BDU-nun Filologiya fakültəsi - 100
5
ELÇİN MƏMMƏDOV
Filologiya üzrə fəlsəfə doktoru, dosent
Bakı Dövlət Universiteti
AZƏRBAYCAN FİLOLOGİYASINI YARADANLAR VƏ YAŞADANLAR
Azərbaycan filologiyasının təşəkkülü və inkişafı, əsasən, Bakı Dövlət Universitetinin yaradılması ilə
bağlıdır. 1919-cu ildə fəaliyyətə başlayan Bakı Dövlət Universitetində ilk yaradılan fakültələrdən biri məhz
Tarix-filologiya fakültəsi olmuşdur. Azərbaycanda dilçi və ədəbiyyatşünas kadrların hazırlanmasında
universitetin Filologiya fakültəsinin müstəsna rolu olub. Belə ki, 1920-ci illərdə fakültədə çalışan
V.V.Sipovski, V.İ.İvanov, A.V.Baqri, V.B.Tomaşevski, N.İ.Aşmarin, B.V.Çobanzadə, R.İ.Şor,
Ə.Haqverdiyev, A.İ.Samoyleviç və başqaları dil və ədəbiyyatdan mühazirələr oxumaqla yanaşı,
dilçilik və
ədəbiyyatşünaslıq üzrə ilk tədris proqramlarını da hazırlamışlar.
BDU-da milli filoloq kadrların yetişdirilməsində böyük rolu olan prof. B.Çobanzadə eyni zamanda
1920-ci illərdə ümumi dilçilik və türkologiya aspektlərində tədqiqatlar apararaq, Azərbaycanda dilçilik
elminin yeni inkişaf mərhələsinin təməlini qoymuşdur.
Professor
Bəkir Vahab oğlu Çobanzadə 1893-cü il mayın 15-də Krımda doğulmuş, İstanbul
Universitetinin məzunu olmuşdur. O, Budapeşt Universitetində doktorluq dissertasiyası müdafiə etmişdir.
1920-ci illərin əvvəllərində Bakıya dəvət olunan prof. B.Çobanzadə 1924-cü ildən BDU-da işləməyə
başlamış, kafedra müdiri və dekan vəzifələrində çalışmışdır. Zəngin və çoxcəhətli nəzəri-filoloji irsə malik
prof. B.Çobanzadənin türkologiya, dil tarixi və ümumi dilçiliyin tədqiqi və tədrisində böyük xidmətləri olub.
Belə ki, Azərbaycanda ilk akademik dilçilik məktəbinin əsasını məhz Bəkir Çobanzadə qoymuşdur. O, 1937-
ci ildə bir sıra görkəmli ziyalılarımız kimi, əks-inqilabçılıqda, antisovet fəaliyyətdə günahlandırılaraq həbs
olunmuş,
beləliklə də, onun başladığı işlər yarımçıq qalmışdır. 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji
qurultayın əsas təşkilatçılarından olan prof. B.Çobanzadə “Türk-tatar lisaniyyətinə mədxəl”, “Türk-tatar
dialektolojisi” “Türk qrameri”, “Türk-tatar elmi-sərfi” kimi kitabların, eləcə də onlarla elmi məqalənin
müəllifidir.
1940-cı illərin sonu, 1950-ci illərin
əvvəllərindən başlayaraq, prof. B.Çobanzadənin elmi-pedaqoji
ənənələrinin davam etdirilməsi nəticəsində BDU-da bu gün də fəaliyyət göstərən “Ümumi dilçilik və
türkologiya” akademik məktəbi formalaşmışdır.
Əsas istiqamətləri ümumi dilçilik,
dilçilik tarixi, türkologiya və Azərbaycan dilçiliyinin nəzəri
əsasları olan bu elmi-pedaqoji məktəbin müxtəlif dövrlərdə prof. N.Məmmədov, prof. F. Zeynalov, prof.
M.Adilov, dos.C.Cəfərov kimi görkəmli nümayəndələri fəaliyyət göstərmişlər. Hazırda akad. A.Axundov,
prof. Ə.Rəcəbli, prof. M.Novruzov, dos. M.T.Məmmədov, dos. C.Muradov və başqaları aktual mövzularda
tədqiqatlar aparmaqla “Ümumi dilçilik və türkologiya” elmi-pedaqoji məktəbinin tarixi ənənələrini
yaşadırlar.
1940-cı illərdən etibarən Azərbaycan dilçiliyi müxtəlif istiqamətlərdə inkişaf etməyə başlamış, akad.
M.Şirəliyev
dialektologiya, AMEA-nın müxbir üzvü, prof. Ə.Dəmirçizadə ədəbi dil tarixi, prof. S.Cəfərov
leksikologiya, prof. M.Hüseynzadə qrammatika, prof. H.Mirzəzadə tarixi qrammatika problemlərini sinxron
aspektdə araşdırmaqla prof. B.Çobanzadənin elmi ideyalarını davam etdirmiş, Azərbaycan dilçiliyində yeni
tədqiqat istiqamətlərini müəyyənləşdirmişlər.
Azərbaycan dilçiliyində dil tarixi və ədəbi dil problemlərinin öyrənilməsi AMEA-nın müxbir üzvü,
prof. Ə.Dəmirçizadənin, dialektologiyanın tədqiqi isə akad. M.Şirəliyevin adı ilə bağlıdır. Bu görkəmli
alimlərin gərgin elmi-pedaqoji fəaliyyəti BDU-da “Azərbaycan dilinin tarixi və dialektologiyası” akademik
məktəbinin formalaşmasına səbəb olmuşdur.
AMEA-nın
müxbir üzvü, prof.
Əbdüləzəl Məhəmməd oğlu Dəmirçizadə 1909-cu ildə Şəkidə
doğulmuşdur. O, 1929-cu ildə Bakıya gəlmiş və ADU-nun pedaqoji fakültəsinə daxil olmuşdur. Burada
B.Çobanzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, A.Şaiq kimi görkəmli alim və yazıçılardan dərs almışdır.
Prof. Ə.Dəmirçizadə 1940-cı ildə namizədlik, 1944-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1945-ci
ildə professor elmi adını almışdır. Ə.Dəmirçizadə 1940-cı ildən 1943-cü
ilə qədər ADU-da, 1943-cü ildən
ömrünün sonuna qədər isə ADPİ-də Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etmişdir. Onun 20-dən çox
kitabı, 200-dən artıq elmi-metodik məqaləsi çap olunmuşdur. “Azərbaycan dili tarixi xülasələri”,
“M.F.Axundov dil haqqında və Axundovun dili”, “Azərbaycan dilinin tarixi”, “Azərbaycan ədəbi dilinin
inkişaf yolları”, “Kitabi-Dədə Qorqud dastanının dili”, “Azərbaycan ədəbi dilinin tarixi” kitabları alimin əsas
əsərləridir.