III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1449
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
а прямой халифский контроль больше никогда не был восстановлен в Северо-Западном
Иране. Автор отмечает, что падение династии Саджидов оставило после себя «вакуум
власти».
Итак, несмотря на существующие недочеты в освещении тех или иных историчес-
ких событий, произведения К.Э.Босворта ценны полезными сведениями, позволяющи-
ми нам изучить этническое происхождение, политическую историю государства
Саджидов.
ƏRƏB ƏNDƏLUS ƏDƏBİYYATI VƏ MƏDƏNİYYƏTİ
Səadət İBRAHİMOVA
AMEA, akad. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu
isaadat@rambler.ru
AZƏRBAYCAN
VIII əsrin əvvələrində İspaniyada məskən salan ərəblər tərəfindən tarixdə ilk dəfə
olaraq, qərb ölkəsində ərəb ədəbiyyatı və mədəniyyəti formalaşdırılmışdır. Ərəblərin İspani-
yaya ilk gəlişi sərkərdə Tariq bin Ziyadın (711-ci ildə) adı ilə bağlıdır. Abbasilər sülaləsi
tərəfindən 750-ci ildə Əməvilərin hakimiyyətinə son qoyulduqdan sonra Əməvi şahzadəsi
Əbdürrəhman İspaniyaya qaçaraq burada Əməvilərin hakimiyyətini bərpa etmişdi. Qeyd edək
ki, ərəblər müsəlmanlar tərəfindən idarə edilən İspaniyanı Əndəlus adlandırırdılar.
Ərəblərin hakimiyyəti dövründə Əndəlusda çoxlu saraylar, yüzlərlə məscid, hamam,
iyirmiyə yaxın universitet və yüzə yaxın xalq kitabxanası inşa edilmişdir. Belə ki, xəlifə əl-
Hakim məmurlarını İsgəndəriyyə, Bağdad, Dəməşq kimi elm mərkəzlərinə göndərərək yeni-
yeni kitablar aldırır və ya oradakı kitabxanalarda olan qiymətli kitabların üzünü köçürtdürür-
dü. Beləcə Əndəlusda ən zəngin kitabxanalar yaradılmışdır. Qeyd edək ki, orta əsrlər döv-
ründə Əndəlusda yazıb-yaradan alimlər Çin və Hindistanda edilən kəşflərdən və qədim yunan
elmlərindən xəbərdar idilər. Buna görə də həmin dövrdə Əndəlus müsəlmanları mədəniyyət,
elm, ədəbiyyat və yaşayış səviyyəsi baxımından avropalılardan üstün idi. Əndəlusda oxuyan
və yaza bilənlərin sayı da Avropa ölkələrində oxuyub-yaza bilənlərdən qat-qat artıq idi.
Əndəlusda ərəblərin əldə etdiyi nailiyyətlərdən biri də şərq və qərb ədəbiyyatının xüsu-
siyyətlərini özündə əks etdirən Əndəlus ədəbiyyatını yaratmaq idi. Belə ki, buradakı ərəb
əsilli şairlər klassik ərəb şeirinin iki böyük qanunu olan əruz və qafiyə sisteminə zərbə vura-
raq formal buxovlardan azad muvaşşah və zəcəl şeirini yaratmışdılar. Muvaşşah şeiri ərəb-
ispan poeziyasının ərəb ədəbiyyatına bəxş etdiyi yeniliklərdən biridir. “Muvaşşah” sözünün
iki mənası vardır: “qadınlar tərəfindən istifadə edilən inci və daş-qaşlarla bəzədilmiş dəri kə-
mər” və “çiyinə salınan çələng”.Muvaşşahın ilk dəfə kimin tərəfindən yazılması barədə təd-
qiqatçılar arasında təzadlı mülahizələr var. Lakin bir çox tədqiqatçının fikrincə muvaşşahı
yaradan Əmir Abdullah ibn Məhəmmədin saray şairlərindən olan Muqaddam ibn Muafa əl-
Qabri (812-840) idi. Qeyd edək ki, Əndəlusda kişi şairlərlə yanaşı bəzi qadın şairələr də
muvaşşah şeir nümunələri yazmışdılar. Onlar içində ən məşhuru Ummu-l Kərəm bint-ul
Muta-sim idi. Lakin onun yazdığı muvaşşahlar günümüzə qədər gəlib çatmayıb. Zəcəl isə
xalq şeirinə daha yaxın bir ədəbi növdür. İspaniyada ərəblər tərəfindən yaradılan zəcəl şeir
növündə ən çox yazıb-yaradanlar isə İbn Əbdürrəbbih, Ramədi və İbn Kuzman idi.
Qərb dünyasının alimləri və ədiblərinin Əndəlusda yetişmiş İbn Rüşd, İbn Tufeyl, İbn
Ərəbi kimi bir çox böyük filosoflarından təsirlənmələri də Əndəlus mədəniyyətinin əhəmiy-
yətinin bariz göstəricisidir. Avropalılar şərq fəlsəfəsini və digər elmləri Əndəlusda yaradılmış
elmi və mədəni mərkəzlərdəki dəyərli əsərlər vasitəsilə öyrənə bilmişdilər. Nobel mükafatçısı,
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1450
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
tanınmış fransız fiziki Pierre Curie qeyd etdiyi kimi: “Əndəlusdan bizə qalan 30 kitab sayə-
sində atomu parçalaya bildik, əgər yandırılan bir milyon kitabın yarısı əlimizə keçsəydi
bugün artıq kosmosda planetlər arasında səyahət edirdik”.
Qeyd edək ki,Əndəlus ədəbiyyatı və mədəniyyəti həm Avropa, həm də müasir ərəb
ədəbiyyatına təsir etmişdir. Belə ki, müsəlmanların Əndəlusda yaratdıqları mədəniyyət barədə
XVI-XVII əsrlərdə yaşamış xristian əsilli ispan yazıçısı Migel de Servantesin məşhur "Ağıllı
zadəgan Don Kixot" əsərinin müxtəlif yerlərində məğriblilərin yəni Əndəlus müsəlmanlarının
elm və mədəni səviyyələrinin üstünlüyü qeyd edilməkdədir. Həmçinin bildirək ki, İbn
Tufeylin bütün dünyada tanınan “Hayy ibn Yəqzan” əsəri “Robinzon Kruzo” əsərinin müəllifi
Daniel Defonun və bir çox digər qərb yazarlarının yaradıcılığına təsir etmişdir. Xüsusilə XIX
əsrin sonu XX əsrin əvvəllərində Suriya və Livandan Cənubi Amerikaya mühacirət etmiş ərəb
ədibləri ərəblərin İspaniyada yaratdıqları ədəbiyyatın şərəfinə 1933-cü Braziliyada təsis
etdikləri ədəbi cəmiyyəti “əl-Usbətu-l Əndəlusiyyə” adlandırmışdılar.
Beləliklə, hələ Avropadakı renessansdan 4 əsr əvvəl Əndəlus artıq elmi dirçəliş dövrünü
yaşamış və ətalət içində yaşayan Qərb dövlətlərində renessans hərəkatının inkişaf etməsinə
xüsusi təsir göstərmişdir. Zəngin ədəbiyyata və mədəniyyətə sahib olan ərəblər Qərbdə-İspa-
niyada böyük bir müsəlman mədəniyyətinin qurucuları olmaqla yanaşı xristian torpaqlarında
şərq mədəniyyətini və elmini uğurla inkişaf etdirmişdilər.
FƏZLULLAH RƏŞİDƏDDIN HƏMƏDANININ VƏZİRLİYI
Arzu XASIYEVA
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu
“Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri” şöbəsi
AZƏRBAYCAN
Rəşidəddin Təbib və yaxud Rəşidəddin Fəzlullah Həmədani (1247-1318) XIII-XIV
əsrlər Elxanilər sarayının məşhur həkim, yazıçı, tarixçisi olaraq böyük İslam tarixi “Cami ət-
təvarix”in müəllifi kimi tanınır. Əbülxeyr bin Qalinin oğlu olan Rəşidəddin Fəzlullahın
(1247-1318)ən həqiqətə uyğun bioqrafiyası fransız şərqşünası E.Kartmer (“Memorie sur la
vie et les ouvrages de Raschid-Eldin”) tərəfindən verilmişdir. Rəşidin adı və nəsli haqqında
məlumat verən Paris Milli Kitabxanasında saxlanan Rəşidə aid əlyazmadan məlum olur ki,
onun ata və babası ya təbib, ya da təbib sənətini bilən idilər. Məhz bu cəhətə fikir verərək
ingilis şərqşünası A.Boyle Rəşidin müasirləri tərəfindən “təbib Rəşid” adlandırıldığını qeyd
etmişdir. O, Həmədanda yəhudi əsilli nüfuzlu və varlı təbib ailəsində dünyaya gəlmişdir.
Babək Rəşnuzadəyə görə “Tarix-i qozidə”, “Tarix-i Vəssaf”, “Zeyl-i cami ət-təvarix”, “Həbib
əs-siyar”, “Dəstur əl-vuzəra”, “Məcmə əl-ənsab”, “Durrət əl-əxbar va ləmət əl-ənvar”,
“Nəsəim əl-əshar min lataim əl-əxbar”, “Mətlə sa-sadeyn” əsərlərin heç birində Rəşidin
həyatına və neçə il ömür sürməsinə dair bir məlumat qeyd olunmamışdır. Lucien Lerclerc
Rəşidin fars, ərəb, monqol, türk, ibri və bəlkə də çin dillərini bildiyini qeyd etmişdir (Historie
de la Medicine Arabe).
Rəşid təbiblik sənətini atasından öyrənmiş və qısa zamanda bu sahədə şöhrət qazanaraq
Abaqa xanın (1265-1282) xüsusi təbibi kimi yüksək nüfuz əldə etmişdir. Ancaq Rəşidin mək-
tublarını tədqiq etmiş A.İ.Falinaya görə onun dəqiq hansı peşə ilə xana xidmət göstərdiyini
demək mübahisəlidir. Maraqlıdır ki, A.İ.Falinanın fikrinin əksinə olaraq ingilis şərqşünası
A.Boyle belə qənaətdədir ki, İslam dinini qəbul edən Rəşid Abaqa xana həkim kimi xidmət
göstərmişdir və Keyxatunun hakimiyyətində isə xana münasib və faydalı qidalar hazırlamaqla
məşğul idi. Haşim Rəcəbzadəyə görə isə Rəşid vəzirlikdən əvvəl həkim və yaxın həmsöhbət
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1451
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
kimi fəaliyyət göstərmişdir. Arqun xanın dövründə sadə bir məsləhətçi olan Rəşid səfir kimi
Hindistana gedərək yerli əhalini va hakim dairələri Elxanilərin əzəmətindən xəbərdar edərək
xərac almağa müvəffəq olmuş və özü bunu sonra məktublarında qeyd etmişdir. Keyxatu
hakimiyyətə gəldikdə Rəşid vəzirlik etmək dəvətini qəbul etməmişdir. Ancaq Elxanilər sara-
yında yaranan problemlər, xəzinənin boşalması nəticəsində Rəşid öz şəxsi xəzinəsini bu işdə
xərcləyərək xana xidmət göstərmişdir. Qazan xanın (1295-1304) zamanında Rəşidin nüfuzu
artır və birlikdə eyni vəzifədə çalışan vəzir Sədr əd-Din Əhməd Xalidi Zəncani divan malın-
dan sui-istifadə edib özündən yarlıq, fərman verməsinə görə edam olunduqdan sonra 1298-ci
ildə vəzir məqamı Səd əd-Din Məhəmməd Mustovfi Savəci və Rəşidəddin Fəzlullah Həmə-
daninin öhdəsində olur. Qazan xandan sonra Ulcaytu xanın dövründə vəzir məqamında qalan
bu iki vəzir arasında ixtilaflar meydana gəlir. Dini və elmi məsələrə önəm verən Ulcaytunun
zamanında (1304-1316) da vəzirlik məqamı onların öhdəsində olur,xan gənc və istedadlı
Tacəddin Əli şah Təbrizini onlarla birlikdə vəzir məqamına yüksəldir. İki vəzir arasında əda-
vətin güclənməsi məhz bu zamandan başlamışdır. Rəşid şafii məzhəb, Sədəddin isə şiə məz-
həb idi və Rəşidin təsiri ilə Ulcaytunun sünni məzhəbə keçməsi onların arasındakı ədavəti
artırır. Haşim Rəcəbzadəyə görə Vəssafın qeydlərinə fikir verdikdə məlum olur ki, Ulcaytu
Rəşidi baş vəzir vəzifəsinə yüksəldərək onun rütbəsini artırdı. Rəşid Ulcaytu xana Səd əd-Din
Məhəmməd Savəcinin divan malından sui-istifadə etməsini xəbər verir, eyni zamanda Səd əd-
Dinin dostları isə bu hərəkəti Rəşidin adına çıxarmağa cəhd edirdilər. Ulcaytu bu mövzunu
dəqiq tədqiq etdikdən sonra günahkar hesab olunan Sədr əd-Dini bir neçə köməkçisi ilə öldüt-
dürür. Həmdullah Mustovfi isə “Xacə Səd əd-Din Mustovfinin vəzir və möhür (al-e tamğa)
sahibi, Xacə Rəşidəddinin isə sahib divan və səltənətin nümayəndəsi” olduğunu qeyd etmişdir.
Abdullah Kaşaninin “Ulcaytu tarixi”ndən məlum olur ki, Səd əd-Din Rəşidin yəhudi
əslini bəhanə edərək tez-tez ona acı sözlərlə hücum edirdi və buna görə o, əvvəlcə vəzifəsin-
dən azad olunur, 1312-ci il 19 fevralda isə edam olunur. Həmin il yəhudi əlifbası ilə yazılmış
və Rəşidin sultanı öldürmək planının yazıldığı bir məktub aşkarlanır. Ancaq Rəşid məktubun
saxta olduğunu sübut etməyə müvəffəq olur. Yeni vəzir Tacəddin Əlişah Təbrizi həmçinin
Səd əd-Dini gözdən salmağa çalışaraq onun xəzinə mülkündən oğurluq etdiyini şaha çatdıra-
raq iki vəzirin arasındakı ixtilaflardan bəhrələnmək fikrində idi. Sədəddinin azalan nüfuzu
onun özünü də qorxudurdu, Rəşidin onun tərəfini saxlamaması Sultanın fikrini qətiləşdirmiş
və nəticədə o, edam olunmuşdur. Səd əd-Dindən sonra Tacəddin Əlişah və Rəşidəddin vəzir
məqamını bölüşürlər. Onların arasındakı narazılıq nəticəsində Ulcaytu fərman verərək hər iki
vəzirin məsul olacaqları əraziləri müəyyənləşdirir. Bu məlumatı Abdullah Kaşani “Ulcaytu
tarixi”ndə və Hafiz Əbru “Zeyl-i Came ət-təvarix”də belə göstərmişdir:
“Abmuyədən, İraq-i Əcəmin Zəre körpüsünün qırağından, Fars, Kirman, Şəbankarə,
Böyük Lor və Kiçik Lordan Xorasan sərhəddinə qədər uzanan bir ərazini Rəşidəddinə əmanət
etdi və Diyar-i Bəkr, Diyar-i Rəbiə (6), Muğan, Ərran, Bağdad, Bəsrə, Vasit, Hillə və Kufə
şəhərlərini isə Xacə Tacəddin Əlişaha tapşırdı.”
Yeni vəzir digərlərindən fərqli olaraq daima Rəşidə qarşı intriqalar hazırlayaraq onun
sultanın yanındakı ehtiramını məhv etmək istəyirdi. Ulcaytu xanın hakimiyyətinin son illərin-
də Rəşidin bir vaxtlar himayət etdiyi Əlişah xana çox yaxın olmuşdur, bir sıra mühüm işləri
artıq Rəşidlə məşvərət etmədən yerinə yetirirdi. Xorasan qoşununun xərcini ödəmək üçün
xəzinədəki mülk və sərvətin hesabını istəyən xana Rəşid sərvətin azalmasının səbəbkarı kimi
möhür sahibi Əlişahı göstərir. Xüsusi ilə onun divan mülkündən çoxlu xəzinə əldə etməsi,
rüşvət almasını Əlişah daimə xana çatdırırdı. Bütün bu Rəşid haqqında xoş olmayan sözlər
xanın yanında Rəşidin nüfuzuna təbii ki, təsir edərək acı sonluğu üçün zəmin hazırlayırdı.
Əvvəlcə vəzifəsindən azad olunan Rəşid Sultaniyyədən Təbrizə gedir. Əmir Çoban onu yeni-
dən vəzirliyə dəvət etmək üçün Təbrizə gələrək, onun yenidən vəzirlik məqamına qayıtma-
sında təkid edir. Bu hal Əlişahı narahat etdiyindən o, sui-qəsd planı hazırlayır. Təxminən 6 il
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1452
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
sonra 1317-ci ildə Əbu Səidin dövründə baş vəzir Tacəddin Əli şah və Əmir Çobanın yaxın-
dan müdaxilə etdiyi araşdırmalar nəticəsində 70 yaşlı Rəşidi Ulcaytunu zəhərləməkdə
günahlandırırlar. Məmlük mənbələrinin məlumatına görə, Rəşid Ulcaytu xanın təbiblərinin
məsləhətinin əleyhinə hərəkət etdiyini etiraf etmişdir və xanın xəstəliyi üçün hazırlanmasını
əmr etdiyi məlhəmdə metal zəhərlənməsinin əlamətləri aşkarlanmışdır. 1318-ci ildə əvvəlcə
Ulcaytunun şərbətdarı (şərbət paylayanı) olan 16 yaşlı oğlu İbrahim gözü önündə edam edilir,
sonra Rəşid Əbhər yaxınlığında qəddarcasına edam olunur. Həmçinin onun qohumlarını, mal
və mülkünü qarət edirlər, “Rəb’e Rəşidi”də onun əsərlərindən ibarət olan kitabxananı qarət
edərək yandırırlar. 1327-ci ildə Əmir Çobanın edam olunmasından sonra Rəşidin mülkləri,
xüsusən “Rəbe Rəşidi” oğullarına qaytarılır. Yalnız 10 ildən sonra Rəşid bəraət qazanır, ailəsi
isə əvvəlki qüdrətini tədricən bərpa edir. Rəşidin oğlu Qiyasəddin vəzir məqamına yüksələrək
atasının yolunu davam etdirir.
MƏDƏNİ İRSİN MƏHVİ
İsrafil CƏFƏROV
Mədəniyyət və turizm Nazirliyi
ormanss@mail.ru
AZƏRBAYCAN
Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən Azərbay-
can Respublikasına məxsus yeddi rayonda Ermənistanın işğalı nəticəsində ümumilikdə 699
tarix-mədəniyyət abidəsi işğal edilmiş, 4366 mədəni sosial obyekt dağıdılmışdır. Bu
abidələrin böyük bir qisminin tamamilə məhv edilməsi və yaxud yararsız vəziyyətə salınması
ilə bağlı əlimizdə maddi sübutlar vardır. Talan edilmiş muzeylərimizdən 40 000-dən artıq
qiymətli əşyalar və nadir eksponatlar oğurlanmış, bir hissəsi isə qaçaqmalçılıq yolu ilə digər
xarici ölkələrə satılmışdır.
Bundan əlavə uzun tarixi dövr ərzində hazırkı müstəqil Azərbaycan dövləti ərazisində
mövcud olmuş Qafqaz Albaniyası dövrünə aid olan kilsə və məbədlər qriqoryanlaşdırılmış,
məhz Albaniyaya məxsus olan memarlıq üslubu məhv edilərək saxtalaşdırılır.
Son illərdə Qarabağda alban dövrünə aid 100-ə yaxın ibadətgaha erməni kilsəsi
statusu verilib. Təkcə 2006-cı ildə ermənilər tərəfindən Şuşa şəhəri ətrafında 500-dən çox
abidə “erməni abidəsi” kimi qeydiyyata alınıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun
topladığı faktlara əsasən işğal olunmuş ərazilərdə qalan və islam dövrünə aid tarixi abidələr
xüsusi amansızlıqla dağıdılır. Çünki bu abidələrin üzərində müsəlman epiqrafiyası ilə yazılar
olduğundan onları erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək müm-
kün deyil. Bura qəbirüstü abidələr, türbələr və məscidlər daxildir. İnstitutun araşdırmalarına
görə 1994-cü ildə atəşkəsin əldə edilməsindən sonrakı 20 il ərzində işğal altındakı ərazilərdə
dağıdılan tarix-mədəniyyət abidələrinin sayı hərbi münaqişə zamanı dağıdılmış abidələrin
sayından çoxdur.
Hətta bütün bunlar azmış kimi, dünyada qəbul edilmiş bütün etik və dini dözümlülük
normalarına zidd olaraq müsəlmanların müqəddəs inanc yerləri olan məscid binasında hey-
vanların saxlanılması barədə fotoşəkilli sübutlara da sahibik. Bu cür tədbirlər dünyada din-
lərin, mədəniyyətlərin və sivilizasiyaların bir-birlərinə etimadının azalmasına, fundamenta-
lizm və radikalizm meyllərinin artmasına şərait yaradan həssas məqamlardır. Təbiidir ki, bu
cür hallar Ermənistanın hazırkı hökumətinin siyasətinin bariz təcəssümüdür. Bu cür siyasət
ən ali insan hüquqlarına açıq aşkar hörmətsizlik və etimadsızlığın göstəricisidir.
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1453
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və sax-
talaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən
əməllər törədir. Bu ərazilərdə qalan tarix-mədəniyyət abidələrini ya dağıdaraq izlərini silir,
ya da onları erməni abidələri adı altında saxtalaşdırır. Erməni mənbələrində ayrı-ayrı vaxt-
larda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti
araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu
ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Digər abidələr isə erməni
abidələri adı altında pasportlaşdırılır.
İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və
saxtalaşdırılması 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına (Hərbi konfliktlər
zamanı mədəni dəyərlərin qorunması haqqında maddə) ziddir. Bu konvensiya hərbi
münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni
dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan
və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi
qoyur. Həmçinin işğal ərazilərində tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdı-
rılması YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konven-
siyasının pozulmasıdır. Azərbaycanın tələbi əsasında ATƏT iki dəfə işğal altındakı ərazilər-
dəki vəziyyəti öyrənmək üçün missiya təşkil edib, bu zaman tarixi abidələrin vəziyyəti də
qismən araşdırılıb. Bununla belə, Ermənistan YUNESKO-nun işğal altındakı ərazilərdə tarixi
abidələrin vəziyyətini öyrənmək üçün bitərəf missiya göndərməsini əngəlləyib.
İşğala qədər isə Azərbaycan tərəfi bu ərazilərdə 8 dünya, 166 ölkə və 588 yerli əhəmiy-
yətli abidə qeydə almışdı. Dağlıq Qarabağ və ona bitişik rayonlarda mövcud olan minlərlə
tarixi abidə isə rəsmi qeydiyyatdan kənarda qalıb. Nəticədə ermənilər bu abidələri öz
adlarına rəsmiləşdirmək üçün fürsət əldə ediblər.
Ermənilər işğal edilmiş ərazilərdə qalan tarixi abidələri dağıtmaqla və saxtalaşdırmaqla
kifayətlənməyib bu ərazilərdə arxeoloji qazıntılar da aparmaqdadır. Məqsəd ermənilərin
Qarabağa 19-cu əsrin əvvəllərindən etibarən köçürüldüyünə dair təkzibolunmaz tarixi fakt-
ları ört-basdır etmək, ermənilərin guya min illər boyu bu torpaqlarda yaşadıqlarına dair saxta
tarixi dəlillər ortaya çıxarmaqdır. Arxeoloji qazıntılar əsasən 2000-ci illərin əvvəllərindən
başlayıb. Həmin vaxt Ermənistan Ekspedisiya, Arxeologiya və Etnoqrafiya İnstitutunun bir
qrup əməkdaşı işğal altındakı Ağdam rayonu ərazisində, vaxtilə Qarabağ xanlarının yay iqa-
mətgahlarının yerləşdiyi Şahbulaq yaylağına ezam edilib. Onların qarşısında mifik “Böyük
Ermənistan” dövlətinin paytaxtı “Tiqranakert”in izlərini tapmaq vəzifəsi qoyulub və hazırda
qazıntı işlərini hələ də davam etdirməkdədir.
AZƏRBAYCANIN QAYAÜSTÜ RƏSMLƏRİNDƏ TƏSƏRRÜFAT
HƏYATININ ƏSAS SAHƏLƏRİNİN TƏSVİRİ
Anar ƏLIMƏMMƏDOV
Azərbaycan Milli Elmlər Akademiyası
Arxeologiya və Etnoqrafiya İnstitutu
anarelimemmedov@yahoo.com
AZƏRBAYCAN
Qayaüstü rəsmlər qədim insanların məşğuliyyəti, təsərrüfat həyatı, mənəvi baxışları və
dünyagörüşlərinin öyrənilməsində əhəmiyyətli mənbə hesab olunur. Bu tip tarixi abidələrə
dünyanın bir çox yerlərində, o cümlədən Azərbaycanda rast gəlinir. Müasir Azərbaycan res-
publikasının ərazisində qayaüstü rəsmlər Qobustan, Gəmiqaya (Ordubad), Kəlbəcər və
III INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1454
Qafqaz University 17-18 April 2015, Baku, Azerbaijan
Abşeron ərazilərində qeydə alınmışdır. Bu ərazilərdə ümumilikdə qeydə alınmış on mindən
artıq təsvir əcdadlarımızın 15 min illik tarixinin öyrənilməsinə imkan verir. Azərbaycanın
qayaüstü rəsmləri mövzu və süjet baxımından olduqca zəngindir. Bu cəhətdən insanların
təsərrüfat həyatı ilə - ovçuluq, maldarlıq və əkinçiliklə bağlı rəsmlər xüsusi yer tutur.
Ovçuluq qədim insanların ilk məşğuliyyət sahələrindən və qida mənbələrindən biridir.
Qayaüstü rəsmlərdə bu qədim məşğuliyyət növünün bir sıra məqamları əks olunmuşdur.
İnsanların tək və kollektiv şəkildə təsvir olunduqları səhnələrdən ov heyvanları, ov silahları,
ovçuluqla bağlı olan ovsun və ayinlər barədə məlumat almaq mümkündür.
Təsvirlərin böyük bir hissəsini ox və kamanla keçi və maralların ovlanması səhnələri
təşkil edir. Məsələn, Gəmiqayada 239 №li daşdakı ov səhnəsində ox-kamanla silahlanmış
ovçunun dağ keçisini nişan alması təsvir olunmuşdur. Ovçunun sağ çiyninin üstündə ox qabı
aydın görünür. Abşeronda Bəndüstü yaşayış yerindən aşkar edilmiş daşın üzərində isə ox-
yayla silahlanmış ovçunun maralı nişan alması səhnəsi diqqət çəkir. Belə səhnələr Qobustan
və Kəlbəcər qayalarında da mövcuddur. Bundan başqa Gəmiqayadakı 36 №li daşda kəmənd
atan insan təsviri, Qobustanda atlının maralı qovması və ona nizə atması (Yazılıtəpə, daş № 9,
100 və s.), şahinlə ov (Böyükdaş, aşağı səki sahəsi, daş № 258), heyvanların tələyə salınması
(Böyükdaş, yuxarı səki sahəsi, daş № 45) və s. səhnələr də əcdadlarımızın müxtəlif ov üsulları
ilə tanış olduğunu sübut edir.
Qayaüstü təsvirlərdə real ov səhnələri ilə yanaşı, ovçuluqla bağlı ovsun və ayin səhnə-
ləri də əks olunmuşdur. Uğurlu ovun təmin edilməsi səhnələrinə Gəmiqaya və Qobustanda
rast gəlinir. Gəmiqayadakı belə səhnələrdən birində ox-yay və kəmənd tutan insan və bir dəstə
keçi təsvir edilmişdir. Ovçunun bir əli keçinin başına, oxu isə ayağına uzadılmış vəziyyətdədir
(3, s. 120). Qobustanda möhkəm əşya ilə vurulmuş zərbələrin izi qalmış öküz təsvirləri,
Kiçikdaş dağı 58 №li daşda oxçuların öküz sürülərini qovması və onları tələyə salması
səhnəsi də uğurlu ov üçün icra olunan ayinlərdəndir.
Azərbaycanın qayaüstü təsvirlərində maldarlıq təsərrüfatı ilə bağlı səhnələr də kifayət
qədərdir. Gəmiqaya və Kəlbəcərdə təsərrüfatın bu sahəsinə aid təsvirlərdə davar, xüsusilə də
keçi rəsmləri üstünlük təşkil edir. Bu, həmin ərazilərin təbii-coğrafi şəraitinin yaylaq mal-
darlığı üçün əlverişli olmasından irəli gəlir. Yaylaq maldarlığının əsasını təşkil edən davarlar
qədim insanları ət, süd, yun, dəri kimi zəruri məhsullarla təmin etmişdir.
Gəmiqayadakı 443 №li daşda keçilərlə yanaşı daxilində nöqtələr olan düzbucaqlı for-
maya malik işarə nəzərə çarpır. Tədqiqatçıların fikrincə bu işarə davarların saxlandığı dəyəni,
onun daxilindəki nöqtələr isə keçiləri ifadə edir. 278 №li daşda keçinin kəməndlə tutularaq
dəyəyə (kvadrata) salınması səhnəsi təsvir olunur.
Azərbaycanın əkinçi-maldar tayfalarının təsərrüfat həyatında öküz xüsusi əhəmiyyətə
malik olmuşdur. Bu tayfaların yaylağa və əksinə köçü zamanı öküzlər başlıca qoşqu qüvvəsi
idi. Bunu Kəlbəcər və Gəmiqayadakı öküzə qoşulmuş araba təsvirləri də sübut edir. Həmin
arabalar iki və dörd təkərli formada təsvir edilmişdilər. Qobustanda Yazılıtəpədəki 55 №li
daşın üzərində də ikitəkərli araba təsvirinə rast gəlmək mümkündür.
Kiçik Qafqazdan fərqli olaraq, Qobustanda maldarlıq əsasən, oturaq xarakter daşımış-
dır. Böyükdaş dağı yuxarı səki sahəsindəki 45 №li daşda Neolit dövrünə aid edilən maraqlı
öküz təsviri bunu deməyə əsas verir. Təsvirdəki öküzün boynunda kəndirin göstərilməsi bu
ərazidə yaşayan insanların neolit dövründə öküzləri əhliləşdirdiklərinə dəlalət edir. İ. Cəfər-
zadə bu təsvirə əsaslanaraq qeyd edir ki, Qobustanda əvvəl qaramal, sonra davar əhliləşdiril-
mişdir. Qobustanın İlk tunc dövrü abidələrindən tapılmış sümüklərin çoxunun qaramala məx-
sus olması da Qobustanda maldarlığın oturaq olduğunu deməyə imkan verir.
Tunc dövründə Azərbaycanda insanların əsas təsərrüfat sahələrindən biri də əkinçilik
olmuşdur. Bunu arxeoloji qazıntılar zamanı əldə edilmiş əkinçilik alətləri və məhsulları ilə
yanaşı, qayaüstü təsvirlərdə bu təsərrüfat sahəsini əks etdirən səhnələr də sübut edir. Belə
|