BDU-nun Filologiya fakültəsi - 100
23
QIZILGÜL ABDULLAYEVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universiteti
AKADEMİK TOFİQ HACIYEVİN YARADICILIĞINDA MİLLLİ DİL MƏSƏLƏSİ
Görkəmli Azərbaycan alimi akademik T.Hacıyevin elmə gəlişi onu dilçi-dialektoloq kimi təqdim
etsə də, dilçilik mühiti onu həm də elm aləminin aparıcı dil tarixçisi, öz yazıları ilə filologiyanın
bütün
sərhədlərini aşıb keçərək çoxşaxəli yaradıcılığa imza atan aparıcı bir türkoloq kimi qəbul edir. T.Hacıyev nə
yazırsa yazsın, demokratik əhval–ruhiyyəli bu əsərlərin hamısında milli mənsubiyyətin
ön plana keçməsi
iliyinə qədər milli olan türkçü alimin milli kimliyini ortaya qoyur. Bütün yaradıcılığı boyu onu müşayiət
edən milli kimlik T.Hacıyevin cəsarətlə bir çox ilklərə imza atması ilə nəticələnir. Normanın struktur-forma
və funksional məzmun tərəfinə əsaslanaraq Azərbaycan ədəbi dili tarixini dəfələrlə dövrləşdirməsi,
Azərbaycan dilinin mənşəyi ilə bağlı araşdırmalar apararaq dilimizin tarixinin çox qədimlərə getdiyini
faktlarla əsaslandırması, yazı dövrünün yeni tarixi ilə bağlı
qətiyyətli fikir söyləməsi, dil tarixi fənlərinin
diferensiasiyasına reallıq gətirməsi, milli dilin başlanğıcı ilə bağlı yeni tarixi elan etməsi bunun faktik
sübutudur. Milli dilin yaranma məsələsinə onun münasibəti iki tarixi mərhələdən keçir. Bunlardan biri XVI-
XVII əsrlərə bağlanırsa, digəri yazılı dövrün ilkin mərhələsinə qədər uzanıb gedir. XVI əsrin axırı XVII əsrin
əvvəllərindən
etibarən diferensiasiya, sabitləşmə, demokratikləşmə və xəlqiləşmənin yenidən təşkili kimi
dildaxili proseslər milliləşməni yetişdirdiyindən akademik T.Hacıyev milli dilin yaranışını o tarixi zaman
kəsiyindən qəbul edir.
Bəllidir ki, millətin yaranması milli dilin yaranmasını şərtləndirir. Müəllifə görə,
xanlıqlara parçalanma, hər bir xanlığın avtonom
inkişafı millətin yaranmasını ləngidir və nəticədə milli dilin
yaranması millətin yaranmasının önünə keçir. Sonralar T.Hacıyev məsələyə daha geniş rakursdan baxaraq,
milli dilin yaranma tarixinin daha qədim olduğunu söyləyir. İlk fikrindən daşınma KDQ-nin 1300 illik
yubileyindən sonra başlayır. Hər bir dilin məxsusiliyini, inkişaf sürətinin müxtəlifliyini
əsas götürən alim
bir daha düzgün vurğulayır ki, həqiqətən, milli dil millətin yaranmasını qabaqlaya bilər. Elmi, həm də
məntiqi reallıqdır ki, bütün xalqların milli dilləri eyni zaman kəsiyində reallaşa bilmədiyi kimi, bütün
millətlərin də kapitalizm cəmiyyətində yaranması obyektivlikdən kənarda qalan məsələdir. T.Hacıyevə görə,
dilin fonetik, leksik və qrammatik sisteminin göründüyü yerdən milli dil başlayır. Bunu “Dədə Qorqud
kitabı”nda gördüyündən milli dilin başlanğıcını VII əsrdən götürür. T.Hacıyev abidənin bütün tarixi dövrlər
üçün sabit qalan lüğət fonduna söykənərək bu qənaətə gəlir və hətta əminliklə deyir ki, milli ədəbi dilin
qrammatik quruluşunun sonrakı inkişafı məhz “Dədə Qorqud kitabı”nın qrammatik bazası əsasında gedir.
Müəyyənləşdirir ki, XII əsrə qədər mili dilin inkişafı gedirsə, onun formalaşması və müəyyləşməsi XIII-XVI
əsrlərin payına düşür. Amma milli dilin tam müəyyənləşməsi Füzuli dövründə sona yetir. O, Füzulini
Azərbaycan milli ədəbi dilinin banisi kimi təqdim edir. Bir vaxtlar milli dilin
yeni mərhələsini XX əsrin
əvvəllərindən başlayan akademik, indi bunun XVII əsrdən reallaşdığını bəlli edir. Bütün tarixi dövrlərdə
ümumünsiyyət dili kimi fəaliyyət göstərən, qrammatik quruluş çevikliyinə
görə fars dilini üstələyən
Azərbaycan dilinin məhz bu tarixi dönəmdən fars dili ilə tarazlaşması, dövlət dili səviyyəsində aparıcılıq
qazanması milliliyin daha geniş əhatə hüdudlarını cızır.
Milli dilin milli vəzni, milli vəznin milli janrları,
milli janrların milli leksik tərkibi öz arxasınca aparması bunu gerçəkləşdirir. Folklor−danışıq dilinin
aparıcılıq qazanması sözün əsil mənasında dilə yeni bir abi-hava gətirir. Yeni milli əhatə T.Hacıyevə milli
dilin yeni mərhələsini məhz bu tarixi dönəmdən başlamağa imkan yaradır. Milli dilin XVII-XVIII əsrlər
mərhələsi xəlqiləşmə ilə, XIX əsr yeni janrların yaranması, üslub bütövlüyü
ilə Azərbaycan ədəbi dili
tarixinə düşür. Milli dil XVII əsrə qədər dil dəyişmələrini (dilin daxili quruluşunu), XVII-XIX əsrlərdə nitq
dəyişmələrini özündə ehtiva edirsə, XX əsrdən etibarən bu yeni mərhələnin daha da yeniləşməsi gedir. XX
əsrin 30-cu illərindən isə milli dilin müasir mərhələsi başlayır. Göründüyü kimi, milli dil ətrafında
mübahisələrin səngimədiyi bir vaxtda T.Hacıyev milli dilimizin başlanğıc tarixini daha qədimə− VII əsrə
aparır. Bütün bunlar bir daha sübut edir ki, “milli kimlik və milli dil” paraleli akademik T.Hacıyevin bütün
yaradıcılığının ana xəttini təşkil edir.
Dostları ilə paylaş: