BDU-nun Filologiya fakültəsi - 100
10
DİLÇİLİK
NİZAMİ CƏFƏROV
Akademik
BİR KAFEDRANIN TALEYİ
Azərbaycanda dilçilik elminin təşəkkülü Bakı Dövlət Universitetinin (və
onun tərkibində Ümumi
dilçilik kafedrasının) yaranması ilə başlamışdır. “Dilçiliyimizin məbədi (BDU-nun Ümumi dilçilik
kafedrasının tarixi)” kitabının müəllifi Adil Babayevin doğru olaraq göstərdiyi kimi,
ilk illərdə kafedraya
rəhbərlik edən rus mənşəli dilçilər az-çox peşəkar olsalar da, yerli kadrların yetişməsinə elə də can
yandırmırdılar... 1924- cü ildə Azərbaycan hökümətinin dəvəti ilə professor Bəkir Çobanzadənin Bakıya
gəlişi vəziyyəti kökündən dəyişdirdi. Respublikanın ümumən dilçilik həyatına,
eləcə də Ümumi dilçilik
kafedrasına rəhbərlik edən görkəmli alim milli dilçi kadrların formalaşması üçün münbit elmi-pedaqoji şərait
yaradılması yolunda heç bir fədakarlıqdan çəkinmədi.
Dünyagörüşü etibarilə “gənc qrammatiklər”ə mənsub olan Bəkir Çobanzadə Universitetdə həm ümumi
dilçiliyə, həm müqayisəli türk dilçiliyinə, həm də Azərbaycan dilçiliyinə aid ana dilində yüksək səviyyəli
mühazirələr
oxumaqla kifayətlənməyib, dərsliklər, dərs vəsaitləri, metodik göstərişlər yazıb nəşr etdirdi. Və
millətçi- pantürkist kimi repressiyaya məruz qalanda onun üç istedadlı yetirməsi – Məmmədağa Şirəliyev,
Əbdüləzəl Dəmirçizadə və Muxtar Hüseynzadə artıq ilk araşdırmalarına başlamışdılar. Lakin başqa şəraitdə,
başqa ideoloji şərtlər daxilində...
Ümumi dilçilik kafedrası birinci zərbəni 30-cu illərdə aldı: Azərbaycan dilçiliyi “ruslaşdırıldı”, türk
dilçiliyi tədris proqramından çıxarıldı, ümumi dilçiliyi isə N.Y.Marrın “yeni təlim”i əvəz etdi... 50-ci illərin
sonu, 60-cı illərin əvvəllərindən etibarən öz tarixi nüfuzunu tədricən bərpa eləməyə başlayırdı ki, zahirən
perspektivli görünən, lakin daxilən özünü o qədər də doğrultmayan (əsasən, subyektiv - dağıdıcı iddialardan
irəli gəlib elmin metodoloji prinsiplərini nəzərə almayan) bir proses başladı:
Azərbaycan dilçiliyi,
türkologiya, Azərbaycan dili və onun tədrisi metodikası kafedraları bir- birinin ardınca Ümumi dilçilikdən
ayrıldı... Və iş o həddə çatdı ki, Universitetin ilk dilçilik kafedrasının özü müstəqillik illərində tamamilə
bağlanmaq təhlükəsi altında qaldı.
Əlbəttə, “dilçiliyimizin məbədi”nin bugünkü acınacaqlı vəziyyətinin səbəbləri çoxdur, ancaq, görünür,
əsas səbəb elmi- nəzəri (və metodoloji) səviyyənin dözülməyəcək dərəcədə aşağı düşməsidir... Həm ümumi
dilçiliyimizdə, həm də ümumən dilçiliyimizdə...
Dostları ilə paylaş: