BDU-nun Filologiya fakültəsi - 100
17
CAVANŞİR MURADOV
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universiteti
AKADEMİK AĞAMUSA AXUNDOV DİL NƏZƏRİYYƏÇİSİ KİMİ
Akademik Ağamusa Axundov Azərbaycan dilçiliyində məktəb yaratmış alimlərimizdən biridir.
Böyük alimin həyatının və elmi axtarışlarının çox böyük hissəsi Azərbaycan ali məktəbləri arasında
özünəməxsus yerini bütün zamanlarda da qoruyub saxlamış Bakı Dövlət Universiteti ilə sıx bağlı olmuşdur.
Ağamusa Axundov Əli Sultanlı, Mikayıl Rəfili, Həmid Araslı, Feyzulla Qasımzadə, Məmməd Arif,
Məmməd Cəfər, Cəfər Cəfərov, Cəfər Xəndan, Mir Cəlal, Məhəmmədhüseyn Təhmasib, Muxtar
Hüseynzadə, Əbdüləzəl Dəmirçizadə, Məmmədağa Şirəliyev kimi böyük müəllimlərdən dərs almışdı.
A.Axundov “Dil və üslub məsələləri”, “Feilin zamanları”, “Dilçiliyə giriş”, “Ümumi dilçilik”,
“Riyazi dilçilik”, “Azərbaycan dilinin fonetikası”, “Dil və ədəbiyyat” (2 cilddə), “Azərbaycan dilinin izahlı
lüğəti”, eləcə də bir sıra monoqrafiya və 500-dək elmi məqalənin müəllifidir. Bu əsərlər dil tarixinin,
Azərbaycan dilinin müasir quruluşunun, dil nəzəriyyəsinin, ümumi dilçiliyin aktual problemlərinə həsr
olunub.
A.Axundovun yaradıcılığında “Azərbaycan dilinin fonemlər sistemi” monoqrafiyasını xüsusilə qeyd
etmək olar. Alim ilk dəfə Azərbaycan dilinin fonetik sistemini eksperimental təhlil əsasında ümumiləşdirmiş,
nəzəri səviyyədə təqdim etmişdir.
A.Axundovun yaradıcılığında dünya miqyasında diqqəti cəlb edən ümumi dilçilik və dil nəzəriyyəsi
ilə bağlı olan dil və cəmiyyət, dil və mədəniyyət, dilin sosial differensiyası, dil təkamülünün sosioloji
istiqamətləri, dil sistemi, "dil səviyyələrinin" aktual problemləri öz həllini tapmışdır. Azərbaycan dilçiliyində
ilk dəfə olaraq metod və metodologiya, dilin öyrənilməsinin sosioloji, məntiqi, psixoloji, fizioloji, akustik,
distributiv, riyazi, statistik tədqiqat üsulları müəyyənləşdirilmişdir.
Uzun müddət Bakı Dövlət Universitetinin "Ümumi dilçilik" kafedrasında işləmiş Ağamusa Axundov
elmi yaradıcılığının şah əsərini "Ümumi dilçilik" kitabını nəşr etdirmişdir. Kitabda dilçilik elminin qısa tarixi
verilmiş, dilin fəlsəfi və ictimai məsələləri işıqlandırılmış, dilin daxili sistemi və quruluşu, dilçilik metodları
təhlil olunmuşdur.
Azərbaycan dilçiliyində riyazi dilçilik elminin banisi A.Axundov hesab olunur. Onun "Riyazi
dilçilik" kitabı nəşr olunmuşdur. Bu kitabda riyazi dilçilik istiqamətinin yaranması, inkişafı və dilin tədqiqinə
riyazi üsulların tətbiqi kimi məsələlər geniş şərh olunmuş, eləcə də riyazi dilçilik terminləri ilə bağlı
anlayışlar Azərbaycan dilçiliyinə gətirilmişdir.
Dostları ilə paylaş: