İstehsal biznesiçoxşaxəli, müxtəlif cür sahibkarlıq fəaliyyətinin aparıcı və ən mürəkkəb növü sayılır. İstehsal biznesində məhsul istehsal olunur, iş və xidmət yerinə yetirilir, müəyyən mənəvi dəyərlər yaradılır. Bazar iqtisadiyyatına keçid dövründə istehsal sahibkarlığına üstünlük verilməlidir, çünki o sahibkarlıq fəaliyyətinin bütün qalan növlərinin inkişaf istiqamətlərini müəyyənləşdirir.
İstehsal biznesinə aiddir: məhsul və xidmət istehsalı, onların istehsal istehlakı, innovasiya, elmi-texniki fəaliyyət və s.
İstehsal fəaliyyəti ilə məşğul olmaq istəyən hər bir sahibkar öncə müəyyənləşdirməlidir ki, hansı konkret məhsulu istehsal edəcək, hansı xidmət növü göstərəcək. Sonra sahibkar marketinq fəaliyyətinə başlayaraq istehsal edəcəyi məhsula və göstərəcəyi xidmətə olan tələbatı müəyyənləşdirməli, potensial istehlakçını axtarıb tapmalı və onunla birbaşa əlaqəyə girməlidir. Sahibkarlıq riskini minimuma endirmək məqsədilə sahibkarla potensial istehlakçı arasında kontrakt, saziş imzalanır. Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatının inkişaf etdiyi Qərb dövlətlərində sahibkarla potensial alıcı arasında şifahi razılaşma etibarlı təminat hesab edilir, yalnız lazım gəldikdə bu razılaşma sonradan kontrakt, saziş şəklində bağlanıla bilər. Lakin, bazar iqtisadiyyatına keçid dövründə sahibkarla istehlakçı arasında şifahi razılaşmanın etibarlılığı olduqca azdır, sahibkarlıq riski isə xeyli yüksəkdir.
Sahibkarlıq fəaliyyətinin növbəti mərhələsi istehsal amillərinin əldə edilməsi, yaxud icarəyə götürülməsidir. Adətən, iqtisadi ədəbiyyatda istehsalın dörd amili göstərilir: əmək, kapital, torpaq və sahibkarlıq qabiliyyəti (məharəti).
Məlumdur ki, əmək insanın məqsədəuyğun fəaliyyətidir, onun köməyi ilə insan təbiəti öz tələbatını ödəmək üçün dəyişdirir və uyğunlaşdırır. A.Marşal «İqtisad elminin prinsipləri» əsərində yazmışdır ki, hər cür əməyin hansısa nəticəni əldə etmək məqsədi vardır. İstehsal amili kimi əmək dedikdə təsərrüfat fəaliyyəti prosesində insanlar tərəfindən göstərilən bütün fiziki və əqli cəhətlər, səylər başa düşülür.
Kapital istehsalın ən mühüm amilidir.İqtisadi nəzəriyyənin klassikləri A.Smit və D.Rikardo istehsal amili kimi kapital istehsal vasitələri hesab edirlər.Eyni zamanda iqtisadçılar əsas kapital və dövriyyə kapitalı bir-birindən fərqləndirirlər.Əsas kapital uzun illər istehsal prosesində fəaliyyət göstərən və bir neçə istehsal tsiklinə xidmət edən artıq maddiləşmiş kapitaldır, yəni əsas istehsal fondlarıdır.Digər növ kapital bir istehsal tsiklində iştirak edərək öz dəyərini istehsal olunan məhsulun üzərinə keçirən kapitaldır. O, dövriyyə kapitalı, yəni dövriyyə istehsal fondlarıdır. Dövriyyə kapitalına xərclənən pul vəsaiti məhsul satıldıqdan sonra sahibkara tamamilə qaytarılır.Ancaq əsas kapitala çəkilən xərclər belə tezliklə ödənilə bilməz.
Əsas istehsal fondları istehsal prosesində uzun müddət iştirak edən, öz natural formasını saxlayan və öz dəyərini istehsal olunan məhsulun üzərinə tədricən, hissə-hissə keçirən istehsal fondlarıdır.Onun tərkibinə binalar, tikililər, ötürüçü qurğular, maşın və avadanlıqlar, nəqliyyat vəsaitləri, alətlər və təsərrüfat inventarları daxildir.
Dövriyyə istehsal forndları bir istehsal tsiklinə sərf olunan, dəyərini tamamilə və dərhal istehsal olunan məhsulun üzərinə keçirən istehsal vasitələridir.Əmək prosesində onların natural forması və fiziki-kimyəvi tərkibi dəyişilir. Dövriyyə istehsal forndlarının tərkibinə xammal və əsas materiallar, alınmış yarımfabrikatlar, köməkçi materiallar, yanacaq və elektrik enerjisi, tara və tara materialları, təmin üçün hissələr, az qiymətli və tez aşınan əşyalar, gələcək dövr xərcləri daxildir.
İstehsal amili kimi torpaq son dərəcə müstəsna əhəmiyyətə malikdir.Torpağı başqa istehsal amillərindən fərqləndirən bir sıra səciyyəvi xüsusiyyətlər vardır.Ən başlıca cəhət odur ki, torpaq sahəsi məhduddur, insanlar onun həcmini dəyişmək iqtidarında deyil, təbii sərvətlər (su, yanacaq-enerji resursları, faydalı qazıntılar) ilə zəngindir.Yerin təkində zəngin neft və qaz yataqları, digər mineral sərvətlər mövcuddur.Torpaqdan səmərəli, məqsədyönlü istifadə etməklə sahibkarlıq fəaliyyətini genişləndirmək, məhsul bolluğu yaratmaq, əhalinin firavan həyat tərzini təmin etmək mümkündür.Buna böyük tələbat, həm də əlverişli zəmin və şərait vardır.
Bazar iqtisadiyyatının əsas atributlarından biri kimi çıxış edən sahibkarlıq istehsalın mühüm amilidir.Sahibkarın başlıca işi mövcud iqtisadi resursların kombinasiyasının bütün mümkün yeni üsullarından istifadə etməklə yüksək rəqabət qabiliyyətli məhsul istehsalını təşkil etməkdir.