Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələləri.
Azərbaycan ədəbiyyatı tarixinin
aşağıda təqdim olunan dövrləşdirmə modeli ümumdünya ədəbi proseslərinin gedişatı
müstəvisində Azərbaycan xalqının çoxəsrlik tarixi ərzində milli ədəbiyyatın keçdiyi təkamül
proseslərinin daxili inkişaf qanunauyğunluğundan, təbii məntiqindən doğan elmi təsnifatdır:
1. Qədim dövr Azərbaycan ədəbiyyatı: Mifologiya və epos dövrü
2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc dövrü (VII-X əsrlər)
3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər).
4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər).
5. Erkən realizm dövrü Azərbaycan ədəbiyyatı (XVII-XVIII əsrlər).
Orta dövr Azərbaycan ədəbiyyatı. Klassik poetik təfəkkür
129
6. Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrü (XIXəsr);
7. Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxası (XIX əsrin doxsanıncı
illərindən Azərbaycanda sovet hakimiyyətinədək).
8. Sovet dövrü Azərbaycan ədəbiyyatı (1920-1991-ci illər).
9. Milli özünüdərkə qayıdış mərhələsi və keçid dövrü Azərbaycan ədəbiyyatı (1970-1995).
10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı.(3, səh. 15-16)
Tarixi dövrləşmədə XIII-XVI əsrləri əhatə edən Orta dövr
Azərbaycan ədəbiyyatı -
ədəbiyyat tarixində xüsusi yerə malikdir. Bu dövrü qısa şəkildə xarakterizə etsək görürük ki, XIII
- XVI əsrlər Azərbaycan ədəbiyyatı yeni mühim keyfiyyətlər qazanmış, özünəməxsus mürəkkəb
bir inkişaf yolu keçərək yüksək təkamül nöqtəsinə çatmışdır. İctimai-fəlsəfi məzmun, bədii dil və
poetik üslub baxımından Füzuli qələminin qüdrəti ilə kamillik dərəcəsinə yetən bu dövr
Azərbaycan poeziyası artıq yaxın Şərq xalqlarının söz sənətinə təsir göstərməyə başlayır.
Təbii haldır ki, istənilən dövrün ictimai-siyasi vəziyyəti həmin dövr yaradıcıları üçün ilk
təsiredici amil olmuşdur. Bu baxımdan bəhs etdiyimiz dövrün mənzərəsinə qısaca nəzər salsaq
görərik ki, XIII əsrin əvvəllərindən başlayan ağır monqol əsarəti bir müddət ədəbiyyat, incəsənət
və elmin inkişafını ləngitdi. Lakin dilimizə və mədəniyyətimizə təsir göstərə bilmədilər. Monqol
əsarətində olsa belə Azərbaycan yenə də öz mədəniyyətinin inkişafını davam etdirdi və Şərqin
ən mühim mədəni mərkəzlərindən biri olaraq qalmağı bacardı. (4, səh.5) XIV əsrin sonlarından
Azərbaycan yeni bir dəhşətli istilaya-Teymurləng istilasına məruz qaldı.Teymurləngin
ölümündən sonra hakimiyyət uğrunda gedən daxili müharibələr Azərbaycan feodallarına
ölkənin iqtisadiyyatını bərpa edib, öz müstəqil hakimiyyətlərini yaratmağa imkan verdi və
beləliklə ölkənin şimalında Şirvanşahlar, cənubda Qaraqoyunlular, daha sonra isə Ağqoyunlu
dövləti yarandı. XV əsrdə yaranmış feodal dövlətlər zəifləməyə başladı, ara müharibələri
gücləndi, mərkəzləşmiş, qüdrətli bir dövlət yaratmaq zərurəti yarandı.(4,səh.18).XVI əsrin
əvəllərində ölkədə vahid Azərbaycan dövləti yaratmaq üçün əlverişli şərait yarandı. Bu
şəraitdən bacarıqla istifadə edən Səfəvilər sülaləsi XVI əsrin əvəllərindən hakimiyyəti öz əllərinə
alıb, qüdrətli vahid Azərbaycan dövləti yaratmağa müvəffəq oldular.
Göründüyü kimi tarixin bu keşməkeşli mərhələsi xalqımızın mədəni həyatı üçün də bir
sınaq idi və elm, incəsənət, maarif və ədəbiyyat belə bir mühitdə formalaşırdı. Ümumi şəkildə
ifadə etsək bəhs etdiyimiz dövr ədəbiyyatı daha çox klassik poeziya ilə yadda qalır.
Bu dövr klassik ədəbiyyatımız İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin, Əssar Təbrizi,
İmadəddin Nəsimi, Şah Qasım Ənvar, Kişvəri, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli kimi ən
mütərəqqi, savadlı, ziyalıların real həyatın gözəlliklərini, bəşəri məhəbbəti, azad fikirliliyi,
dostluq və sədaqəti tərənnüm edən əsərləri ilə təmsil olunurdu.
Azərbaycan bədii təfəkkürünün ən fundamental təzahür olunduğu mənbə klassik
poeziyadır. Azərbaycan klassik poeziyası, sözün tam mənasında fəlsəfi poeziyadır. Burada
təsəvvüfi addımlarla eşq yolculuğu da var, bədii-fəlsəfi idealar da, estetik sənətkarlıqda.
Ümumilikdə deyə bilərik ki, XIII-XVI əsrlər Azərbaycan poeziyası özünəməxsus spesfik,
mürəkkəb bir inkişaf yolu keçərək yüksək təkamül nöqtəsinə çatmışdır.
Ədəbiyyat tarixinin orta əsrlər dövrünün birinci mərhələsi sayılan XIII-XIV əsrlərə nəzər
saldıqda poeziyada ictimai-fəlsəfi lirikanın üstün səviyyəyə yüksəldiyini görürük. Azərbaycan
lirikasını bu dövrdə təmsil edən yazıçılar lirikada eşq-məhəbbət duyğuları ilə yanaşı, ictimai
|