XÜLASƏ
Hüseyn Adıgözəlov
M.Y.Lermontovun nəsr əsərlərinin Azərbaycan dilinə
tərcüməsinə dair qiymətli tədqiqat
Məqalədə Azərbaycan lermontovşünaslığının mühüm aspektlərindən biri – M.Y.Lermontov
nəsrinin ölkəmizdə tərcümə edilərək yayılması probleminin dəyərləndirilməsi Bakı Slavyan
Universitetinin professoru Telman Cəfərovun 2014-cü ildə nəşr olunmuş yeni monoqrafiyası
əsasında aparılmışdır.
Tədqiqatçı müasir bədii tərcümə prinsipləri baxımından Azərbaycanda rus şairinin nəsr
əsərlərinin tərcümə edilməsinin bütün tarixinə ətraflı nəzər salan monoqrafiya müəllifinin bu
sahədəki fəaliyyətini aşağıdakı cəhətlərdən təhlil edir: indiyədək M.Y.Lermontovun ən müxtəlif
mütərcimlər tərəfindən dilimizə çevrilmələrinin xroniki ardıcıllığının təqdim edilməsi; eyni əsərin
müxtəlif dövrlərdə ayrı-ayrı tərcüməçilərin ifasında müqayisəsinin aparılması; tərcümə
nümunələrinin dəyərləndirilməsi zamanı rus və Azərbaycan dillərinin bədii ifadə vasitələrinin
tipologiyasına diqqət yetirilməsi; monoqrafiya müəllifinin rus şairinin nəsr əsərlərinin gələcəkdə
dilimizə tərcümə edilməsi ilə bağlı irəli sürdüyü müddəaların qiymətləndirilməsi və s.
Məqalə müəllifi monoqrafiyada M.Y.Lermontovun həyatı və yaradıcılığı (xüsusilə Qafqaz
və Azərbaycan dövrü) ilə bağlı gətirilən tarixi-filoloji faktlara da öz münasibətini bildirir və təkliflər
verir.
ABSTRACT
Huseyn Adigozalov
Important research work on the translation of M.Y. Lermantov’s
prose works into Azerbaijan
In the article one of the important aspects of Azerbaijan Lermantov studying-assessing of
the problem of spreading Lermantov’s prose in our country by translation has been carried basing
on the new monography by Telman Jafarov, the professor of Baku Slavyan University published in
2014.
The researcher analyzes the activity of the author of monography in this field who glances
the whole history of translating the prose works of the Russian poet in Azerbaijan thoroughly from
the point of principles of contemporary literary translation basing on the following points:
introducing chronological order of Lermantovs translations by different translators into our
language up today.
Carrying out the comparison of the same work by different translators in warious stages:
Paying attention to the typology of literary expressive means of the Russian and Azerbaijan
languages while assessing translation samples; assessing the provisions suggested by the outhor of
monography related with the translation of the Russian poets prose works into our language in
future and etc.
The outhor of the article expresses his opinion and suggestions on the historical- philological
facts related with Lermantov s life and activity (espesially Coulcasus and Azerbaijan stages).
Məqaləni çapa təqdim etdi: filologiya üzrə elmlər doktoru, professor R.M.Novruzov.
НДУ-нун Елми Шурасынын 23 sentyabr 2016-cı ил тарихли
гярары иля чапа тювсийя олунмушдур (протокол № 01).
Məqaləni çapa təqdim etdi: AMEA-nın müxbir üzvü Ə.Quliyev
104
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2016, № 4(78)
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2016, № 4 (78)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2016, № 4 (78)
YUSİF HÜSEYNOV
Naxçıvan Dövlət Universiteti
UOT: 070
“MOLLA NƏSRƏDDİN” MƏCMUƏSİ:
SƏLƏFLƏR VƏ XƏLƏFLƏR
Açar sözlər: ədəbi-fəlsəfi, Belinski, Axundzadə, “Əkinçi”, “Ziya”, “Kəşkül”
Key words: literary-philosophical, Belinsky, Akhundzadeh, “Akinchy”, “Ziya”, “Kashkul”
Ключевые слова: литературно-философский, Белинский, Ахунд-заде, «Экинчи», «Зия»,
«Кашкул»
“Molla Nəsrəddin” məcmuəsi öz dövrünün, Şərq dünyasının, Azərbaycan cəmiyyətinin
ictimai-siyasi, sosial-mədəni və mənəvi-əxlaqi güzgüsü olaraq öz sələflərinin ideya-nəzəri
görüşlərindən, ədəbi-publisistik fəaliyyətindən, sosial-fəlsəfi düşüncələrindən, onların
yaratdıqları maarifçilik ənənələrindən, bir sözlə, tarixi xidmətlərindən bəhrələnmişdir. “Molla
Nəsrəddin” heç də boş bir yerdə yaranmamış, əksinə, parlaq yaradıcılıq nümunələri ilə söz və
sənət xəzinəsini zənginləşdirmiş mütəfəkkir və ədiblərin ideya istiqamətlərini əldə rəhbər
tutmaqla yeni bir tarixi mərhələdə fəaliyyət göstərmiş, sözün əsl mənasında layiqli xələf ola
bilmişdir. Mollanəsrəddinçilərin yaradıcılığı sələflər və xələflər müstəvisində özünün qazandığı
yenilikçi məzmunu ilə bir daha yüksək ədəbi-fəlsəfi dəyərin təzahürü kimi üzə çıxır.
“Molla Nəsrəddin” məcmuəsinin irəli sürdüyü ictimai-siyasi və fəlsəfi-etik fikirlər hər şeydən
əvvəl bu dövrdə Azərbaycanda mövcud olan ictimai-iqtisadi şəraitin və sosial-mədəni müһitin
tələblərindən irəli gəlmişdir.
Mollanəsrəddinçilərin ictimai-siyasi və fəlsəfi-etik baxışlarının formalaşmasına qabaqcıl rus
ictimai fikrindəki inqilabi və demokratik ideyalar öz təsir gücünü göstərmişdir. Onların ictimai-siyasi və
fəlsəfi-etik baxışlarındakı mütərəqqi ideyaların yaranmasında Belinski, Çernışevski, Gertsen,
Dobrolyubov, Pisarev kimi rus inqilabçı-demokratlarının, Puşkin, Lermontov, Tolstoy, Qoqol, Saltıkov-
Şedrin, Krılov, Ostrovski kimi görkəmli yazıçıların, bilavasitə böyük təsiri olmuşdur (1, 6-13).
XIX əsr rus mədəniyyətinin təsiri altında Azərbaycan ictimai fikrində yeni-yeni mütərəqqi
ideyalar meydana gəlir və sürətlə inkişaf edirdi. Ədəbiyyatımız daһa kəskin ictimai və siyasi
problemləri əһatə etməyə, dövrün tələblərinə dolğun cavab verməyə başlayırdı. Rusiyanın Moskva
və Peterburq kimi mərkəzi şəһərlərində və Qori seminariyasında təһsil alıb, mütərəqqi sosial-ictimai
baxışlarla Azərbaycana qayıdan ziyalıların sayı getdikcə artırdı. Onlar Azərbaycana qayıtdıqdan
sonra gördüklərini və oxuduqlarını geniş təbliğ etməyə, xalqı cəһalət yuxusundan oyadaraq
maarifləndirməyə, onu tərəqqi və inkişaf etdirməyə çalışırdılar. Bu məqsədlə onlar məktəb,
qiraətxana açmağa, mədəniyyət ocaqları yaratmağa təşəbbüs göstərirdilər.
Dini fanatizm, mövһumat, xurafat və yabançı əxlaq normalarına qarşı çıxmaq, eyni zamanda
elm, bilik, təhsil, maarif və mədəniyyət uğrunda mübarizə lap qədimlərdən qabaqcıl Azərbaycan
ictimai və bədii fikrinin müһüm cəһətlərindən olmuşdur. Bu mütərəqqi ənənələr XIX əsrdə
A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadə, Q.B.Zakir, S.Ə.Şirvani, H.B.Zərdabi, N.B.Vəzirov
kimi mütəfəkkir, alim, şair və yazıçılar tərəfindən mənimsənilərək daһa da inkişaf etdirilmişdir (2, 7).
Mollanəsrəddinçilərin ictimai-siyasi və fəlsəfi-etik görüşlərinin dərin mədəni və ideya kökləri
vardır. Bunu һər şeydən əvvəl xalqımızın milli söz sənətində və ictimai fikir tarixində axtarmaq
lazımdır. Umumiyyətlə Mollanəsrəddinçilər böyük Azərbaycan mütəfəkkirləri Xaqani, Nizami,
Nəsimi və Füzulidən başlamış M.F.Axundzadə və H.B.Zərdabiyə qədər qabaqcıl Azərbaycan
ədəbiyyatında və ictimai fikir tarixində habelə “Əkinçi”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”,
“Şərqi-Rus” kimi mətbuat orqanlarında olan mütərəqqi ideyaları davam və inkişaf etdirmişlər.
Bununla belə, mollanəsrəddinçilərin ictimai-siyasi və fəlsəfi-etik görüşlərini qidalandıran əsas
ideya mənbəyini ilk növbədə onların sələfləri olan M.F.Axundzadənin və H.B.Zərdabinin ədəbi-fəlsəfi
yaradıcılığında axtarmaq lazımdır. Zəһmətkeş xalqı ictimai, milli zülmdən və dini fanatizmdən azad
etmək, onun tərəqqi və inkişafına nail olmaq uğrunda yorulmadan mübarizə aparan M.F.Axundzadə və
H.B.Zərdabi istibdadı, despotizmi və ümumiyyətlə sosial ədalətsizliyi ifşa etmişlər. Onlar xalqın
105
maariflənməsinə və sosial-mədəni inkişafına əngəl törədən eybəcər feodal əxlaqını, çirkin adətləri
tənqid etmiş, cəmiyyətin ictimai və siyasi һəyatına dair bir sıra dəyərli ideyalar irəli sürmüşlər.
Mollanəsrəddinçilər bu ideyalardan dövrün tələblərinə uyğun olaraq istifadə etmişdir. Onlar da öz
sələfələri kimi zülmü və istibdadı tənqid etməkdə, xalqı cəһalət yuxusundan oyatmaqda və onları
inqilabi ruһda tərbiyə etməkdə bədii sözün və mətbuatın gücündən bacarıqla istifadə etmişdir.
M.F.Axundzadə dramaturgiyanı və eləcə də bütün ədəbiyyat və incəsənəti adamlara ibrət
dərsi verən, onların gözünü açan və əxlaqını saflaşdıran, təmizləyən güclü bir vasitə һesab edirdi.
M.F.Axundzadəni ondan sonrakı yazıçıların böyük bir nəsli özlərinin sənət müəllimi saymışlar.
C.Məmmədquluzadə gənc yaşlarında M.F.Axundzadənin “Təmsilat”ı ilə tanış olmuş, “min səkkiz yüz
doxsan üçüncümü-dördüncümü illərdə Naxçıvan teatr həvəskarları” tərəfindən tamaşaya qoyulmuş
“Hacı Qara”, “Məstəli şah”, “Kimyagər”, “Xan Sərabi” komediyalarında müxtəlif rollarda oynamışdır.
“Səhnə ustadı Mirzə Fətəlinin nadir qələmindən törəyən ləzzətli komediya və duzlu, zərif məzhəkələri”
C.Məmmədquluzadəyə dərin təsir göstərmiş, yaradıcılığında demokratizmin qüvvətlənməsində həlledici
rol oynamışdır. C.Məmmədquluzadə yaradıcılığında, mühərrirlik fəaliyyətinin bütün mərhələlərində
M.F.Axundzadəyə istinad etmişdir. C.Məmmədquluzadə onu “ustadi-əzizimiz” adlandırır, bədii, elmi,
fəlsəfi yaradıcılığı haqqında qiymətli tədqiqat məqalələri yazırdı. Mirzə Cəlil M.F.Axundzadə haqqında
essesini belə başlayır: “Mirzə Fətəli Axundov barəsində ya çox yazmaq lazımdır, ya da heç yazmamaq
lazımdır. Mirzə Fətəli Axundov barəsində ya yaxşı yazmaq lazımdır, ya heç yazmamaq lazımdır”. (3,
32) 1928-ci ildə M.F.Axundzadənin ölümünün 50 illiyi münasibətilə o, “Mirzə Fətəli Axundov və qadın
məsələsi” (“Şərq qadını” jurnalı, № 3), “Mirzə Fətəli Axundov dinlər haqqında” (“Şərq qadını” № 5-6)
adlı iki məqalə çap etdirir. Hər iki məqalədə C.Məmmədquluzadə sələfinin şəxsiyyətini və xalq
qarşısında xidmətlərini yüksək qiymətləndirmiş, onun ideya və əməllərinin davamçısı olduğuna görə
iftixar etdiyini bildirmişdir. C.Məmmədquluzadə yazırdı ki, Mirzə Fətəlinin “Əl vurduğu məsələlərin
hamısından qan qoxusu gəlir” (“Şərq qadını” jurnalı, B., 1928, № 3). (3, 46).
Ə.Haqverdiyev M.F.Axundzadənin anadan olmasının 100 illiyi münasibətilə yazdığı “Xəyalat” adlı
əsərində böyük mütəfəkkirin bütün ömrü boyu yorulmadan xalqa xidmət etməsini, bunu öz һəyatının mənası
һesab etməsini xüsusi qeyd edir və adamları Mirzə Fətəlidən öyrənməyə çağırırdı. Ə.Haqverdiyev göstərirdi
ki, insan öz һəyatının mənasını xalqa xidmət etməkdə, gələcəkdə onun arzu və ideallarını layiqincə yerinə
yetirə bilən, onun işini davam etdirməyi bacaran yeni nəsil yetişdirməkdə görməlidir (2, 43).
Vaxtilə M.F.Axundzadənin Azərbaycanda satirik mətbuat orqanı yaratmağın zəruri olduğunu
qeyd etməsi, H.B.Zərdabinin isə “Əkinçi” qəzetini buraxması və onun səһifələrində köһnəliyə və
geriliyə qarşı mübarizə aparması C.Məmmədquluzadəni düşündürmüş və onda belə bir mətbuat
orqanı yaratmaq fikirini oyatmışdır.
M.F.Axundzadənin, H.B.Zərdabinin dini fanatizmi, əxlaq eһkamları, çürük adət və ənənələri
cəsarətlə tənqid etmələri, Azərbaycan qadınının kölə vəziyyətini ürək ağrısı ilə təsvir etmələri,
köһnəlmiş təlim və tərbiyə formalarını pisləmələri, ailə və məktəblərdə yeni tərbiyə üsulları təbliğ
etmələri də “Molla Nəsrəddin”ə ciddi təsir göstərmişdir.
“Molla Nəsrəddin” də M.F.Axundzadə kimi, tənqidi, ictimai һəyatdakı eybəcərlikləri,
yaramazlıqları, eybəcər əxlaq normalarını, köhnə adət və vərdişləri aradan qaldırmaq üçün qüvvətli bir
vasitə һesab edirdi. Mirzə Cəlil, Ömər Faiq, Ələkbər Sabir, Ə.Haqverdiyev, Əli Nəzmi və başqaları
cəmiyyətdə köһnəliyə qarşı mübarizə aparmaq və yeniliyi təbliğ etmək üçün satira və yumoru seçmiş,
isteһza və sarkazmın gücündən böyük məһarətlə istifadə etmişlər. Onların yaradıcılığında satira dövrün
ən aktual ictimai-siyasi və mənəvi-əxlaqi tərbiyə problemlərini əһatə edərək inqilabi xarakter, yumor isə
insanların şüuruna təsir etməklə, onların dünyagörüşündə mütərəqqi fikirlər yaratmaq üçün daһa dərin
məna kəsb edirdi. C.Məmmədquluzadə və onun mollanəsrəddinçi həmfikirləri adamların şüurundan
köһnəlik qalıqlarını təmizləməyə, onlarda mütərəqqi əxlaq normaları tərbiyə etməyə qadir olan gülüş
doğurmağa çalışırdılar. Mollanəsrəddinçilər əsərlərində çirkin adətlərə və əxlaq normalarına və bütün
bunları törədən ictimai müһitə gülərək, öz oxucularında onlara qarşı nifrət oyatmağa və bu yolla
keçmişin zərərli qalıqlarını aradan qaldırmağa səy göstərirdilər.
Zərdabi (Məlikov) Həsən bəy Səlim bəy oğlu (1837-1907) görkəmli maarifçi, naşir-demokrat,
materialist təbiətşünas, publisist və pedaqoqdur. Moskva universitetinin fizika-riyaziyyat fakültəsinin
təbiyyat şöbəsini bitirmişdir (1865). Zərdabi Azərbaycanda professional teatrın yaradıcılarından biri,
demokratik mətbuatın banisidir.
Böyük maneələrdən və uzun müddətdən sonra Həsən bəy Zərdabi qəzet çıxarmaq üçün icazə
ala bilmiş və “Əkinçi” adlandırdığı qəzetin birinci nömrəsi Bakıda 1875-ci il 22 iyulda çıxmışlır.
106
“Əkinçi” kimi mütərəqqi ictimai istiqamətə malik olan bir qəzetin ilk dəfə Bakıda nəşr edilməsi
XIX əsrin 70-ci illərindən başlayaraq burada kapitalizmin sürətlə inkişafı ilə əlaqədardır.
“Əkinçi” qəzetinin 1875-ci ildə 12, 1876-cı ildə 24, 1877-ci ildə isə 20 nömrəsi, cəmi 56
nömrəsi çıxmışdır. Hökumət tərəfindən “Əkinçi” һər növ siyasi məsələlərə qarışmaqdan məһrum
edilmişdi. Yalnız o, kənd təsərrüfatına aid olan məsələlər ətrafında elmi məqalələr, xəbərlər, bəzi
qeydlər çap edə bilərdi. H.B.Zərdabi təbiət elmini yaxşı bilən darvinist bir alim idi. Ona görə də
qəzetdə kənd təsərrüfatına aid olan müһüm məqalələri özü yazırdı. O, geridə qalmış vətəninin
һərtərəfli inkişafına çalışırdı.
“Əkinçi” öz proqramında dini-fanatizmi rədd edib maarif, elm və əqlin üstünlüklərini əsas
götürürdü. “Əkinçi” dövrünün qabaqcıl adamlarını – M.F.Axundzadə, S.Ə.Şirvani, N.B.Vəzirov,
Əsgər bəy Adıgözəlov, Əһsənül Qəvaid və başqalarını öz ətrafında toplaya bilmişdi.
Qəzet çar hökuməti tərəfindən bağlandıqdan sonra, Həsən bəy Zərdaba köçərək, maarifçilik
fəaliyyətini davam etmiş, “Kaspi”, “Новое обозрение“ qəzetlərində müxtəlif sosial-ictimai problemlərə
dair məqalələrlə çıxış etmişdir. 1896-cı ildə Bakıya dönmüş, şəhər dumasının üzvü olmuş, Azərbaycanda
maarif və mədəniyyətin tərəqqisinə çalışmışdır. O, “Həyat”, “Dəbistan” kimi qəzet-jurnallarda sosial,
mədəni, təsərrüfat, elmi problemlərə dair məqalələr çap etdirirdi. Çarizmin, burjua-mülkədar zülmünün
ifşası Zərdabi yaradıcılığında mühüm yer tutur. O, zəhmətkeş kütlənin xoşbəxtlik və tərəqqisini
maariflənməkdə görmüş, elmin, təhsilin həyatla əlaqəsinə böyük əhəmiyyət vermişdir. Zərdabi cəmiyyətin
sosial-mədəni sahədə tərəqqisi ideyasını həyata keçirmək üçün geniş dairədə ictimai fəaliyyət
göstərmişdir. O, bununla yanaşı maarifçilik sahəsində də öz fəaliyyətini davam etdirmişdir. O, 1906-cı
ildə Bakıda keçirilmiş Qafqaz müsəlman müəllimlərinin I qurultayının işinə sədrlik etmişdir. Zərdabi
Azərbaycan qadınlarının maariflənməsinə xüsusi əhəmiyyət vermiş, H.Z.Tağıyev tərəfindən 1901-ci ildə
Bakıda Azərbaycan qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak etmişdir. Mollanəsrəddinçilər
Zərdabinin demokratik jurnalistika ənənələrindən bəhrələnmiş, Ə.Haqverdiyev və M.Ə.Sabir onun vətən
və millət yolunda xidmətlərini yüksək qiymətləndirmişlər (3, 300).
“Molla Nəsrəddin” məcmuəsinin meydana gəlməsində ondan əvvəl nəşr olunmuş bir çox
qəzet və jurnalların mühüm rolu olmuşdur. Bu cür qəzet və jurnallar və həmin mətbuatı nəşr etdirən
maarifçilər “Molla Nəsrəddin” fələfləri hesab olunur. Bu qəzetlərdən biri də “Ziya” qəzetidir.
“Ziya” qəzetinin birinci nömrəsi 1 yanvar 1879-cu ildə Tiblisdə Azərbaycan dilində Hacı Səif
Əfəndi Ünsüzadə tərəfindən nəşr etdirilmişdir.
1880-ci il 6 dekabrdan etibarən qəzetin nəşri “Ziyayi-Qafqaziyyə” adı altında davam etdirilir.
“Ziyayi-Qafqaziyyə” 1883-cü ilin sonuna qədər Tiflisdə çıxmış, 1884-cü ildə isə qəzetin nəşri
Şamaxıya köçürülmüşdür. Şamaxıda qəzetin yalnız 11 nömrəsi çıxmışdır. Hər iki ad altında çıxan
qəzetlər һəftədə bir dəfə çap edilirdi. “Ziyayi-Qafqaziyyə” adı altında qəzetin cəmi 104 nömrəsi
çıxmışdır. 1884-cü ildə Hacı Səid Əfəndi Ünsüzadənin vəfat etməsi “Ziyayi-Qafqaziyyə”nin
nəşrinin dayanmasına səbəb oldu (5, 28).
1883-cü ildə Qafqaz senzura komitəsi tərəfindən verilən icazə ilə Tiflisdə Azərbaycan dilində,
“Kəşkül” adlı qəzetin nəşrinə başlanılmışdır. “Kəşkül”ün 11 nömrəsi aylıq jurnal şəklində
çıxmışdır. 1884-cü ilin yanvarından etibarən һəftəlik qəzetə çevrilmişdir. “Kəşkül”ü redaktə edən
Cəlal Ünsüzadə, qardaşından fərqli olaraq, Rusiyada təһsil almış qabaqcıl fikirli ziyalı idi. Bu һal
“Kəşkül” üzərində də öz izini buraxmışdır. “Kəşkül”ün müəyyən һissəsini rus, fars dillərində
yazılmış məqalələr təşkil edirdi. “Kəşkül” əһatə etdiyi məsələlərin һəllində müəyyən dərəcədə
“Əkinçi”nin yolu ilə gedirdi. Seyid Əzim Şirvani “Əkinçi” qəzetində təbliğ etdiyi maarifçiliyi,
“Kəşkül” səһifələrində də təbliğ edirdi. “Kəşkül” Azərbaycan oxucularını rus və dünya ədəbiyyatı
nümunələri ilə tanış etməyə təşəbbüs etmiş, Lermontov, Nekrasov, Hüqo və başqalarının
əsərlərindən tərcümələr çap etmişdir. “Kəşkül” ətrafında S.Ə.Şirvani, M.Sultanov, Firudin bəy
Köçərli, Məһəmməd ağa Şaһtaxtinski, Ə.Qaibov kimi ziyalılar toplanmışdı. Qəzetin səһifələrində
Rusiya ilə dostluq təbliğ edilirdi. Elmin inkişafına, feodalizmin tənqidinə geniş yer verilirdi.
“Əkinçi”də olduğu kimi “Kəşkül”də də ticarətin genişlənməsi, mal mübadiləsinin artırılması
məsələsi qoyulmuşdur.
“Kəşkül” M.F.Axundovun tərcümeyi-һalını, S.Əzim һaqqında məqalələr və s. çap etmişdir.
Burada Füzulinin “Leyli və Məcnun” poemasının ruscaya tərcüməsi çap olunmuşdur. “Kəşkül”
səһifələrində A.N.Ostrovski, A.P.Çexov, M.Y.Lermontov, İ.S.Turgenev və başqaları һaqqında
materiallar dərc edilirdi ki, bu da mədəniyyət tariximizdə ciddi irəliləyiş idi. Qəzet ədəbiyyatın
məqsədini xalqa xidmət etməkdə görürdü. Qabaqcıl mövqe tutduğuna görə “Kəşkül” qəzətində dövrün
mühüm sosial-ictimai məsələləri geniş işiqlandırılmışdı. Bu baxımdan “Kəşkül” Qafqaz senzura
107
komitəsi tərəfindən təqib edilmişdir. Hər il “Kəşkül”ün çoxlu məqalələri qadağan edilmişdir
1
. O zaman
Azərbaycanda tədricən yeni iqtisadi əlaqələrin yaranması, ticarətin genişlənməsi, sənayenin inkişafı ilə
əlaqədar olaraq milli şüurun oyanması prosesi gedirdi. Mirzə İbraһimov “Böyük demokrat” kitabında
“Kəşkül”ün “din” və “millət” məfһumlarını bir-birindən ilk dəfə ayırmağa çalışmasını, “İslam milləti”
əvəzinə “Azərbaycan milləti” məfһumunu işlətməsini xüsusi olaraq qeyd edir. (5, 29)
1891-ci ildə “Kəşkül”ün nəşri dayandırılır. 1903-cü ilədək, yəni “Şərqi-Rus”un nəşrə
başlanmasınadək olan 10 ildən artıq bir müddət ərzində Azərbaycan dilində qəzet və ya jurnal
çıxmamışdır.
XIX əsrin sonlarında Naxçıvanın mədəni һəyatında böyük canlanma başlanmışdı. 1883-cü
ildə burada “Müsəlman incəsənət və dram cəmiyyəti” təşkil edilmişdi. Naxçıvan ziyalıları bu
cəmiyyətin köməyi ilə böyük dramaturq M.F.Axundzadənin kömediyaları ilə yanaşı yerli
müəlliflərin də əsərlərini tamaşaya qoymağa müvəffəq olurdular.
Naxçıvanda Eynəli Sultanov, Qurbanəli Şərifov, Məmməd Tağı Səfərov (Sidqi) kimi rus,
qərb, şərq ədəbiyyatına və mədəniyyətinə dərindən bələd olan de- mokratik görüşlü ziyalılar var idi.
Gənc Mirzə Cəlil bu ziyalıların şəxsində ictimai və mədəni һəyatın bir sıra məsələlərinə dair özünə
һəmfikir tapmış, onlarla yaxınlaşmışdı. Bu ziyalılar C.Məmmədquluzadənin ilk müəllimləri
olmuşlar. Onlar gələcək ədibin inkişaf edib yetişməsində müəyyən rol oynamışlar.
Naxçıvanın demokratik ziyalılarının ədəbi və ictimai fəaliyyətində yeni təlim-tərbiyə üsulu
əsasında yaradılan məktəblər olduqca böyük rol oynamışdır. Yeni üsul ilə açılan “Tərbiyə” adlı ilk
məktəb Naxçıvanda 1894-cü ildə fəaliyyətə başlamışdır. M.T.Səfərovun (Sidqinin) rəһbərliyi
altında bu məktəb Naxçıvan ziyalıları üçün mədəniyyət və maarif mərkəzinə çevrilmişdi.
Qeyd etmək lazımdır ki, Cəlil Məmmədquluzadəyə və onun rəhbərlik etdiyi “Molla
Nəsrəddin” məcmuəsinin təşəkkül tapmasına Naxçıvan mühiti, həmçinin görkəmli maarifpərvər və
ədib M.T.Sidqi də böyük təsir göstərmişdir. Sidqi Məhəmməd Tağı (Məhəmməd Tağı Kərbəlayi
Səfər oğlu Səfərovun təxəllüsü) (1854-1903) pedaqoq, publisist və şair idi. Bu dövrdə Türkiyə, İran
və Rusiyadan gətirilmiş qəzetlər, Şərq klassiklərinin əsərləri, habelə Sidqinin fəal üzvü olduğu
“Əncümənü-şüəra” ədəbi məclisi üzvlərinin şeirləri oxunub müzakirə olunurdu (3, 261).
1892-ci ildə Ordubad şəhərində maarifçi ziyalı Hüseyn Soltan Kəngərlinin köməkliyi ilə “Əxtər”
(“Ulduz”) adlı yeni tipli məktəb təsis etmişdir. Sidqinin 1894-cü ildə Naxçıvanda əsasını qoyduğu
“Məktəbi-Tərbiyə” şəhərdə maarifçilik hərəkatının və ədəbi-mədəni mühitin əsas mərkəzlərindən birinə
çevrilmişdi. C.Məmmədquluzadə bu məktəbə yüksək qiymət vermişdir. Sidqi yaradıcılığa klassik
üslubda qəzəllər yazmaqla başlamışdır. XIX əsrin son rübündə imperiyanın müsəlman əhalisi arasında
başlanan maarifçilik hərəkatının təsiri altında yaradıcılığının diapozonunu genişləndirmiş, maarifçi
realist şeirin (“Məsnəviyyati-mədəniyyə”), uşaq ədəbiyyatının (“Kəblə Nəsir”, “Məhəmmədəliyə
nəsihət”, “Oğul” və s.), məktəb dərsliklərinin (“Müxtəsər coğrafiya”, “Töhfeyi benat”), elmi-kütləvi
publisistikanın (“Heykəli-insana bir nəzər”, “Puşkin”, “İmperator-əzəmin tac geyim rəsminin
yadigarına... nitq”) pedaqoji traktatını (“Nümuneyi-əxlaq”) yaratmışdır.
XIX əsrin sonlarında Naxçıvan maarifçilik hərəkatında Sidqi aparıcı simalardan biri kimi fəal
iştirak etmişdir. O, C.Məmmədquluzadə ilə birlikdə Naxçıvanda bir sıra ədəbi-mədəni tədbirlərin və
teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdur. Məmmədquluzadələr ailəsi ilə yaxından
ünsiyyət saxlayan Sidqi Mirzə Cəlilin böyük dostu idi.
M.T.Sidqinin vəfatı münasibətilə Mirzə Cəlilin “Şərqi-Rus” qəzetində dərc etdirdiyi “Getdi
cahandan həzrəti Sidqi” adlı məqaləsində maarifçi şair və pedaqoqa ümumxalq məhəbbəti və kədəri
ifadə olunmuşdur. (3, 262)
Azərbaycan ictimai-siyasi və mədəni həyatında Şahtaxtinski sülaləsinin üzvü Məhəmmədağa
Şahtaxtlının xüsusi yeri vardır. Bu nəhəng şəxsiyyətin Azərbaycana Qərb maarifçiliyi ənənələrini
gətirmək, doğma xalqını Şərq fanatizmindən xilas etmək, Qərblə Şərqi yaxınlaşdırmaq kimi böyük
vəzifələrin həyata keçirilməsinə təkbaşına etdiyi xidmət həmin amalla ömür etmiş bütöv bir ziyalı
nəslinin fəaliyyətinə bərabərdir. Avropalılar üçün o, tanınmış “Şərq mənşəli siyasətçi”, ruslara görə:
“millətinin cəsarətli müdafiəçisi”, Azərbaycan baxımından isə Avropa qiyafəli Şərq oğlu idi.
İctimai-siyasi həyatda və sosial-mədəni mühitdə Məhəmmədağa Şahtaxtlı XIX-XX əsrlərin ən
1
Bu məqalələr müəyyən nömrələrdən kəsilmiş və əlavə kağızlarda һansı səbəbdən qadağan olunduğu qeyd
edilmişdir. Bunların һamısı Gürcüstan Dövlət arxivində 114 nömrəli fondda 592, 730, 806, 1000, 1056
nömrəli işlərdə saxlanılır.
108
görkəmli azərbaycanşünaslarından biridir. Öz sağlığında o, “millətinin canlı heykəli” kimi geniş
şöhrət qazanmışdır (4, 142).
M.Şahtaxtlının maarifçilik fəlsəfəsində əsas yeri latın əlifbasına keçilməsi və ictimai şüurun
formalaşmasında mətbuatın səmərəli istifadə məsələsi tuturdu. Parisdə Beynəlxalq Fonetika Cəmiyyətinin
iclaslarında iştirak edərkən o, Avropa alimlərinin öz ölkələrinin inkişafı naminə vahid latın əlifbasına
keçmələri üçün etdikləri təşəbbüslərin şahidi olmuşdu. Buna uyğun olaraq M.Şahtaxtlı da mənsub olduğu
xalqın dirçəlişini təmin etmək məqsədilə əlifbanın daha da sadələşdirilməsi və Azərbaycan dilinin tələffüz
xüsusiyyətlərinə uyğunlaşdırılması işinin zəruriliyi qənaətinə gəlmişdi. Tiflisdə Tomson mətbəəsində
1879-cu ildə Azərbaycan və rus dillərində çap olunmuş “Təkmilləşdirilmiş müsəlman əlifbası” kitabı onun
bu sahədəki ilk təşəbbüsünün nəticəsi kimi meydana çıxmışdı. Sonralar o, əlifba islahatı istiqamətində
axtarışlarını davam etdirmiş, yeni elmi qənaətlər əsasında daha mükəmməl əlifba layihəsi hazırlayıb nəşr
etdirmişdir. Belə ki, Məhəmmədağa Şahtaxtlı 1902-1903-cü illərdə əlifba islahatına dair Azərbaycan, rus
və fransız dillərində beş kitab çap etdirmişdir (4, 149).
1903-cü ilin mart ayından nəşrə başlayan “Şərqi-Rus” qəzeti Azərbaycanda Qərb
standartlarında çap olunan Şərq qəzeti idi. Təkcə qəzetin formatı, tərtibatı deyil, həm də qayəsində
qərbçilik vardır. Məhəmmədağa Şahtaxtlı Qərb maarifçiliyini, Qərb fəlsəfi düşüncəsini, Avropa elm
və mədəniyyətini təbliğ etməklə mənsub olduğu xalqı cəhalətdən və xurafatdan xilas edib, mədəni
millətlər cərgəsinə çıxarmaq məqsədini izləmişdir. Bu qəzetin adı üçün seçilmiş Şərq anlayışının da
ümumi və konkret sərhədləri var idi. Yuxarıda göstərdiyimiz kimi, “Şərqi-Rus” XX əsrin ilk
Azərbaycan qəzeti idi. Qəzetdə Azərbaycan probleminə, azərbaycanlıların maariflənməsi və sosial-
mədəni dirçəlişi məsələsinə üstünlük verilmişdir.
“Şərqi-Rus” qəzetinin əsas məqsədi türk-müsəlman xalqlarını maarif və mədəniyyətə cəlb
etməkdən ibarət idi. Qəzetin uğrunda mübarizə apardığı mədəni intibah, ana dili, əlifba islahatı,
qadın azadlığı, torpaqların zəhmətkeş xalqın istifadəsinə verilməsi kimi sosial-iqtisadi və mədəni-
maarif məsələlərinin mərkəzində ilk növbədə Azərbaycanın mənafeyi dururdu. “Şərqi-Rus”un amalı
Azərbaycan xalqını dünyanın mədəni millətləri cərgəsinə çıxarmaqdan ibarət idi. (4, 152). Şərqi-
Rus qəzeti qısa zaman içərisində demokratik ruhlu ziyalıları milli düşüncəli maarifçi filosofları
(M.Ə.Sabir, M.Ş.Ordubadi, Ə.Nəzmi və s.) öz ətrafına toplaya bildi. Məsələn, C.Məmmədquluzadə
məşhur “poct qutusu” hekayəsini ilk dəfə “Şərqi-Rus” qəzetində dərc etdirmişdir.
Mükəmməl yiyələndiyi xarici dillər ona Şərq və Qərb mədəniyyətlərini sintez halında mənimsə–
məyə və dəyərləndirməyə imkan yaratmışdır. Bu mənada, Məhəmmədağa Şahtaxtlı Qərb üçün dərk–
olunmuş Şərq, eyni zamanda Şərqdən ötrü millətpərvər və maarifçi Qərb idi. Bu görkəmli şəxsiyyəti haqlı
olaraq Qərblə Şərq mədəniyyətləri arasında etibarlı körpü hesab edirlər. O, Qərb aləminə və mədəniyyə–
tinə yol açmış birinci Şərq ziyalısı idi. Görkəmli şərqşünas Mirzə Kazımbəyin Azərbaycan və Şərq
mədəniyyətinin təbliği baxımından Rusiyada gördüyü işi Avropada Məhəmmədağa Şahtaxtlı həyata
keçirmişdir. Bu baxımdan onu, bizim Avropadakı Mirzə Kazımbəyimiz kimi dəyərləndirmək olar.
Məhəmmədağa Şahtaxtlını Rusiyada həm məşhur avropaşünas, həm də tanınmış şərqşünas
kimi qəbul etmişdilər. O, Rusiya ictimai dairələri və mətbuatı üçün arzu-olunan Qərb yönlü şərqli
idi (4, 155).
M.A.Şaһtaxtinski “Şərqi-Rus”un ilk nömrələrindən başlayaraq sosial-mədəni və ictimai һəyatda
bəzi dəyişikliklər etmək baxımından müəyyən faydalı fikirlər (əlifbanın yeniləşdirilməsi, һicab
məsələsi və s.) irəli sürmüşdür. Buna görə də, bir tərəfdən Bakı burjua jurnalistləri, digər tərəfdən
Qafqaz senzura işləri komitəsində ağalıq edən Kişmişov, Qaraxanov kimi Azərbaycan mətbuatının
inkişafına düşmən olan senzorlar tərəfindən “Şərqi-Rus” şiddətli һücumlara məruz qalmışdır. Qəzetin
əleyһinə iftiralardan ibarət olan məqalələr yazılmışdır. (5, 16). Bir müddət sonra qəzet bağlanmışdır.
“Şərqi-Rus” qəzeti bağlandıqdan sonra onun mətbəəsi işsiz qalır. Bu zaman C.Məmmədquluzadə
bu mətbəə vasitəsilə müstəqil nəşriyyat işi ilə məşğul olmaq, qəzet və ya jurnal buraxmaq fikrinə düşür.
Ona öz arzusunu yerinə yetirmək üçün maddi yardım lazım idi. Bu vəsaiti əldə etmək üçün o, һeç bir
münasib imkan tapa bilmirdi. Nəһayət, 1905-ci ilin ortalarında o, Ömər Faiq Nemanzadə ilə birlikdə
“Şərqi-Rus” qəzetinin mətbəəsini Tiflisdə yaşayan naxçıvanlı tacir Məşədi Ələsgər Bağırovun maddi
köməyi ilə satın alır. Həmin mətbəəyə “Qeyrət” adı verilir. 1906-cı ildən “Molla Nəsrəddin” jurnalı həmin
mətbəədə nəşr olunmuşdur.
1906-cı ilin yazından ta “Molla Nəsrəddin” jurnalının nəşrinə qədər və eləcə də sonralar
“Qeyrət” mətbəəsində onlarca kitab, intibaһnamə və vərəqələr nəşr edilmişdir (5, 22).
Beləliklə, “Molla Nəsrəddin” jurnalı və eyni adlı ədəbi məktəb mollanəsrəddinçilik deyilən
məxsusi bir təlimi meydana çıxarmışdır. Bu ədəbi məktəbin ideya əsasını mollanəsrəddinçilik təlimi
109
təşkil edir. Müxtəlif vaxtlarda mollanəsrəddinçilik təlimi haqqında fikirlər yürüdərkən bu təlimə
keçmiş ideologiyanın prizmasından yanaşmaq meyllərinə üstünlük verilmişdir. Buna görə də
pərakəndə şəkildə ifadə olunmuş fikirləri ümumiləşdirmək və müstəqillik işığında dəyərləndirməklə
mollanəsrəddinçilik təliminin əsl, obyektiv mahiyyətini aşkara çıxarmağa, yeni elmi formatını
müəyyən edib əsaslandırmağa ehtiyac vardır. Çünki mollanəsrəddinçilik ictimai-siyasi və sosial-
fəlsəfi baxımdan “Molla Nəsrəddin” ədəbi məktəbinin əsasını, nüvəsini təşkil edir (6, 256).
Akademik İsa Həbibbəylinin təbirincə desək: “Mollanəsrəddinçilik-Azərbaycançılıq
məfkurəsinin ideya əsasından yoğrulmuşdur” (4, 643).
Bu baxımdan “Molla Nəsrəddin” məcmuəsinin adı öz sələflərinin işini yeni dövrdə və yüksək
mərhələdə davam etdirən layiqli bir xələf olaraq ictimai fikir tariximizin parlaq səhifəsinə qızıl
hərflərlə yazılmışdır.
Dostları ilə paylaş: |