lənətəgəlmiş Xose İqnasio Saens de la Barranın - Letisiya Nasareno və onun
körpəsini məhv edən bədxahların başlarından savayı, hamının başını bədənindən
ayırtdıran bu qatilin günahı üzündən, içində qəbiristanlıq sükutu və kimsəsizlik
140
hökm sürən sarayı narahat edirdi. O, tutuquşuların boğazına nə qədər şəfqətli
dərmanlardan damcıladırdısa da, quşların səsi çıxmırdı ki, çıxmırdı; qonşuluqdakı
məktəbin qızları da daha yaşıl ağaca qonan çopur quşcuğazın mahnısını
oxumurdular; bircə o qalırdı ki, bir kənara çəkilib hər şeyi unudasan; vaxtın qalan
hissəsi isə, döşləri kal limon kimi balaca, bərk məktəbli qızların yolunu gözləməyə
və onlarla məzələnməyə gedirdi; ya da, siestanın bürkülü saatlarında yamyaşıl
talvarın altında təmtəkcə oturub, çoxlu, dadlı yeməklər yeyə-yeyə, ürəyinə yatan
televizya filmində baş verən əhvalatın ipini əldən buraxmamaqdan ötrü, arada bir,
yarımürgünün içindən oyanıb, yenidən mürgüləyə-mürgüləyə keçirirdi; bu
filimlərdə hər şey həyatdakı kimi deyildisə də, ona elə gəlirdi ki, əsl həyat, yaxud
ən azı, onun təsəvvürüncə həyat - elə-belə də olmalıdı; uzun müddət onun ağlına
belə gəlmirdi ki, bu yaxşı sonluqlu yüngül filmləri – əclaflığın xeyirxahlığa təslim
olduğu, məhəbbətin şərə qalib gəldiyi bu filimləri biz, onun zövqünü oxşamaqdan
ötrü - Xose İqnasionun tapşırığı ilə, xüsusi radioötürücülərlə, ya da, televizya
verlişlərini kəsib, ayrıca kanalla verirdik; biz, hər şeyi bilə-bilə, onu
vicdansızcasına aldadırdıq ki, o, özünü xoşəbxt hiss etsin; o da özünü son
günlərinəcən, qocalıb lap heydən düşənəcən, xoşbəxt hiss edirdi; axırı-sonu
görünməyən, uzun-uzadı qocalıq illərində o bir də, əyinlərindəki dənizçi
formalarında tir-tir titrəyən, balaca qızları əlləşdirəndə, özünü belə xoşəbxt hiss
edirdi; lakin günlərin bir günü, o soruşanda ki: «Sənə məktəbdə nə öyrətdilər?»,
mən də cavab verəndə ki: «Mənə heç nə öyrətmədilər, senyor, axı mən liman
fahişəsiyəm!» - o dəqiqə məni, qulağına dediyimi təkrar eləməyə məcbur elədi…
olsun, elə bilmişdi ki, səhv eşidib; onda mən, dediyimi heca-heca təkrar elədim ki,
mən məktəbli deyiləm, liman fa-hi-şə-si-yəm!; dedim ki, məni qətranlı sabunla
yuyub, lifləyib dənizçi yaxalıqlı mavi paltar geydirib, hər axşam saat beşdə onun
pəncərəsi önündən qaçmağı əmr ediblər; özü də mən tək qaçmırdım, böyrümlə,
sanitar polisinin yaxalayıb ələ keçirdiyi, yuyundurulub mənim kimi, məktəbli
forması və oğlan botinkaları geydirildiyi, başlarına, at quyrüğündan hörüklər
taxılmış fahişələr də qaçırdı; baxın, bu saçlar, başa adi sancaqla taxılır; bizi
xəbərdar etmişdilər ki, əlindən heç bir iş gəlməyən, bədbəxt, səfeh qocadan
qorxmağa dəyməz, bircə onu edəcək ki, soyundurub, həkim kimi ora-buranıza
baxacaq, ola bilsin, yüngülvari əlləşdirəcək… bir sözlə, sizin elədiklərinizi dedilər,
mənim generalım, bizsə gözlərimizi yumub, guya ehtirasdan alovlana-alovlana:
«Ax mənim sevgilim... sevgilim mənim...» - deməliydik, necə ki, hər axşam mən
deyirdim, sizin də canınıza yağ kimi yayılırdı; pulu bizə verməzdən əvvəl, bu
səhnəni oynamaq üçün bir neçə dəfə məşq elətdirirdilər, pul da nə pul – beş-on
qara qəpik, vəssalam: sanitar vergisini və serjant üçün komisyon xərclərini
çıxanda, bizə cəmi dörd ütük peso qalır. Bütün bunları, mənə gözünü qırpmadan
qulaq asan qaraqabaq qocanın üzünə dedim».
«Ah, anam mənim, Bendisyon Alvarado, bu qədər zülm çəkmək olar?..» - deyə o,
özü-özünə fikirləşirdisə də, nə bir sözüylə, nə hərəkətiylə sarsıntısını biruzə vermir,
vəziyyəti dolayısı yollarla aydınlaşdırmağa, xırdalıqları dəqiqləşdirməyə çalışırdı
və çox keçmədi ki, o, Dövlət Evinin qonşuluğundakı qızlar məktəbinin artıq
çoxdan bağlandığını dəqiqləşdirdi; balaca, məktəbli qızları həmin indi
qabağımızdakı banket stolunun üstündə, nə iləsə, sousun içində üzüyuxarı üzən
141
sabalo balığını xatırladan bədəni ilə uzanmış qaraqabaq, şorgöz qocanın
caynağından qurtarmaq üçün, şəxsən maarif nazirin özünün, yepiskopun xeyir-
duası altında, var-dövlətli, adlı-sanlı ailə başçılarıyla əlbir olaraq, dəniz kənarında
yeni, üçmərtəbəli məktəbin tikintisinə vəsait ayırdığını öyrənə bilmişdi; solğun
malvların, kimsəsiz düzənliklərin, ay kraterlərinin sönük şüaları - onsuz açılan ilk
səhərin zəif işartıları, üstünə səpilən ağappaq gül-çiçək meyitin rəngini bir qədər də
saraldırdı… o nəhayət ki, azad idi, öz hakimiyyət əsarətindən, əsiri kim olduğu
dəqiq bilinməyən Hakimiyyət Evinin cansıxıcı köləliyindən qurtulmuşdu! Bir
vaxtlar bu sərdabə, həmin bu saray təmir olunanda, sahibinin razılığı alınmadan,
içəri və çöl tərəfdən ağ rənglə boyananda o, otaqların, dəhlizlərin divarlarına
söykənə-söykənə, kənar bir adam kimi, rəngsazların işinə tamaşa edir, orda onu
tanımayan rəngsazlar: - «Burda sizlik bir iş yoxdu, senyor, rəngi korlayırsız!» -
deyə üstünə qışqırırdılar. O da, təzəcə ağardılmış divarlara toxunmadan, ehtiyatla
sivişib gedirdi. «Aşağı düşməyin, senyor, taxtabəndlər başınıza uçar!» - deyə o biri
yandan çığırırdılar və o, dinməzcə yuxarıda dayanıb qalırdı. Burda, həmin bu
yerdə, balta səsindən, bənnaların qəzəbli çığırtılarından qulaq batırdı. – «Çəkil,
kaftarın biri kaftar, yoxsa gilə yapışarsan!» - o da sıravi əsgər itaəti ilə deyilənə
tabe olur, geri çəkilir, guya rahatlığı üçün aparılan bu səfeh yenidənqurmanın
dözülməz əməliyyatlarına səbrlə dözürdü; özü özünə məxsus olmadığına görə,
cangüdənlərinin baxışlarından heç cür qurtara bilmirdi; cangüdənlərin kinli
baxışları, elə bil onu qorumaqdan ötrü yox, güdməkdən ötrü ardınca zillənirdi;
onlar, onun yeyəcəyi bütün xörəklərdən dadır, yeməklərin yarısını korlayır, bal
ehtiyatlarının xəlvəti yerlərini dəyişir, yeriyəndə cingildəməsin deyə, qızıl
mahmıza üz çəkir, cürbəcür ehtiyat tədbirləri görürdülər; bütün bu işlər, olsun ki,
köhnə dostunı - Saturno Santosa yaman gülməli gələrdi; on bir başkəsənin,
səhərdən-axşamacan sirk kəndirbazları kimi, böyür-başına hərlənmsi, əlli metrlik
məsafədən silahın növünü hiss edən, yanıb-sönən yaşıl-qırmızı lampalı cihazları,
doğrudan gülməliydi; avtomobil karvanı isə elə sürətlə gedirdi, yeddi eyni markalı
maşın bir-birilə elə ötüşürdü, elə bil onları qovan vardı; bu ötüşmədə general bəzən
tez-tez yerini dəyişən maşınların arasında, özünün hansı maşında olduğunu
qarışdırırdı; lakin bütün bu ehtiyat tədbirləri, quzğuna güllə atmaq kimi, mənasız
bir iş idi; maşının pərdəsini çəkib çölə boylananda gördü ki, özünü könüllü surətdə
dustaq etdiyi bu qədər uzun-uzadı matəm illərindən sonra da, prezidentin
limuzinlər karvanının lotusayağı manevrləri heç kəsin vecinə deyil; o, kilsə
qüllələrindən də yüksəklərə ucalan şüşə qayaya bənzər nazirlik binalarına baxdı,
divarda fırçayla yazılmış hansısa şüarı pozub təmizləyən hərbi patrula göz qoydu;
orda nə yazıldığını soruşanda dedilər: «Yeni vətən qurucusuna eşq olsun!»; şüarın
başdan-ayağa yalan olduğunu anladısa da, başını tərpətdi, «yoxsa silməzdilər» -
fikirləşdi; dənizə qədər altı bulvar uzunluğunda uzanan kokos palmalı, gül-çiçəkli,
geniş bulvarı gördü; əvvəllər bu yerlər bataqlığıydı; qədim sütunlu eyvanı, bir-
birinə bənzər yeni villalar salınmış, yeni şəhərətrafı qəsəbəni gördü; bir vaxtlar
zibilxana olan yerdə sıx amazon yaşıllıqlarıyla dövrələnmiş otelləri gördü; əyri-
üyrü küçələrlə tısbağa gedişiylə yeriyən sonsuz avtomobil sürüsünü gördü; səkinin
gün düşən tərəfiylə veyillənən, günortanın bürküsündən gicəllənən adamları gördü;
səkinin kölgə hissəsində isə vergi idarəsinin, harın-harın o baş-bu başa gəzişən
142
məmurları, səkinin kölgə yerində dayanmağa görə haqq alırdılar; odu ki, yazıq
camaata, günün altında qovrulmaqdan savayı bir şey qalmırdı!
Amma onu ən çox, getdikcə ətrafına cod hakimiyyət dalğası yayan, nəhəng dəmir
tabuta bənzər prezident limuzininin, heç kəsin tükünü belə tərpətməməyi heyrətə
gətirdi. Onun donuq gözlərini, həyəcan və təəcübdən səyriyən dodaqlarını da heç
kəs tanımadı; onun əlinə – ona əhəmiyyət verməyən camaata tərəf yellətdiyi
məşhur əlinə də diqqət yetirən olmadı; maşın irəlilədikcə, qəzet və boyunbağı
satanların haray-həşiri, dondurma arabalarının cırıltısı, lotereyaları bayraq kimi
yellədən lotereyasatanların ətürpədən çığırtıları – küçə dünyasının bütün uğultuları
arxada qaldı; «Anam Bendisyon Alvarado, gör bir, mənim şəhərim nə günə qalıb?»
- deyən qocanın qəlbində nələr baş verdiyinin, bu küçə dünyasına heç bir dəxli yox
idi. Buralar elə dəyişmişdi ki, heç haranı tanımaq mümkün deyildi: bir vaxtlar
paltarları eyvanların məhəccərində qurudan, şam yeməyinə bir-iki balıq əldə
eləmək üçün, qürub çağı xırda dükanlara girərək, alverçilərlə söyüşən ərsiz
qadınlar döngəsi hardaydı? Öz dükanlarının qapısı ağzında çöməlib bayıra çıxan
hindlilər hanı? Darıxdırıcı mahnılarla ölümü ovsunlayan arvadlar hanı?
Valideynlərinə qulaq asmadıqlarına görə əqrəbə çevrilən qorxunc qız şəkli hanı?
Hanı, üfunətli bataqlığa çevrilən quldur yuvaları?.. Maşın, küçəni buruldu və onun
gözünün qabağına, boynubükük qutanalar gəldi, birdən-birə ürəyi sıxıldı: liman!
Bəs liman hanı? Hanı o qaçaqmalçı qayıqları? Bir vaxt desantçıların atıb getdiyi
zirehli gəmi hanı? Bəs o zibil iyi hara yoxa çıxıb? Yoox, bu dünyaya nə isə olub,
əgər limuzindən düşüb vaqona mindikdən sonra da, onun pəncərədə görünən zərif
əlinə məhəl qoyan yoxdusa, bu hakimi-mütləq qocanın əlini heç kim tanımırsa, bu
dünyada nə isə baş verib. İndi bu əl – aran yerlərinə yeni dəmir yolu xəttini açan
ilk qatarın yarımçıq pəncərəsindən kiməsə hədər yerə yellədilən mənasız bir əl idi.
Qatar, bir vaxtlar malyariya bataqlığı olan ətirli çöllərdən keçib, qara-qışqırıqçı
bataqlıq quşlarının dolaşdığı düyü zəmilərinin yanından ötərək, prezident möhürü
vurulmuş inək sürülərini hürküdərək, ağlasığmaz mavi çalarlı düzənliklərlə sarı
şütüyürdü; o isə vaqonun, səyahətdən çox matəm mərasimlərinə daha çox yarayan,
qara, məxmər üzlü kupesində oturaraq, özü-özünə: «Lənət şeytana, bəs mənim
köhnə, dördayaqlı qatarım hanı? Hey çığırışan meymunlar hanı? Hanı cənnət
quşlarının nəğməsi? Hanı yenilməz əjdahalı ölkəm, hanı vətənim? Bütün bunlar
hara yox oldu, anam mənimcan?»
Keçmiş vaxtları, bircə stansiyalar və ingilis şlyapaları taxmış, qaradinməz hindu
qadınları oturan yarımstansiyalar yada salırdı: bu qadınlar, müxtəlif heyvanlar
şəklində bişirilmiş şəkərli meyvələr, kartof və qızardılmış toyuq satırdılar; gül-
çiçəkdən yığılmış «Vətənin böyük atasına əbədi eşq olsun!» - şüarı görünən
arakəsmələr boyu qızğın alver gedirdi; o, yenə əvvəlki möhtəşəmliyində, əvvəlki
qüdrətində idi və yenə heç kəs onun harda olduğunu bilə bilmirdi; onun adı yenə
əvvəlki qaydada hamını diksindirirdi; axı, ölkədə baş verən hər şey yenə onun
adıyla bağlıydı; o özü də son vaxtlar qorxu içindəydi, çox vaxt özünü, təqib olunan
qaçqın kimi hiss edirdi, səbr kasası daşanda isə: «Belə yaşamaq ölümdən də
betərdi!» - deyə Xose İqnasio Saens de la Barranın üstünə çımxırır, cavabında isə:
«Elə deyil, general, bu, qanun çərçivəsində gedən Tərəqqidir!» - kəlamını eşidirdi,
bu cümlənin ardınca, məlahətli təbəssümlə müşayət olunan, min cür ən ağlasığmaz,
143
sirli və inandırıcı sözlər gəlirdi. Və o, onsuz, özünü tamamilə tənha hiss etdiyi bu
lənətəgəlmiş Saens de la Barrayla bir dəfə təslim olub razılaşdığı kimi, bu yırtıcıyla
- yuxusuz gecələrdə ürəyində söydüyü, səhərlər isə yenə hakim-mütləq və gərəkli
olan bu qəddar adamla razılaşmalı olurdu; bu adamın, az qala ayaqyoluna gedəndə
belə, ondan ayrılmadığı insan gözlü, insan adlı, gözəl köpəyi Lord Köxellə birgə,
günün günorta çağı üzündəki mülayim təbəssümlə peyda olmağıyla, bizim
generalın gecəki qəzəbinin sovuşmağı bir olurdu; general, həmin dəqiqə bütün
acığını, kin-kidurətini unudur, onun təklif elədiyi hər bir şeyi ürəkdən bəyənir və
deyilənlərə elə dinməzcə, elə tələskənliklə əməl eləyirdi ki, sonradan buna görə,
ürəyinin dərinliyində özü özəlindən əsəbiləşirdi. Di gəl ki, bu əsəbiliyin özü də çox
çəkmirdi, Saens de la Barra onun daxilində yaranmaq istəyən hər hansı cüzi bir
dəyişikliyi tutan kimi, general o dəqiqə Saensi sakitləşdirməyə başlayır, hər şeyi,
öz əvvəlki yerinə qoyurdu: «Narahat olmayın, Naço, öz vəzifə borcunuzu yerinə
yetirin!» - deyirdi.
Və Xose İqnasio Saens de la Barra yenidən öz yenilməzliyi və dəolunmazlığıyla öz
zindanına - prezident sarayından cəmi beş yüz metr aralıda quraşdırılmış cəza
kombinatına, bir vaxtlar holland dəlixanası olmuş, kolonial memarlıq binasına
qayıdırdı. «Sizin saray kimi, möhtəşəm bir saraya, mənim generalım.» Bu, badam
pöhrələrinin arasında itib-batan, qabağı, çöl bənövşələriylə dolu yaşıl çəmənlik
olan bir bina idi; birinci mərtəbəsində, axtarış xidməti və vətəndaşlıq aktları
qeydiyyatı bürosu yerləşirdi, qalan mərtəbələrdə isə vəhşi işgəncə maşınları
quraşdırılmışdı; bu maşınlar elə incə və ətürpədən fantaziyayla hazırlanmışdı ki, o,
bunlara baxmaq belə, istəmədi və Saens de la Barraya: «Naço, vətən qarşısındakı
borcunuzu daha yüksək səviyyədə yerinə yetirməyinizdə olun və unutmayın: mən
heç nə bilmirəm, heç bir şey görməmişəm, idarənizdə də heç vaxt olmamışam!» -
dedi. Xose İqnasio Saens de la Barra, onun qarşısında dərin ehtiramla təzim edib,
kişi kimi söz verdi ki, prezidentin dediklərini qəbul edir, valideynlərinin dilini
açmaqdan ötrü, beş yaşlı uşaqların cinsi orqanlarına elektrik cərəyanı buraxmaq
kimi cəza növünə son qoymaq əmrini dinməzcə yerinə yetirdiyi kimi, bu sözünün
də üstündə dayanacaq; əmrin yerinə yetirilməsinə xüsusi nəzarət lazım idi; əla
həzrət qorxurdu ki, lotereya əhvalatı vaxtı onu heydən salan zalım yuxusuzluq,
bütün bu iyrəncliklərdən sonra yenə üstünə hücum çəksin. Əmr yerinə yetirildisə
də, o yenə, hardasa, yaxında işləyən dəhşətlər emalatxanasını unuda bilmədi; bir də
axı necə unudaydı ki, səssiz, aylı gecələr, yaxından ötüb keçən qatarların
taqqıltısına, şimşək gurultusuna ayılırdı; bu qatar və şimşək səsləri isə əslində,
Bruknerin vallarına yazılmışdı, bu səsləri o, gecə yarısı işgəncə verilənlərin
iniltilərini batırmaqdan ötrü işə salırdı; bu cəhənnəm qasırğası sübh çağının sel
kimi tüğyan edir, özündən sonra, bir vaxtlar holland lunatiklərinin yaşadığı bu
vahiməli dəlixananın binasına – cəza evinə düşən cavan gəlinlərin fatalarından
badam ağaclarının budaqlarına ilişib qalan cır-cındırı vahiməli-vahiməli
ağardırdı… Bəli, zat-aliləri, həyatlarını işgəncələr içində itirən insan iniltilərinin və
lənətlərinin yuxusuzluğunun içinə dolmağından qorxur, öz işini yorulmadan görən
bir adam haqda - Xose İqnasio Saens de la Barra haqqında israrla düşünürdü.
Saens de la Barranın bircə nöqsanı vardı: o, zahiri parıltını sevirdi, sinəsi qəribə,
monoqramlı ipək köynəklər, gözəl tikilişli, bahalı ayaqqabılar, xüsusi qutulara
144
yığılmış diri qardeniyalar, etiketlərində şəcərə gerblər döydürülmüş fransız
losyonları alır, qalan məsələlərdə isə özünə sərt qadağalar qoyurdu; məşuqəsi yox
idi, lütfkar, arvadsifət oğlanlarla da maraqlanmırdı, dostu-filanı, hətta öz evi belə
yox idi, möminlər kimi, dörd divarın arasında yaşayır, gecə-gündüz o qədər
işləyirdi ki, axşamlar yorğunluqdan, iş otağındakı divana pallı-paltarlı sərilir, üç
saatdan çox yatmırdı; qapısının ağzında onu qorumalı olan mühafizsiz, tapançasız,
deyilənə görə, yediyi yeganə qida – başı bədənindən təzəcə ayrılan adamların isti
bağırsaqlarını almayanda, az qala öz dərisini yırtıb çıxmağa hazır olan, ayıq-sayıq,
yuxubilməz Lord Köxel qoruyurdu. Kiminsə kabinetə yaxınlaşdığını hiss edən
köpək, həmin dəqiqə qaynar qazan kimi qaynayıb, dərhal sahibini oyadırdı;
kabinetə sarı yaxınlaşanın kim olmağının heç bir fərqi yox idi: Saens, onsuz da heç
kəsə inanmırdı, güzgüdə öz əksinə də şübhəylə baxırdı; bütün qərarları, heç kimlə
məsləhətləşmədən, yalnız çoxsaylı casuslarının təqdimatlarını dinlədikdən sonra
özü qəbul edirdi; ölkədə baş verən ən mənasız hadisə belə -, dünyanın hər hansı
guşəsində ən adi qaçqının nəfəs alması da, Xose İqnasio Saens de la Barraya,
gözəgörünməz hörümçək toru telləriylə bəlli olurdu; o, qorxu, şantaj və səxavətli
rüşvətlər hesabına, az qala, bütün Yer kürəsini bu torun içinə salmışdı; düzdü, o
səxavətliydi, amma dövlətin hesabına yox; öz işinə o qədər sədaqətliydi ki, xəbər
gətirənləri, çox zaman öz puluyla mükafatlandırırdı; bu cür təmannasız xidmətlə
tək bircə o məşğul deyildi; boşboğaz çərənçilər orda-burda pıçıldaşırdılar ki, guya
onun muzdla tutduğu cəlladlar, xəfiyyələr və casuslar, camaatdan fantastik
məbləğdə haqq aldıqlarına görə, hər cür cinayətə getməyə hazırdılar; bu adamların
bir çoxu, öz xidmətinə görə haqq istəmirdi; bu adamlar, öz analarını belə
şaqqalayıb, qanlı tikələrini donuzlara yedirdməyə hazır idilər, təki, bu könüllü
halda yarındıqları xəfiyyənin diqqətini cəlb etsinlər; onlar, vəhşiliklərinə və kiçicik
mərhəmət hissindən belə məhrum olduqlarına görə ad çıxarmış, fransız cəllad-
rasionalistlərinin əlinin altında işləmək üçün, nümunəvi davranış barədə zəmanət
məktubu və arayış əvəzinə, törətdikləri əclaflıqlar haqda sənədlər gətirirdilər; bu
könüllü xəfiyyələr, cəlladlar, Sanesin dediyi kimi, həmin o «qanun çərçivəsində
tərəqqi» söhbətini adi bir məsələyə çevirmişdilər; dondurma kafelərinin
taxtapuşları altına uzanıb sərinləyənlər, çin restoranında qəzetləri gözdən
keçirənlər, ucuz kinolarda mürgü vuranlar, avtobuslarda öz yerlərini hamilə
qadınlara verənlər də onlar idi; elektrik və santexnik işləyənlər, həyatlarının
yarısını paytaxt qanqsterləri və əyalət quldurlarıyla yanaşı yaşayanlar, okean
laynerlərində, beynəlxalq barlarda işləyən qulluqçuların və fahişələrin təsadüfi
ərləri də onlar idi; Qəraib cənnətinə ekskursiya təşkil edən Amerika turist
agentlərinin əməkdaşları, Belçika xarici işlər nazirinin şəxsi katibi, bir sözlə, heç
kəsin ağlına belə gətirə bilmədiyi, bir çox işlərlə yenə onlar məşğul idi; qiyamı
yatırmağa kömək edənlər, təhlükəli adamları aradan götürənlər, həddən artıq çılğın
və qətiyyətli beyinlərdə, hələ tam yetişməmiş sui-qəsdlərin üstünü açanlar da onlar
idi. Onlar, öz işləriylə inamla, həyasız bir arxayınlıqla məşğul olurdular, sözün əsl
mənasında, vətənpərvərlər isə əmin idilər ki, bütün bu əməllərdən prezidentin
xəbəri yoxdu: «Əgər bilsəydiniz… ah, bircə bilsəydiniz, mənim generalım…» -
deyə ürəklərində ona üz tutur, bütün bu dəhşətlər barədə söhbətləri dönə-dönə
xatırlayır və uşaq sadəlövhlüyü ilə elə güman eləyirdilər ki, onların sözləri
145
generalın qulağına çatsaydı, Saens de la Barra, çoxdan bu satqınları liman qalasının
yanındakı qəbirstanlığa sürütləyərdi; odu ki, əsl vətənpərvərlərdən biri, nəhayət ki,
özünü generalın yanına çatdırdı, bütün bunlar barədə cəsarətlə danışdı və sarsıldı…
general ona diqqətlə qulaq asıb demişdi ki, qoy o sırğa eləyib qulağından assın ki,
bu barədə heç vaxt heç nə bilməyib, bilmir və bilməyəcək, o, heç kəslə heç bir şey
haqda danışmayıb; - bunları deyəndən sonra qoca, sınayıcı baxışlarla bir müddət
həmin bu vətənpərvəri seyr edibmiş; bu məsələdən sonra qoca bir azca
sakitləşmişdi, amma bu sakitlik çox az çəkdi; kəsilmiş başlarla dolu kisələr, bir
ucdan saraya daxil olmaqda idi; - kisələr o qədər çoxalmışdı ki, daha Xose İqnasio
Saens de la Barranın, bu qədər insan qanını, heç bir şəxsi məqsəd güdmədən,
tökdüyünə inanmaq mümkün deyildi; qoşun komandirlərinin, öz miskin
gücsüzlükləriylə belə asanlıqla barışmaları, məvaciblərinin qadırılmasını belə
istəməmələri, ona lap məntiqsiz gəlirdə; hərbçilərin müəmmalı itaətkarlığının,
üsyan etməmələrinin, bu cür azğın hərəkətlər edən bu adamın aradan götürülməsini
tələb etməmələrinin əsl səbəbini öyrənmək üçün, hərbçilərin vəziyyətiylə daha
yaxından tanış olamq qərarına gəldi; bir dəfə ən uzaqgörən, cəsur hərbçidən
soruşdu ki, silahlı qüvvələrin ləyaqətini tapdalayan bu qaniçən lotunun başını
bədənindən ayırmaq vaxtı hələ çatmayıbmı? Cavab onu təəccübləndirdi: «Ah, yox,
mənim generalım, bir az şişirdirsiniz.» O vaxtdan bəri o, hər dəfə ona, lotereyalarla
bağlı bədbəxt uşaqların taleyini xatırladan, bu ölüm qoxulu «qanun çərçivəsində
Tərəqqi» adlı bic qurğuda, kimin kim tərəfində olduğunu, kimin kimə zidd
olmasını heç cür ayırd edə bilmirdi; Xose İqnasio Saens de la Barra da ayıq-sayıq
idi: hökmdarının qızğın həyəcanlarını təlimçi bacarığıyla yatırdırdı: «Rahat yatın,
mənim generalım, dünya sizindi!» - deyə Saens tez-tez təkrarlaya-təkrarlaya
generalı yenə inandırırdı ki, ona və yalnız ona məxsus olan bu dünyada hər şey çox
sadə və aydındı və bu aydınlığı dəyişməyə dəyməz; odu ki, həyat öz axarıyla
gedirdi; o, həmin qəbiristanlıq zülmətli kimsəsiz evində – möhtəşəm prezident
sərdabəsinin qaranlıq dəhlizlərində vurnuxur, tez-tez bu vurnuxmadan bezir və
ümidsizliklə özü-özünə: «Lənət şeytana, axı mən kiməm – insanam, yoxsa insanın
güzgüdəki əksi? Əgər səhərin bu vədəsi, saat on birdə ətrafda ins-cins yoxdusa,
onda mən kiməm? Bu kimsəsiz saray səhrasında Allahın dilsiz-ağızsız toyuğu belə
yoxdu…» - deyə fikirləşir, sonra öz-özüylə danışa-danışa, şirin xatirələri – sübhün
ala-toranlığından, yemək artıqları üstə itlərlə əlbəyaxa savaşan cüzamlı və iflic
xəstələrin hay-küyü eşidilən dövrləri, camaatın, pilləkənlərə tökülüb-qalmış inək
təzəklərinin üstüylə sürüşdüyü, uzaq-uzaq yerlərdən tökülüşüb gələn, kişili-qadınlı,
saysız-hesabsız adamın, qarşısında diz çöküb, yaralarını sağaltmağı, uşaqlarını
xaçlamağı, yaxud qarın ağrısından qurtarmağı xahiş edib, yalvaran günləri yadına
saldı: «Əlinizi verin, mənim generalım, ürəyimə sakitlik gətirin – köksümə dolmuh
bu qorxunc zəlzələni yalnız siz yatıra bilərsiz!» «Bir dənizə baxın, mənim
generalım, qasırğalar təkcə sizin qarşınızda ram olur! Səmaya fikir verin,
buludların pərdəsini yalnız siz yırta bilərsiz! Yerə diqqət edin, vəba, yalnız sizdən
qorxur!» – deyirdilər. Hüzuruna can atan minlərlə adam, onun hər şeyə qadir
olduğuna, küləyi belə, öz iradəsinə tabe etmək qabiliyyətinə, bütün Yer üzündə
qayda-qanun yaradmaq qabiliyyətinə, lazım gələrsə, lap Allahın özüylə də baş-başa
gələ bilmək qabiliyyətinə malik olduğuna qəti əmin idilər; o özü də yavaş-yavaş bu
146
mövhumatçı inama qapılır, camaatın istəyini yerinə yetirə-yetirə, hər kəsə, imkan
daxilində, onun istədiyini verir, ona təklif olunanları qəbul edirdi; çünki ona bu
boyda fədakarlıqla inananları, onun əsl və uydurma əzəmətini tərənnüm edənləri,
azca da olsa, sevindirməyə bilməzdi; amma indi bir kəs ondan, nə isə istəmirdi, heç
adicə: «Sabahınız xeyir, mənim generalım! Necə yatmısız?» - deyən də yox idi.
Dostları ilə paylaş: |