Qabriel Qarsia Markes "Patriarxın payızı" Roman Latın Amerikasının Nobel mükafatı laureatlı dünyaşöhrətli yazı



Yüklə 1,46 Mb.
Pdf görüntüsü
səhifə25/27
tarix07.01.2017
ölçüsü1,46 Mb.
#4774
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   27
dayanıb-dondurulmuş zaman deyilən mənzərəni, ölü kimi sallanan bayraqları 
gördü; qırmızı dairəylə nişanlanmış evlərin qapıları möhkəm mıxlanmışdı; evlərin 
pəncərələrinə qonmuş tox quzğunları, bir də həlak olanları, həlak olanları və yenə 
həlak olanları gördü... Dörd bir tərəf, adam cəsədləri ilə dolu idi, o qədər cəsəd 
vardı ki, saymaqla qurtarmazdı; meyitlər, üfunətli bataqlıqlarda da gözə dəyirdi, 
günəşin şüası düşən səkilərdə bir-birinin üstünə qalanmış meyitlər, bazarın tən 
ortasında, tərəvəzin arasındaca çürüyürdü; meyitlərin sayı heç kimə məlum deyildi, 
hər halda, onun, güman olunan düşmənlərinin sayından çox idi, onun görmək 
istədiyindən xeyli çox idi; bir çoxunu, gəbərmiş köpək kimi zibil yeşiklərinə 
tullamışdılar; o, qoturluq qoxusunu – əsl taun qoxusunu, çürüyən meyitlərin 
üfunətindən, küçələrin həmişəki, başgicəlləndirən üfunəti içindən yaxşı duyurdusa 
da, yenə özünü, hadisələrin mütləq sahibi, sahibi-mütləq hiss edənəcən, bu dəhşətli 
fəlakəti dayandırmağı, bütün bunlara son qoymağı tələb edən yalvarışları eşitmirdi, 
geriyə çəkilmirdi və yalnız bu qanlı qırğını dayandırmağa, nə bəndənin, nə də 
Allahın qüdrəti çatmadığı bilinəndə, küçələrdə naməlum karet göründü: bunun, buz 
kimi qorxunc hakimiyyət kareti olmasına əvvəlcə heç kəs fikir vermədi; içərisi, 
qara, matəm məxmərli karetin pəncərəsindən donuq gözlər, nazik, əsəbi dodaqlar, 
bir də evlərin qapılarına bir çimdik duz atan ağ əlcəkli əl görünürdü; biz, qardeniya 
cəngəlliklərinin arasıyla, bəbirləri hzürküdə-hürküdə şütüyən, sanki dırnağı üstə 
ucqar dağ kəndlərinə dırmanan, milli bayraq rəngli qatarı gördük; vaqonun pərdəsi 
arxasından görünən tutqun gözləri, yaslı çöhrəni, artıq heç bir həyat əlaməti 
olmayan əli gördük; qramafonun şux mazurkalar yağdıra-yağdıra qumsal 
dayazlıqların, meşəni böyrü üstə yıxan bahar selinin qırıb tökdüyü ağac yığnaqları 
arasıyla güc-bəlayla irəliləyən, Nuh əyyamından qalma, təkərli paraxodu gördük; 
prezident kayutunun pəncərəsindən biz, qürub günəşi kimi sönmüş gözləri, solğun 
dodaqları, susuzluqdan inildəyən kəndlərə bir çimdik şəfa duzu səpən bu əlin, 
ancaq bir barmağanı gördük; bu düzü dadanlar, yaxud, duzlu yeri yalayanlar, 
 
153

dərhal sağalır, min bir xəstəlikdən, gözdəymədən, bir sözlə, bütün dərd-bəladan 
uzaq olurdular. 
İndi - axır günlərinin yaxınlaşdığı bir vaxtda o, yenə, həmin işlənmiş, köhnə, saxta 
bəhanələrlə ölkənin yenidən işğalına razılıq vermək təkliflərinə təəccüblənmədi, 
amma: «Qoyun, dəniz piyadaları qayıtsın, general, qoy onlar, insan ömrünü yüz 
iləcən uzadan, ağ binalı xəstəxanaların önündəki yaşıl çəmənliklərə pestisid səpən 
fəvvarəli maşınlarla gəlsinlər. Qoyun, gəlib, nə istəyirlər götürsünlər!» - deyən 
sarsaq nazirlərin gətirdiyi dəlil-sübutları rədd etdi; səfir Mak-Kuin onun düz 
gözünün içinə: «Bundan sonrakı mübahisələrin xeyri yoxdu, zat aliləri, sizin rejim 
- vədlər, nifrət, hətta terror üzərində də yox, köhnəlmiş ətalət üzərində dayanıb və 
gündən-günə, qarşısıalınmaz bir şəkildə dağılır, zat-aliləri, yaxşısı budu, küçələrə 
çıxıb, həqiqətin gözünə baxasız, bu, sizin sonuncu döngədəsiniz – ya dəniz 
piyadaları gəlməlidi, ya da biz, dənizi götürəcəyik, başqa çıxış yolu yoxdu.» – 
deyənəcən, o, yumruğunu masaya çırpır, heç cür buna razı olmurdu. – «Ayrı yol 
yoxuydu, ana, onlar Qəraib dənizini özlərinə götürdülər!» 
Səfir Euinqin mühəndisləri dənizi hissə-hissə böldülər, sonra hissələri, bizim 
fırtınalardan uzaqlarda - Arizona səması altında yığmaq üçün nömrələdilər və 
dənizi, mənim generalım, bütün nemətləriylə bir, şəhərlərimizin əksi düşən 
sularıyla, dəlisov sellərimiz və suda boğulanlarımızqarışıq apardılar. O, bu 
soyğunçuluğa qarşı milli etiraz partlayışı yaratmaq üçün, öz zəngin biclik 
kolleksiyasının hansı incə klavişinə toxundusa da, küçələrə, bağışlayın, mənim 
generalım, heç kəs çıxmadı, nə hədə-qorxunun, nə zor işlətməyin xeyri olmadı; - 
bunun, yenə hakim dairənin arzusuyla həyata keçirildiyi, növbəti, sıravi manevr 
olduğu ağlımıza belə gəlməzdi; qoy nə olur-olsun, lap dənizi aparsınlar, 
cəhənnəmə ki, qoy əjdaha gerbli milli bayrağı olan bu ölkəni zəbt eləsinlər! - biz 
fikirləşirdik, mülki geyimlərdə evlərimizə gəlib, bu soyğunçuluğun qabağını almaq 
üçün bizdən, vətən naminə küçələrə çıxmağı, «Rədd olsun, qrinqolar!» - deyə 
ucadan qışqırmağı yalvaran hərbiçilərə, onların öyüd-nəsihətlərinə, yaltaq sözlərinə 
qarşı kar olmuşduq; həmin bu adamlar da bizi, yadellilərin dükanlarını, villalarını 
qarət etməyə, yandırmağa çağırır, pul verirdilər ki, orduyla əlbir olub, onun 
mühafizəsi altında hərbi təcavüzə qarşı nümayişə çıxaq; küçələrə isə bir adam da 
çıxmadı, mənim generalım, çünki camaat, hərbçilərin, bir vaxtlar kişi kimi söz 
verib sonra, guya xalq arasına soxulmuş təxribatçıların hərbi bölmələrə atəş açması 
bəhanəsiylə adamları güllələməsini unutmamışdı: «Bəli, mənim generalım, bu dəfə 
xalq sizinlə deyil». 
«Və mən, bu ağır qərarı qəbul etmək yükünü öz üzərimə götürməli oldum: ölkəyə 
desant yeridilməsindənsə, anam mənim, Bendisyon Alvarado, dənizsiz qalmağın 
daha məqsədəuyğun olduğunu hamıdan gözəl anlayan adam kimi, bu aktı 
imzaladım. Axı, özlərindən gündə bir əmr toqquşduran, həmin bu dəniz 
piyadalarıydı, ölkəyə bibliyanı və sifilisi gətirən də onlar idi, artistləri pederasda 
çevirən də, həyatın asan olduğunu, anacan, hər şeyin satılıb-alındığını, zəncirlərin 
iy verdiyini də camaatın beyninə yeridən onlar idi. Əsgərlərimi, harada çox pul 
varsa, oranın vətən olmasına, hökümətin, qoşunların pulsuz döyüşməsi üçün, 
«Hərbi şərəf» adlı boş bir mükafat uydurduğunu başa salan da onlar idi. Və bütün 
bunlar təkrar olunmasın deyə, onlara, ərazi sularımızdan, bəşəriyyətin maraqları və 
 
154

xalqlar arasında sülhün yaradılması çərçivəsində istədikləri kimi istifadə etmək 
hüququ verdim!» 
O, təkcə yataq otağının pəncərəsindən üfüqəcən görünən fiziki suları yox, bu 
suların fauna və florasını, küləklər rejimini və atmosferini, sonuncu millibarına* 
qədər, bütün hava şıltaqlıqlaryla bir verdi; onların sonradan neyləyəcəkləri isə 
onun ağlına belə gəlməmişdi; onlar, bizim qədim dənizimizin, şahmat 
lövhəsisayağı nömrələnmiş ləpələrini nəhəng nasoslarla, şlüzlərə çəkib apardılar 
deyə, dənizin, sönmüş vulkanlarla dolu dibi üzə çıxdı və biz, nəhəng kraterlərdən 
birində, dənizin nə vaxtsa qəfildən udduğu şəhərin, qədim Santa-Mariya-del-
Darienin xarabalıqlarına rast gəldik. Sonra bütün dəniz və okeanların dahi 
admiralının flaqman gəmisini gördük: «Mən onu eləcə, pəncərəmdən görmüşdüm, 
ana!» - gəmi, hələ tarixi gəmi qəzasına müvafiq status verilməmişdən əvvəl - bir 
vaxt bombaların qoparıb yerin dibindən çıxardığı mərcanların arasında lişib 
qalmışdı. Onlar, onun hökmranlığının əsasını təşkil edən, müharibələrinin mənası 
olan hər şeyi apardılar; özlərindən sonra bircə, Ay səhralığına oxşar qupquru 
düzəngah qoydular; o, pəncərələrin qabağından keçdikcə bu müdhiş mənzərənin 
seyrinə dalır, içini çəkib köks ötürürdü: «Anam Bendisyon Alvarado, öz 
müdrikliyinin işığıyla qoru məni!» O, yatdığı yerdə, vətən uğrunda həlak olanların, 
bir gün qəbirlərdən qalxıb, satılmış dənizə görə ondan haqq-hesab tələb edəcəkləri 
fikri ilə yuxudan dəhşət içində dik atılırdı. Yuxuda, onların, divarlar boyu sürünə-
sürünə üzüyuxarı dırmaşmaqlarını, o biri dünyadan gələn boğuq səslərini aydınca 
eşidir, açar dərinliyindən, bataqlığa çökən kimi, saray divarlarının dibiylə sürüdüyü 
nəhəng kələz ayaqlarına dikilən baxışlar altında, bir vaxtlar səfir Ebergeytin ona 
bağışladığı, dəniz küləklərini əvəz edən xüsusi külək maşınlarının passat və mistral 
küləkləri altında otaqlarda gəzişir, qayanın zirvəsində, keçmiş diktatorların 
sığınağında közərən işığı görəndə: «Kefdədilər, mən burda əzablar içində 
qovruluram, bu harın donuzlarsa yatırlar!» - deyə özü-özünə deyinirdi. Anası 
Bendisyon Alvaradonun, ölümqabağı guruldayan xorultusunu, bu zəhmətkeş 
qadının, oreqano kolunu bəslədiyi otaqdakı rahat yuxusunu xatırladı: «Taundan 
qorxmayan, sevgidən ehtiyat etməyən, ölümdən çəkinmədən, rahat yatan anamla 
olsaydım!» Elə üzülmüşdü ki, mayakın, dənizsiz mayakın işartısı da ona şübhəli, 
ölülərin qəbirdən xortlamaq əlaməti kimi göründü, mayakın, fırlana-fırlana ətrafa, 
ölülərin iliyindən alınan işıqlı toz şüaları səpdiyini təsəvvürünə gətirib dəhşətə 
gəldi və bu yazıq işıldaquşdan qaça-qaça: «Söndürün!» - deyib bağırdı; mayakı 
söndürdülər; o, əmr elədi ki, evin bütün dəlmə-deşiyini içəridən tıxayıb yamasınlar 
ki, bircə deşik belə qalmasın; qoy, gecənin ölüm qoxulu zərrəsi belə, evə girə 
bilməsin; o, bu qaranlıq zülmətdə tək-tənha dayana-dayana, evin nəmişli, ağır 
havasından boğula-boğula, bütün güzgülərə nifrət elədi, güzgülərin önündən, 
onlara tərəf çönüb baxmadan, onları duya-duya keçdi; güzgülərsə, ona tənhalığını 
unutdurub, otaqda tək olmadığını düşünməyə məcbur elədilər; o, qurumuş dəniz 
vulkanlarının krateri boyu çapan atlını gördü; onun atının ayaqlarından qəribə, iri 
qığılcımlar çıxırdı, yoxsa bu, ağ rəngli solğun ayın əksiydi?!.. «Rədd eləyin onu! – 
deyə çığırdı. – Ulduzları söndürün, lənət şeytana, Allahın adıyla əmr edirəm!» 
Onun bu çığırtılarına bir kəs hay vermədi, heç kəs onu eşitmədi, bircə keçmiş 
nazirliyin otaqlarında mürgüləyən ifliclər, pilləkənlərdə yatan korlar, paltarları 
 
155

şehdən nəm çəkən cüzamlılar səksənib ayıldılar, onun qabağını kəsib, şəfqətli 
əlindən şəfa duzu dilədilər; axı, bütün bunlar olmuşdu, ay nainsaflar, o, 
böyrümüzdən ötüb keçə-keçə, hamımızın başını sığallayır, öz müdrik əliylə - 
həqiqət saçan əliylə hər birimizin yarasına toxunur və biz, həmin dəqiqə 
bədənimizdə cərəyan edən sağlam həyat qüvvəsinin - ruhumuzda sakitliyin və 
həyat eşqinin artdığını duyurduq; biz, gözləri açılan, lakin, yenə qızıl güllərin 
şöləsindən kor olan korları görürdük, pilləkənlərlə o yan-bu yana qaçışan iflicləri 
görürdük, bax, bu da mənim dərim, körpə dərisi, sağalan yaralarımın yeri, erkən 
zanbaqların ətri hopmuş bu dəri, dünyanın bütün bazarlarında kafirləri rüsvay edib, 
pozğunları xəbərdar eləmək üçün nümayiş etdirdiyim dəri!» Bu sözləri, şəhər və 
kəndləri veyillənə-veyillənə, xeyir-şər mərasimlərində çığıranlar, bu möcüzəyə 
inamdan savayı, həm də canımıza qorxu yeridirdilər; onlara çoxdandan heç kim 
inanmırdı; biz, bir vaxtlar onları, fərmanları xalqa çatdırmağa göndərilən saray 
əhlinə oxşadıb şübhələnmişdik; demək, indi onlar istəyirdilər ki, biz, artıq inanılası 
olmayan bir şeyə – onun, cüzamlıları sağaltmasına, korların gözünə nur bəxş 
etməsinə, iflicləri yeritməsinə inanaq; bizə elə gəlirdi ki, bu yolla onlar prezidentin 
real mövcudluğu təəssüratını yaratmağa çalışırdılar. Onun şəxsi əmriylə işə yenicə 
çıxan mühafizə patrulları ixtisar edilmişdi; dövlət şurasının üzvləri hamılıqla bu 
qərarın əleyhinə çıxmışdılar; «Yox, mənim generalım, daha bu, karabinyerlər 
rotasından da azdır, ehtiyatı əldən vermək olmaz.»; o isə buna inadla etiraz edərək: 
«Sizin kimi bivec nazirlərdən, bir də avara komandirlərimdən savayı məni 
öldürməyə, heç kəsin nə ehtiyacı var, nə də həvəsi. Siz də məni öldürməyə cürət 
etməzsiz, çünki bilirsiz ki, məni aradan götürən kimi, bir-birinizi öz aranızda 
qıracaqsız.» - deyir və beləcə, inəklərin, vestibüllə, dövlət şurasının iclas salonu 
arasında gicəlləndiyi bu baxımsız sarayda bircə, bığ yeri təzəcə tərləyən gənc 
patrullar qaldı. 
- «İnəklər, çəmənlik mənzərəli divar xalçasını çeynədilər, arxivləri yeyib-tökdülər, 
mənim generalım!» - o isə heç nə eşitmirdi, təkcə bir dəfə oktyabr leysanlarının 
hürküdüb saraya saldığı inəkləri qovmağa çalışdı, «İnək... inək...» - deyə-deyə, 
hardansa «inək» sözündə «k» hərfinin olduğu yadına düşdü və dayandı; bir dəfə 
də, dünyanın düz vaxtında, ətrafa nur səpən çırağın abajurunu çeynəyən bir inək 
görmüşdü və fikirləşmişdi ki, heyvanları, pilləkənlər boyu ayaq döyə-döyə 
qovmağa dəyməz; ziyafət salonunda, bellərinin gənəsini toyuqlar dimdikləyən bir 
cüt inəklə rastlaşanda da təəccüblənmədi; belə gecələr biz, bəzən pəncərələrin 
arxasında yanıb-sönən işığı gördük, sarayın içindən yayılan iri heyvanların ağır 
ayaq səslərini eşidirdik… – bu, əlində gəmi fənəri, inəklərə yatacaq yeri axtaran 
generalın ayaq səsləriydi. Ölkənin rəsmi həyatı, öz əvvəlki axarında onsuz davam 
edir – dövlət qəzetləri onun, qəbulların xarakterinə uyğun, cürbəcür mundirlərdə 
peyda olduğu təntənəli mərasimlərdən saxta şəkillər çap edir, radio müntəzəm 
surətdə onun, çox-çox uzun illər əvvəl, milli bayramlarda eşitdiyimiz çıxışlarını 
verirdi; o, əvvəlki qaydada, bizimlə birgə yaşamaqdaydı – fotoşəkillərə əsasən, 
guya o, saraydan küçəyə çıxır, kilsəyə daxil olur, yatır, yeyib-içirdisə də, hamı 
onun, həmişəki uzunboğazlarında, xarabalığa çevrilmiş sarayında zorla 
yeridiyindən xəbərdar idi. Onu yedizdirən və bal ehtiyatı görən xidmətçilərdən, 
sarayda cəmi üç-dörd denşikin qaldığından xəbərdar idik; bir dəfə isə xidmətçilərin 
 
156

qovduğu inəklər, baş qərargah otağına girib oranı darmadağın etdilər və bir vaxtlar, 
falçının dediyi, onun öləcyi gizli kabinetində bütün çini marşalları yerə salıb 
sındırdılar; denşiklər həyəcanla onun nə əmr verəcəyini gözlədilər və yalnız o, 
fənəri kandardan asdıqdan sonra, havası dənizsiz heç cür dəyişilməyən yataq 
otağının qapısından üç qıfılın və üç zəncirin çıqqıltısı və cingiltisi eşidiləndən 
sonra, onun sübhə qədər ölü kimi yatacağı ümidi ilə, birinci mərtəbədəki otaqlarına 
getdilər, o isə tez-tez səksənib yuxudan ayılır, yuxusuzluğunun keşiyini çəkir, ağır 
ayaqlarını sürüyə-sürüyə zülmət qaranlıq saray boyu yeriyə-yepiyə, yan-
yörəsindəki inəklərin aramlı gövşəməyinə, vitse-kral asılqanlarında yatan 
toyuqların qaqqıltısına məhəl qoymadan, kabus kimi gəzirdi; zamanın axarı ona, 
keçmiş dənizin yerində bitən ay işıqlı çöllüyün küləyini xatırladırdı; o, görkəmli 
latinist, general Lautaro Munyosun (Allah bu axmağa rəhmət eləsin), özlərini 
məhv etdikləri sonuncu barrikadaları hələ küçlərdə müqavimət göstərən vaxt, 
Korneli Nepotun birinci nəşrinin yanmış vərəqlərini, unudulmuş ritoriklərin - Livio 
Andronikonun və Sesiliya Estatonun kitablarının vərəqlərini, öz yaşıl budaqlı 
süpürgəsiylə süpürən anasını - Bendisyon Alvaradonu gördü. Onun üçün 
boşaldılan iqamətgaha daxil olarkən, anası Bendisyon Alvaradoyla birgə, şəxsi 
mühafizəsinin meyitləri üzərindən keçib pationu ötdülər, zülmət qaranlıqda, 
prezidentin cins ilxı atlarının cəsədlərinə ilişə-ilişə, vestübüldən yuxarı aparan 
pilləkənlə qalxdılar və iclas salonuna çatdılar; qatı, acı barıt iyindən və at qanı 
qoxusundan nəfəs almaq olmurdu: - «Biz orda, yalın ayaqların qanlı izlərini 
gördük, görünür, burdan, at qanından yığılan gölməçələri tapdayıb gələnlər 
keçmişdilər; dəhlizlərin divarlarında da biz, eynilə bu cür qanlı əl izləri gördük, 
iclas salonunda isə, sinəsinə döyüş qılıncı sancılmış, yaraşıqlı bir florensiyalının 
qana bulanmış bədənini gördük – bu, prezidentin arvadının şəkliydi; sonra alınına 
güllə çaxılmış, açarla burulub işə salınan, balerinayaoxşar oyuncaq qızı gördük – 
bu da prezidentin doqquz yaşlı qızıydı. Və nəhayət biz, on bir il ərzində hakimiyyət 
uğrunda qanlı mübarizələrdə bir-birinə qalıb gələn on dörd federalist generallardan 
ən zirəyi və ağıllısını - haribaldi sezarı, prezident Latuaro Munyosun meyitini 
gördük… bu, ingilis konsuluna öz ana dilində «yox» deməyə ürək eləməyən 
yeganə adam idi, elə buna görə də indi cəzasını çəkirdi; Britaniya eskadriliyasının 
cəlladlarına qismət olmasın deyə, əvvəl arvadını qılıncla vurub qızını güllələmiş, 
sonra qırx iki ədəd əndəlus atını məhv etdkdən sonra özü öz ağzına açdığı 
güllədən, başında dəlik, yalın ayaqlarıyla yerdə uzanmışdı; o vaxt onların 
komandanı Kitçener meyiti göstərərək, generalımıza: «Görürsən də, general, 
atasına əl qaldıranların aqibəti nədi?! Nə vaxtsa vəzifə başında olsan, bütün bunlar 
yadından çıxmasın!» - demişdi. «O, «nə vaxtsa» - dedi, amma mən, uzun-uzadı, 
yuxusuz, intizarlı gecələrdən sonra artıq ölkədə əmin-amanlığı bərpa etmək və 
iqtisadi sabitlik yaratmaq üçün lazım olan müddətə bütün qoşun növlərinin ali baş 
komandanı və respublikanın prezidenti elan olunmuşdum». Bu qərarı, senatın və 
deputatlar palatasının razılığıyla, sonuncu federal şura, yekdilliklə qəbul etmişdi 
deyə, qərar, ingilis eskadrası tərəfindən də təsdiq olundu və gecələrin birində, 
konsul Mak-Doneyllə oynadığı domino daşları arasında çapa imzalandı. 
«Əvvəl-əvvəl nə mən, nə də başqaları bu işin alınmağına inanmırdıq». Kim 
inanardı axı?! Həmin o dəhşətli gecənin hərc-mərcliyində qəbul olunan bu qəribə 
 
157

qərara, Bendisyon Alvaradonun özü də inanmırdı; o, lap axır günlərə qədər - ölüm 
yatağında da, dövlət idarəçiliyinə nədən başlayacağını qətiyyən bilməyən oğluna 
inanmırdı; onlar, mebelsiz-əşyasız, bomboş otaqlarda, keçmiş ispan hökmranlığı 
dövründən qalmış vitse-kral və arxiyepiskopların, milçəklər bulamış 
portretlərindən savayı qiymətli bir şey olmayan bu evdə, titrəmədən yaxa 
qurtarmaq üçün dəmləməyə ot axtarsalar da, tapa bilmədilər; evin qalan əşyaları, 
əvvəlki prezidentlər tərəfindən daşınıb aparılmışdı, məşhur tarixi hadisələr təsvir 
olunan divar xalçalarının yeri, artıq çoxdandan, asıldığı divarın rənginə 
uyğunlaşmışdı, yataq otaqları, çirkli əsgər kazarmaları kimi zibil içindəydi, 
divarlarda, prezidentlərin qanlı barmaqlarıyla müxtəlif tarixlər yazılmışdı; bürünüb 
qızınmağa bircə həsir belə yox idi: «Odu ki, anam Bendisyon Alvarado pəncərənin 
tozlu pərdəsini qoparıb mənə səridi və məni baş pilləkənin küncündə uzatdı, özü 
isə yaşıl budaqlı süpürgəsiylə, ingilis desantının soyub talamağa artıq bir şey 
qalmadığı otaqları süpürməyə başladı.»; qapıların arxasında, canını, onu zorlamaq 
istəyən quldurlardan süpürgəsiylə qurtara-qurtara, döşəmələri təmizlədi, səhərə az 
qalmış, əsas pilləkənin yuxarı pilləsində tər-su içində, məxmər pərdəyə bürünmüş 
oğlunun yanında oturdu, onun alovlu qızdırmasını ürək-dirək verməklə soyutmağa 
çalışaraq, dedi ki, bu qarmaqarışlığa fikir verməyə dəyməz, bir-iki ucuz dəri kətil 
alıb onları gül-çiçək və cürbəcür heyvan şəkilləriylə rəngləmək lazımdı: - «Bunu 
özüm eləyərəm. Bir-iki dənə də tor yelləncək alarıq, ən əsas tor yelləncəkdi, çünki 
bu evə yəqin ki, çoxlu qonaq gələcək. Sonra nahar stolu, dəmir qaşıq-çəngəl, 
alüminium nimçələr alarıq. Əsgər həyatı üçün başqası yaramaz. İçməli su üçün 
qəşəng bardaq və kömür sobası alarıq. Hamısını da dövlət hesabına.» - deyə-deyə, 
oğlunu beləcə sakitləşdirirdi. O isə anasını eşitmirdi… səhərin gözü açılar-açılmaz, 
ilk əməköməcilər çiçəklənmişdi, qırmızı, ağ əməköməcilər, qan kimi al qırmızı, bu 
gecə qanı axan bədən kimi ağappaq… - bu nəhəng işıq seli altında elə bil həqiqətin 
əsl gizli mahiyyəti üzə çıxdı, və belə məlum oldu ki, o, pilləkəndə qızıdırmadan 
titrəyə-titrəyə, fikrə dalan miskin qocadan savayı ayrı bir şey deyil. «Elə bu? 
Ütülmüş at ətinin iyi, mənəvi puçluq, qəzaya uğramış gəmiyə oxşayan bu ev, bütün 
on iki avqust sübhlərinin eyni olan bu sübh çağı – hakimiyyət elə budu?.. Bu nə 
zibil idi düşdük, ana!» Dənizin sahilində sübhün açılmasından xoşhallanan 
xoruzların banlamağına, ingilislərin, saray boyu sərilmiş meyitləri yığa-yığa, şən 
mahnılar oxumasına baxmayaraq, onu qəfil zülmət qarşısında çuğlayan heyvani bir 
qorxu bürüdü; Bendisyon Alvarado isə öz hesablamalarından təsəlli dolu nəticə 
çıxarıb dedi ki, əsas narahatçılıq – bir dəstə döşəkağı məsələsidi, vəssalam, ayrı 
heç bir narahatçılıq yoxdu, onları da yaxşıca yuyub təmizləmək lazımdı; 
məyusluğun ən sonuncu nöqtəsində birdən-birə elə bil ayaqlarının altının 
möhkəmliyini duydu və anasını sakitləşdirməyə başlayaraq: «Eybi yox, rahat yat, 
ana, onsuz da prezidentlər bu sarayda çox oturmurlar. Allah eləsin, burada heç 
olmasa, yarım ay yaşayım». – dedi. Bu sözlərinə o, təkcə onda yox, indi də, uzun-
uzadı, qəddar dərviş ömrünün bütün anlarında olduğu kimi, yenə sidq-ürəkdən 
inanırdı; hökmdarların bir gününün o birinə oxşamadığına nə qədər çox əmin 
olurdusa, özünə bir o qədər çox inanırdı, tez-tez yadına baş nazirin, hansısa gizli 
məqsəd güdən, yalan dolu, üfürülmüş məruzələri düşdükcə, yüngülcə gülümsəyib: 
«Mənə həqiqəti deməyin, litsensiat*, risq edirsiz – sizə inana bilərəm!» - deməyini 
 
158

xatırlayırdı. Elə bu sözlərlə də dövlət şurasının, onun sorğu-sualsız imza atacağına 
arxayın olduğu bütün nəhəng strategiyasını puça çevirdi. «O heç zaman mənə bu 
qədər fərasətli görünməmişdi. Rəsmi qəbullarda, guya özündən asılı olmadan, 
şalvarına işəməyi ilə bağlı şayiələrin get-gedə inandırıcı olduğu vaxtlarda da.» – 
«Məncə, o qocaldıqca, daha sərt olurdu, yalın ayaqlarını şappıldada-şappıldada, 
qulaqcığının biri sapdan olan eynəklə gəzirdi.» – «Get-gedə daha dözümlü, daha 
duyğulu olurdu, odu ki, bir qucaq kağız-kuğuzun içindən lazımlısını seçib, baxıb-
oxumadan, imza atır, «Nə istəyirsiz? Onsuz da qulaq asan yoxdu.» – deyib 
gülümsəyirdi. «Təsəvvür edin ki, o, inəklərin sarayda veyillənməmələri üçün 
fermada iri taxtadan rəzə düzəltməyi əmr eləmişdi. Sonra gördü ki, onlardan biri, 
yəni – «inək?... inək?...» - başını kabinetinin pəncərəsindən içəri soxub yazı 
masasının, bu vətən mehrabının üstündəki kağız çiçəkləri çeynəyir, gülümsədi: 
«Görürsüz, litsensiat, sizə demişdim axı. Bu ölkənin başına nə bədbəxtlik gəlirsə, 
hamısı, mənə qulaq asmamağın nəticəsidi.» - deyirdi. «Bu yaşda zəkanın qeyri-adi 
aydınlığına bir bax.» 
Səfir Kipplinq isə, qadağan olunmuş memuarlarında yazırdı ki, onu, uşaqlığına 
qapılıb-qalmış və əlindən heç bir iş gəlməyən bir adam kimi tanıyır, yazırdı ki, 
onun bədəninin bütün məsamələri, aramsız halda özündən maye buraxır, bədəni, 
suda batmış adamın bədəni kimi şişkindi, hərəkətləri isə, dalğaların atıb-tutduğu 
ölünün hərəkətləri kimi süst və ləngdi. – «O, köynəyinin yaxasını açıb, dəniz 
həşəratlarının, sallaq dəri qatlarının arasına yığılan sulu sinəsini də mənə 
göstərmişdi.»; o özü də deyirdi ki, kürəyində remoralar*, qoltuqlarının altında 
polip və xırda əqrəblər var və o, bütün bunları, əzizim Conson, aldığınız dənizin 
təbii surətdə geri qayıtması əlamətləri kimi qəbul edirdi, çünki dəniz də, pişiklər 
kimi həmişə geri qayıdır; o əmin idi ki, qasığındakı xərçəngəbənzər həşərat 
yığnağı, yataq otağının pəncərəsini açıb, bəşəriyyət tarixində bütün dahi adamlarda 
olduğu kimi, onun da ovcunun hamar, qırışsız olmasının səbəbini öyrənmək üçün 
dünyanı axtarmaqdan yorulduğu, dəniz və okeanlar admiralının üç karavellasını 
gördüyü xoşbəxt səhərin müjdəsidi. Hə, o, onu axtarırdı, hətta dənizçilərdən, onun, 
qonşu dənizlərin saysız-hesabsız adalarını xəritələşdirməkdən, bunlara 

Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin