***
Ziyalılarımızın çoxu komformistdirlər. Amma bəla ondadır
ki, onlar bu sözün özünü də bilmirlər.
654
***
O, tarixi aldatmaq istəyirdi, Xalqı aldatmaq olar,
hakimiyyəti aldatmaq olar, nəhayət, yaşadığın Vaxtın, zamanın
özünü aldatmaq olar. Amma Tarixi aldatmaq mümkün deyil.
Gec-tez Tarix hər şeyi yerbəyer edir. Hərəyə öz payını verir,
kimisə qaldırır, kimisə yerlə-yeksan edir, amma hər halda,
yalançı dəyərlərin əsiri olmur.
***
İvasakinin "Yapon kinosunun tarixi" kitabında bir epizod
məni sarsıtdı. İkinci dünya müharibəsi bitər-bitməz darmadağın
olmuş, alçaldılmış Yaponiya dünya ictimaiyyəti qarşısına
Venetsiya kino festivalına Midzoqutinin filmini tədim etməklə
çıxır. Aktrisa Tanaka xatırlayır ki, konkurs baxışından əvvəl
Midzoqutinin oteldəki otağına gəlir. Yapon kinosunun ən
böyük sənətkarı Midzoqutini milli geyimdə – kimanoda, sandal
çubuqlarını yandırıb dua edən görür. Allaha yalvarırmış ki,
qələbə qazansınlar. Aktrisaya deyir: Biz məğlub olmuş,
alçaldılmış, amma məğrur ölkənin övladları – kinomuzu
dünyanın mühakiməsinə çıxarmışıq. Allaha yalvarırdım ki,
bizə zəfər əta etsin".
Midzoquti xalqının ruhunun qələbəsi üçün dua edirmiş. Bu
qələbəylə ümidsizlikdən, bədbinlikdən çıxmaqları üçün dua
edirmiş.
O il Midzoqutinin "Ugetsu Monoqatari" ("Yağışdan sonra
dumanlı ayın nağılı") filmi Venetsiya festivalının ən ali
mükafatını – Qran prini qazanır.
***
Lev Tolstoyun fikri doğrudur: Millətçilik – alçaqların son
sığınacağıdır. Heç nə millətə ifrat millətçilikdən çox zərər
gətirmir. Faşizm, şovinizm bu həqiqətin parlaq təsdiqidir.
Tolstoydan fərqli olaraq mən ifrat millətçilik ifadəsini
işlədirəm, çünki millətçiliyin daha həlim, daha maarifçi
şəkilləri müəyyən vaxtlarda və müəyyən şəraitdə faydalı da ola
bilər. Xüsusilə də, kiçik xalqlar, əzilən millətlər üçün.
655
***
SSRİ-nin başqa xalqları üçün rus ideyası: İstəyirsinizsə,
buyurun, özünüz olun… Amma bizim altımızda.
***
Nemət Azərbaycanda mövcud olan quruluşu faşist quruluşu,
Milli Məclisin deputatlarını isə xain adlandırıb. İskəndər
Həmidova sual veriblər ki, nədirsə çoxdan jurnalistləri
döymürsünüz. Cavab verir ki, Ağamalı Sadiq Əfəndidən başqa
bütün qalanlarını mütləq döyəcək və əlavə edib: – Mən
demokrat deyiləm. Demokratiya yanvarın 1-də (?) bitdi, Nemət
və onun kimilərlə ancaq zopa, dəyənək dilində danışmaq
lazımdır.
Partokratlar bu sözləri alqışlayır: İndi hakimiyyətdə
olanlarla biz də vaxtilə gərək bu metodlarla mübarizə
aparaydıq.
Bütün bunlardan sonpa İskəndərin demokratik seçkilər
haqqında sözləri lap qəribə görünür. Əcəb demokratiyadır –
zopalı, dəyənəkli.
Axır ki, nə? Repressiyalar, ya demokratiya? Ya 70 ildə
keçdiyimiz riyakarlıq, fariseylik məktəbinin yeni dərsləri.
***
İşığımız keçdi, batareyalı radionu qurdum. Bizim köhnə
xalq mahnıları səslənirdi – Nərminə, Qaragilə, Kəsmə
şikəstə… Qaranlıqda Zemfira sakit-sakit ağlayırdı – bu
mahnıları anası oxuyardı.
İş yalnız mahnılarda və xatirələrdə deyil. İş yalnız keçmişdə
deyil, indidə və daha da artıq Gələcəkdədir. Türkiyəyə getmək
ərəfəsindəyik. Ürəyimdən daş asılıb. Vahid biletləri gətirdi –
saat 4-də Türkiyəyə uçuruq, uzun müddətə. Vətənlə, doğma
şəhərinlə, qohumların, yaxınların, dostlarınla, uzun illər
yaşadığın həyat tərziylə vidalaşmaq asandır məgər?
Getməyimizlə bağlı yüz cür şayiə çıxarıblar: "Hakimiyyətdən
küsüblər, ona görə gedirlər", yaxud "çoxlu qızılları var, onları
xərcləməyə gedirlər", ya da tamam tərsi: "dilənçi
656
kökündədirlər, pul qazanmağa gedirlər".
Daş insanın böyrəyində olar, mənim ürəyimdədir. Türkiyəyə
özüm-özümdən qaçıram. Məgər bizim istədiyimiz,
gözlədiyimiz bu idi? İndiki hakimiyyətin rəhbərləri: "Biz
tanklarla hakimiyyətə gəlmişik, bizi yalnız tanklarla devirmək
olar" – deyirlər. Görünür, hakimiyyət davasında tanklar ən
inandırıcı dəlildir. Məhz bu mükəmməl dəlildən 56-cı ildə
Macarıstanda, 68-ci ildə Çexoslovakiyada, 79-cu ildə
Əfqanıstanda, daha da əvvəl 20-ci ildə Azəbaycanda istifadə
etdilər. Düzdür, 20-ci ildə tanklar yox idi, ayrı "dəlildən" –
zirehli qatardan istifadə etməli oldular. Bəli, o vaxt
Azərbaycana hakimiyyəti zirehli qatarla yeritdilər. Bu gün də
demokratiyanı, ya antidemokratiyanı tanklarla həyata keçirmək
istəyirlər. Belə "demokratiyadan" da, totalitarizmdən də daha
betər riyakarlıqdır. Əgər İskəndər kimi demokrat olmağı
istəmirsinizsə, bunu onun tək açıq deyin, heç olmasa riyakarlıq
etməyin. Qəzetlərinizdə keçmiş "Bütün dünya proletarları
birləşin" şüarı əvəzinə, "Həqq qəvinindir", yəni THakimiyyət
güclünündürU şüarını yazın.
Ancaq bir şeyi unutmayın. Həmişə ən güclüdən də daha
güclüsü tapılır və sizi güc hesabına devirdiyi gün çığır-bağır
salmayın: "Hardadır haqq-ədalət, demokratiya?".
Ordadırlar. Siz onları dəfn etdiyiniz yerdə.
Yanvar, 1993
(Burda proqnozlaşdırdıqlarım cəmisi altı aydan sonra təsdiq
olundu – sonrakı qeyd).
***
Əbülfəz Elçibəyin yanında Qara Yanvarın ildönümünü necə
qeyd etmək məsələsi müzakirə olunurdu. Bu hadisələrdə kimin
günahkar olduğu barədə danışırdılar. Mən çıxışımda dedim ki,
kimin nə
dərəcədə günahkar olduğunu tarix
müəyyənləşdirəcək. Biz bu gün kimin günahkar olduğunu
657
bilmirik, amma kimin günahsız olduğunu dəqiq bilirik. Heç bir
günahı olmayanlar – şəhidlərdir.
***
Bəlkə də bəşər tarixində ilk serial "Min bir gecə"
nağıllarıdır.
***
Hələ mən diriykən şahidi olduğum hadisələr haqqında elə
uydurma xatirələr danışırlar ki, mat qalıram. Görürsən, bu
hadisələrdə epizodik iştirak edənlərdən biri özünü baş
qəhrəman kimi qələmə verir. Demədiyi sözləri indi cəsarətlə
"xatırlayır", etmədiyi "igidliklərdən" danışır. Ümumiyyətlə,
belə çıxır ki, sovet vaxtında hamı qəhrəman imiş və rejim
ucdantutma hamını təqib edirmiş. Rüşvət üstündə tutulan da
"millətçi, antisovet əqidələrim üçün cəzalandırılmışdım"- deyir.
Sovet təqib sisteminin də qəribə xüsusiyyətləri varmış, demə.
Qəribə bir şəkildə təqib edirmişlər adamları – təqib etdiklərinin
başına nemətlər yağdırırlarmış – mükafatlar, adlar, orden-
medallar, mənzil, bağ və s.
***
Yaşamaqdan bezmiş yazıçı intihar etmək istəyir. Onu bu
addımdan saxlayan yeganə şey – ailə, övlad qayğıları deyil,
yazmadığı əsərləridir. Həyata keçirmək istədiyi niyyətləridir.
***
Ədəbyyat – özgələri özünün vasitəsiylə anlamaq cəhdidir.
Öz taleyini, öz duyumlarını, fikirlərini başqasının həyatına
şamil edərək onu da, hamını da başa düşə bilirsən.
***
Həmişə daha gənc nəsil öz sələflərini inkar edir. O vaxta
qədər ki, daha gənc nəsil yetişir və indi də onların özlərini
inkar etməyə başlayır. O zaman həmin bu təzə inkar olunanlar
əvvəllər inkar etdiklərinə üz tuturlar, vaxtilə
bəyənmədiklərində dayaq nöqtəsi axtarırlar, həyatda
yoxdurlarsa ruhlarından dəstək diləyirlər. Atalar və oğullar
probleminin mahiyyəti budur.
658
***
Hər bir inqilab uğursuzların uğur qazananlardan qisas
almasıdır.
***
Kommunist baxış sistemi hələ də şüurlara hakim kəsilib,
ancaq sözlər dəyişib – "beynəlmiləlçilik" sözünü – "millətçilik"
sözüylə, proletar həmrəyliyini – türk həmrəyliyi, Lenini –
Rəsulzadəylə əvəz ediblər. Model isə eynidir – yenə də
dünyaya dar baxış, dünyanın bütün mürəkkəbliyini, əlvanlığını
sxemlərə, doqmalara, ehkamlara pərçim etmək cəhdi.
***
Ümumiyyətlə, ədəbiyyat tarixi varmı? Hər halda, az, ya çox
dərəcədə dəqiq elm kimi mövcüddurmu? Daha da geniş
götürsək, ümumiyyətlə, tarix varmı, ya o yalnız tarixçilərin
bəhrəsidir? Mübahisəli məsələdir. Hər halda, ədəbiyyat
tarixindən danışırıqsa, ayrı-ayrı yazıçılar var, onların əsərləri,
fikirləri, hissləri, təcrübələri var ki, sözlərlə ifadə olunub.
Ədəbiyyat tarixçilərinin işi isə bunları sistemləşdirmək, bu, ya
digər konsepsiyaya uyğunlaşdırmaq, bu yazı axınını müəyyən
məcraya salıb dövrləşdirmək, estetik, ictimai-siyasi, ideoloji
sxemlər üzrə düzməkdir. Bax bu mücərrəd elm – ədəbiyyat
tarixi məhz bu cür yaranıb. Tarix də belədir. Tarixdə xadimlər,
hadisələr olub, onların əsasında monumental, amma şərti bir
bina – Tarix adlı bina yapmaq isə tarixçilərin işidir. Bir çox
hadisələr bizə məntiqsiz görünür. Çünki Tarix yoxdur, tarix
haqqında kitablar var. Və bu kitab müəlliflərinin də hərəsinin
öz baxışı və öz məntiqi var. Yenə də fikrim Stalinə ilişib qaldı.
Pəsməndə, nimdaş stalinçilərin uğursuzluğu ondadır ki,
stalinizmi dirçəltmək istəsələr də, bacarmırlar. Axı Stalin özü
yoxdur. Stalinsiz nə stalinizm? (Aydındır ki, söhbət personal
olaraq Stalindən yox, stalinizmin mahiyyətini ifadə edə biləcək
Stalin tipli adamdan gedir). Nə qədər ki, yeni Stalin peyda
olmayıb stalinçilərin heç bir şansı yoxdur. Amma əfsus ki, yeni
Stalinin zühur etməsi tam real bir fərziyyədir. Yalnız müqəddəs
659
yer yox, lənətlənmiş yer də uzun zaman boş qala bilməz.
Kimsə bu guşəni tutmalıdır.
***
Azad insan olmaq istəyirəm – nə kommunist, nə millətçi, nə
sosialist, nə faşist, nə dinçi… Bütün təlimlərə maraq göstərən,
fəlsəfi, siyasi, dini təlimlərlə müfəssəl tanış olan, amma heç
birinin əsarətinə düşməyən insan olmaq istəyirəm. Həyatda da
müxtəlif əqidəli adamlarla tanış olmaq istəyirəm. Onların
baxışlarını qəbul etməsəm də, özümdən uzaqlaşdırmaq da
istəmirəm. Amma əfsuslar olsun ki, insanlar siyasi əqidələrinə,
dini inanclarına, milli mənsubiyyətlərinə görə bir-birindən
məftilli çəpərlərlə ayrılıblar, bu çəpərləri aşıb bir "zonadan" o
birinə keçmək çətindir. İnsanlar özlərinin özləriyçün
yaratdıqları təkadamlıq ideloji kameralarda yaşamağa
məhkumdurlar. Bunun bəzən çoxadamlı ideoloji baraklar
olması məsələnin mahiyyətini dəyişmir.
***
Paradoksdur, Türkiyədə tələbəm mənə həvəslə danışırdı ki,
fransızlar Orxan Vəlinin
şerlərini oxuyub maraq
göstərməyiblər, "belə yazılar bizdə də var" deyiblər, "Divan
ədəbiyyatı" isə əksinə onları çox cəlb edib. Məsələnin belə
qəribə qoyuluşu Azərbaycanda da var. Qərbi qəbul eləməyən,
onun mədəni və estetik dəyərlərinə yuxarıdan aşağı baxan
adamlar bəzən öz milli ədəbiyyat və sənətimizdə hər hansı
hadisənin qiymətini Qərbin onu dəyərləndirməsində görürlər.
Onlara elə gəlir ki, guya Qərbin bu təqdiri mühafizəkar sənətin
qiymətini artırır. Aydındır ki, avtomobilə vərdiş etmiş Qərb
adamını Azəbaycanda bu miniklə heyrətləndirmək olmaz,
fayton, qazalaq, ya öküz arabası Qərb adamına daha maraqlı
gələ bilər. Macarıstanlı tərcüməçim Laslonun balaca oğlunu
xatırlayıram. Onları Lahıca aparmışdıq və Laslonun oğlu at
belində oturub ağlayırdı ki, vətənlərində onun sinifdaşlarının
heç biri buna inanmayacaq, uzaq Qafqaz kəndində at belinə
minməsini nağıl sayacaqlar. Amma bir avropalının ata bu
660
marağı o deməkmi ki, biz də avtomobillərimizi atıb arabada
gəzməliyik. (Araba demişkən, Türkiyənin məşhur alimi,
həkimi, Azərbaycanın dostu İhsan Doğramaçı əslən İraq
türklərindəndir – son illərdə onları özlərinə türkman deməyə
məcbur ediblər. Bilkənddə Füzuli yubileyi ərəfəsində İhsan
bəylə görüşdüyümüz zaman bu yaxında İraqa getdiyimizi
söyləmişdim. İraq blokadada olduğu üçün İhsan bəy: "Nəylə
getmişdiniz?" – deyə soruşdu. Türkiyə tükrcəsində danışırdıq,
odur ki, "Arabayla" – dedim. İhsan bəy yüngülcə qımışaraq:
"Arabaya at qoşmuşdular, ya öküz? " – deyə soruşdu. Başa
düşdüm ki, Türkiyə türklərin "avtomobil" yerinə işlətdikləri
"araba" sözünün əleyhinədir).
***
Klassik Qərb musiqisi kasetlərini almışam, dinləyir, hey
dinləyirəm. Gəncliyim ədəbiyyatın, kinonun cazibəsilə keçdi,
qocalığımın təsəllisi, deyəsən, musiqi olacaq.
Musiqi də müqəddəs kitablar kimi Tanrının insanlara
ismarıcıdır. Bəlkə də musiqi hardasa Allahın emosiyaları,
duyğularıdır və qəribədir ki, o, bu hisslərini dünyada
emosiyalar sarıdan ən xəsis xalq olan almanlar vasitəsilə ifadə
etmişdir – Bax, Hendel, Haydn, Motsart, Bethoven, Şubert,
Şuman, Vaqner, Brams, Maler – bu hisslərin müxtəlif üslublu
ifadəçiləridir.
O biri tərəfdən də fransızların "Karmen" operası. Çağdaş
bəstəçilərin musiqi dili nə qədər qəlizləşsə də, avanqardistlərin
heç biri mənimçün Bize əsərinin ispan-ərəb əlvanlığını kölgədə
qoya bilməz.
Şuşada, Malıbəyli kəndində, Səkili bulağın yanında
duyduqlarımı xatırlayıram. İsti yay günü "Üzeyir ömrü"
filminin çəkilişində bir neçə dəqiqəlik qrupdan aralandım,
corablarımı soyunub ayaqlarımı Səkili bulağa salladım. Bu an
dünya mənimçün elə sərin, elə işıqlı, elə sakit və dinc idi ki,
sanki musiqi dinləyirdim. Və o günlər içimi lim-həlim
doldurmuş Üzeyir musiqisini də yox, nədənsə, Haydn
661
musiqisini dinləyirdim, sanki. Məhz Haydn musiqisini. Əgər
mən bu mətni çağdaş Azərbaycanda – dünya mədəniyyətinə
saymazyana yanaşan, Qərb dəyərlərini, ümumiyyətlə, mədəni
dəyərləri, sənət dəyərlərini heçə çıxarmış bir ölkədə çap etsəm,
məni, Allah bilir nələrdə suçlayacaqlar – ədabazlıqda, özünü
mədəni göstərməkdə, xalqın real ehtiyaclarından uzaq
olmaqda, bilmirəm daha nədə. "Biz nə hayda, sən nə hayda",
yaxud "vardı hər yarağımız, çatmırdı bir saqqal darağımız" və
sairə bu kimi hikmətli kəlamlar eşidəcəkdim. Amma məsələ
bunda da deyil. Heç də özümü musiqi bilicisi kimi göstərmək
istəmirəm. Düzdür, musiqidən bir az başım çıxır, ona görə ki,
müsiqi məktəbində oxumuşam. Doğrudur, bu sahədə uğurlarım
olmayıb, birinci yəqin ona görə ki, müsiqiyə qabiliyyətim
yoxdur, ikincisi də, bəlkə heç yerdə bu məktəbdə olduğu qədər
musiqiyə nifrət aşılanmır. Musiqi təhsili alanlar əgər sonralar
da bu sənət növünə sədaqətli qalıblarsa, igid adamlardır. Çünki
musiqi təhsili müsiqinin cismini cərrah insanı yaran kimi yarır
və insanın iç-içalatını görəndən sonra onun estetik
gözəlliyindən zövq almaq çətindir. Nə isə…. Bəlkə də belə
deyil. Sözdür də deyirəm. Amma qəribə odur ki, müsiqi
məktəbində musiqiyə nifrət bəsləməsəm də, hər halda, xüsusi
sevgim də olmadığı halda, demə, bu elə bir xəstəlik imiş ki,
fəsadları çox sonralar meydana çıxacaqmış. İndi ahıl yaşımda
musiqi xəstəsi oldum, heç kəsə öz "mədəniyyətimi" nümayiş
etdirmədən tək-tənha, saatlarla klassik musiqini dinləməkdən
daxili rahatlıq duyuram. Plaşa, köynəyə və kostyuma ayırdığım
bütün pullarıma yüzdən artıq kaset aldım. Musiqi mənim yaralı
yaddaşıma məlhəm qoyur. Elə bil, bu anlarda hər şeyi
unuduram. O cümlədən onu da ki, mənim xatirələrimdə
Haydnla bağlı Səkili bulaq indi düşmən tapdağındadır. Musiqi
dinlərkən Allaha yaxın oluram, əbədiyyətə, saflığa yaxın
oluram, bir sözlə, Tanrının emosiyalarını duyuram.
Musiqi məktəbində harmoniya müəlliməmiz məni hey
danlayırdı ki, septakkordla kvartseptakkordu ayıra bilmirəm. O
662
uzaq illərdə septakkordu kvartseptakkorddan ayıra
bilməməyim mənə dərd olmuşdu. Nəhayət, bir dəfə təngə gəlib
həmin o müəlliməyə dedim ki, mən iki akkordu ayıra
bilmirəmsə, o da indiyəcən mənim adımı düz tələffüz edə
bilmir, mənə Anar yox, Ənar deyir. Bu isə iki akkordu
ayırmaqdan daha asandır.
Bütün bunlar uzaq günlərin xatirələridir və necə də istərdim
ki, o illərə qayıdım, həmin o sinifdə oxuyum, yenə də
kvartseptakkordu septakkorddan seçə bilməyim və həmin o
müəlliməmiz də yenə mənim adımı düzgün tələffüz etməsin.
May 1993, İstanbul
***
Həmişə təəccüb qalırdım ki, musiqiçilər alətsiz-filan
partituranı üzdən oxuya, daha doğrusu, eşidə bilirlər. Kağız
üzərində yazılmış notlara baxıb orkestrin bütün alətlərinin necə
səslənməsini dinləyə, tembrlərini, templərini təyin edə bilir və
böyük simfonik əsəri təsəvvürlərində canlandırmağı bacarırlar.
***
Türkiyədə müxtəlif televiziya kanallarında ölkə rəhbərlərini,
başqa siyasətçiləri gülməli kuklalar şəklində nümayiş etdirirlər.
(Sonralar bu Rusiyada da tətbiq olundu). Əvvəl-əvvəl bu məni
– sərt puritan kommunist sistemində yetişmiş adamı – çaş-baş
salırdı. Sonralar bu işin vacibliyini anladım. Siyasi xadimin
karikatur kukla şəklində göstərilməsi cəmiyyət üçün də, elə
onun özü üçün də (qürrələnməsin!) qat-qat daha faydalıdır,
nəinki onun hər yerdə ucaldılmış monumental heykəlləri,
yaxud öz şəkilləri fonunda çəkdirdiyi fotoları. SSRİ-də diri
rəhbərlərə heykəl qoyur, ölümlərindən sonra bu heykəlləri
uçururdular. Burda diriykən yox, yalnız ölümündən sonra
heykəl qoyur və daha heç vaxt uçurmurlar.
***
Dəfələrlə deyirdilər ki, biz hakimiyyətə tankların üstündə
663
gəlmişik, bizi ancaq tanklarla devirmək olar. Belə də oldu.
Özününüz qoyduğunuz qaydalardan nahaq şikayətçisiniz.
19 iyun 1993, Türkiyə gündəliyi
***
Heydər Əliyev siyasətdə qrossmeyesterdir, onun rəqibləri
isə heç şahmat oynaya bilmir. O siyasi şahmat oynayır, onunla
rəqabət aparmaq istəyənlər isə nərd oynayırlar – "ya bəxt" deyə
zər atırlar.
***
Niyə görə mən bu kəmsavadlara öz vətənpərvərliyimi sübut
etməliyəm? Nədi, bədbəxt vətənimizi məndən artıq istəyirlər,
ya onun yolunda məndən çox iş görüblər? Belə bir təsəvvür
oyanır ki, Allah onları Azərbaycan üzrə müvəkkili təyin edib,
onlar ittihamçılardır, qalan hamı isə müttəhimlərdir. Səbəb?
Səbəb eynidir. Bu hərəkat milli olmaqdan daha çox, sinfi,
sosial hərəkatdır. Zahiri millətçilik isə lüm-penlərin
ziyalılardan qisas almaları üçün ən əlverişli vasitədir. Nəyin
qisasın alırlar? İndiyə qədər kölgədə ömür sürmələrinin?
***
Əslində hər şey sərvətlərin, gəlirin yenidən bölünüb
paylanması üstündədir. Talan olunmuşu talan elə – bəlkə də
bütün xalqlar birbaşa, ya dolayı yolla bu Lenin-Stalin-Trotski
sosializminin qanlı məngənəsindən keçməlidirlər. Digər
tərəfdən başqa bir qanlı rejimin – Hitler natsizminin müdhiş
təcrübəsini də bilməliyik ki, sadə bir həqiqəti dərk edək: rifahın
yüksəlməsi üçün gərək özün zəhmət çəkəsən, işləyəsən,
başqasını (başqa xalqı, başqa sinfi, başqa şəxsi) qarət etməklə
əldə etdiyin dövlət, sərvət, bir gün burnundan töküləcək. Öz
ifrat faşist millətçiliyi üstündə 45-ci ildə diz çökdürülən alman
xalqı iflasa uğradı, amma məhv olmadı. Ona görə ki, qisasçılıq
yanğısıyla yaşamadı, ağlayıb-sızlamadı, işləməyə başladı və
özü öz gərgin əməyi sayəsində qısa müddətdə hər şeyə nail
664
oldu. Eləcə də yaponlar. Rusiya hələ ki, bunu dərk etməyib.
Bizsə heç dərk etməmişik.
***
Əbülfəz Elçibəy hakimiyyəti bitdi. Mənim bu namuslu və
bədbəxt idealistə səmimi surətdə yazığım gəlir. Bu anlayışın
yaxşı mənasında Don Kixot idi (bir az bicliyi olsa da). Zahirən
də Don Kixota oxşayırdı, xüsusilə də, Turqut Ozal – Sanço
Pansoyla yan-yanaşı qoşa duranda.
Hər halda, yazıq ona. Amma dövlət başçısı yazıqlıq
duyğuları oyatmamalıdır. Hörmət, ehtiram, heyranlıq, ya da
qəzəb, qorxu, nifrət, – hansı duyğu oyadır-oyatsın, bircə gərək
xalqın yazığı gəlməsin ona. Yazığın gəldiyi adam sənə də,
ölkəyə də rəhbərlik edə bilməz.
Amma nə əkərsən, onu biçərsən. Heydər Əliyev həqiqətən
zərgər dəqiqliyiylə işlədi. Televizorla siyasi oyunlara, ictimai
rəyin hazırlanmasına, taktikasına baxıb heyran qalırdım. Son
nöqtəni də bir mollayla keçirilən tədbirdə qoydu (bunu da
televiziyayla gördüm). Molla kürsüyə çıxıb: "Şəhidlərirn
ruhuna fatihə oxuyacam" – dedi.
–Oxu, – dedi Heydər Əliyev.
Amma fatihə əvəzinə molla Mutəllibovun dövründən
danışmağa başladı, siyasi tövsiyyələr vermək istədi. Görünür,
Əliyevi Mütəllibovla dəyişik salmışdı. Davam etdi: "Əbülfəz
ona görə yıxıldı ki, Allahsız idi" – dedi. (Əbülfəz yazıq
Allahsız imiş? Burda – Türkiyədə onu hətta "köy imamı"- kənd
mollası adlandırırdılar). "Birinci yerə İslamı qoymasanız, sizin
də aqibətiniz elə olacaq" – dedi molla Heydər Əliyevə. Əliyev
kəskin şəkildə onun sözünü kəsdi: – "Sən fatihəni oxu" – dedi.
Molla yenə siyasi mövzularda moizələrini davam etdirmək
istəyəndə H.Əliyev elə bərkdən öskürdü ki, mollanın sözü
boğazında qaldı və dərhal fatihə oxumağa başladı. Azəbaycan
tragikomediyasının növbəti səhnəsi belə bitdi.
***
Hər xalqla müəyyən bir heyvanın obrazını əlaqələndirirlər –
665
rus ayısı, ingilis şiri, fransız (qall) xoruzu, ispan öküzü.
Almanlar donuzu sevir, hindlilər inəyə sitayiş edir, ərəbi
dəvəsiz təsəvvür etmək çətindir. Çinlilər ilanı, türklər boz
qurdu totemləşdirir. Sovet vaxtında Darvin təliminə görə bizi
inandırırdılar ki, meymundan törəmişik. İndi isə deyirlər ki,
Boz qurddan əmələ gəlmişik.
***
Keçmiş qayıdır – elə həmin mədhiyyələr dinmədən,
məmnunluqla qəbul edilir.
2 sentyabr, 1993
Dostları ilə paylaş: |