13. Pedaqoji prosesin mahiyyəti və mərhələləri - Qarşıya qoyulmuş məqsədə çatmaq üçün müəllimlə şagirdlərin qarşılıqlı təsirinə pedaqoji proses deyilir. Pedaqoji proses bir sistem kimi çox mürəkkəb mexanizmdir. O, təlim-tərbiyə, təhsil, inkişaf, formalaşma, öyrədənlərlə öyrənənlərin, tərbiyə edənlərlə tərbiyə olunanların qarşılıqlı əməkdaşlığı və s. prosesləri özündə ehtiva edir.
Pedaqoji prosesin subyektini ayrı-ayrı şəxslər, yəni tərbiyə edənlər (tərbiyəçi, müəllim, valideyn, təhsil müəssisəsinin rəhbərləri, həmçinin şagirdlər, tələbələr , onların toplandığı qruplar təşkil edir Pedaqoji proses tam, mürəkkəb və dinamik sistemdir. Onun aşağıdakı komponentləri var: Məqsəd, məzmun, fəaliyyət və nəticə komponentləri.
Məqsəd komponeneti - pedaqoji fəaliyyətin məqsəd və vəzifələrinin birləşdirir;
Məzmun komponenti - məqsədə və vəzifələrə qoyulan mənanı əks etdirir;
Fəaliyyət komponenti – müəllim və şagirdlərin qarşılıqlı əməkdaşlığını , pedaqoji prosesin təşkili və idarə olunmasını nəzərdə tutur. Pedaqoji ədəbiyyatda bu komponentə təşkilati- idarəetmə komponenti də deyilir.
Nəticə komponenti isə əldə olunmuş nailiyyətləri əks etdirir.
Pedaqoji proses əmək prosesidir.O ictimai əhəmiyyətli məqsədlərə çatmaq üçün həyata keçirilir.Hər bir əmək prosesi kimi onun da sonunda hazır məhsul yaradılır. Lakin digər əmək proseslərindən fərqli olaraq bu məhsul mütəşəkkil təhsil-tərbiyə görmüş,həyata hazır olan canlı insandır
Bütün pedaqoji proseslərin inkişafında eyni mərhələlər nəzərə çarpır. Mərhələlər prosesin tərkib hissələri deyil, onun inkişaf ardıcıllığıdır. Pedaqoji prosesin üç başlıca mərhələsi – hazırlıq, əsas, yekun mərhələləri vardır.
Pedaqoji prosesin hazırlıq mərhələsində aşağıdakı mühüm vəzifələr həll olunur: qarşıya məqsədin qoyulması, şəraitin diaqnostikası, nailiyyətlərin proqnozlaşdırılması, prosesin inkişafının planlaşdırılması və s.
Pedaqoji prosesin bu mərhələsində ümumi pedaqoji məktəbin tələbləri ilə tədris müəssisələrinin, şagird kontingentinin konkret imkanları arasında ziddiyyətləri aşkara çıxarılır və planlaşdırılan prosesdə həmin ziddiyyətlərin həlli yolları nəzərdə tutulur.
.Pedaqoji prosesin əsas mərhələsi qarşılıqlı əlaqədə olan mühüm elementləri özündə birləşdirir Bu elementlər aşağıdakılardır: qarşıdakı fəaliyyətin məqsəd və vəzifələrinin müəyyən olunması və izah edilməsi; pedaqoqlarla şagirdlərin qarşılıqlı təsiri; pedaqoji prosesin nəzərdə tutulmuş metodları; vəzifələri və formaları; əlverişli şəraitin yaradılması; məktəblilərin fəaliyyətini stimullaşdırmaq üçün müxtəlif tədbirləri həyata keçirmək; pedaqoji prosesin digər proseslərlə əlaqəsini təmin etmək.
Pedaqoji prosesin yekun mərhələsi alınan nəticələrin təhlili ilə başa çatır. Təhlil edən zaman pedaqoq buraxılan səhvlərdən həm nəticə çıxarır, həm öyrənir və həm də inkişaf edir.