BDU-nun Filologiya fakültəsi - 100 6
Akademik Məmmədağa Şirəli oğlu Şirəliyev 1909-cu ildə Şamaxı şəhərində anadan olmuşdur.
Azərbaycan dialektologiya məktəbinin yaradıcısıdır. 1943-cü ildən 1949-cu ilə qədər Azərbaycan Dövlət
Universitetində Azərbaycan dilçiliyi kafedrasının rəhbəri olmuşdur. O, 1941-ci ildə namizədlik, 1943-cü ildə
doktorluq dissertasiyasını müdafiə etmişdir. Akad. M.Ş.Şirəliyev 100-dən çox elmi əsərin, o cümlədən
“Azərbaycan dialektologiyasının əsasları”, “Bakı dialekti” monoqrafiyalarının müəllifidir.
Akad.M.Şirəliyev türkologiyada, o cümlədən Azərbaycan dilçiliyində dilçilik coğrafiyasının
banisidir. Onun rəhbərliyi ilə “Azərbaycan dilinin dialektoloji atlası” tərtib və nəşr edilmişdir. M.Şirəliyevin
Azərbaycan milli dilinin, Azərbaycan ədəbi dilinin tarixini öyrənmək sahəsində də xidmətləri böyükdür.
“Azərbaycan dilinin tarixi və dialektologiyası” elmi-pedaqoji məktəbinin əsas istiqamətləri ədəbi dil
tarixi, dialektologiya, üslubiyyat və tarixi qrammatikadır.
Akademik T.İ.Hacıyev, prof. S.Əlizadə, dos. Ə.Bağırov, prof. E.Əzizov, AMEA-nın müxbir üzvü,
prof. N.Cəfərov, prof. M.Ə.Məmmədov və başqaları bu akademik məktəbin ənənələrini davam etdirmiş və
davam etdirməkdədirlər.
Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, prof. Muxtar Hüseynzadə müasir Azərbaycan dilinin
aktual problemlərini tədqiq və tədris etməklə, BDU-da “Azərbaycan dilçiliyi” akademik məktəbini
yaratmışdır. Mübaliğəsiz qeyd etmək lazımdır ki, bu gün Bakı Dövlət Universitetində, eləcə də
Azərbaycanın digər ali məktəb və elmi müəssisələrində fəaliyyət göstərən dilçi alimlərin çoxu prof.
M.Hüseynzadənin ya tələbələri, ya da tələbələrinin tələbələridir.
Professor Muxtar Hüseyn oğlu Hüseynzadə 1900-cü ildə anadan olmuşdur. 1927-ci ildən Azərbaycan
Dövlət Universitetinin Şərq fakültəsinə daxil olmuş, 1931-ci ildə universiteti Türk dili və ədəbiyyatı ixtisası
üzrə bitirmişdir. Uzun müddət ADU-da Azərbaycan dilçiliyi və ümumi dilçilik kafedralarının müdiri
vəzifələrində çalışmışdır.
Prof. Muxtar Hüseynzadə 40-dan çox elmi əsərin müəllifidir. Bunların arasında ali məktəblər üçün
dərslik kimi yazılmış “Müasir Azərbaycan dili” kitabı daha çox yayılmışdır.
M.Hüseynzadə Azərbaycan dilçiliyi tarixinə morfologiya üzrə mütəxəssis kimi düşsə də, onun
Azərbaycan dilinin sintaktik quruluşunu öyrənmək,tədqiq etmək sahəsindəki xidmətləri morfoloji quruluşu
araşdırmaq sahəsindəki xidmıtlərindən heç də geri qalmır. Onun 1953-cü ildə nəşr olunmuş “Müasir
Azərbaycan dilində birinci növ təyini söz birləşmələri”, 1954-cü ildə ikinci növ təyini söz birləşmələrinə həsr
edilmiş “Müasir Azərbaycan dilində təyini söz birləşmələrinə dair”, 1957-ci ildə “Müasir Azərbaycan dilində
mürəkkəb təyini söz birləşmələri,1959-cu ildə çapdan çıxmış “Azərbaycan dilinin qrammatikası” və “Müasir
Azərbaycan dili, sintaksis, birinci kitab” adlı əsərlərinə daxil edilmiş “Təyini söz birləşmələri” adlı əsəri
türkologiyada bu mövzuda yazılmış ilk əsərlərdəndir. Əsər öz orijinallığı, tədqiqat dərinliyi və genişliyi ilə
diqqəti cəlb edir.
“Azərbaycan dilçiliyi” elmi-pedaqoji məktəbinin əsas istiqamətləri Azərbaycan dilinin fonetikası,
leksikologiyası, morfologiyası və sintaksisidir. 1950-1960-cı illərdən başlayaraq prof. M.Hüseynzadənin
tələbələri olan prof. S.Cəfərov, prof. Ə.Abdullayev, prof. Y.Seyidov, prof. H.Həsənov, dos. A.Həsənov
müasir Azərbaycan dilinin bir sıra problemlərini tədqiq etmişlər. Hazırda prof. T.M.Hacıyev, prof. prof.
H.Əsgərov, dos. İ.Məmmədov və başqaları bu akademik məktəbin tarixi ənənələrini yaşadırlar.
Beləliklə, BDU-da Azərbaycan dilçiliyinin akademik məktəblər kimi formalaşıb inkişaf etdiyini və
bu elmi pedaqoji məktəblərin nümayəndəsi olan görkəmli alimlərin dilçiliyimizin təşəkkülü və tərəqqisində
böyük rol oynadığını fəxrlə qeyd etmək olar.
Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında da müxtəlif dövrlərdə Bakı Dövlət
Universitetinin filologiya fakültəsində fəaliyyət göstərən görkəmli alimlər əvəzsiz xidmətlər göstərmişlər.
Məlumdur ki, Azərbaycanda ədəbiyyat tarixinin ilk sistemli yaradıcısı Firudin bəy Köçərli olmuşdur. BDU
yaradılarkən Ə.Haqverdiyev, İ.Hikmət və başqaları ədəbiyyat fənlərindən dərs deməklə, F.Köçərlinin
başladığı işi davam etdirmiş, İ.Hikmət “Azərbaycan ədəbiyyatı tarixi” dərsliyini yazmışdır. 1930-cu illərdən
başlayaraq, universitetdə dərs deməyə başlayan akad. Həmid Araslı, prof. Mikayıl Rəfili, akad. Feyzulla
Qasımzadə, prof. Mir Cəlal Paşayev, prof. Ə.Sultanlı, prof. Cəfər Xəndan Hacıyev, akad. Məmməd Arif
Dadaşzadə və başqaları ədəbiyyatşünaslığın müxtəlif sahələri ilə bağlı tədqiqatlar aparmış, onların ardıcıl
elmi-pedaqoji fəaliyyəti nəticəsində BDU-da bir sıra akademik məktəblər formalaşmışdır. Prof. M.Təhmasib
şifahi xalq ədəbiyyatı, akad. H.Araslı klassik Azərbaycan ədəbiyyatı, akad. F.Qasımzadə XIX əsr
Azərbaycan ədəbiyyatı, prof. M.Rəfili ədəbiyyat nəzəriyyəsi, prof. M.C.Paşayev XX əsr Azərbaycan
ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi, prof. C.X.Hacıyev ədəbiyyat nəzəriyyəsi və müasir Azərbaycan
ədəbiyyatı, prof. Ə.Sultanlı dünya ədəbiyyatı, akad. M.A.Dadaşzadə rus ədəbiyyatı və ədəbi tənqid
istiqamətlərində sinxron tədqiqatlar apararaq Azərbaycan ədəbiyyatşünaslığının inkişafında mühüm rol
oynamışlar.
Azərbaycan şifahi xalq ədəbiyyatının tədqiqi və tədrisində prof. M.Təhmasibin xidmətləri böyükdür.