Mədəni-tarixi amillər . Hər bir ölkənin özünəməxsus xüsusiyyətləri dünyanın rəngarəngliyini və
təzadlılığını yaradır. Abidələrdə qorunub saxlanmış tarix, xalqların adət və ənənələri, qədim şəhərlərin
memarlıq görünüşü, milli mətbəx nümunələri yeni təəssüratlar dalınca səyahətə çıxan səyyahları cəlb edir.
Kimisə səsli-küylü Braziliya karnavalı, kimisə Yaponiyanın sakit daş bağçası cəlb edir. Məsələn, Çinə,
qeyri-adi yeməklər dadıb, tarixə toxunmaq, Böyük Çin səddinə çıxmaq üçün yollanırlar. Fransada möhtəşəm
şərabların dadına baxaraq, əsas şərabçılıq rayonları olan – Şampan, Bojole, Konyak və s. gəzmək imkanı
yaradılır.
Müasir beynəlxalq turizm, iqtisadi və sosial inkişaf çərçivəsində çətin və çox zaman ziddiyyətli
proses olmaqla, həm də regional səviyyədə son dərəcə qeyri-bərabər inkişafı ilə seçilir. Turizm rekreasiya
sahəsinin səviyyəsini müəyyənləşdirən amillər arasında sosial-iqtisadi amillər aparıcı rol oynayır. Turizm
müəyyən dərəcədə planetimizin ölkə və regionlarının sosial-iqtisadi inkişaf səviyyəsini əks etdirir, bir
tərəfdən təsərrüfat və sosial yüksəlişi stimullaşdıra bilir, digər tərəfdən əlavə iş yerlərinin yaradılmasına
səbəb olur. Sonuncu hal, ölkələrin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, zəif inkişaf
etmiş regionlar üçün xüsusilə mühümdür. Qeyd etmək lazımdır ki, beynəlxalq turizmdə İkinci Dünya
müharibəsindən sonrakı dövrün ən parlaq nümunəsi, Asiya-Sakit Okean regionunun rolunun dəyişməsi və
əhəmiyyətinin artması, inkişaf etmiş regionlara sıx yaxınlaşa bilməsi olmuşdur.
Beynəlxalq turist axınlarının coğrafiyası və dinamikası. Nəzərə alınmalıdır ki, dünyanın, hətta ən yaxşı turist-rekreasiya ehtiyatlarına malik olan bölgələri belə
tam öyrənilməmiş və kütləvi turizm üçün hələlik əlçatmaz hesab olunur. Hər hansı sosial-iqtisadi proses
kimi beynəlxalq turizm də cəmiyyət qanunlarına uyğun olaraq inkişaf edir. Beynəlxalq turizm axınının
formalaşmasının və istiqamətlərinin müasir mənzərəsi, bir sıra amillərin fəaliyyətinin nəticəsi kimi
yaranmışdır. Tədqiqatçıların böyük əksəriyyəti 4 amilə istinad edirlər:
-
Sosial-iqtisadi amillər (ilk öncə ərazinin sosial-iqtisadi səviyyəsi, siyasi stabillik və s.);
-
Ehtiyat-rekreasiya potensialına aid edilən amillər (həm təbiət, həm də antropogen mənşəli);
-
Infrastruktur xarakterli amillər;
-
Coğrafi mövqe amili (xüsusilə, əsas turist bazarlarına münasibətdə).
Bu qrup amillərin birgə fəaliyyəti, nisbətən stabil turizm axınının formalaşmasına səbəb olur, bu da öz
növbəsində rekreasiya hərəkatının müəyyən intensivliyi, beynəlxalq turist regionlarının yaranması və
mövcudluğu ilə müşahidə edilir.
ÜTT-nin statistikası göstərir ki, son illərdə beynəlxalq səyahətlər və bu sahədən əldə olunan gəlirlər,
dünyanın bütün regionlarında artmışdır. Beynəlxalq turizmin inkişaf səviyyəsinə görə Avropa qabaqcıl
regiondur, çünki burada daha əlverişli, sosial-iqtisadi, siyasi, mədəni-tarixi və nəqliyyat-rabitə şəraiti
mövcuddur. Bütün əsas göstəricilər üzrə üstünlüyə malik olan Avropa regionu gərgin turist axını ilə də digər
regionlardan seçilir. 2015-ci ildə 608 mln. turist qəbul etmişdir ki, bu da, dünya üzrə ümumi səyahətlərin
51%-i həcmindədir.
Dünya turist istiqamətlərinin mənşəyi və təyinat yerinin tədqiq edilməsi, turistlərin əsasən haraya
getdiklərini və haradan gəldiklərini əks etdirir. Turistlər, bir qayda olaraq, öz regionları daxilində səyahət
etməyə üstünlük verirlər.
Regiondaxili səyahətlər üzrə Avropanın payı ən böyükdür (90%). Səyahətlərin uzunmüddətliyinə
görə, avropalılar bütün digər regionları üstələyirlər. Onların əksəriyyəti, Amerikaya, sonra Şəqi Asiya və
Sakit Okean regionuna və Afrikaya səyahət edirlər.
Afrikadan səyahət edənlərin 20%-i Avropaya (əsasən Cənubi və Qərbi Avropaya), 8%-i Yaxın Şərqə
yollanır. Şərqi Asiya və Sakit Okean regionundan əsasən Avropaya (15%) və Amerikaya (11%)
uzunmüddətli səyahətlər təşkil edilir.
6
Cənubi Asiyadan səyahət edənlərin 26%-i Avropaya, 25%-i Şərqi Asiya və Sakit Okean regionuna,
17%-i Cənub-Şərqi Asiya və Orta Şərq regionuna üstünlük verirlər.
Turizm baxımından bütün ölkələr iki qrupa bölünür: