4. İctimai rəy metodu tələbin kollektiv forması olub, müəyyən şəxs və hərəkətlə bağlı kollektivin ümumi rəyini, qiymətini ifadə edir. İctimai rəy kollektivin iradəsini əks etdirməklə fəal və təsirli qüvvə kimi çıxış edir. Kollektivin əksər üzvləri ümumi məqsəd uğrunda birləşdikdə, onun həyatında fəal iştirak etdikdə sağlam ictimai rəy formalaşdırıb, onu tərbiyə işinə istiqamətləndirmək olar. Əgər kollektiv üzvləri ümumi ideya və hisslərlə yaşayirlarsa, mənfi hallara dözülməzlik göstərib onları aradan qaldırmağa çalışırlarsa, bu, kollektivdə sağlam ictimai rəyin formalaşmasının göstəricisidir.
5. Təmrin (məşq) metoduhərəkətlərin təkrarı yolu ilə onları möhkəmləndirib müsbət davranış adətləri yaratmaq məqsədi güdür. Təmrin metodu çox vaxt müxtəlif növ tapşırıqlar formasında ifadə olunur. Uşaqları dibçəklərə qulluq etməyə, növbətçilik işinə, geridə qalanlara köməyə, müəyyən tədbiri təşkil etməyə, kitabları təbliğ etməyə, müəyyən ictimai işlərə cəlb etmək olar. Şagirdləri müəyyən davranış və fəaliyyətdə təmrin etdirməyin mühüm bir vasitəsi də rejimdir.
6. Rejim insanın həyat və davranışını tənzim edən qaydaların məcmusudur. Uşağın günü rejimlə tənzim edildikdə o, müəyyən qaydalara tez alışır, onda davranış adətləri daha tez və asanlıqla yaranır. Rejimə öyrənən uşaq müəyyən müddətdən sonra heç bir xəbərdarlıq olmadan, bu və ya digər fəaliyyəti özü icra edir, vaxtında dərslərə hazırlaşır, açiq havada oynayır, sərbəst vaxtda sevdiyi işlə məşğul olur. Rejimsiz həyat sürən uşaq isə qaydasız gün keçirir, çox vaxt küçədə olur, valideynlərin təkidli tələblərinə baxmayaraq, ev tapşırıqlarını vaxtında yerinə yetirmir, evdə, məktəbdə və ictimai yerlərdə müəyyən davranış tərzinə alışa bilmir.
43. Fəaliyyəti və davranışı stimullaşdıran metodlar (rəğbətləndirmə və cəza) Bu metodlar qrupu insanın hissi aləminə təsir göstərməklə onu yaxşı hərəkətləri möhkəmləndirməyə, pis hərəkətlərdən çəkindirməyə xidmət edir. Belə ki, yaxşı hərəkətinə görə təriflənən uşaq bundan məmnunluq hissi keçirir və bir daha müsbət hərəkətlər etməyə çalışır. Eləcə də pis hərəkətinə görə cəza alan uşaq istirab hissi keçirir və bir daha belə hərəkətlərə yol verməməyə çalışır. Beləliklə, rəğbətləndirmə və cəza insanın davranışını stimullaşdırmağa kömək göstərir: onu yaxşı hərəkətlərə sövq edir, pis hərəkətlərdən çəkindirir. Buna görə də bəzi pedaqoji məbələrdə bu metodlar qrupu rəğbətləndirmə və cəza metodları adlanır. Bu qrupa habelə yarış metodu da daxildir.
Yarış metodu insanın fəallığını, təşəbbüskarlığını stimullaşdıran, geridə qalanların qabaqcıllar sırasına çıxması üçün səylərini gücləndirməyə kömək edən təsirli vasitədir. Bu metodun sosial-psixoloji əsası ondadır ki, hər bir insan, o cümlədən uşaq, yeniyetmə və gənc sağlam rəğbətə, başqalarından fərqlənməyə, özünütəsdiqə meyilli olur. Yarış müxtəlif sahələr üzrə təşkil edilə bilər: təlimə məsuliyyətli münasibət, davamiyyət, sinif otağında təmizlik və səliqə, intizam, əmək, idman, bədii yaradıcılıq və digər sahələrdə keçirilir. Yarış formaca kollektiv və fərdiola bilər. Tərbiyəvi baxımdan kollektiv yarışların rolu daha böyükdür.