 

etməlidir? Və sonsuza qədər bax beləcəsinə… 

Amma digər tərəfdən bu fədakarlıq olmasaydı,  ən bəsit 

şəkildə desək, valideynlər ömürlərini təmənnasız – filan 

övladlarına qurban verməsəydi, həyatın davamı da mümkün 

deyildi. Çox qədim və çox müdrik bir fikir də var: sənin 

əkdiyin ağacın bəhrəsini gələcək nəsillər görəcək, köl-gəsində 

nəvə-nəticələrin oturacaq, amma sən özün onun nə  bəhrəsini 

görəcəksən, nə kölgəsində dincələcəksən. Vaxtilə mən özüm də 

yazmışdım ki, həyat bir borcdur, bu borcu biz 

valideynlərimizdən alırıq, övladlarımıza qaytarırıq. Hər nəsil 

əcdadlarından onların fədakarlığını da borc alıb, bu borcu 

xələflərinə qaytarır. Bəlkə də belədir. Yox, lap yəqini belədir. 

Amma yenə də müəyyən şübhələr beynimi gəmirir: Hər nəslin 

fədakarlığı  bəlkə  də  gələcəyin mümkünsüz xoşbəxtliyi 

haqqında bir aldanışdan, bir illüziyadan, sirabdan, ilğımdan 

başqa  şey deyil. Bəlkə bu da şirin bir özünüaldatmadır. Necə 

ki, xatirələrimiz, keçmişlər haqqında nostalji duyğularımız da – 

xoş bir yalandır. Keçmişdə, o anları yaşadığımız zaman 

duymadığımız fərəh, sevinc hisslərini indi, o anları yada 

salarkən duyuruq. İtirilmiş  cənnət  əfsanəsi. Gələcək səadət 

haqqında xəyallar da eynən itirilmiş  cənnət xülyasına bənzər 

bir şeydir.  

Əgər doğrudan da, səadət dedikləri bir şey varsa, o ancaq 

ötəri və tez keçib gedən anların tələsik sevincləridir. Az qala 


 635 

başlanan kimi bitən sevinclərdir. Bax bu tutulub saxlanması 

mümkün olmayan an, iki yoxsuzluq arasındakı qısa fasilə yəqin 

ki, həqiqiət məqamı, həyatın və gözəlliyin mənasıdır.  



*** 

Ən gənc, az qala uşaq yaşlarımdan mənə söylənən  ən xoş 

"kompliment" – çox mütaliəli olmağımdır.  

Xeyirxahlarım da, bədxahlarım da mütaliəmi mənə gah 

müsbət qiymət kimi, gah da ittiham kimi verirdilər… Halbuki, 

özüm yaxşı bilirdim, mənim geniş mütaliəm daha çox zahiri 

görüntüdür, nəinki əsl həqiqət. Oxumadığım, amma oxunması 

vacib olan kitablar oxuduqlarımdan dəfə-dəfə artıqdır. Bəzən 

sancmaq istəyəndə  mənim bütün yaradıcılıq cəhdlərimi, illah 

da, onlar uğur qazanırdısa, ancaq və ancaq oxuduğum 

kitabların təsiriylə bağlayırdılar.  Əlbəttə, heç bir yazıçı başqa 

bir yazıçının, özəlliklə böyük və klassik müəlliflərin müəyyən 

təsirindən xali deyil. Amma doğrudan-doğruya heç vaxt 

oxumadığım yazıçıların mənə guya ki, təsir etdiyini eşidəndə 

yanıb-yaxılırdım.  İlk povestimi "Ağ liman" adlandırmağım və 

finalda qırmızı gəmilərdən yazmağım kifayət etmişdi ki, bunu 

Qrinin təsiri hesab etsinlər. Niyə Qrin? Sadəcə olaraq onun "Al 

qırmızı yelkənlər"  əsərinin adı yadlarında qalmışdı (Çox 

güman ki, əsərin özünü heç oxumamışdılar).  Şükür olsun ki, 

Çingiz Aytmatovun "Ağ  gəmi" povesti mənim "Ağ 

limanUımdan sonra çıxdı, yoxsa onun da təsirini 

yapışdırardılar. Ayıb olsa da, etiraf edirəm: Qrinin heç bir 

əsərini oxumamışam. Deyilənə görə, çox gözəl yazıçıdır, amma 

vallah-billah bir sətrini də oxumamışam. Əvvəllər nə isə imkan 

düşməyib, tənqidçilərin bu iradlarından sonra isə bilərəkdən, 

qəsdən oxumuram (bəlkə  də haçansa oxudum). Amma Qrinin 

əsərlərinin yalnız adıyla deyil, məzmunuyla da tanış olan ciddi 

adamlar mənə  dəfələrlə deyirdilər ki, "Ağ liman"ın Qrinin 

əsərlərinə heç bir dəxli yoxdur.  

Əfsus ki, Edqar Ponu da oxumamışam, ona görə də təəccüb 

qalıram: bəzi yazılarımda onun təsirini tapanlar da var. Tanış 


 636 

olmadığın mətn sənə necə təsir edə bilər? Bilmirəm. Qoy bunu 

tənqidçilər izah etsin.  

Bu ittihamların əsas məqsədi yazılarımın orijinal olmaması 

haqqında fikri beyinlərə yeritməkdir.  Ən yaxşı variantda 

mənim güya ki, həyatı yetərincə bilməməyim və  həyata 

kitablar vasitəsiylə  bələd olmağımdır. Bir dəfə bizim milli 

bəlamız yerliçilik haqqında söhbət düşəndə Vaqulyaya (Vaqif 

Səmədoğluna) dedim: – Valideynlərimizin doğulduğu yerlərə 

görə biz səninlə ayrı-ayrı bölgələrdənik. Amma mən Göyçayda 

və Gəncədə küll halında heç bir ay da yaşamamışam. Necə ki, 

sən də Qazaxda, ya Dərbənddə. Biz Bakıda doğulumuşuq, 

burda boya-başa çatmışıq, burda yaşamışıq və  yəqin 

ömrümüzün sonuna qədər yaşayacayıq, Amma bununla belə 

köklü bakılılar da, bizi özününkü, yəni əsl Bakılı saymır. Odur 

ki, biz istəsək də, yerlibaz, yerlipərəst ola bilmərik. Vaqif, 

məncə, çox dəqiq cavab verdi: Biz səninlə kitabstanlıyıq. 

Bizim yerlibazlığımız kitablar zəminindədir.  

Bir dəfə bazarda nəyinsə qiymətini düz demədim, kimsə 

məni hesabı pis bilməkdə suçladı, atam gülərək: hesabı yox, 

həyatı pis bilir, –  dedi.  

Daha bir şeydə də suçlayırlar məni "sən bu xalqdan uzaqsan, 

yaxud bu xalq səndən uzaqdır".  Əvvəllər belə sözlər məni 

ağrıdırdı. İndi bu kəmlik kompleksindən azad olmuşam. Çünki 

təvazökarlıqdan uzaq olsa da, deməliyəm, kaş xalqa yaxın 

olduqlarını iddia edənlər mənim bu xalq üçün elədiklərimin 

yüzdə birini edəydi. Bu sözlərimçün üzr istəyirəm, yoxsa lap 

Bəxtiyar Vahabzadənin şerinin tərsi çıxdı: Bircə ondan razıyam 

ki, özümdən çox razıyam.  Əstəğfürullah. Allah göstərməsin 

mənə belə özündən müştəbehliyi.  

Yuxarıdakı iradı da anlamağa çalışıram. Bu iradın arxasında 

duran fikir də mənə gün kimi aydındır: yəni dedikləri odur ki

sən (yəni mən) uşaqlıqdan firavan bir şəraitdə böyümüsən, 

həyatın bərkinə-boşuna düşməmisən. Xalqın  əksəriyyətinin 

yaşadığı gün-güzəran, dolanışıq tərzi sənə yad və yabançıdır. 


 637 

Və buna görə də sənin nəslinin uşaqları – müharibə dövrünün 

ac-yalavac balaları çörək qeydinə qalanda sənin mədəniyyətlə, 

ədəbiyyatla, müsiqiylə tanış olmaq imkanın olub.  

Hələ yeniyetməlik çağlarımda bir dəfə  məşhur kinorejissor 

Lətif Səfərovla mübahisəmiz düşdü. O, Ənvər 

Məmmədxanlının "Leyli və  Məcnun" ssenarisi əsasında film 

çəkməyə hazırlaşırdı  və bağa,  Ənvərin yanına gəlmişdi. Öz 

yozumunu danışırdı. Mən bu yozumla razılaşmırdım. Leyli – 

Məcnun mövzusu haqqında öz fikrimi çatdırmağa çalışırdım: – 

Məncə, – deyirdim, – Məcnunun faciəsi zahiri əngəllərlə 

rastlaşmasında deyil, ondadır ki, Qeys anadangəlmə faciə 

qəhrəmanı kimi doğulub, o, dünyaya ancaq əzab çəkmək üçün 

gəlib. Baş rollarda çəkilən aktyorlar haqqında da fikrimiz çəp 

düşmüşdü. Lətif bütün fikirlərimi, o cümlədən məcnunluq 

haqqında fikirlərimi də diqqətlə dinləyirdi, heç bir iradıma 

cavab vermirdi, amma sonda elə bir şey dedi ki, o sözlərin 

mübahisə predmetimizə heç bir dəxli yoxdu. Amma o sözlər 

ömrüm boyu yadımda qalıb. Məcnunçuluq haqqında mücərrəd 

fəlsəfəçiliyimə cavab olaraq Lətif: – Anar, həyat səni yetərincə 

incitməyib, – dedi.  

16-17 yaşım olardı o vaxt. Sonralar həyat məni yetərincə 

incitdi, amma o vaxt anlamamışdım ki, Lətif bununla nə demək 

istəyir və bu fikrin bizim mübahisəmizə nə dəxli var. Sonralar 

intihar etmiş  Lətif haqqında düşünərkən, mən bu sualın 

cavabını da tapdım. Belə  gənc yaşlarında belə "dərin" fikirlər 

yalnız firavan uşaqlığın nəticəsi ola bilər.  

Atrıq yetkin çağımda, 50 yaşım keçəndən sonra 1989-cu ilin 

sentyabrında Azərbaycan Ali Sovetinin sessiyası zamanı mitinq 

edən kütlənin arasından Parlament binasına tərəf keçmək 

istəyirdim. Mən onda respublika Parlamentinin deyil, SSRİ Ali 

Sovetinin deputatı idim, oradakı  fəaliyyətim, çıxışlarım və 

hətta çıxış etməməyim də birmənalı qarşılanmırdı.  

Səkkiz-doqquz dəfə danışsamda, yalnız bircə dəfə Qorbaçov 

mənə söz vermədi.  


 638 

(Əvvəlcədən çıxışa yazılmamışdım, o, mikrofonu çıxartdı və 

səhərisi gün Prezidiumda əyləşən Püstəxanım  Əzizbəyova 

vasitəsilə  mənə üzrxahlığını bildirdi. Amma Parlamentdəki 

bütün fəaliyyətim bir yana, bir bu faktdan bədxahlarım ağızları 

sulana-sulana bolluca istifadə etdilər. (Bu günün əlavəsi: Və bu 

günə  qədər də  mənə qarşı "kəsərli" silah kimi istifadə edirlər. 

Hətta dəlixanada müalicəsini yarımçıq qoyub ordan çıxmış 

birisi yazır ki, guya Qorbaçov mənə "sadis, molçi" – deyib. 

Yalançının lap… Qorbaçov yox, dünyada heç kəs mənimlə 

belə danışa bilməz. Bu adamcıq özünə xas olan cəhətləri mənə 

şamil eləməsin – çox sonrakı illərin əlavəsi). 

Ümumiyyətlə, ittifaq deputatlarımızın fəaliyyətində xeyli 

müsbət cəhətlər və əlbəttə, müəyyən kəm-kəsirlər vardı. Amma 

gün kimi aydındır ki, ümumittifaq deputatlarının damğalanması 

və ləkələnməsi yolunda əməlli-başlı planlı iş də aparılırdı. Elə 

gün olmurdu ki, mənə onlarla kağız, teleqram gəlməsin, 

yüzlərlə telefon zəngi (Moskvadan, Bakıdan və başqa 

şəhərlərdən,  İrəvandan və Moskvanın özündən hədələyici 

zənglər də vardı) edilməsin. Sonra bu zənglərin, teleqramların, 

kağızların birdən-birə doxsan faiz azalması sübut edir ki, bütün 

bunlar müəyyən mərkəzdən idarə olunurmuş.  Əlbəttə, bizim 

işimizi təqdir edən, bizə ürək-dirək verən məktublar, 

teleqramlar, telefon zəngləri də az deyildi.  

Bax belə bir "məhəbbət-nifrət" münasibətinə tuş olaraq kütlənin 

içindən Parlamentə  tərəf gedirdim, amma gedib çata bilmədim. 

Tanıdılar, dövrəyə aldılar və saysız-hesabsız suallara, iradlara, 

tələblərə, xahişlərə cavab verməli oldum. Bir sözlə, mitinqin 

mərkəzinə çevrildim. Epizodun əvvəlinə qayıdım. Maşından 

düşüb kütlənin içindən Parlamentə  tərəf addımlayarkən mənə  əl 

çalmağa başladılar. Lap cavan bir oğlan, sütül yeniyetmə isə: – Əl 

çalmayın, – dedi, – qoy hələ dokazat eləsin. Nəyi "dokazat" 

eləməliydim, bilmirəm... Yəqin ki, bu alqışlara haqqım olduğunu. 

Bir də  cır səsli bir qadının qışqırığını  eşitdim və onun dediyi 

sözlər, məncə, gecə düşüncələrimin bu bölümünə  məntiqi yekun 


 639 

vurur. Qadın çığırırdı: "Anar müəllim, bizə  mədəni deputatlar 

lazım deyil!" 

Şübhəsiz, Qorbaçovun mənə söz verməyib mikrofonu 

söndürdüyü vaxt onunla əlbəyaxa olmadığıma irad tuturdu.  

Bu an mən çox şeyi anladım. Anladım ki, bu qadın da 

haqlıdır, vaxtilə Lətif Səfərov da haqlıymış.  

Amma onu da anladım ki, onları haqlı saymağı  mənə 

kitablar öyrədib.  

*** 

İndi dəhşətli bir tiraniya mövcuddur – informasiya tiraniyası 

– qəzetlər, radio və televiziya başımıza kürül-kürül xəbər 

axıdır, bununla da, nəinki kitabla ünsiyyətə, heç işləməyə, 

sərbəst düşünməyə  də vaxt qalmır. Sözun yalnız fiziki 

anlamında deyil, mənəvi anlamında da elementar fikrə dalmağa 

imkan verilmir. Elə bil, fikrin dərinləşməsinə, təkmilləşməsinə, 

öz-özünü ürütməsinə ehtiyac qalmayıb. Bu əsasən ziyalıları – 

elmi və yaradıcı ziyalıları  zədələyir. Estetik, mənəvi, elmi 

dəyərlərin istehsalçılarından istehlakçılarına çevrilirlər. 

Deyirlər ki, qərb qəzetləri ("Fiqaro", ya "Nyu-York TaymsU) 

azı əlli-yüz səhifə çıxır və orda onlarla telekanal var. Amma bu 

problemi aradan qaldırmır. Çünki orada hər kəs bu informasiya 

axınında özünü maraqlandıran guşəni axtarır. Uzun illərin 

informasiya pəhrizində yaşamış bizləri isə  hər  şey 

maraqlandırır – siyasət də, idman da, uçan boşqablar da, 

ekstrasenslər də, tarixin ağ ləkələri də. Lenin əməkdaşlarının və 

Stalin əlaltılarının taleyi də, Vısotskiylə Marina Vladinin şəxsi 

həyatı da, çar ailəsinin qətli də, kosmosdan gəlmiş qonaqların 

izləri də, dini mütəfəkkirlər də. İnformasiya aclığı informasiya 

"qarınqululuğunu" meydana gətirib. Bu mənəvi qidanın (əslinə 

qalsa bu mənəvi qidadırmı?) həddən ziyadə çoxluğu uzun 

illərin ideoloji pəhrizindən çıxıb rəsmi polifabrikatlarla 

zəhərlənəndən sonra mədələrin deyil, beyinlərin pozulmasına 

gətirib çıxarmasın… 

*** 


 640 

RSFSR-in qurultayında Silayevin kəndli təsərrüfatı 

haqqında məruzəsinə qulaq asırdım. Nəyə görə  kəndlilər 

fermer təsərrüfatına belə həvəssiz yanaşır. Çünki bunun hüquqi 

təminatı yoxdur, heç kəs də quru sözlərə etibar etmir. Eyni 

sözləri  İttifaq müqaviləsi və daha geniş anlamda Milli məsələ 

haqqında deyə bilərəm. Qorbaçov arxayınlaş-dırır: "Tamamilə 

yeni əsaslarla qurulan İttifaq, həqiqi suverenitetlərin Birliyi". O 

biri tərəfdən də jurnalistlər məsxərə edir: suverenitetlər paradı. 

(Yeri gəlmişkən, akademik Saxarov Ali Sovet kürsüsündən 

təklif edəndə ki, Azərbaycan Qarabağı Ermənistana bağışlasın, 

mən çıxış edib ona cavab verdim: Bizim respublika suveren 

respublikadır, suvenir respublikası deyil ki, torpağının bir 

hissəsini kiməsə hədiyyə, süvenir versin). 

Axı kim qarantiya verə bilər ki, Qorbaçovun bu vədləri də 

növbəti oyun deyil, bu sözlərin arxasında Oruelin romanında 

olduğu kimi tamamilə  əks və  tərs anlayışlar dayanmayıb. 

Əvvəlki Sovet Konstitusiyasında da bir xeyli qəşəng söz vardı  

– hətta respublikaların istədikləri vaxt ayrılmaq hüququ da 

təmin olunurdu. Amma nəinki Stalin dövündə, hətta Brejnev və 

Xruşşov dövründə belə bu fikri dilinə  gətirənlərin boğazını 

üzərdilər.  

Hər hansı respublika bu istiqamətdə bir balaca qımıldandımı 

– bütün vasitələrə  əl atacaqdılar – sabitliyin pozulması, 

separatizmin körüklənməsi (bəzən, məsələn, Dağlıq Qarabağ 

problemiylə əlaqədar bu, qabaqcadan hazırlanan tədbir kimi də 

meydana çıxır), hədə-qorxu, blokada və s. Yadımdadır, 

Lukyanovun iş otağında o vaxt palatanın sədri Primakov öz 

müdrikliyindən yorulmuş baxışlarla bizə, Azərbaycan 

deputatlarına mentor tonuyla izah etməyə çalışırdı ki, hər hansı 

respublika ayrılmaq istəsə belə, prosedura məsələləri on illər 

boyu çəkəcək. (Yox, müdrik orakul yaman səhv edibmiş, 

demə, bütün bu işlər çox qısa bir müdətdə baş verdi – sonrakı 

əlavə). 


Yeni qanunlarınmı qəbul olunması, yaxud əski qanunlaramı 

 641 

riayət olunması o qədər də vacib deyil. Vacib olan odur ki, bu 

qanunlarda yazılmış sözlərin həqiqi anlamıyla onların həyata 

keçirilməsi arasında təzad, ziddiyyət, tamamilə  tərs təfsir 

olmasın. Bu sözlərin, maddələrin istənilən kimi, demoqoji 

şəkildə yozulması yox, müstəqim mənasına uyğun olaraq 

rəhbər tutulması cəmiyyətə çoxdan itirilmiş əxlaq normalarını, 

qanunun ruhuna və hərfinə inam və etibar hissini qaytara bilər.  

Bax budur cəmiyyət qarşısında duran əsas məsələ – sözlərə 

inamın, etibarın qaytarılması, sözlərin hərəkətlərə  əks yox, 

uyğun olması. Yetmiş ildə çox iş görülüb, amma əsas işlərdən 

biri UYĞUNSUZLUQ anlamının  şüurlara yeridilməsi olub. 

Sözlərin və  əməllərin uyğunsuzluğu, bəyan edilənlə icra 

olunanın uyğunsuzluğu, başqa sözlə desək, YALAN. Yalan və 

riyakarlıq. Riyakarlıq – dəyərə çevrilib, insanlarda hörmətə 

layiq bir keyfiyyət sayılır, elə bir qabiliyyət hesab olunur ki, 

çoxları bu qabiliyyətə həsəd çəkir, çoxları heyran qalır. "Əhsən 

filankəsə, hamını barmağına doladı, maşallah, bəhmənkəs 

yaşamağın təhrini bilir. Bərəkallah, peşmənkəs işin içindən gör 

necə  çıxdı". Uyğunlaşmaq, konyukturçu – zamanın adamı 

olmaq cəmiyyətin qınağını yox, təqdirini qazanır və onun, 

cəmiyyətin simasını da müəyyənləşdirir.  İctimai  əxlaqı 

tapdayıb keçmək şücaət kimi qəbul edilir, buna uyğun olmayan 

həqiqi  əxlaq prinsipləri isə burjua qalıqları, dinçilik, xristian, 

ya İslam ehkamları kimi damğalanır. Bu illərdə bütöv bir insan 

populyasiyası yetişib ki, artıq heç nəyə  və heç kimə inanmır. 

Bu mənada, doğrudan da, yeni tarixi insan cəmiyyəti – sovet 

xalqı haqqında danışmaq olar. 



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin