III
FƏSIL
Emosional
həyəcanlanma dərəcələri
Güclü ruh arxasında güclü bədən,.parlaq
zəka dayanmalıdır.
Emosional varlıq olan insan özünün fəaliyyəti dövründə təbii olaraq
müxtəlif emosional həyəcanlanma hallarını yaşayır. Bu emosional
həyəcanlanma hallarını psixoloji və fizioloci xarakterinə görə üç dərəcəyə
bölmək olar:
1. Adi emosional oyanma
2. Həyəcan
3. Stress
Bu halların hər biri özünün həm psixoloji durumu, həm də fizioloci
reaksiyası ilə fərqlənir. Emosional həyəcanlanmanın həyəcan dərəcəsində
baş verən fizioloci dəyişmələr insanın psixoloji durumu ilə müəyyən edilir.
Bu dəyişmələr qısa müddət ərzində neytrallaşır və insanın adi emosional
oyanma dərəcəsi bərpa olunur.
Psixoloji durum kifayət etmədikdə, eləcə də psixoloji duruma təsir
göstərən faktorlar çox və güclü olduqları halda emosional oyanma
həyəcanlanmanın həyəcan dərəcəsindən stress dərəcəsinə keçid alır. Bu hal
kəskin fizioloci dəyişmələrə səbəb olaraq ciddi psixoloji pozuntulara gətirib
çıxara bilər. Insanın halının emosional həyəcanlanmanın stress dərəcəsindən
adi emosional oyanma dərəcəsinə qayıdışı
57
isə psixoloqların müdaxilə etmədikləri hallarda psixi pozuntunun
xarakterindən asılı olaraq günlər, həftələr və daha çox müddət ərzində baş
verə bilər.
İdmanla məşğul olan insanlar tez-tez mübarizə anlarını, şəraitlərini
yaşamalı olurlar. Mübarizə, yarışma şəraitləri isə tamaşaçıların, xüsusilə də
idmançıların yüksək dərəcəli emosional həyəcanlanma halları, kəskin
psixoloji durumları ilə səciyyəvidir.
Bu baxımdan idmançıların müxtəlif şəraitlərdə yaşadıqları emosional
həyəcanlanma hallarını analiz etmək maraqlıdır.
Bir çox idman növləri var ki, mürəkkəb və təhlükəli elementləri ilə
maraq doğurur. Bu elementlərin həyata keçirilməsi idmançıdan böyük risk
tələb edir. Öz imkanlarını ölçüb-biçən və riskə getməyə hazır olan idmançı,
sözsüz ki, müəyyən emosional həyəcanlanma keçirir və həyəcan
dərəcəsində olur. Bu zaman idmançı bütün hərəkətlərini məşqçinin nəzarəti
altında etməlidir. Əks halda hər hansı bir səhv idmançıda qorxu hissi yarada
bilər — ya zədə almaq qorxusu, ya da elementi yerinə yetirəndə səhv etmək
qorxusu və s. Bu halda idmançının diqqəti sanki bu qorxunun üstündə
donub qalır və o, başqa diqqət obyektini izləyə bilmir.
Təkmübarizlik idman növlərində bu hal idmançının “Uduzaram” kimi
inamsızlıq qorxusudur ki, bu qorxu hissini psixikadan çıxarmaq çətindir. Bu
qorxu hissi bütün yarış boyu idmançını təqib edəcək və onun texniki,
taktiki, fiziki hazırlıq cəhətlərini zəiflədəcəkdir.
Bəzi idmançılarda tamaşaçılar, hakimlər, həmkarlar qarşısında pis
çıxış etmək qorxusu özünə qarşı inamsızlıq hissi yaradır. Beləliklə, idmançı
inamsızlıq hissi ilə mübarizə apardıqca fikri yayınır, öz potensial bacarığını
göstərə bilmir, səhvlər buraxır. Ümumiyyətlə, əgər idmançı uduzacağını
hətta düşünürsə, artıq o uduzmuşdur!
58
Usta idmançı müəyyən nəticəyə çatdıqda özündən daha artıq nəticələr
tələb etməyə başlayır. Imkanından artıq tələblər daxili mübarizənin
yaranmasının əsas səbəblərindən biridir ki, bu da nəticədə yüksək əsəbiliyə
və psixoloji tarazlığın pozulmasına gətirib çıxarır. Bu heç də o demək deyil
ki, idmançı müəyyən yüksək səviyyəyə qalxdıqdan sonra daha da yüksək
nəticəyə nail olmağa çalışmamalıdır. Deyərdim ki, əksinə, idmançı daim öz
nəticəsini təzələməyə can atmalıdır. İdmançı öz qüvvəsini, bacarığını dəqiq
qiymətləndirərək qarşıya yaxın gələcək üçün çətin və eyni zamanda yerinə
yetirilə biləcək tapşırıq qoymalıdır. Nəticənin birdən qaldırılması üçün
müəyyən vaxt stabilliyə nail olmaq lazımdır və hətta bəzən müəyyən qədər
aşağı göstərici də mümkündür. Beləliklə, idmançı daim daha yüksək nəticə
göstərməyə çalışmalıdır. Yəni ki, ancaq belə düşünməklə yüksək nəticələr
göstərməyə zəmanət var. Daha yüksək idman nəticəsinin qazanılmasına
zəmanət real planlarla, imkanları nəzərə almaqla arzuladığın zirvələri fəth
etməkdən ibarətdir.
Yarışda yenə də emosional həyəcanlanmanın səbəbkarlarının dostlar,
valideynlər və məşqçi ola biləcəyini nəzərdən qaçırmayaq. Elə valideynlər
vardır ki, özünü mütəxəssis sanaraq yarışın gedişində emosiyalarını saxlaya
bilmir, qışqırıq salır və bununla da idmançının çıxışına mane olur, onun
həyəcanının artmasına daha bir təkan verir. Ancaq elə valideynlər də vardır
ki, özlərini çox səbrli və təmkinli apararaq övladlarına daha artıq inam
vermək istəyirlər. Imkan düşəndə isə belə deyirlər: “Hər şey yaxşıdır, sən
qalib gələcəksən!”
Ümumiyyətlə, böyük həyəcan nəinki gənc, hətta usta idmançının da
özünü itirməsinə gətirib çıxara bilər.Biz idmanla məşğul olduqca, onun
qayda-qanunlarına da riayət etməliyik. Rəqibə hörmətlə yanaşmaq,
mübarizəni düzgün aparmaq və s.
59
belə qaydalardandır. Bu cəhətlər idmançıda getdikcə güclənir və
möhkəmlənir, son həddə o, şəxsiyyət kimi formalaşır. Bəzi idmançılar
rəqibin psixologiyasına təsir edib onu qorxutmaq üçün bu qanunları qəsdən
pozurlar. Məsələn, Məhəmməd Əli öz döyüşlərində göstərmək istəyirdi ki,
rəqib hətta yerə yıxılsa belə, onu ölənə qədər vurub əzməyə hazırdır. Belə
hallarda hakim onu güclə rəqibdən ayıra bilirdi. Məqsəd rəqibi şoka salmaq
və ruhunu, müqavimətini sındırmaq idi. Yarışlarda, əsasən, boksçular
psixoloji təzyiq vasitəsi kimi, “Kim daha qorxuludur?” oyununu oynayırlar.
Başqa belə təsir vasitələri də var. Bəzi idmançılar meydanda rəqiblə
görüşmürlər və yaxud görüşəndə yerə tüpürüb ayaqla onu tapdalayırlar.
Onlar bununla rəqibə “ Səni də belə əzəcəyəm” demək istəyirlər.
Məşhur basketbolçu Bill Rossel rəqib komandanın hücumularına
kobud blok qoyaraq onları qorxutmaq bacarığını çox ustalıqla nümayiş
etdirirdi. Belə ki, hücumçular yenə də kobud blokla qarşılaşmamaq üçün
topu zənbilə uzaqdan atmağa məcbur olurdular. Bu da çox vaxt səhvlərlə
nəticələnirdi.
Rəqibin psixologiyasına təsir etməyin başqa üsulu ona özünün daha
güclü olmağını göstərməkdən ibarətdir. Suya tullanan idmançı ilk öncə
özünün daha çətin və effektli suya tullanışını edir. Bununla o, bacarığını
göstərərək bu yarışda gücünün hamınınkından çox olduğunu bəyan edir,
sanki çempion olacağını bəri başdan öz rəqibinə bildirir. Əgər bu hərəkət
yüksək səviyyədə alınarsa, rəqiblər ciddi psixoloji təsirə məruz qalırlar və
öz çıxışlarını psixi təsir altında həyata keçirirlər.
Bəzi hallarda idmançılar rəqiblərindən artıq olduqlarını nümayiş
etdirmək üçün özlərini çox inamlı və sakit aparmaqla onlara təsir
göstərirlər. Özünə böyük arxayınlığın belə
60
nümayişi təzə və həyəcanlı idmançılara daha tez təsir göstərir və onlar
daha çox həyəcanlanırlar, eyni zamanda da düşünürlər: “Gör, necə sakitdir.
Yəqin ki, belə olmalıdır, lakin mən özümü ələ ala bilmirəm”. Təbii ki, belə
fikirlər həyəcanı daha da artırır və idmançıda özünə inamsızlıq yaradır.
Rəqibin psixologiyasına təsir etməyin başqa bir forması da var. Bu
halda idmançı özünün daha güclü olduğunu göstərməklə rəqiblərin
psixologiyasına təsir edir. Mən öz təcrübəmdə bunun şahidi olmuşam. Mən
keçmiş sovet dövründə yeniyetmələr arasında keçirilən SSRI birinciliyində
iştirak edirdim. Yarışdan əvvəl bir idmançı öz çəkisinə uyğun idmançıların
bir yerə yığıldığını görüb yaxınlıqdakı turnikdən bir əlli çəkilməyə başladı.
Biz bunu görəndə çox təəccübləndik və daxilimizdə bir həyəcan hissi baş
qaldırdı. Mən öz-özümə pıçıldadım: “O nə güclüdür, kaş mənimlə
düşməyəydi”. Beləliklə, getdikcə artan həyəcan özümə qarşı inamsızlıq
hissinin yaranmasına səbəb oldu ki, bu da mənə yarışda yaxşı iştirak etməyə
imkan vermədi. Mən həmin yarışda aldığım psixoloji təsir altında məğlub
oldum. Halbuki, mən də fiziki cəhətdən o qədər də zəif deyildim. Lakin bir
əllə dartına bilmədiyim üçün həmin idmançı mənə qeyri-adi güclü rəqib
kimi göründü. Düzdür, mən yarışda həmin idmançı ilə qarşılaşmadım, lakin
onun etdiyi psixoloji təsir mənim məğlubiyyətimlə nəticələndi. Haqqında
danışdığımız idmançı da çempion olmadı. Fiziki cəhətdən zəif, lakin
psixoloji və texniki cəhətdən hazırlıqlı bir idmançı ona qalib gəldi. Lakin
onun mənə etdiyi psixi təsir öz işini gördü.
Bizə təsir edən psixoloji təzyiqdən heç məşqçimizin belə xəbəri
olmadı. Deməli, idmançıya təsirlərin hamısını məşqçi duya bilməz. Gərək,
idmançının özü buna hazır olsun. Qəti deyirəm ki, mən psixoloji cəhətdən
bir qədər hazırlıqlı olsaydım,
61
hətta o kobud gücə malik rəqibə də çox asanlıqla qalib gələ bilərdim.
Başqa bir misal: İdmançı öz rəqiblərinin yanında sanki öz dostuna
müraciətlə deyir: “Mən yarışa çox gözəl hazırlaşmışam, yaxşı formadayam,
hamıya qalib gələcəyəm”. O, hamının eşidəcəyi tərzdə söylədiyi bu sözləri
guya təsadüfən səsləndirir. Ancaq əslində məqsəd psixoloji təsirə
hesablanmışdır. Sözsüz, belə psixoloji fəndlər ilk növbədə cavan
idmançılara təsir etmək məqsədi güdür. Usta idmançılar bu cür təsirlərə
ciddi reaksiya vermirlər.
Ümumiyyətlə, həyəcanın mənbəyi tək yarış deyildir. Əgər sprinter
beynində evdə olan xəstəni düşünürsə, o, hakimin güllə atımına vaxtında
reaksiya verə bilməyəcək. Yaxud futbolçu evdə həyat yoldaşı ilə dalaşıbsa,
o, uzaqdan gələn ötürmələri qəbul etməyə qadir olmayacaqdır.
Psixi təsirlərdən müdafiənin yeganə yolu idmançıda yüksək səviyyədə
özünü idarə etmək, həmçinin diqqəti toplamaq və çevik surətdə lazımi
obyektə yönəltmək bacarıqlarını formalaşdırmaqdan ibarətdir.
Rəqibin psixologiyasına təsir göstərib ona qalib gəlmək yolunun
klassik formasına sərbəst güləş üzrə 3 dəfə olimpiya çempionu, 7 dəfə
dünya çempionu Aleksandr Medvedin işlətdiyi psixoloji təsir fəndini misal
göstərmək olar: Onun olimpiya oyunlarının son final görüşündə alman
güləşçisi ilə çətin şəraitdə keçən mübarizəsində hesab açılmamışdı.
Qəfildən Medvedin barmağı çıxır. Hakim və rəqibi onu həkimə aparmağa
çalışır, lakin Medved həkimə getməkdən boyun qaçıraraq öz barmağını
rəqibin gözü qarşısında yerinə salır və mübarizəni davam etdirməyə
başlayır. Bunu görən rəqib belə mübariz və məğlubedilməz idmançıya qalib
gəlməyin mümkün olmayacağını düşünür. Rəqibin psixologiyasını bu cür
62
ustalıqla sındırıb qalib gəlmək idmançıdan güclü ruh, yüksək,
hərtərəfli hazırlıq və böyük intellekt tələb edir. Biz yuxarıdakı misalda
idmançının psixologiyasında möhkəmlik və mübarizlik hissinin nə qədər
yüksək olduğunu və belə idmançını nə ağrının, nə də başqa təsirlərin öz
məqsədindən və diqqətindən ayıra bilmədiyinin şahidi oluruq. Dahi
idmançının belə bir bacarığı ona doğulandan verilməmişdir. Bu bacarıq
illərlə planlı surətdə, düzgün keçirilmiş, yüksək səviyyəli məşqlərin
nəticəsidir.
Beləliklə, əgər biz də idmançılarımıza öz zallarımızda hərtərəfli,
peşəkar səviyyədə yazılmış təlim-məşq planları ilə məşqlər keçsək,
inanıram ki, bizim idmançıların arasından da yüzlərlə öz Medvedlərimiz
çıxar. Ümumiyyətlə, psixoloji cəhətdən mübarizəyə tam hazır olan idmançı
yarış vaxtı məşqdəkindən dəfələrlə yaxşı nəticə göstərəcəkdir. Əksinə,
psixoloji cəhətdən zəif olan idmançı yarış vaxtı məşqlərdəki bacarığından
qat-qat aşağı nəticə qazanacaqdır.
Qabaqlar peşəkar idmançıların məşqçiləri komandanı çox ciddi
recimdə saxlayırdılar. Məşqlər qapalı keçirilirdi. Komandanı aparan
avtobusa başqa bir şəxs minə bilməzdi, hətta müxbirlərin və müdiriyyətin
idmançılara yaxınlaşmalarına və məşqlərin gedişinə müdaxilə etmələrinə
icazə verilmirdi. Bütün bunlar komandanın psixoloji durumunun müəyyən
qədər sabit saxlanılmasına səbəb olurdu.
Bu gün hər sahədə vəziyyət dəyişdiyi kimi, idmanda da dəyişilib.
Curnalistlər harada gəldi idmançılardan müsahibə alır, kim istəsə
idmançılara yaxınlaşa bilir. Bir komandada keçirdiyim test yoxlamasında
“Yarışda səni narahat edən və qıcıqlandıran səbəb nədir?” sualının
cavabında idmançıların əksəriyyəti müdiriyyətin onlara göstərdiyi psixoloji
təsiri qeyd etdi. Məşq vaxtı müdiriyyətin onsuz da həyəcan keçirən
idmançılara
63
yaxınlaşıb “Mütləq qalib gəlməlisən!” əmrini və tapşırığı verməsi
onların narahatlığının daha da artmasına səbəb olur. Döyüş vaxtı
müdiriyyətin təzyiqi az imiş kimi, video çəkən operatorlar da qıraqdan
vaxtlı-vaxtsız — “Ə, tez elə vur, nə dayanmısan, vur!” — deyə idmançının
sərbəst işləməsinə mane olmağa başlayırlar. Beləliklə, iki səbəb üzündən
balaca bir komandanın idmançılarında çox böyük narahatlıq və psixoloji
gərginlik yaranır.
İdmanın məqsədi - qalib gəlməkdir. Bunu idmançıya deməsən də, özü
bilir. Lakin mütləq qalib gəlmək tapşırığının qıraqdan verilməsi onu
çaşdırır. Bu tapşırığı idmançı özü-özünə verə bilər və bu halda o heç
həyəcanlanmaz da, əksinə qətiyyətli olar. Lakin tapşırıq qıraqdan
psixologiyaya müdaxilə formasında olanda böyük həyəcan yaradır. Buna
səbəb idmançıda cavabdehliyin hədsiz artması və “birdən uduzaram” qorxu
hissinin əmələ gəlməsidir. Ümumiyyətlə, usta idmançılar məşqçi ilə və
yaxud məşqçisiz öz psixologiyalarını tənzimləməyi bacarmalıdırlar.
Psixoloji hazırlıq üsullarından biri belə ola bilər: İdmançı bədənini
yarışa hazırladıqdan sonra çıxışına qədər qalan vaxtda zalın sakit bir yerinə
çəkilərək özünü psixoloji cəhətdən mübarizəyə hazırlamağa başlayır. Bu
halda o, müəyyən sözlər təkrarlayır, bu sözləri tələsmədən beynindən və
ruhundan dolaşdıraraq indiki sakit aləmdən mübarizə aləminə keçməyə
başlayır. Bununla da onun beyni, ruhu, cismi YMH səviyyəsinə keçir və
mübarizəyə hazır olur. İdmançının öz-özünə söyləyəcəyi mətn təxminən
belədir: “Indi öz sözünü demək növbəsi mənimdir. Indi mən gözəl,
fantastik, təkrarolunmaz bir güləş göstərəcəyəm! Elə bir güləş ki,
gözəlliyindən bütün baxanlar heyran qalsınlar. Elə bir güləş ki, nərəsindən
bütün dağlar lərzəyə gəlsin. Beynim aydın və işıqlıdır. Ruhumun
64
qüvvəsi bütün bədənimə bərabər yayılıb, mənə bir Günəş hərarəti
verir. O artır, artır, artır... Mənə, qarşısıalınmaz bir sel qüvvəsi verir. Mən
artıq hazıram, heç kimi eşitmirəm, heç kimi görmürəm, irəli!”.
İdmançı bu mətni söyləyə-söyləyə daxilində deyilənləri hiss edərək
özünü YMH mərhələsinə qaldırır. Bu halda artıq idmançı öz emosional
həyəcanlanma səviyyəsində mübarizəyə daxil olur.
Psixoloji hazırlıq prosesinin ilk etapında diqqət tam daxili olur.
Mübarizə etapında isə idmançının diqqəti idman növünə lazım olan diqqət
formasına keçir. Əsasən, təkmübarizlikdə diqqət dar və daxili olmalıdır.
Yuxarıda deyilmiş psixoloji hazırlığı aşağıdakı kimi izah etmək
mümkündür:
“Indi öz sözünü demək növbəsi mənimdir!”
Bu sözlərlə mən idmançıya bildirmək istəmişəm ki, o mübarizəyə
çıxanda tər tökməyə yox, yüksək sənət əsərlərinə bərabər idman əsəri
yaratmağa gedir. Bu fikir idmançıya ruh verir. O, hər yeni görüşündə yeni
idman əsəri yaratmağa çıxdığını düşünür. Eyni zamanda da daxilində
həyəcan hissi əvəzinə, yaradıcılıq hissi baş qaldırır.
“Indi mən gözəl, fantastik, təkrarolunmaz bir güləş göstərəcəyəm! Elə
bir güləş ki, gözəlliyindən bütün baxanlar heyran qalsınlar!”
Bu tapşırıq, daha doğrusu, taktiki plan ruha, beyinə və bədənə verilmiş
bir əmrdir.
Bununla idmançı beynində öz sevdiyi gözəl bir fəndini rəqibə
məharətlə işlədəcəyini və bu anda tamaşaçıların fəndin gözəlliyinə heyran
olaraq alqışla ayağa qalxacaqlarını təsəvvürünə gətirir. Bu fikri beynindən
keçirməklə güləşçidə emosional oyanış başlayır. O, beynində mübarizədə
işlədəcəyi
65
fəndin planını qurur.
“Elə bir güləş ki, nərəsindən bütün dağlar lərzəyə gəlsin!”
Bunu deməklə idmançı beynindən yenə də gözəl bir fənd keçirir və bu
fəndi işlədərkən onun çox böyük nərəylə tamamlandığını təsəvvüründə
canlandırır. O hiss edir ki, bu nərədən dağların başındakı zirvələrdən daşlar
tökülür. Bununla o, emosional həyəcanlanmanın ona lazım olan zirvəsinə
qalxır.
“Beynim aydın və işıqlıdır!”
Bununla idmançı beyninə əmr verərək onda olan artıq və lazımsız
fikirləri silir, qarşıdakı işi çox aydın və işıqlı gördüyünü hiss edir. Eyni
zamanda beynində aydınlıq yarandığını, həm də çıxış vaxtı gedən
mübarizəni idarə etməyə tam hazır olduğunu bildirir.
“Ruhumun qüvvəsi bütün bədənimə bərabər yayılır, mənə bir Günəş
hərarəti verir!”
Burada idmançı ruhun qüvvəsinin fiziki-qüvvəyə qatışmasını duymağa
başlayır və bu qatışma ilə bərabər bədəninə güclü qüvvənin, bir Günəş
hərarətinin, istiliyinin axınını hiss edir. Eyni zamanda burada beynin daxili
orqanları necə idarə etdiyini duymaq mümkündür. İdmançı bu qüvvənin və
istiliyin əsasən orqanizmdə günəş kələfi deyilən nöqtədən artdığını duyur.
“O artır, artır, artır... Mənə qarşısıalınmaz bir sel qüvvəsi verir!”
Burada deyilənlər emosiyanın oyanmasına və həyəcana təkan verir.
Söhbət yuxarıda dediyimiz üçlüyün yaranışından, yəni ruhi, əqli və fiziki
qüvvənin vəhdətindən əmələ gələn sel qüvvəsindən gedir. Bu zaman
idmançı daxili diqqətlə özünün tam hazır olduğunu duyur və görəcəyi işin
icrasını gözləyir.
“Mən artıq hazıram, heç kimi eşitmirəm, heç kimi görmürəm,
66
irəli!”
Burada verilmiş hazırlıq birinci dərəcəli hazırlıq əmridir ki, ruha,
beynə və cismə ünvanlanır. Bu üçlüyün birliyi yarandığına görə əmr ümumi
müraciət formasında verilir. “Heç kimi eşitmirəm, heç kimi görmürəm”
sözləri diqqətin yadına salır ki, o ancaq lazım olan və tələb olunan işə
yönəlsin.
“Irəli!” əmri isə görüləcək işə başlamaq məqamı çatdığını bildirir.
Təsvir etdiyimiz bu psixoloji hazırlıq idmançılara özlərinin gələcək
psixoloji hazırlıqlarını yaratmaqda kömək göstərəcəkdir. Deyilənləri hiss
edə bilən idmançı artıq öz psixologiyasını tam idarə etməyə qadir olan
idmançıdır. Bunun üçün məşqlərdə gündəlik olaraq bu psixoloji
tənzimləməni məşq etmək və hazırlamaq lazımdır ki, hissləri tam idarə edə
biləsən.
Mənim yaratdığım klubun idmançısı artıq çıxışa addımlayıb gedəndə
yumruğunu düyünləyib üzünü məşqçisinə və komandasına tutub ürəklə
deyirdi: Igiddən başqa igid yoxdur! Və mətin addımlarla mübarizəyə
yollanırdı. Sanki o, bununla dediyi sözləri sübut etməyə getdiyini bildirirdi.
Həqiqətən də, bu belədir. Çünki o qeyrətlə mübarizəyə daxil olan oğul
başqa cür hərəkət edə bilməzdi.
Nəzərinizə çatdırıram ki, bu yaxınlarda taykvando haqqında kitab
aldım [7]. Kitabın məni maraqlandıran psixologiya və taktika haqqında
hissələrini vərəqlədim. Hər biri iki səhifədən ibarət idi. Bununla bildirmək
istəyirəm ki, kitablarda idmançıların psixoloji durum məsələlərinə çox
ümumi şəkildə toxunulur və geniş məlumat verilmir. Əvvəla, bu, hər bir
idmançının və məşqçinin sirli saxladığı sahəsidir və fərdi bir hazırlıqdır.
67
Biz öz psixologiya mərkəzimizi yaratmaqla, psixoloji bazamızı
yaratmış olarıq. Bu isə artıq sabah yox, bu gün yaradılmalıdır. İdmançının
öz psixologiyasını idarə etməyi bacarması ona potensial imkanlarından daha
çox və səmərəli istifadə edib qarşıya qoyduğu tapşırığı həyata keçirməsinə
imkan verir.
68
IV FƏSIL
İdmançıların yarışda həyəcanı və çıxışı
Mübarizəyə çıxanda kim olduğunu
deməyə çıxdığını düşün.
Bir çox Asiya məktəblərinin məşqçiləri psixoloji hazırlıqda maksimum
dərəcədə sakitliyə üstünlük verirlər. Bu məktəbin təliminə görə, əks halda
idmançının ruhi sakitliyi pozula bilər və o, öz çıxışını idarə etmək
bacarığını itirər.
Asiyanın məşqçilərinin tam əksinə olaraq, qərb ölkələrinin
məşqçilərinin fikrincə, emosionallığı aşağı salmaq yox, əksinə qaldırmaq
lazımdır. Onların fikrincə, emosional həyəcan idmançının yarışda iştirakına
çox kömək edir. Hətta bəzi məşqçilərin qənaətinə görə, idmançılar
yarışqabağı yarıac olmalıdırlar ki, mübarizəni hirsli və gərgin keçirə
bilsinlər. Ac olmaq isə, onların fikrincə, buna yaxşı şərait yaradır. Hətta
məşqçilərdən biri bu fikrə o qədər aludə olmuşdur ki, yarış vaxtı idmançılar
mübarizəni texniki və başqa hazırlıqların zəifliyi ucbatından yox, aclığın
yaratdığı zəiflikdən məğlub olmuşdular. Bildiyiniz kimi, yarışda çıxışlar
eyni vaxtda keçirilmir. Yarışın axırına yaxın çıxış edəcək idmançıların
orqanizmi daha çox zəifləyir ki, bu halda idmançı nəinki ac və hirsli, əksinə
ac və zəif olur. Bu da mübarizədə özünü göstərərək idmançının
məğlubiyyəti ilə nəticələnir.
Bəzi hallarda da məşqçi yarışqabağı idmançının psixoloji durumunu öz
emosional çıxışları ilə qaldırmağa üstünlük verir ki, bu da bütün
idmançılara eyni cür təsir göstərmir. Müəyyən vaxtdan sonra deyilmiş
sözlər öz təsirini itirir. Yarışqabağı
69
orqanizmdə emosional həyəcandan yaranan dəyişikliklərdən biri də
stress vəziyyətdir ki, bu da idmançıda böyük həyəcandan və idmançıya təsir
edən qıcıqlandırıcı təsirlərdən baş verə bilər. Ümumiyyətlə, yarış zamanı
orqanizmdə gedən fizioloci dəyişikliklərdən biri də böyrəkaltı vəzin ifraz
etdiyi adrenalin maddəsinin qanda artmasıdır ki, bu da qanın durulaşmasına
səbəb olur. Bu proses insanda qeyri-adi iş bacarığı yaradır. Belə bir hadisə
qeydə alınmışdır: Evi yanan bir qadın əşyalarını xilas edərkən içi dolu
böyük bir sandığı tək bayıra çıxarır. Ancaq xilas olmuş əşyaları maşına
yığanda bir neçə kişi həmin sandığı maşına qaldıra bilmir. Ümumiyyətlə,
müəyyən edilmişdir ki, vəhşi heyvanlar ova hazırlaşanda onların da qanında
adrenalinin artması prosesi baş verir. Buna orqanizmin görüləcək işə təbii
hazırlaşması prosesi kimi baxmaq olar.
Bəzi məşqçilər hesab edirlər ki, hətta bir idmançının belə tam sakit
olması bütün komandanın YMH-na təsir edir və onu aşağı salır. Belə
məşqçilər hesab edirlər ki, əgər idmançı sakitdirsə, o, diqqətini intensiv
şəkildə bir yerə yığmağa qadir deyildir və yalnız yüksək emosional həyəcan
halında buna qadirdir. Bu cür düşünən məşqçilər razı ola bilmirlər ki, elə
sakitlik özü bəzi idmançılar üçün YMH-na hazır olmaq halıdır.
Beləliklə, biz sizinlə birlikdə belə bir sualın cavabına münasibət
bildirməliyik: Asiyanın məşqçilərinin, yoxsa qərb məşqçilərinin fikri
düzgündür? Asiya ölkələrinin məşqçiləri startqabağı maksimum ruhi
sakitliyə çalışırlar. Qərb ölkələrinin məşqçiləri isə maksimum emosional
həyəcana malik olmağa can atırlar. Bunların hansının idmançıya düzgün
təsir etdiyini aşağıdakı araşdırmalarımızda əsaslandırıb yekdil fikrə
gələcəyik. Əvvəlcə bu anlayışların tək mütəxəssislərin yox, adi məşqçilərin
və idmançıların da başa düşmələrini təmin etməkdən ötrü bəzi anlayışlara
izah verərək sadələşdirək. Stress-ekstremal vəziyyətlər insanın psixikasının
maksimum gərginlik
70
keçirdiyi haldır. Insanın böyük narahatlığı və çətinliyi dövrü, həm də
fiziki və əqli yükü həddindən artıq olduqda stress keçirmə ehtimalı daha
çox olur. Emosional həyəcanın idmançının çıxışına yaxşı və ya pis təsir
göstərməsini müəyyən etmək üçün vizual nəzarət və qeydiyyatlar aparmaq
lazımdır.
İdmançının yarışqabağı və çıxışı dövrlərinə nəzarət edərək
qeydiyyatlar aparılarsa, onun YMH-na tam hazır olduğunu göstərən
əlamətləri təyin etmək mümkündür. Bu, əsasən, müəyyən simptomlarla, o
cümlədən ürək döyüntüsünün güclənməsi, hərəkət koordinasiyası, hətta
danışanda suala cavab vermək bacarığı və s. ilə təyin edilə bilər.
Stress halı orqanizmin psixoloji halının ekstermal vəziyyətə hazırlığına
təbii cavabı kimi baş verir. Stress halının idmançıya iki cür təsirini hiss
etmək mümkündür. Birinci halda stress səviyyəsinin yüksək olduğu zaman
idmançı yarışa tam hazır olsa da, özündə inamsızlıq hiss edir və böyük
narahatlıq keçirərək özünü çox yorğun sanır (şok vəziyyəti).
Ikinci halda idmançı özünü çox gümrah və inamlı hiss edir ki, bu da
idmançıda yarışmaq arzusunu qüvvətləndirir. Bu, idmançının çox zəif stress
vəziyyətinin (EO-nın həyəcan dərəcəsindən stress dərəcəsinə keçid anı, çox
zəif stress), yəni emosional vəziyyətinin ona müsbət təsir göstərən
səviyyədə olduğunu göstərir. Bu halda idmançı YMH-nın ona uyğun gələn
səviyyəsində olur.
Dostları ilə paylaş: |