Ali məktəb pedaqogikasının kateqoriyaları
Ali məktəb pedaqogikası ümumi pedaqoji anlayış və kateqoriyalara istinad edir. Pedaqoji anlayış və kateqoriyalar pedaqoji faktların, hadisə və proseslərin ümumi və mühüm əlamətlərini əks etdirən təfəkkür formalarıdır. Kateqoriyalar nisbətən geniş anlayışlar olub, bir neçə anlayışı özündə birləşdirir. Məsələn, “şəxsiyyətin inkişafı” kateqoriyası şəxsiyyət, psixi inkişaf, şəxsiyyətin təşəkkülü və formalaşması kimi anlayışları özünə daxil edir.
Pedaqogikanın, o cümlədən ali məktəb pedaqogikasının kateqoriyalarına peda-
qoji proses, tərbiyə, təhsil, təlim, tədrisetmə, öyrənmə, özünütəhsil, özünütərbiyə, şəxsiyyətin inkişafı və s. daxildir. Onların mahiyyətini qısaca nəzərdən keçirək.
Pedaqoji proses daha geniş kateqoriya olub, bir çox kateqoriya və anlayışları (tərbiyə, təhsil, təlim, şəxsiyyətin inkişafı, özünütəhsil, özünütərbiyə və s.) özündə birləşdirir, onların vəhdətini nəzərdə tutur.
Tərbiyə – insan şəxsiyyətinin məqsədyönlü, sistemli və planlı şəkildə forma- laşması prosesinin idarə edilməsi və onun nəticəsidir. O, iki mənada – geniş və dar mənada işlənir. Geniş (sosial) mənada tərbiyə sosial təcrübənin (əvvəlki nəsillərin əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların) gənc nəslə verilməsi prosesi kimi başa düşülür. Bu halda tərbiyə bioloji, sosial təsirləri, o cümlədən tərbiyə, təhsil və təlimi də özündə birləşdirir. Dar (pedaqoji) mənada tərbiyə dedikdə isə məktəbdə və ailədə verilən tərbiyə (o cümlədən təlim və təhsil) başa düşülür.
Özünütərbiyə insanın məqsədyönlü və planlı şəkildə öz üzərində işləməsi, şəxsiyyətini təkmilləşdirməsi prosesidir. Özünütərbiyə tərbiyə ilə paralel getməli, tədricən onu əvəz etməlidir.
Tərbiyə prosesi, bir qayda olaraq, yenidəntərbiyə ilə müşayiət olunur. Yeni- dəntərbiyə insanın şüur, xarakter və davranışında kök salmış mənfi halların, keyfiyyətlərin aradan qaldırılması və müsbət keyfiyyətlərin aşılanması prosesidir.
Tərbiyə bir çox yollarla, o cümlədən təhsil və təlim yolu ilə həyata keçirilir.
Təhsil insanın sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir. Təhsil müxtəlif yollarla – təlim və özünütəhsil yolu ilə (eləcə də onların vəhdəti ilə) əldə edilir.
Özünütəhsil insanın öz zehni inkişafı ilə müntəzəm məşğul olması, idrak tələbatlarını ödəməsi prosesidir. Özünütəhsil təlimlə yanaşı getməli, bir-birini tamam- lamalıdır.
Təlim müəllimin rəhbərliyi altında təhsilalanların sistemləşdirilmiş bilik, baca- rıq və vərdişlərə yiyələnməsi prosesidir. Təlim iki fəaliyyət növünə – müəllimin öyrətmə (tədrisetmə) fəaliyyətinə və tələbənin öyrənmə (təhsilalma) fəaliyyətinə,
onların vəhdətinə əsaslanır.
Dostları ilə paylaş: |