İmdat avşar (Türkiyə)



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə9/12
tarix03.02.2017
ölçüsü1,31 Mb.
#7509
1   ...   4   5   6   7   8   9   10   11   12

 
 
 
Türkcədən çevirən: Aslan Quliyev 
 
 
 
 
 
 
 
 
 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
 
Tövbəçilər 
 
 
Nə ev, nə ocaq, nə oğul, nə də uşaq… 
Həyatda əl atıb tuta biləçcəkləri bircə ümid yerləri də qalmamışdı. Dünya yansa içində ya-
nacaq bir bağ otları yox idi. Əllərinə keçəni yeyərdilər. Evdən eşikdən qovulmuş, həyatdan əllə-
rini üzmüş, ömrü ara yerlərdə keçən dörd dostdu onlar. 
Qaranquşlar göy üzündə həyəcanla fırlanmağa başalyanda hər biri bir tindən çıxıb gələrdi. 
Axşama qədər nə qazanaralarsa, ortaya qoyardılar, «Üç şüşəmi, beş şüşəmi?» aralarında mübahi-
sələşər, sonra razılaşıb Duranın  şərab dükanına yığışardılar. 
Hər biri bir şüşə alma şərabı,  bir qutu «qərib öldürən», bir az da ağ ləbləbi alar, taxıl satan-
ların olduğu ara küçəyə gedərdilər. Ordakı tərk edilmiş viranə bir evin, ayaqda qalan çardağında 
qurduqları süfrədə yıxılana qədər içər, sonra hərəsi bir küncdə uzanardı. 
Qədir  yay-qış  meyvəsatanlar  bazarında  gözlərdi.  Tərəvəz  gətirən  yük  maşınlarının  bütün 
yükü  onün  çiyinlərində  daşınardı.  Zəif,  cılız  bədəni  hər  gün  tərəvəz-meyvə  yeşiklərinin  altında 
əzilərdi. Yükün ağırlığını gözləriylə bildirər, dizləriylə hiss elərdi  zavallı.  Arxasındakı  yeşiklər 
həddən artıq ağır olanda gözləri bəbəyindən çıxacaqmış kimi bərələr, yorğun dizləri titrərdi. Din-
cəlmək üçün işə ara verəndə axşamdan bəri ciyərlərində alovlanan yanğını söndürmək üçün ağzı-
nı kranta dayayıb dayana-dayana su içər, ağzını əlinin arxasıyla sildikdən sonra bir siqaret yan-
dırar, uca səslə deyərdi: 
- Aaah! Aaah! Fələk ilə aramız düzəlmədi… 
Hacı dən-taxıl satılan  bazarda durardı. Kənd adamlarının gətirdiyi buğdanı, arpa, noxud və 
mərcini gah ambara daşıyar, gah ambardan dükanın qabağına gələn yük maşınlarına yükləyərdi. 
Arxasında çüvalla ambardan çıxarkən toz dolmuş ciyərləri çölə çıxacaqmış kimi öskürürdü. Ata-
sını kiçik yaşlarında itirmişdi Hacı. Anası da bir başqası ilə evləndiyindən, onu babası böyütmüş-
dü. Babası da öldüyündən uşaq sayılacaq yaşda ortada qalmışdı.  Arxasındakı kisələrlə kamyo-
nun kuzovuna söykənmiş qatlama nərdivanlardan iki qat olub çıxar, yükünü boşaldandan sonra 
belini düzəldib dikələrdi. Ağzından düşməyən bir söz vardı: 
- Vurma, fələk, vurma, mən baba yetimiyəm… 
Bəzən onu : «baba yetimi hardadı, baba yetimi gəldimi?» deyə arayıb soruşardılar. 
Qüdrəti axtaranlar isə onu qəssablar bazarında, bələdiyəyə haqq verməmək üçün heyvanları 
oğurluq kəsən qəssabların  çardağında tapardılar. Yarım saat içində bir qoyunu yerə yıxıb kəsər, 
dərisini soyar, ciyərini, dalağını, qolunu, budunu ayırardı. Qəssablar bazarına ət almağa gəlib də 
Qüdrəti tanımayanlar onu görüncə qorxar,  yollarını dəyişərdilər. Əli bıçaqlı olurdu, üst-başı da 
qan.  Yaralı  barmaqlarından  sarğı  əskik  olmazdı.  Boş  vaxtlarında  cibində  gəzdirdiyi  bülövünü 
çıxarar, sümük saplı bıçağını itiləyrdi. Bıçağını itiləyərkən həmişə eyni türkünü oxuyardı Qüdrət: 
Bəybazarı məskənimiz, elimiz, 
Kim bilir harda qaldı ölümüz… 
Sevda oxu dəymiş, bir könlü yaralıydı Heydər. Yük maşınının sürücüsüydü o. Iş olanda üç-
beş günlüyə ortadan yox olur, uzun yolları qət eləyib sonra gələrdi. Yeni səfərə çıxınca hər ax-
şam viranəyə gələr, içib-içib ağlardı. Heydər Dəstəgülü sevirdi, həm də dəlicəsinə sevirdi. Dəstə-
gül də bir Almaniyada olanla evlənincə: «Bu həyat mənə ölümdən artıq dərd olur», deyib özünü 
bir burulğana buraxmışdı Heydər.  Fələklə ayrı bir hesabı vardı. Gecə saat on ikidən sonra mə-
həllədən yanıqlı, əzgin bir səslə, sözləri zəhər kimi bir türkü söyləyələk keçərsə, Heydərin uzun 
bir səfərdən döndüyünü anlardı hər kəs. Heydər Dəstəgülün evinin yerləşdiyi küçəyə girəndə kü-
çənin başındakı tut ağacının dibindəki qara daşın üstündə oturar, o məşhur türküsünü oxuyardı: 
Başımda qızıl tacım 
Həm susuzum, həm acım 
Yarımı mənə verin 
Qalanı anam, bacım 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
Hacı, Qədir və Qüdrət yayda gözdən uzaq yerlərə çəkilib gecələrdilər. Qışda da stullar üzə-
rində, ya da tikintilərdə yatardılar. Yatmağa yer tapmayanda da bazar yerindəki piştaxtaları bir-
birinə yaxınlaşdıraraq bu müvəqqəti daldanacaqda gecələyərdilər. 
Heydərin atadan qalma bir evi var idi. Taxta pilləkənləri qabarmış, torpaq damı çökmüş bir 
evdi. Yalnız anası qalırdı evdə. Səfərdən dönəndə anasına baş çəkər, sonra yenidən yoxa çıxardı. 
Anasının sızlayıb ağlamasına dözə bilmədiyindən evdə qərar tuta bilməzdi Heydər. 
Anası qapı-qapı dolaşıb duaçılara-pitiçilərə  min ümidlə yazdırdığı duaların suyundan içirt-
mək üçün Heydərin yolunu səbirsizliklə gözləyərdi. Heydər evə gələr gəlməz, əlində dua oxun-
muş bir stəkan suyla qarşısını kəsər, səylə bisimillah deyər, stəkanı Heydərə uzadardı: 
- Bunu bir iç, qurbanı olduğum, çox savadlı xocaymış Musa Əfəndi, ona oxutdurmuşam… 
Heydər də hər dəfə əlinin arxası ilə stəkanı itələr, deyinərdi: 
- Əl çək ana! Qurbanın olum, əl çək! Mənim ürəyimin fərmanı oxunub. 
- Içən kimi unudacaq, Xoca Əfəndi deyirdi. Bir nurlu üzü var ki… Iç qurbanı olduğum, bir 
udum iç. 
Kimsəyə istisi-soyuğu olmazdı onların. Kimsənin azında-çoxunda gözləri yox idi. Hər biri-
nin könlündə ayrı bir yara, hər birinin fələklə ayrı bir hesab var idi. Yayda elə də çətinlikləri ol-
mazdı, amma qışda pərişan olardılar. Onların vəziyyətini bilən qəsəbə əhli əllərindən gəldiyincə 
yardım edər, başlı-başına buraxmazdılar. Özlərini də ələ almaları üçün bolluca nəsihət verərdilər. 
Amma heç biri nəsihətlərə qulaq asmaz, axşama qədər qan-tər içində qazandıqlarını gətirib Dura-
na verərdilər. Qışda iş  olmayanda Duranın  qapısına  gəlib  yalvarar, özlərini zamin qoyub nisyə 
şərab alardılar. 
Gördürməyə bir iş olmayanda kimsə axtarıb aramazdı onları. Heydər uzun zaman evə get-
məyəndə Heydərin anası dəli kimi dolanardı viranənin ətrafında. Zavallı qadın: «Içimə bir şübhə 
düşdü, dolaşıq bir yuxu gördüm. Əcaba Heydərim yolda-çöldəmi qaldı?» - deyə iki qat olub gə-
lərdi  viranənin  qabağına. Çardağın  küncünə qədər  yaxınlaşıb  qulağını Heydərin səsinə verərdi. 
Soruşmağa  qorxardı.  Heydər  görsə,  ona  hirslənərdi.  Heydərin  səsini  eşidincə  əllərini  havaya 
açar,  yalvarardı: 
- Evlad acısı göstərmə, ya rəbbi, çox şükür, oğlum sağ. Içərsə də qoy içsin… 
Heydərin səsini duyan qadın gecənin içində bir xəyal kimi yoxa çıxar, iki qat olub gedərdi. 
Evə dönərkən dizlərinə döyə-döyə ağlar, qarğış elərdi: 
- Sebep, məzarında bayquşlar ulasın. Bir saçı kəsiyi qabağa verib oğlumun başını pozdular. 
Eviniz yıxılsın, dünyanız qaralsın. 
Bir gün Hacının ölməsi xəbəri kafeləri çalxalandırdı: 
- Hacı ölüb, cəsədi də yoxa çıxıb… 
- Yəqin öldürüblər. Neçə gündür, kimsə görməyib. 
- Çox içib, bir daha ayılmayıb. 
- Deyirlər, donub olüb, buz bağlayıbmış. 
Kimi donub öldüyündən, kimi yoxa çıxdığından, kimi də içib zəhərləndiyindən danışdı. 
Hacını qəsəbənin bazar yerində  yarı donmuş  halda tapmışdılar. Ölməmişdi. Xəstəxanada 
bir neçə gün yatandan sonra «baba yetimi» xəstəxanadan çıxıb gəldi. 
«Allah öldürməsə öldürməz», deyə bir müddət gəzib dolaşdı. 
Bu hadisədən sonra:  «Allahın yaratdığı qul deyilmi bunlar? Küçədə ölsələr, Allah bizdən 
də sorar. Bunların başlarını soxacaq bir yer hazırlayaq» deyən Əli dayı Bələdiyyə Başçısını razı 
saldı. 
Bələdiyyə  taxtadan  üç  daxma  tikdirdi.  Içərisinə  yatacaq  da  qoyub,  daxmaların  açarlarını 
verdi bunlara. Artıq başlarını soxacaq evləri var idi. 
Qəsəbənin gəncləri daxmaların hər birinin üzərinə boya ilə yazılar yazmışdılar. 
«Diqqət! Qədir var!» 
«Hacı çıxa bilər!» 
«Qüdrətistan: Əhalisi 1, dəniz səviyyəsindən yüksəkliyi 956» 
Bir səhər göyərti satan Kərim ağa Hacını dükana çağırdı. Çay gətirtdi, siqaret verdi, bir 
müddət nəsihət verdi. 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
«Bu gün iki maşın gələcək,arpa ilə dolu, daha iki adam tap, tez boşaldın maşınları», - dedi. 
Hacı  əvvəlcə qəssablar  bazarından Qüdrəti, sonra da tərəvəz bazarından  Qəribi tapıb Os-
man ağanın dükanına gəldi. 
Dükanın qabağına bir yük maşını yaxınlaşmışdı. Içəridə bir adam oturmuşdu. Bu adam tez-
tez gəlirdi, Kərim ağanın dostu olan bir tacirdi. Yenə arpa almağa gəlmişdi. Yaşıl bir təkkəsi, si-
nəsinə qədər uzanmış uzun qara saqqalı var idi. Əyninə  geniş  şalvar və dizlərinə qədər düşmüş 
qolsuz bir jilet geymişdi. Bir əliylə saqqalını tutmuş, digər əliylə iri dənəli  təsbehi şaqqaşukla 
çevirir, təsbehi çevirərkən dodaqları xəfifcə qımıldanırdı. 
Maşın yüklənərkən Kərim ağa və qonağı işləyənləri seyr eləyirdilər. Kürəyində öz ağırlığı-
na yaxın ağırlıqda olan bir çuvalla ambardan çıxan Hacı növbəti öskürək tutumasına tutulub çu-
valla  birlikdə  yerə  yıxıldı.  Kürəyinə  vurdular,  əlini-üzünü  yudular,  su  içirtdilər  Hacıya.  Nəfəsi 
tükənmiş, gözlərinin ağı qırmızı olmuşdu. Dincəlməsi üçün bir küncdə oturtdular. 
Tacirin qəlbi ağrımışdı, bir müddət oturduğu yerdə donub qaldı, sonra Kərima ağaya tərəf 
dönüb soruşdu:. 
- Bunun uşağı-zadı varmı? 
- Yox, - dedi Kərim ağa, hər üçü haqqında uzun-uzadı danışdı. 
- Bunlardan Piri də var, - dedi, -  yük maşınının sürücüsüdü o. Səfərdə deyilsə, axşamüstü 
gələr buralara, bəlkə də hardasa ilişib qalıb. 
Tacir qaşlarını çatıb, səsini yüksəltdi: «Kərim ağa, bunlar yazıqdılar. Hər ay şeyxin yanına 
gəlirsiniz. Bəs bunları  niyə  götürüb  gətirmirsiniz? Şeyxin  belə neçə adamı müalicə edib  doğru 
yola  qaytardığını  eşitmədinizmi?  Necə  sərxoşluğa  mübtəla  olanların  Şeyxlə  tanışlıqdan  sonra 
əlində təsbeh çəkdiklərini, neçə yolunu azmışların evinə-ocağına dönüb, arvad-uşağının dolanı-
şığı  üçün  halal  yolla  pul  qazandığını  görmədinizmi?  Bunların  babalı  bizim  boynumuzda  deyə 
Allahdan  qorxmazsınızmı?  Heçmi  vicdanınız  sızlamadı?  Bu  adamları  qurtarmağın  bir  yolunu 
niyə  axtarmırsınız?  Bir  yolunu  tapıb  Şeyxin  yanına  aparın  bu  zavallıları.  Tövbə  qapısı  daima 
açıqdır. Şeyx Allahın izniylə bunları qurtarar». 
Yük  maşını  yüklənmişdi.  Kərim  ağa  ilə  vidalaşan  tacir:  «Eyvallah!  –  dedi.  –  Kərim  ağa, 
söylədiklərmi unutma, günahdır». 
Kərim ağa bir müddət tacirin dedikləri haqda düşündü. «Adam düzünü deyir, bunların ehti-
yacı olanda qarınlarını doyurmaq, bir parça çörək, bir qutu siqaret almaq çarəmi? Bir çarəsi var-
sa, bu niyə ağlımıza gəlmədi, bəlkə Şeyxin bir köməyi dəyəcək, bəlkə bir səbəb olar. Bir yolunu 
tapıb bunları Şeyxin yanına aparmaq lazımdır. Apararıq, düzəlməzlərsə, heç olmaya şəkdən dü-
şərik. Heç olmasa vicdan əzabından qurtararıq» özü-özünə dedi. Oğullarını qoydu onların yerinə. 
«Allah iraq eləsin!» dedi və axşamüstü camaatın irəli gedənlərini evinə çağırdı. 
Kərim ağa o axşam evinə gələnlərə olanları anladınca hamısı ona haqq verdi: «Adam düz 
deyib, haqlıdı» dedilər. 
Heydər  yeni  səfərdən  dönmüşdü.  Nə  lazımsa  alıb  viranənin  çardağına  topladı  dostlarını. 
Pamidor, pendir, ağ ləbləbi. Məzələri qabaqlarına düzdülər, sonra da yavaş-yavaş içməyə başla-
dılar. 
Şüşələr əskildikcə dünyanın rəngi də dəyişməyə başlayırdı. Viranənin çardağından ara-sıra 
gülüşmələr,  qəhqəhələr  yüksəlirdi.  Mülayim  bir  yaz  axşamıydı,  əkin-biçin  zamanı  olduğundan 
küçələrdən  əl-ayaq  çəkilmişdi.  Belə  axşamlarda  «Pirimiz»  dedikləri  Heydər  danışır,  digərləri 
onun ağzına baxaraq dinlərdilər. Heydər sinəsini arıtlayıb  dərin bir ah çəkdi,  üzünü turşudaraq 
içdiyi şərabın şüşəsini dizinin yanına qoyub sözə başladı: 
- Dəyirman iki daşdan, məhəbbət iki başdan, uşaqlar. Mən qəlbində deyildim ki, «Özümü 
asaram, ölərəm, amma getmərəm» deyə ayağını yerə vermədi Dəstəgül. Saçından sürüyüb apar-
madılar ki… Getdiyi oğlan bir adam ola, ürəyim yanmazdı qardaşlar, üç qoyunu buna etibar elə-
yib çoban saxlamazsan qapında. Vayy! Dağılasan, Almaniya, soldurdun Dəstəgülümü…. 
- Pirim, anası, nə elədisə, anası elədi. Mən bilməzmiyəm? Qızın könlü səndəydi. 
- Denən anası, o boz ilan ağlını çaldı. Məni belə boynu bükülü qoydu. Aramızda bir qarati-
kan kimi bitdi. Aaah! Kərəm kimi yandı bağrımın başı! Mənə qulaq asın, yadınızda saxlayın. 
- Buyur, qurban, nə dedin ki, eləmədik? 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
- Sizdən əvvəl ölsəm iki əlim yaxanızda… Hüseynin bağından bir ovuc torpaq gətirib səpin 
qəbrimin üstünə. Onsuz da mən sizdən əvvəl öləcəyəm. Yollara çıxınca Dəstəgülün xəyalı gözlə-
rim önündən getmir. Vayy! Zalımın bir qızı var! Mənmi maşını aparıram, maşınmı məni aparır, 
məlum deyil. Bir gün bir dərəyə yuvarlanaram, amma nə zaman… 
Heydər şüşəni başına çəkdi. 
- Qızın könlü səndəydi, - Qüdrət dedi, - elin qızı gəlib sənə yar olan deyildi ha, götürüb qa-
çırmadın. Haydı desən, yolunda ölməzdikmi? 
-  Yaramı  eşmə,  Qüdrət.  Yaramı  eşmə!  Götürüb  qaçırmaq  asandımı?  Yetim  quzudan  qoç 
olarmı? Qoç igidə arxa gərək, el gərək. Götürüb qaçarmaq üçün arxan dayağın olmalıdı dedi və 
oxumağa başladı Heydər. 
Sevdiyim qız gəlin olmuş 
Mənim deyil, elin olmuş. 
Heydərin oxuduğu mahnı yanındakılara bir laylay kimi gəldi, göz qapaqları enməyə başla-
dı, şüşələri tutan əlləri boşaldı, tək-tək yuxuya getdilər oturduqları yerdə. 
Heydərin  başı  çox  dumanlandı.  Harda  olduğunu  bir  anlığa  bilə  bilmədi.  Gözlərini  önünə 
dikdi, gözlərini qırpmadan baxırdı. 
Gələn Dəstəgül  idi. Əfil-əfil əsən saçlarını çiyinlərinə töküb  sudan gəlirdi  Dəstəgül,  o da 
Heydərə baxırdı. Bir az sonra Dəstəgül əl elədi, Heydəri çağırırdı. Heydər dikəldi, əllərini dizlə-
rinə dayadı, amma yerindən qalxa bilmədi. Şərab minlərcə kiloluq bir ağırlıq asmışdı göz qapaq-
larından. Gözləri yumulurudu, amma Dəstəgülü daha bir az görməyə çalışırdı. Az sonra Hacının 
başı dizləri üstə düşdü. Əllərini sinəsi üstə möhkəmcə çarpazlayıb yuxuya daldı. 
Kərim  ağanın  adamları  tez  xəbər  çatdırdılar.  Bir  avtobus  yaxınlaşdı  viranənin  qapısına. 
Maşından  dörd  cavan  oğlan  düşdü.  Viranənin  çardağında  uyuyan  dostları  odeyalların  arasına 
qoyub avtobusa mindirdilər. Yatarkən bir yerdən götürülüb başqa yerə aparılmağa alışmış dostlar 
bundan elə də rahatsız olmadılar. Avtobusun içində də dərin yuxuya dalmışdılar. 
Avtobus  son  dayanacağa  gələndə  günortaçağı  idi.  Cavanlar  dostları  oyatdılar. 
Tanımadıqları  bir  yerdə,  alışıq  olmadıqları  bir  məkandaydılar.  Birbirləriylə  baxışırdılar.  Olub 
keçənlərə heç bir anlam verə bilmirdilər. Onları bura kim gətirmişdi? Hardaydılar? 
Müridlər qollarına girib onları bir otağa gətirdilər. Yeni paltarlar və camaşır verdilər, hama-
mı göstərdilər. Hamamdan çıxanda üzlərinə bir işıq gəlmişdi. Gözlərinin ifadələri də dəyişmişdi, 
hələ də nələr olduğunu başa düşmürdülər, ətraflarına və bir-birlərinə baxıb dururdular. 
Günəş yavaş-yavaş batarkən bir neçə mürid qollarına girib onları şeyxin hüzuruna apardı-
lar. Bir növ günahkar kimiydilər, şeyxin qarşısında büzüldükcə büzülürdülər. 
Bəmbəyaz paltarlar  geymiş şeyxin  bəmbəyaz saqqalı vardı. Gülümsəyəndə üzündə  güllər 
açan bir ixtiyarla baş-başa qaldılar. Büsbütün döşənmiş otağın içərisinə süzülən günəş şüası gü-
müş  sinidən  şeyxin  üzünə  doğru  yönəlir,  o  tərtəmiz  üzü  aydın  bir  ifadəyə  boyayırdı.  Otaqdakı 
bütün  əşyalar  işım-işım  işıldayır,  onların  gözləri  qamaşır,  şeyxə  baxa  bilmirdilər.  Xəyali  bir 
aləmdəydilər,  sanki  böyük  bir  boşluğa  qərq  olmuşdular.  Şeyxin  gözlərindən  saçılan  işıq  onları 
əhatə eləyən bir aydınlığa döndü. Dərindən gələn təsirli və sehirli səs sanki başqa bir aləmdən, 
qeybdən gəlirdi, onların qulaqlarında xoş nəğmələr kimi səslənərək otağa yayılırdı. Şərabın təsiri 
ilə başlarının dumanlandığı vaxtda duyduqları həzdən başqa bir həzz varlıqlarına hakim kəsilirdi. 
O an bir uçuruma yuvarlanırdılar. Başları yerə, ayaqları göyə doğru hərəkət eləyir, sonra boşluq-
da aramsız olaraq dönürdülər. Deyilənləri dinlədikcə qəlbləri çırpınırdı və bir əl keçmişləri ha-
fizələrindən silirdi. Susadıqlarını hiss eləyirdilər, ciyərləri yanırdı, görmədikləri bir əl su içirdirdi 
onlara.  Boşluqda  fırlandıqca  sürətləri  artır,  yıxılacaqlarından  qorxurdular.  Söylənənləri  dalğın-
dalğın dinlərkən bədənləri kiçilir, gözləri yumulurdu. Oraya yıxılıb dərin bir yuxuya dalmaq istə-
yirdilər. 
Qarşılarında  ahənglə  danışan  adam  birdən  susdu.  Sonra  səsin  rəngi  dəyişdi.  «Evladlarım, 
tövbə qapısı həmişə açıqdır. Tövbəni min dəfə də pozsan yenə gəl, övliyalar övliyası belə deyib. 
Ancaq Allahın bizə bəxş elədiyi ağıl və iradə hər şeyin üstündədir. Allah şübhəsiz bizə yaxşı ol-
mağı əmr elər. Iradənizə sahib olun və Allahı zikr eləməkdən geri durmayın. Əsil sərxoşluq onu 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
zikr eləyərək vəcdə  gəlməkdir. Evladlarım, dualarım sizinlədir. Yaxşı  olan işləri  görün, pislik-
dən, azğınlıqdlan uzaq olun. Allah yolunuzu açıq eləsin, haydı salamatçılıqla gedin». 
Qalxıb şeyxin əllərini öpmək istədilər. Şeyx əlini vermədi. Gülümsədi, hər birinin kürəyini 
sığalladı. Hamısının da kürəyi yandı o an, bir atəş düşdü içlərinə. 
Bir həftə sonra hamısı əvvəlki yaşayışları ilə aralarında qalın bir divar hörərək gəldilər. 
Hər kəs yenə eyni işdə çalışırdı. Hacı meyvə-tərəvəz bazarında, Qüdrət qəssablar bazarın-
da, Qədir taxıl bazarında, Heydər uzun yollarda. Amma hamısı da boş vaxtlarında əllərində təs-
beh dərslərini tamamlayır, nəfslərinə hakim kəsilirdilər. 
Qəsəbə adamları onlardakı bu dəyişikləri görür, bir şey başa düşə bilmirdilər. Şərab düka-
nının sahibi Durandan başqa hər kəs bu işə səbəb olanlara dua eləyirdi. 
Heydərin anası: «Məni o qapıya aparın, qalan ömrümü şeyxin qapısında xidmətçiliklə keçi-
rim. Çox şükür, oğlum qurtardı!» deyir, baqqaldan aldığı şəkərləri məhəllənin uşaqlarına bağış-
layırdı. 
Xəbər tezliklə bütün bölgəyə yayıldı. Oğlundan, ərindən dərdli olan qadınlar gizlicə Kərim 
ağanın dükanına gəlir, yalvarıb-yaxararaq öz oğullarını, ərlərini də ora aparmasını xahiş eləyir-
dilər. 
Ilk həftələrdə şeyxin nurlu üzü dörd yoldaşın gözləri önündən çəkilmirdi. Əllərindəki təs-
behlər  xoş  bir  ahənglə  şak-şukla  çevrilir,  dillərindən  dualar  yağırdı.  Nə  vaxt  axşamlar  ayaqları 
iradələrinin ziddinə olaraq hərəkət eləsə, ağappaq saqqalı və əmredicə səsiylə bir ixtiyar dururdu 
gözləri önündə: «Allahı zikr etməkdən dayanmayın, əsl sərxoşluq onu zikr eləyərək vəcdə gəl-
məkdir». 
Ayaqları  onları  başqa  bir  yerə  apararkən  şeyxin  təsirli  səsini  eşidirdilər,  «Tövbə!»  deyib 
yollarını dəyişdirirdilər. 
Günlər, aylar keçdikcə şeyxin üzü uzaqlaşdı onlardan. O təbəssüm bulanıqlaşdı, o nurlu üz 
donuqlaşdı. Qüdrət, Hacı və Qədirin o xəyali hava, o mənəvi dünya ilə aralarındakı məsafə ged-
gedə uzaqlaşırdı. Dərsləri yarımçıq qalır, axşam olunca ağızlarında hiss elədikləri o ləzzətli dad 
onları çağırırdı. 
Bir neçə aydan sonra Qüdrət, Hacı, Qədir  şərabçı dükanına gəldilər. 
- Dilimiz-damağımız qurudu, Duran ağa, tövbəsi batsın! 
- Şeyx bizi tələbəyə çevirdi, dərs ha dərs. 
Qüdrət, Hacı və Qədir tövbəni pozub mey-məzəni alaraq viranənin yolunu tutdular. 
Duran ağa əllərini ovuşdurur, gizlin-gizlin gülürdü. 
Qəsəbədə bir xəyal qırıqlığı oldu. Kimisi dizlərinə vurub «Qurtarmışdılar, heyif oldu» dedi, 
kimisi də: «It yeməyə tövbə edərmi?» dedi. 
Əməllicə  uzatdığı  qara  saqqalları  və  əlində  təsbehi  ilə  uzun  bir  səfərdən  döndü  Heydər. 
Anasının əlini  öpüb, evə lazım olan şeyləri aldı.  Əlinə-üzünə qan  gəlmiş, bət-bənizi  ağarmışdı. 
Əynində şıq bir kostyumu vardı. Axşama doğru pencəyini çiyninə atıb çarşıya getdi. 
Anası ardınca dua eləyirdi: 
- Səbəb olanlar nur içində yaşasınlar, Allah mənə bu günləri də göstərdi. Itlərlə çörək yeyə-
rəm… 
Çarşıda  Heydəri  görənlər  gizlincə  bu  bəd    xəbəri  verdilər.  Heydərin  beyninə  qan  vurdu. 
Birbaşa viranəyə getdi. Üçü də ordaydı, şərab içirdilər. 
Heydəri ilk öncə Qədir gördü: 
- Vaay! Pirim, tövbə qapısı bağlanmadı ki! Gəl sən də iç, yenə tövbə elərik, - dedi. 
Hacı: 
- Heydərim, sənin ağ saqqallın demədimi, tövbəni min kərə pozsan da, yenə gəl. Qorxma, 
gəl içək, - dedi. 
Qüdrətin başı yerdəydi, səsini çıxartmadı. 
Heydər neyləyəcəyini bilmirdi. Nəsihət eləyə bilmirdi, bir neçə ay  öncə  özü də eyni  hal-
daydı.  Bir  şey  söyləməyə  dili  gəlmirdi.  Qabağındakı  şəraba  və  məzələrə  baxdı.  Boğazında  bir 
yanma duydu, ağzına qəribə bir dad doldu. Damarlarında qanın sürətləndiyini hiss elədi. Sonra 

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
həmən o gün otağa yayılan təsirli səsi duydu birdən, diksindi, üzünü bürüşdürdü. Hirslə geri dön-
dü, kafeyə doğru getdi. 
Üç dost Heydərin ardınca bağırıb gülürdülər. 
- Heydər, kimsəyə demərəm, gəl otur, iki qədəh iç. 
- Heydəəəəəər! Bildir bundan yaxşıydın. Sənə nə oldu qurbanı olduğum? 
- Heydəəəəəəəəər! O şeyx səni səni  yoldan çıxartdı, ged. Bir də şeyxə görün, dua oxusun 
sənə. 
Üçü birdən Heydərin arxasınca oxumağa başladılar. 
Sofular haram demiş bu aşqın badəsinə 
Mən doldurar, mən içərəm, günah mənim, kimə nə 
Ooooooof! Heydər, Heeeydəər, kiiimə nəəə… 
Ardına baxmadan qaçırmış kimi ordan uzaqlaşdı Heydər. Dostlarından heç qaçmamışdı. Bu 
ilk qaçışıydı. Narahat, yorulmuş, hüzünlü halda girdə kafeyə. Bir çay gətirtmək istədi, vaz keçdi, 
kafedən çıxdı. 
Heydər ertəsi sabah içində bir sıxıntı gəldi çarşıya. Hacı yenə öskürərək çuvalları daşıyırdı. 
Dözə bilmədi. Ürəyi  ağrıdı, için-için  yandı.  Gözlərindən bir-iki damla  yaş süzüldü. Ayrıldı or-
dan. Qəssablar bazarında Qüdrəti gördü. Əli-üzü qan içindəydi. Qoyun dərisini duzlayırdı. Bir az 
qabaqda  yeşiklərin  altında  inləyərək  gedirdi  Qədir.  Əlindəki  təsbehi  sürətlə  çevirməyə  başladı. 
Dostlarını yenə bir yerə yığıb Şeyxin yanına aparmağı düşündü. «Çarə olmaz insanın iradəsinə, 
bunlar yenə bildiklərini eləyəcəklər» dedi ürəyində. Çarşı üstünə-üstünə gəlirdi. Bir yuxarı getdi. 
Bir aşağı gəldi. Qəsəbəyə sığmırdı. Evə doğru iti addımlarla getməyə başladı. 
Axşam evdə darıxdı, sıxıldı. Təzədən çarşıya çıxdı. Bilərəkdən yolunu viranəyə saldı. Ora-
daydılar. Yanlarına getdi. Nə deyəcəyini bilə bilmirdi. Bir yandan da gəlib keçənlərin onu burada 
görəcəklərindən narahat  idi. Kimi şüşəni uzadır, kimi məzədən yeməsi üçün təkid eləyirdi. Bir 
şeylər  söyləmək  istədi.  Söz  boğazında  düyünlənib  qaldı.  «Nə  gözəl  tərgitmişdik  bu  zəqqumu» 
deyə qəlbindən keçirtdi. 
Qədir bir qəhqəhə çəkdi və Heydərə doğru döndü. 
- Xocalıq eləmək istəyirsən, camiyə get. Qurbanı olduğum, ağzımızın dadını pozma, - dedi. 
- Burda yalan dünyanın qıçına iki təpik atırıq, sabah kürəyimizə neçə yumruq dəyəcəyi bəlli de-
yil. 
Hacı sözə qarışdı: 
- Ay uşaq, cücə yumurtadan çıxdı, qabığını bəyənmədi. Daha dünən məhəllələrdə «Yarımı 
mənə verin» deyə ağladığını nə tez unutdu bu? Içib-içib anasını itirmiş eşşək sıpası kimi anqırır-
dı… 
Qüdrət: 
-  Qardaş,  kefimizi  qaçırtma,  -  dedi.  –  Hər  gün  sənin  moizələrinimi  dinləyəcəyik?  Haydı, 
get, artıq. Tövbəni pozmadan da yanımıza gəlmə. Dost ikən düşmən olmayaq. 
Ən çox da Qüdrətin sözləri ona təsir elədi Heydərə, neyləyəcəyini bilmirdi. Bir zamanlar 
öz  anasını  belə  burdan  qovmuşdu.  Sərxoşlüğün  nə  demək  olduğunu  çox  yaxşı  bilirdi  Heydər. 
Çarəsizcə geri döndü, sürətlə ordan ayrıldı. Ardından yenə qəhqəhələr yüksəlir, üçü də növbəylə 
Heydərə qışqırırdılar: 
- Heydəəər, boğazın qurumuşdur, gəl boğazını islat, qurbaan! 
- Poz da gəl Heydəəəəər! Tövbəni poz da, gəəəəəl! 
- Heydəəəəəər! Şıx desəm gəl, şah desəm gəlmə! 
- Heydəəəər! Tövbəni pozmadan gəlməəəəəə! 
- Heydəəəəər! Dəstəgül qəsəbəyə gəlib! 
- Heydəəəəəər! Hahhahahahaaaaaaaa! 
- Heydər! Heydəəəəəər! Biz içərik, kiiiimə nə! 
«Dəstəgül qəsəbəyə gəlib!» cümləsi bir qurğuşun kimi saplandı Heydərin ürəyinə. Almani-
yada olanların məzuniyyət fəsliydi. Heydər özü özündən soruşmağa başladı. «Birdən qarşıma çı-
xarsa, yenə sallanıb gedərsə, yenə oğrunca anamın yanına gəlib «Heydər üçün» deyib, bir qutu 
siqaret, bir köynək verib gedərsə? Ya çarşıda, bazarda qarşıma çıxıb gözlərini süzdürərsə… Ürə-

www.kitabxana.net
       
 
 
 
 
Milli Virtual Kitabxananın e-nəşri 
 
 
yindəki yara birdən-birə təzələndi. Bir alovun ortasındaymış kimi narahat, mənasızcasına ora-bu-
ra vurnuxmağa başladı. Başını bürüyüb günlərcə yatmaq istəyirdi. Evə özünü zorla çatdırdı Hey-
dər. Gecəni bir yorğan kimi çəkdi başına. 
Ertəsi gün axşama kimii evdən çıxmadı. Axşamüstü geyindi, pencəyini çiyninə atıb çıxdı. 
Tut ağacının dibinə gələndə Dəstəgül iki uşağı və əri ilə çıxdı qarşısına. Sifəti ağappaqdı. Yeri-
dikcə saçları əfil-əfil dalğalanırdı. Uca boyuyla görünüşü yel dəyən zəmi kimiydi. Boynunu dik 
tutub saçlarını çiyinlərinə ataraq bir baxdı Heydərə!!!! Dizlərinin gözü titrədi Heydərin, birdən 
gözləri qaraldı. Özünü ələ almağa çalışdı, iti addımlarla yeridi. Bir əl boynunun kökündən yapı-
şıb onu arxaya doğru dartırdı. Tini dönərkən Dəstəgülün arxasınca son dəfə baxdı. Dili, düşüncə-
ləri, yaddaşı, beyni tutulmuşdu. Bir  şey xatırlamır, danışmır, düşünə bilmirdi. 
Qəsəbəni bu başdan o başa addımladı, başı qabaqda getdi. Qəsəbənin son evləri də arxasın-
da qaldı. Hava artıq qaralmışdı. Gənclik illərindən bu günə gəlməyə çalışır, bir neçə ay öncəki 
həyatını düşünür, şeyxin qaşısında gəlib dururdu. Birdən o günkü kimi bir əl hafizəsini silməyə 
başladı, təzə keçmişini unutdururdu. Dostlarının yanına gedib gəlirdi. Bir tikan üstündəydi, hansı 
yana dönsə bağrı qan olurdu. Bir baxışla ağlını başından alan Dəstəgülün gözlərindəki sirri dü-
şündü bir müddət. «Yandı bağrım, yandı eşqin əlindən» dedi. Çaşqın, dəli kimi yeriməyə başladı, 
dönüb çarşıya getdi və yolunu bilərəkdən viranədən  saldı. 
Dostları ordaydılar. Üçünün da yanında bir şüşə şərab var idi. 
- Çıx get işinə, - Qədir dedi, - onsuz da fələklə aramız pozulub. 
- Niyə gəldin? – Hacı dedi. – Sən tövbəli deyilmisən? 
Qüdrət yenə hüzünlü və səssizdi. 
Heydərin gözləri qəzəblə parıldayırdı. Xasiyyətini bilirdilər, dostları susdular. Viranəyə bir 
səssizlik çöktü. Birdən Qüdrətin əlindəki şüşəni çəkib aldı Heydər. 
- Oğlan… Oğlan, bir daha tövbə elərsəm, tövbələr olsun! – dedi və qırmızı şərabın şüşəsini 
çəkdi başına. 
Gecə yarısı tut ağacının dibində yenə o səs və o mahnı səslənirdi. 
Başımda qızıl tacım, həm susuzum, həm acım. 
Heydərin çaşqına dönən anası dizlərinə döyür, əllərini havaya qaldırırmış kimi bir yandan 
ağlayır, bir yandan da qarğış eləyirdi. 
- Sebep, məzarında bayquşlar ötsün... 
Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin