Qubadan 100 ev köçürdüb, Dərbəndin üç ağaclığında ona məxsus bir
qala tikdirdi. Məhəmməd xan cürbəcür vasitələrlə üsminin işinə əngəl
törədirdi. Bundan əlavə, mənfəət verdiyi və əlaqəyə girdiyi üçün
Dağıstan əmirləri, əyanları və əhalisi gündən-günə Fətəli xanın
dövlətinə daha artıq meyil göstərirdilər. Üsmi artıq böyük işlərə qarışa
bilmədiyindən, naçar qalıb barışmağa məcbur oldu.
Məhəmməd xanın oğlu Şahmərdan bəy ögey anasından olan qardaşı
Surxay ilə ədavətli idi. Buna görə atası Məhəmməd xandan inciyib,
Fətəli xana meyil göstərərək xidmət edirdi. Fətəli xan da Dərbənd
üstündə sayılan Kürə nahiyəsinin aşağı hissəsini Qəbərək kəndinə qədər
və Qubanın Güney mahalını ona verdi. Ayrıca camaat olan Qurah
mahalını da Şahmərdan bəy özü ələ keçirdi. Beləliklə, Məhəmməd xan
da müxalifət iqtidarında olmayıb, müdara ilə keçinirdi.
Bu zaman Təbərsəran əmirəsi Xanım vəfat etdi. Mirzə nəvəsi
Əliqulu Sail oğlu qulluq göstərmək bəhanəsilə lal məsumla dostdaşdı.
Rüstəm qadisin köməyilə onu iki oğlu ilə öldürüb, məsumluğa keçdi.
Fətəli xanın xidmətində Gavduşan döyüşündə öldürülmüş qardaşı Şeyx
Əli məsumun oğlanları: Məhəmmədhüseyn bəy, Söhrab bəy, Şamxal
bəy və Mustafa bəy Qubaya getdilər. Fətəli xan bir müddətdən sonra
Əliqulu məsumu Dərbəndə gətirib həbs edərək Salyana göndərdi. Özü
isə qoşunla gedib, Məhəmmədhüseyn bəy Şeyx Əli oğlu məsumu,
keçmiş məsumların oturağı olan Çıraq kəndində məsumluğa oturtdu.
Ondan sonra qardaşlan: Söhrab məsum, Şamxal məsum və oğlu
Qırxlarqulu məsum bir-birinin ardınca əmirlik etdilər.
Şəki hökmranlığında müstəqil olan Hüseyn xan aralığa düşən
ədavətə görə əmisi Cəfər ağanı öldürüb, öz xanədanında ədavət toxumu
əkdi. Hacı Çələbinin oğlu Hacı Əbdülqadir öz tərəfdarları ilə ondan üç
çevirdi. İbrahim xanın köməyilə Kür çayı kənarında, Dardoqqaz adlı
yerdə sakin oldu. Hüseyn xan bir neçə dəfə onun üzərinə gedib
vuruşdusa da, məqsədə nail olmadan geri qayıtdı. Bu
müvəffəqiyyətsizlikdən sonra o, Hacı Əbdülqadirin tərəfdarları olan
qutqaşınlı Kəlbəli sultanı, qışlaqlı Hacı Ağanı və Hacı Rəsul bəy Hacı
143
Şeyx Əli oğlunu həbsə aldı. Bir az keçəndən sonra Hacı Rəsul qaçdı, o
biri iki nəfər isə öldürüldü.
Həmin hicri 1193 (1779)-cü ildə ədalətli və hünərli bir əmir olan
Vəkil Kərim xan vəfat etdi. O, qoşununun intizamına və ölkəsinin
asayişinə çalışıb, 30 ilə yaxın İranda hökmranlıq etdi. O, çox insaflı olub
səltənətin qədr və qiymətini gözlədiyindən, ancaq Vəkil ləqəbilə
kifayətlənmişdi. Zəndiyyə dövləti də əmirləri arasına düşən ixtilaf
nəticəsində tez puç olub aradan çıxdı.
Hicri 1194 (1780)-cü ijdə Hacı Əbdülqadir, Hacı Çələbinin əmisi
oğlu Hacı Rəsul bəy Hacı Şeyx Əli oğlunun köməkliyi, Ərəş
məlikzadələri və Şəki əyanının ittifaqilə qəflətən Nuxu qalasına
soxuldu. 22 il hökmranlıq sürməkdə olan Hüseyn xanı öldürüb, hökumət
bayrağını qaldırdı. Hüseyn xan hünərli, şücaətli, gözəl tədbirli və
düzgün fikirli olmaqla bərabər, təbiətən rəhmsiz bir adam idi.
Ağa Məhəmməd xan Qacar hüdud boyunu tutduğu zaman, Gilan
hakimi Hidayətulla xan məğlub olub, kömək tələbilə Bakıya, buradan da
Qubaya gəldi. Fətəli xan Salyan və Talış yolu ilə Mirzə bəy Bayatın
komandası altında 9000 qoşun göndərib, onu Rəştdə əvvəlki yerində
oturtdu.
Hicri 1196 (1781)-cı ildə dindar, ədalətli bir əmir olan bakılı Hacı
Məlikməhəmməd xan Hacı Mirzə Məhəmməd xan oğlu, 11 yaşlı oğlu II
Mirzə Məhəmməd xanı dayısı Fətəli xanın himayəsi altında Bakı hakimi
təyin etdi. Özü Ətəbatə (Kərbəla və Nəcəfə) ziyarətə gedib, Nəcəf-
əşrəfdə vəfat etdi.
Bu zaman Məhəmmədhəsən xan Fətəli xanın bacısı Fatma xanımı öz
oğlu Məhəmmədrza bəy üçün istədi. Fatma xanımı keçmişdə Vəkil
Kərim xan da öz oğlu Əbülfət xana namizəd etmişdi. Onun qardaşı
Ağası xan, Fətəli xanın Şirvan iddiasında olduğunu bilib, bu işdən
narazı idi. Özü də Əlvənddə sakin idi. Füzulinin bu beytini yazıb ona
göndərdi:
Kuhkən Şirinə öz nəqşin çəkib vermiş firib,
Gör nə cahildir yonar daşdan öziçün bir rəqib.
Məhəmmədsəid xan da cavabında, Füzulinin bu beytini yazıb
göndərdi:
Kuhkən künd eyləmiş bin tişəni bir dağ ilə,
Bən qoparıb atmışam bin dağı bir dırnaq ilə.
144
Xülasə, Fətəli xanın bacısını almaq səbəbinə, iki qardaşın arasına
ayrılıq düşdü. Hicri 1198 (1784)-ci ildə Fətəli xan Ağası xana kömək
edən İbrahim xanın üzərinə getdi, Ağdamı dağıtdı və Qarabağın aşağı
mahallarını talan etdi. Hacı Əbdülqadir xan da Şəki qoşunu ilə onunla
yoldaş idi. Bu səbəbə İbrahim xan, atası öldürüldüyü zaman Qarabağa
qaçıb, məhbus olan Məhəmmədhəsən ağa Hüseyn xan oğlunu gizlincə
azad edib Cara göndərdi. Məhəmmədhəsən ağa Car ləzgilərinin
köməkliyilə Şəkinin üzərinə yürüş etdi. Birinci dəfə məğlub oldu. İkinci
dəfə isə qalib gəldi. Hacı Əbdülqadir xan da Əlvəndə Ağası xanın
yanına qaçdı. Ağası xan onu tutub, qoşunla onu təqib və tələb edən
Məhəmmədhəsən xana verdi. Məhəmmədhəsən xan, atasının intiqamı
üçün onu yeddi oğlu ilə bərabər öldürdü. Deyirlər ki, o, (Hacı
Əbdülqadir xan) igid və cəsarətli bir əmir olub, amma cüzi işlərdə çox
şiddət göstərərmiş.
Fətəli xan hicri 1199 (1785)-cu ildə Ağası xan və onun müttəfiqi
Məhəmmədhəsən xan ilə müharibə etmək qəsdilə Şirvana getmişdi. Bu
zaman qardaşı qarabağlı İbrahim xandan üz çevirmiş olan Mehrəli bəy
Fətəli xanın yanında idi. Bir gecə Bakıdan Şirvana getdiyi zaman, yolda
Ağası xanın böyük oğlu Əhməd bəyə rast gəldi, aralarında müharibə
oldu, Mehrəli bəy öldürüldü. Fətəli xan onun cənazəsini kamal-
ehtiramla Qarabağa göndərdi. Bu hadisədən sonra İbrahim xanla Fətəli
xan dostlaşmağa başladı. Ağası xana qarşı hər iki tərəfdən qoşun
göndərildi. Ağası xan məcbur qalıb Fətəli xanın hüzuruna gəldi,
oğlanları ilə bərabər məhbus olaraq, Qubaya göndərildi. Bundan sonra
Fətəli xan Şəki üzərinə yürüş etdi. Bu müharibədə məğlub olan
Məhəmmədhəsən xan öz bacısını Fətəli xana verib barışdı. Fətəli xan da
ittifaqı möhkəmləndirmək məqsədilə öz bacısı Huri Peykər xanımı ona
verdi. Həmin il cəsarətli, xoşrəftar və eyni zamanda, xasiyyətcə vüqarsız
və kinli bir şəxs olan Mürtəzaəli Şamxal vəfat etdi. Qardaşı Məhəmməd
şamxallığa oturdu. Hicri 1201 (1787)-ci ildə Fətəli xan Məhəmməd
Şamxalın qızı Kiçik Bikəni Üsminin bacısından olan Əhməd ağa adlı
oğlu üçün aldı, çoxlu cehiz və böyük bir dəbdəbə ilə Dərbəndə gətirdi.
Əmir Həmzə Üsmi də həmin il vəfat etdi və qardaşı Ustar xan onun
yerinə təyin olundu.
Öz qardaşının ələ keçməsindən qorxuya düşən Məhəmmədsəid xan
gizlicə keçmişdəki işlərin əvəzini almağa çalışırdı. Fətəli xan, Ağası
xanı, Əhməd bəy və Məhəmməd bəy adlı iki böyük oğlanları
145
ilə hakim təyin etmək bəhanəsilə Qubanın Qonaqkənd kəndinə gətirdi.
Məhəmmədsəid xan, Qəsaniyə və buradan da Qəbələyə getdi. Fətəli
xanın damadı Məhəmmədrza bəy onu qarşıladı. Fətəli xan Ağası xanı
oğlanları ilə Bakıya göndərdi. Özü isə Ağsuya gələrək Məhəmmədrza
xanı Şirvana hakim təyin etdi. Lakin həqiqətdə özü hökmranlıq edirdi.
Bu zaman Fətəli xan bir nəfər göndərib Məhəmmədsəid xanı
oğlanları ilə bərabər və Ağası xanın oğlu Mustafa bəyi
Məhəmmədhəsən xandan istədi. Məhammədsəid xan işi arzusu xilafinə
görüncə, naçar qalıb, Fətəli xanın yanına gəldi. O, iki oğlu - Mahmud
bəy və İskəndər bəylə Salyan və Məhəmmədrza xan da Qubaya
göndərilərək, həbsə alındılar.
Bu hadisə zamanı Məhəmmədsəid xanın oğlanları - Əsgər bəy,
Qasım bəy və Ağası xanın oğlu Mustafa bəy Qarabağa qaçmışdılar.
Ərəşli Məlikəlinin qardaşı oğlu Şəhabəddin sultan, Məhəmmədhəsən
xanın əmrilə onları aldadaraq tutdu. Məhəmmədhəsən xan onların üçünü
də buxovlayıb, Fətəli xanın elçisi Məhəmmədkərim bəy Hacı Səfərəli
bəy oğlu və öz inanılmış adamı Hacı Seyid bəylə Şirvana göndərdi.
Təsadüfi olaraq Göyçay yolu kənarında, Şəki və Şirvan sərhədində, Ali-
Sərkar tərəfdarlarından bir nəfər, belə bir yalan şayiə buraxdı: guya
Fətəli xan Şəki tacirlərini soyub həbsə almışdır, özü də müharibəyə
hazırlaşır. Hacı Seyid bəy
Şirvan xanzadələrini buraxıb,
Məhəmmədkərim bəyi buxovlayaraq geri qayıtdı. Bu 3 nəfər Cara,
buradan da Avara getdilər. Novsəl xanın qardaşı oğlu və damadı Əmmə
xanı əmilərinin qanını almaq üçün Şirvana gətirdilər. Yanında hazır
qoşunu olmayan Fətəli xanı Ağsu şəhərində 9 ay mühasirəyə aldılar.
Axırda Fətəli xan öz qızı Pəricahan xanımı və Salyan nahiyəsini Əmmə
xanın əmisinin qan bahasına namizəd edib barışdı. Əmmə xan Avara,
Şirvan xanzadələri isə Qarabağa, oradan da osmanlı Axalkalakına
getdilər.
Bu zamanlar Mürtəzaqulu xan Qacar öz qardaşı Ağa Məhəmməd
xandan üz çevirib, Bakıya və mühasirədən iki ay əvvəl Şirvana
gəlmişdi. O, qalanı müdafiə etməkdə Fətəli xana böyük xidmət göstərdi.
Mühasirə bitdikdən sonra da kömək istəmək üçün Rusiya
imperatriçəsinin dərbanına getdi.
Hicri 1202 (1788)-ci ildə, Ali-Sərkarın məhbusları olan - saf-qəlbli,
dəyişkənməcazlı Məhəmmədsəid xan iki oğlu ilə Salyanda,
146
iş bacaran, cəsarətli və eyni zamanda, etimada layiq olmayan Ağası xan,
iki oğlu ilə Bakıda, Məhəmmədrza xan da Qubada öldürüldü. Ağası
xanın övladından iki-üç nəfəri də kor edildi.
Məhəmmədhəsən xan Əmmə xanın hadisəsindən və şirvanlıların
təhrikindən cəsarətləndi. Əli Sultan bəy Mehdi bəy oğlu Cangu-tay ilə
ittifaq edərək, qəfildən Ağsu şəhəri üzərinə gəldi. Müharibədə ondan
qalibiyyət nişanələri zahir oldu və hətta qoşunundan bir hissəsi də
şəhərə daxil olmuşdu. Bu zaman Fətəli xan Quba və Dərbənd dəstəsi ilə
hücuma keçdi. Əvvəlcə döyüşdə zəiflik göstərən ləzgilər də Mehdi bəy
Məhəmmədoğlu Şamxalın komandası altında hücuma başladılar.
Məhəmmədhəsən xan məğlub olub Şəkiyə qaçdı. Əli Sultan bəy də
Mehdi bəyin vasitəçiliyilə, məğlub və qarət edilmiş qoşunu ilə Quba və
Dərbənd yolundan vətəninə qayıtmağa izin aldı.
Həmin il Fətəli xan gedib Ərdəbili aldı və Şahsevən əmirləri ona tabe
oldular. Muğanlı Həsən xan da ona səmimiyyət göstərməkdə idi.
Əvvəlcə Qubada məhbus olan Mir Mustafa xan Qaraxan oğlu, sonralar
onun himayəsi altında Talışda, həmçinin Hidayət xan da Gilanda
hakimiyyət sürürdülər. Yalnız qarabağlı İbrahim xan, olduğu yerin
möhkəmliyinə görə düşmənlikdə davam edirdi. Lakin Qarabağın aşağı
mahalları Fətəli xanın hücumundan rahat deyildilər. Şamxal, Üsmi və
Qaziqumuq xanı ona qarşı ixlas göstərirdilər. Avar xanı və Mehdili
əmiri çarəsiz qalıb, onunla sülh ilə keçinirdilər. Təbərsəranın məsum və
qadisi onun itaətkar xidmətçisi idilər. Dağıstanın azad xalqının əyan,
qazi və əmirlərinin çoxu onun sədaqətli tərəfdarı idilər. O, özünəməxsus
olan Quba, Dərbənd və Salyan ölkələrindən başqa, Şirvan ölkəsini də
tamamilə ələ keçirdi. Bakının kiçikyaşlı xanı da onun himayəsi altında
idi. İran dövlətinin üsuli-idarəsində olan qarışıqlıq səbəbilə Azərbaycan
əmirlərindən bir çoxu, məsələn, Qaradağ, Təbriz və s. əmirləri Ağa
Məhəmməd xan Qacarla düşmən olduqlan üçün himayə ediləcəkləri
ümidlə ona səmimiyyət göstərməyə başladılar. Axırda bütün istiqlal və
ehtişam vəsaitinə malik olan Fətəli xan, Azərbaycan və bəlkə də, bütün
İran işlərini intizama qoymaq xəyalilə Gürcüstan valisi İrakli xanla
görüşüb məsləhətləşmək binasını qoydu. İrakli xan da öz
dudmanlarından Sadıq bəy Yadigar oğlunu səfir sifətilə Fətəli xanın
yanına göndərdi. O, qədim gürcü valiləri neslindən yadigar qalıb,
doqquzuncu babası, İranın qüvvətli padşahları dövründə müsəlman
olmuşdu. Onun oğul və nəvələri indi də
147
Tiflisdə yaşamaqdadırlar. Səfir Sadıq bəy Nuxada xanın hüzuruna gəlib,
hədsiz lütf və mərhəmətə nail oldu.
Məhəmmədhəsən xan öz əməlindən peşman oldu, əyalı olan Fətəli
xanın bacısını əfv və aman diləməyə göndərdi. Özü də Fətəli xanın
hüzuruna gəldi. Fətəli xan cah və calalla Nuxa şəhərinə getdi. Bir neçə
gün qonaqlıq və şadlıqla keçirib, Gəncəyə yola düşdü. Cavad xan ibn-
Şahverdi xan Ziyad oğlu Qacar, ölkənin bütün əyanı ilə bərabər Kür
çayının kənarında onu pişvaz edib qalanın qapılarını üzünə açdı. Fətəli
xan da.Cavad xanın əlindən çıxmış Şəmsəddinli mahalını Gürcüstan
valisindən alıb ona verdi.
Xülasə, yüksəkmərtəbəli iki vali, Şəmkir yaxınlığında bir-birilə
görüşdülər. Rusiya dövlətindən himayə görmək ümidilə tədbirlər
gördülər. Geri qayıtdığı zaman Fətəli xan şiddətli bir qızdırmaya
tutuldu. Xəstəliyi gündən-günə şiddətləndi. Buna görə sürətlə Şirvana,
buradan da Bakıya, bacısının yanına getdi. Hicri 1203 (1789)-cü ildə
mart ayının 22-də, 54 yaşında ikən vəfat etdi.
Fətəli xan tədbirli, mərhəmətli, əzmində sabitqədəm, məmləkəti idarə
etmək işlərində mahir bir adam idi. O, könülləri ələ almaq və düşməni
aldatmaqda xüsusi bir məharətə malik idi.
Hünərli bir əmir olan qaziqumuqlu Məhəmməd xan da həmin ildə
vəfat etdi. Oğlu II Surxay xan onun yerinə keçdi.
Fətəli xanın böyük oğlu Əhməd xan hökumət bayrağını yüksəltdi.
Onun başında gənclik ehtirası və hökmranlıq qüruru var idi. O, ölkəni
idarə etmək işlərindən bixəbərdi. Bir ildən sonra Məhəmmədhəsən xan
köhnə ədavətə görə onun əleyhinə olaraq şirvanlılarla ittifaq bağladı.
Osmanlı ölkəsindən Qarabağa gəlmiş Əsgər bəyi, Qasım bəyi və
Mustafa bəyi öz yanına çağırdı. Hacı Məhəmmədəli xanın oğlu Manaf
bəylə Şirvan üzərinə hərəkət etdi. Əhməd xan müqavimət göstərə
bilməyib Qubaya getdi.
Məhəmmədhəsən xan Ali-Sərkarı elat arasında, Manaf xanı isə Ağsu
şəhərində hakim təyin etdi. Cürbəcür vasitələrlə tacirlərdən və
başqalarından çoxlu mal topladı. Orada bir neçə gün qaldıqdan sonra
Şəkiyə qayıtdı. Bir həftədən sonra Ali-Sərkar gəlib Ağsu şəhərini aldı,
zəif təbiətli və tədbirsiz Manaf xanı öldürdü. Bunların hamısından
böyük olan Əsgər xan Məhəmmədsəid xan oğlunu hökumətə oturtdular.
Mustafa bəy Əlvəndə gedib Qətran səngərində oturdu.
148
Hicri 1205 (1791)-ci ildə Əhməd xan ilə bakılı II Mirzə Məhəmməd
xan arasında ədavət düşdü. Əhməd xan ona xəracgüzarlıq vədə verən I
Mirzə Məhəmməd xanın oğlu Məhəmmədqulu ağanın təhrikilə bir dəstə
qoşunu Salyana getmək bəhanəsilə Bakıya göndərdi. Məhəmmədqulu
ağa da gizlicə Bakıya gəlib, öz tərəfdarlarının köməyilə, azacıq
döyüşdən sonra şəhəri aldı. Mirzə Məhəmməd xanı Qubaya göndərdi.
Məhəmmədqulu xan müstəqil olub, Əhməd xana vergi vermədi. Əhməd
xan da öz gördüyü işdən peşman olub, Mirzə Məhəmməd xana kömək
üçün Bakıya bir dəstə qoşun göndərdi. Məhəmmədqulu xan naçar qalıb,
Mirzə Məhəmməd xanın evində Nadir şah dövründən qalan malların
talan edilməsi haqqında ölkə əhalisinə əmr verdi. Bu vəsilə ilə əhalinin
çoxu Mirzə Məhəmməd xandan qorxub, Məhəmmədqulu xana tərəfdar
oldu. Mirzə Məhəmməd xan naçar qalıb bir sıra mühasirə və
müharibədən sonra Qubaya döndü.
Məhəmmədhəsən xan da Manaf xanın öldürülməsi münasibətilə Ali-
Sərkardan incimişdi. Əhməd xanın yanına üzr üçün bir elçi göndərdi və
Şirvanın alınmasında ona kömək edəcəyini vəd etdi. Əhməd xanla
Məhəmmədhəsən xan öz qoşunları və Dağıstan ləzgilərilə gəlib, Ağsu
şəhərini iki tərəfdən mühasirə etdilər. Mühasirə xeyli uzandı, istilər də
şiddətləndi. Əsgər xan Məhəmmədhəsən xanın ordusundakı ləzgilər
üçün gizli olaraq nağd və mal ilə 5000 tümən göndərdi. Beləliklə,
qoşunun arasına ayrılıq düşdü.
Bu hadisədən bir az sonra Əhməd xan vəfat etdi. Onun Salyanda naib
olan 13 yaşlı qardaşı Şeyx Əli ağa, hökmran olmaq üçün Qubaya gəldi.
Yeddi yaşlı Həsən ağa adlı qardaşım naib adı ilə Salyana göndərdi.
Əsgər xanın hökmranlığından 6 ay keçmişdi. Təbiətindəki süst-lüyə
görə Şirvan əyanı ondan üz çevirib qardaşı Qasım bəyin hökumət başına
keçməsində ittifaq etdilər. Əsgər xan bir müddət dustaq olub, sonra
Şəkiyə qaçdı. Qasım xan, Mustafa bəyin səngərinə hücum etmək üçün
Əlvəndə getdisə də, məğlub olub geri qayıtdı. O, əhəmiyyətsiz şeylərə
çox fikir verirdi. Verdiyi hökmdə aşağı təbəqələr ilə yuxarı sinif
arasında təfavüt qoymurdu. Bu cəhətdən şirvanlılar ondan iycimişdilər,
o da Şirvan əhlini özünə bədxah sayırdı. Qasım xan hədiyyə və sovqat
göndərərək, Məhəmməd Şamxalın oğlu Şahbaz bəyi bir dəstə ləzgi ilə
gətirdib, xalqa müsəllət etdi. O bu
149
hərəkətilə hökuməti əldə saxlamaq və ölkənin asayişini mühafizə etmək
fikrində idi.
Nəhayət, hicri 1206 (1792)-cı ildə Şirvan əyanının, xüsusilə Yüzbaşı
bəy Hövzi və Ömər Sədarinin təklifilə, Mustafa bəy Əlvənddən gəlib
şəhərdə hökumət bayrağını yüksəltdi. Qasım xan isə öz tərəfdarlarından
bir dəstə ilə Qəbələ yolundan Qubaya getdi.
Həmin ildə Ustar xan Üsmi vəfat etdi. Əli bəy Əmir Həmzə oğlu
üsmi oldu. Səxavətli, lakin bərkürəkli bir əmir olan bakılı
Məhəmmədqulu xan da vəfat etdi. Qardaşı oğlu Hüseynqulu ağa Hacı
Əliqulu ağa oğlu bir neçə bəyin - dayısı oğlu və damadı Qasım bəy
Mənsurxan bəy oğlunun və sair tərəfdarlarının səyilə hökumət başına
keçdi. Mirzə Məhəmməd xan Quba qoşunu ilə yenə Bakı üzərinə gəldi.
Hüseynqulu xan şəhərdə, Mirzə Məhəmməd xan isə kəndlərdə gah
müharibə, gah da sülh edib, ölkəni və mədənləri öz aralarında
bölüşdürürdülər.
Bu zaman, Mustafa xan Göyçayın kənarına və Surxay xan da
Xaçmaza gəlib, Qəbələnin üç mahalını üsyana qaldırdılar. Ərəşli
Şəhabəddin sultan da qarabağlılardan bir dəstə
gətirdib
Məhəmmədhəsən xanın əleyhinə qalxdı. Lakin Məhəmmədhəsən xan
özünü igidcəsinə müdafiə edərək Surxay xanı, Mustafa xanı və
qarabağlıları tədricən geri qayıtmağa məcbur etdi. Gözəl tədbirlərlə
ölkəni aram etməklə məşğul oldu.
Şəhabəddin sultan qalanın möhkəmliyinə və qonşu əmirlərin
himayəsinə arxalanaraq düşmənçilikdə inad edir, Ərəş və Ağdaş
mahallarını rahat qoymurdu. Məhəmmədhəsən xan bir neçə dəfə onun
üstünə yeridi, ancaq qalib gələ bilmədi. Axırda Şəhabəddin sultan təslim
olmaq və Məkkəyə getmək arzusu ilə Məhəmmədhəsən xanın yanına
gəldi. Övlad və əqrəbasından bir çoxu ilə bərabər öldürüldü.
Hicri 1208 (1794)-ci ildə Məhəmmədhəsən xan və Şeyx Əli xan,
Qasım xana yardım üçün Ağsu şəhəri üzərinə gəldilər. Bir neçə aylıq
mühasirədən sonra bir gün güclü yağış və şiddətli seldən çadırlar
xəsarətə uğradı. Ordunun vəziyyəti xarablaşdı. Mühasirədəkilər Sədari
Ömər sultanın sərkərdəliyi ilə hücuma keçib, mühasirə edənləri məğlub
etdilər. Şeyx Əli xan və Məhəmmədhəsən xan öz mülklərinə qayıtdılar.
Qasım xan da Quba ilə Şəki arasında olan Qaraburqa dağında özünə
oturaq seçdi.
150
Hicri 1209 (1795)-cu ildə cəsarətli və safqəlbli Üsmi Əli bəy vəfat
etdi. Mamay ləqəbilə məşhur olan Rüstəm xan ibn-Sultan ibn-Xan
Məhəmməd ibn Əhməd xan Üsmi əmirliyə oturdu. II Mirzə Məhəmməd
xan arif və dinclik sevən bir əmir olduğundan, çox vaxt mülki işlərlə
məşğul olmurdu. Hüseynqulu xan bundan istifadə edərək bir gecə
Şirvan qoşununun köməyi ilə gizlincə gəlib, neft mədəni olan Balaxanı
qalasını aldı. Bura o zaman Mirzə Məhəmməd xanın hökumət mərkəzi
idi. Keçmişdə buraya Əməlian da deyərdilər. Mirzə Məhəmməd xan
yenə Qubaya getdi.
Cənubi Qafqaz ölkələri iğtişaş və inqilab məhəlli olmuşdu. Belə
qanşıq bir zamanda İran ölkəsinin hökmranlığı şövkətli Qacar sülaləsinə
keçdi. Ağa Məhəmməd xan bu ölkəni almağa hərəkət etdi.
Əbdürrəzzaq bəy Məasiri-sultaniyyə
1
adlı əsərində deyir: Abağa
xanın canının əmrilə bu tayfanın rəislərindən Sərtaq adlı bir nəfər Arqun
xana atabəy təyin edilib, Xorasan və Təbəristanda əmirülüməra
olmuşdu. Onun Qacar adlı bir oğlu vardı, bu tayfanın çoxu onun
nəslindəndir. Onlardan (qacarlardan) bir çoxu da zaman keçdikcə Rum
və Şam vilayətlərinə getmişlər. Əmir Teymur onlardan 50000 ailəni
gətirib İrəvan, Gəncə və Qarabağ nahiyələrində yerləşdirdi. Onlar
gündən-günə artıb, cah və calal sahibi oldular. Qacar əmirlərindən bir
çoxu da Səfəvilər dövründə etibarlı hökumət adamları olub,
Ermənistanda və Şirvanda yüksək iqtidara malik idilər. İrəvan hakimləri
həmin nəsildən olmuşdur. Gəncə və Qarabağ hakimləri də Ziyadoğlu
ləqəbilə, Xudafərin körpüsündən başlayaraq, Sınıq körpüdən yuxarı olan
Şülaver kəndinə qədər hökmranlıq edirdilər. Bunlar Muğanın böyük
şurasında Nadir şahın səltənətinə razılıq verməyib, Səfəviyyə dövlətinin
bərqərar olmasını tələb edirdilər. Buna görə Nadir şah İran səltənəti
taxtına oturunca, onların əzəmət və iqtidarını qırmaq istəyərək, Qarabağ
əhalisinin bir çoxunu Xorasana köçürdü. Bərgüşad və Xəmsə
məliklərini onların ixtiyarından çıxarıb, Azərbaycan sərdarına tapşırdı...
Qazax və Borçalı mahalı əhalisini Gürcüstan valisinin ixtiyarına verdi.
Bu səbəblə həmin xanlar çox zəif düşüb ancaq Gəncə ətrafının
hökmranlığı ilə kifayətlənirdilər.
1 Qacar tarixi haqqında yazılmış ilk əsərlərdən biridir. Müəllifi Əbdürrəzzaq bəy ibn Necəfquludur. "Məasiri-
sultaniyye" mətbəə üsulilə İranda çıxan birinci kitablardan olub, hicri 1241 (1825/26)-ci ildə Təbrizdə çap olunmuşdur.
151
Hicri 1218 (1804)-ci ildə Rusiya sərdarı knyaz Sisianov hücum ilə
Gəncəni aldı... İrəvan, Gəncə və Qarabağ əhalisi və əmirlərinin çoxu,
Qacar nəslindən olduğu üçün, onlar çox vaxt Şirvan ölkəsində sakin və
hökmran olmuşlar. Buna görə Dağıstan əhalisi bu hüdud sakinlərinə indi
də Qacar deyirlər.
I Şah Abbas Səfəvi 30000 qacar ailəsini buradan köçürdüb,
Xorasanın Mərv nahiyəsində və Astarabadın Mübarəkabad qalası
ətrafında yerləşdirdi. İranda hökumət sürən indiki şahların sülaləsi
Astarabad qacarları nəslindəndir. Doğrudur, "Məasiri-sultaniyyə"
müəllifi bu sülaləni Astarabadın qədim qacar sakinlərindən sayır, lakin
bunların babalarının Gəncə Şəmkiri ətrafında olmaları xalq arasında
məşhurdur. Şəmkir şəhəri xarabalarının aşağı tərəfində, çayın sol
sahilində, onların yurdları, ev və səkilərinin yeri Mehdibəyli adı ilə indi
də görünməkdədir.
Bu sülalədən olan Fətəli xan, Şah Təhmasibin yanında çox cah-
calala, əzəmət və iqtidara malik idi. Nadir şah, Şah Təhmasibə
yaxınlaşınca, şahın məzacını ondan çevirdi. Hətta hicri 1139 (1726)-cu
ildə onun işini bitirdi. Onun iki oğlu qaldı. Biri Məhəmmədhəsən xan
idi. Nadir şah dövründə Astarabad nahiyələrində üsyan qaldırıb məğlub
oldu və türkmən çöllərində dolanmağa başladı. O, Nadir şah
öldürüləndən sonra gəlib Təbəristan, İraq və Azərbaycanı aldı, sərdarlıq
ləqəbilə sikkə və xütbə sahibi oldu, Azad xan və Kərim xan Vəkil ilə
müharibə etdi. Axırda hicri 1178 (1759)-ci ildə öz nökərlərinin əlində
öldürüldü. Kiçik qardaşı Məhəmmədhüseyn xandan iki oğlan qalmışdı:
biri Ağa Məhəmməd xan, o biri Hüseynqulu xan. Kərim xan Vəkil girov
adı ilə bunları həmişə öz yanında saxlayırdı. Bu böyük əmirin
vəfatından sonra Ağa Məhəmməd xan Astarabada gedib, gündən-günə
cah-calalını və səltənət büsatını artırdı. Zəndiyyəyə qalib gəlib, tədricən
İraq, Təbəristan, Gilan və Azərbaycan ölkələrini fəth etdi. Hicri 1209
(1795)-cu ildə Qarabağı fəth etmək məqsədilə Xudafərin körpüsünü
təmir edib Pənahabad (Şuşa qalası) üzərinə yürüş etdi. İbrahim xan İran
qoşununun bu tərəfə keçməsinə yol verməmək üçün bu körpünü xarab
etmişdi. Ağa Məhəmməd xan Topxana mənzilində yerləşib, qalanı
mühasirə etməyə başladı. Təqribən bir aydan sonra Gürcüstana hərəkət
etdi. Qətl və qarətdən və Tiflis şəhərini xarab etdikdən sonra qayıdıb
Muğanın Çehilnam adlı yerində qışladı. Şirvan, Bakı, Şəki və Dərbənd
hakimləri ərizə və
152
hədiyyələr göndərib sədaqət izhar etdilər. Şəki hakimi Məhəmmədhəsən
xan Hüseyn xan oğlu, Ağası xanın oğlu Mustafa xanın əleyhinə təbliğat
aparmaq üçün öz inanılmış adamı, Hacı Seyid bəy adlı bir nəfəri Ağa
Məhəmməd xanın hüzuruna göndərdi. Lakin o, Məhəmmədhəsən xanın
özündən şeytanlıq etdi. Sərdar olan Qacar Mustafa xan Dəvəli, Mustafa
xanı cəzalandırmaq üçün təyin olundu. Məhəmmədhəsən xan da Şəki
qoşunu ilə zahirdə onun köməyinə təyin edildi. Şirvanlı Mustafa xan,
Xançobanı tayfasını toplayıb Ağsu şəhərini Fit dağına köçürməyə əmr
verdi. Yaşayış vəsaitinin azlığından və soyuğun şiddətindən əhalinin bir
çoxu fəlakət və zillətə məruz qaldı, bir çoxu da Qubaya və Dərbəndə
dağıldı. Sərdar gəlib şəhərdə qalan malları qarət etdi. Bundan sonra o,
Ağdaş mahalına, buradan da Xaçmaz mahalına gəlib, Tərkəş kəndində
dayandı. Məhəmmədhüseyn xanın qardaşı Səlim ağa bu hadisədən 8 ay
qabaq Cara qaçmışdı. O, Car və avar qoşunu ilə Əliskəndər Hüzzatinin
sərkərdəliyi ilə Şəkini almağa hərəkət etdi. Məhəmmədhəsən xanı
məğlub edib, şəhəri Gələsən-Görəsən adlanan yerə köçürdü.
Məhəmmədhəsən xanın yeddi oğlunu öldürtdü. Bunlardan biri qubalı
Fətəli xanın bacısı oğlu idi. Öz bacısını qarabağlı İbrahim xana verib,
onun qızını da özü üçün aldı. Məhəmmədhəsən xan yardım almaq
ümidilə sərdarın yanına gəldi. Sərdar əksinə olaraq Məhəmmədhəsən
xanın gözlərini çıxardıb, dustaq olaraq Təbrizə göndərdi, çünki
qabaqcadan Ağa Məhəmməd xan Şəki əhalisinin şikayətinə və Hacı
Seyid bəyin böhtan və iftirasına görə, Məhəmmədhəsən xanı kor etmək
xüsu-sunda ona fərman göndərmişdi. Bu hadisədən xəbər tutmaq üçün
Ağa Məhəmməd xan onu öz yanına çağırdı. O da 200 və ya 300 nəfərlə
orduya gedərkən, bir dəstə şirvanlıya rast gəldi. Sərdar döyüşdə
öldürüldü.
Bu zaman, rus qoşununun gəlməsi xəbəri alındı. Quba, Salyan və
Dərbənd hakimi Şeyx Əli xan dərbəndli Xızır bəy Hacı bəy oğlu
Qorçunu göndərib, Ağa Məhəmməd xandan kömək istədi. Lakin onun
qoşunu azuqə azlığı, heyvanların qırılması və qışın şiddətindən çox
pərişan bir halda idi. Həm də, ola bilsin ki, bəzi mülahizələrə görə
ruslarla müharibə etmək istəmirdi. Buna görə o, Xorasam almaq
məqsədilə Tehrana hərəkət etdi. Rus qoşunu da Şirvana daxil oldu.
Bu hadisənin təfsilatı belədir: Nadir şah ilə sülh bağladıqdan sonra
Rusiya ilə İran dövlətləri arasında həmişə dostluq əlaqəsi vardı.
153
Rus imperatriçəsi Anna İranovna, hicri 1152 (1740)-ci ildə təşrini-
əvvəlin (oktyabrın) 17-də vəfat etdi. Sonra Böyük Pyotrun qardaşının
qız nəvəsi III İvan iki aylıq uşaq ikən səltənətə təyin edildi. Anası Anna,
oğlunun əvəzində dövlət işlərini idarə etməyə başladı. 7 ay keçəndən
sonra Böyük Pyotrun qızı Yelizaveta ona qarşı üsyan qaldırıb, xas
bölüklərin köməyilə taxta oturdu. Anna oğlu və əri ilə bərabər həbsə
alındı. Yelizaveta 20 ildən artıq ölkənin abadlığına və millətin asayişinə
çalışıb, Rusiya padişahı oldu. Hicri 1174 (1761)-cü ildə kanuni-əvvəlin
25-də vəfat etdi. Vəliəhdi, Böyük Pyotrun qızı Annadan olan III Pyotr
taxta oturdu. 6 aydan sonra onun arvadı II Yekaterina padişahlığa keçdi.
O, ölkənin mülki vəziyyətini və qanunlarını aqilanə bir tərzdə
möhkəmləndirdi. Sülh və müharibə işlərini nizama salmaqla, öz
dövlətinin əzəmət və iqtidarını artırdı. Qafqazın cənub tərəflərində
asayişi bərpa etmiş olan Fətəli xan öləndən sonra hər bir işdə iğtişaş
əmələ gəldi. Bu zaman İranda yüksək bir iqtidara malik olan Ağa
Məhəmməd xan Qacar bu ölkəni tutmaq fikrinə düşdü. Gürcüstana
girib, qətl-qarətə başladı.
Hicri 1210 (1796)-cu ildə imperatriçə İran ilə müharibəyə başladı.
Qraf Zubovun baş komandası altında güclü bir qoşun göndərdi. General-
mayor Sobolev, itaət edib, yanına gəlmiş olan Məhəmməd xan şamxal,
Rüstəm xan üsmi və Təbərsəran qadisi Rüstəm ilə bərabər Dərbəndin 8
ağaclığına gəldi. Keçən il Rusiya dövlətinə ixlas göstərmək mərasimini
təzələmiş olan Şeyx Əli xandan tabe olmağı tələb etdi. O isə
gözlənilmədiyi halda müxalifət göstərdi. General həmin il şübatın
(fevralın) 11-də Dərbəndin xaricinə çatıb, şimal-tərəfdən mühasirəyə
başladı.
Bundan bir zaman keçəndən sonra Şeyx Əli xan, Kürə və Qazi-
qumuq hakimi Surxay xan, süvari və piyada olaraq, 20 min qoşun
hazırlayıb, rus ordusuna hücum etmək istədilər. General, mühasirəni
faydasız görüb, neysanın (aprelin) ikinci gecəsi qayıdaraq, Dərvaq çayı
kənarında yerləşdi. Neysanın (aprelin) axırında rus sərdarı qraf Zubov
külli qoşunla Dərvaq çayı kənarına yetişdi. Ertəsi gün Dərbənd üzərinə
hərəkət etdi. Quba və Dərbənd süvariləri şəhərin bir ağaclığında
kazaklarla müharibəyə girişdilər, məğlub olub geri qayıtdılar. Şəhər
darvazalarını bağlayıb, qalanı müdafiə etməyə başladılar. Təbərsəran
qadisi Rüstəm general-mayor Bulqakovu 10 min qoşunla Təbərsəranın
ortasından, Dərvaq dərəsindən və bərk meşəlik yollar-
154
dan keçirmişdi. O, mayısın (mayın) 3-də Dərbəndin cənub tərəfində
göründü. Şimal tərəfində və Şeyx Əli xanın tikdirdiyi böyük bürc
hücumla alındı. Burada dərbəndlilərdən bir çoxu öldürüldü və yerdə
qalanları qaçdılar.
Ertəsi gün iki tərəfdən şəhərə top, tüfəng gülləsi və qumbaralar
yağmağa başladı. Dərbənd əhalisi müqavimət göstərə bilməyib, Xızır
bəy Hacı bəy oğlu Qorçunu camaat tərəfindən vəkil göndərdilər. O da
aman istəmək üçün sərdarın hüzuruna gəldi, xahişi qəbul olundu. Qraf
Zubov, Şeyx Əli xanı Dərbənd və Qubanın əyan və mötəbər adamları ilə
hüzuruna çağırdı. O, bir neçə nəfərlə gəlib orduda saxlandı. 6 gündən
sonra Fətəli xanın qızı Pəricahan xanım Dərbənd və Qubanın müvəqqəti
hakiməsi təyin edildi. Xızır bəyin təhrikilə Dərbəndin mötəbər
adamlarından 10 nəfəri Hacı Tərxana (Həştərxana) göndərildi. General
Sobolev Dərbəndi mühafizə etməyə təyin edildi. Sərdar özü isə Qubaya
yola düşdü. Quba şəhərinin yarımağaclığında, Təpələr adlı yerdə üç gün
dayanıb Şabrana gəldi.
Bir gün səfər zamanı, Pirə Xəlil çölündə Şeyx Əli xan at çapmaq
bəhanəsilə qoşunun içindən çıxıb qaçdı. Bu əhvalatdan Quba şəhərində
həyəcan əmələ gəldi. Xanın köçü və ailəsi Buduq mahalında onunla
birləşdi. Qraf Zubov general Bulqakovu 5 min qoşunla Quba əhalisini
sakit etməyə göndərdi. Şəhərin və kəndlərin əhalisi öz yurdlarına
qayıtdılar. Şeyx Əli xan Qrız kəndinə gəlib, buradan Qəbələ yolu ilə
Axtıya və Misgincəyə getdi.
Rus sərdarı Bakıya getdi. Oranın hakimi Hüseynqulu xan pişvazına
çıxıb təltif edildi. Şəhərin mühafizəsi üçün bir dəstə soldat təyin olundu.
Sərdar özü isə Şirvana hərəkət etdi. Şirvan hakimi Mustafa xan ona tabe
olmayaraq, Ağsu şəhərini Fit dağına köçürtdü. Şirvanın qabaqkı hakimi
Qasım xan, öz damadı Yüzbaşı bəy Səfərəli bəy oğlu Hövzinin
köməyilə Qaraburqa dağından enib gəldi. Mustafa xan qarşı dura
bilməyib, Qarabağa getdi. İbrahim xan buna razı deyildisə də, oğlu
Məhəmmədhəsən ağa onun tərəfini saxlayırdı. Qasım xan ölkənin
mötəbər adamlarını toplayıb, Kür çayı kənarına rus sərdarının hüzuruna
gəldi. Bu xidmətin əvəzində Şirvan hökumətinə təyin edildi.
Pəricahan xanım da sərdarın əmrilə və ana qohumlarının yanına,
İlisuya getmiş olan kiçik qardaşı Həsən ağanı Qubaya gətirdi. Ölkənin
əyanları ilə bərabər sərdarın hüzuruna göndərdi. İmperatorun əmri
155
mucibincə ona qiymətli daşlar kəsb edilmiş cıqqa verildi və Quba
hökumətinə təyin edilərək geri qayıtdı.
Bu zaman Şeyx Əli xan Surxay xanın köməyilə 10 min nəfərlə Quba
şəhərinin yarımağaclığında olan Alpan kəndinə gəldi. Bulqakov onun
qarşısına min nəfər soldat və bir neçə top göndərdi. Aralarında şiddətli
döyüş oldu. Mövqenin çətin olması üzündən hər iki tərəfdən bir çox
adam öldürüldü, ruslar geri çəkildilər...
General Bulqakov Həsən xanla birlikdə Qubadan, Sobolev isə
Rüstəm xan Üsmi, Məhəmməd Şamxalın oğlu Mehdi bəy və Rüstəm
qadi ilə bərabər Surxay xanı cəzalandırmaq qəsdilə Dərbənddən Samur
kənarına gəldilər. Surxay xan naçar qalıb, aman istədi və sədaqətlə rus
dövlətinə itaət edəcəyinə and içib söz verdi. Qraf Zubov Kür çayı
kənarında qışladı, oradan Gəncəyə bir dəstə qoşun göndərdi. Gəncə
hakimi Cavad xan Ziyad xan oğlu tabe olmaq fikrilə qabağa çıxıb qalanı
təslim etdi. Qarabağlı İbrahim xan və şəkili Səlim xan da, elçilər və
məktublar göndərməklə ixlas və itaət göstərdilər.
Həmin il təşrin-saninin (noyabrın) 9-da imperatriçə II Yekaterina
vəfat etdi. Oğlu I Pavel rus səltənəti taxtında oturdu. Onun səltənət
işlərini nizama salmaq uğrundakı tədbirlərindən, dövlətin xarici və
daxili məsələlərindəki dəyişikliklərdən biri də bu idi ki, o, İran ilə
müharibəni dayandırdı və qoşuna geri qayıtmaq əmri verdi.
Hicri 1211 (1797)-ci ilin baharında vəzifədən kənar edilmiş olan qraf
Zubov, İran taxtına keçmək arzusu ilə bu səfərində onunla yoldaşlıq
edər Mürtəzaqulu xan Qacar ilə bərabər, Bakıdan gəmi ilə Hacı Tərxana
getdi. General Bulqakov bütün qoşunu ilə Dağıstan yolundan Qızlara
hərəkət etdi. Pəricahan xanım həmin il atası Məhəmməd Şamxalın
ölümü münasibətilə onun yerinə şamxallığa keçmiş olan Mehdi bəyə ərə
getdi. Fətəli xan sülaləsinin əsrlər boyu toplamış olduğu bütün malları
və qiymətli şeylərini özü ilə apardı, sair vərəsələri bundan məhrum etdi.
Bacısı Çimnaz xanımı da, Şeyx Əli xandan icazəsiz Rüstəm qadinin
oğlu Abdulla bəyə verdi. Həsən xan Qaytağa getdi. Rüstəm xan Üsmi
İlisu əmirləri xanədamndan olan onun anası Hürzad xanımı aldı. Rus
qoşunu hələ Kafiri səhrasında idi ki, Şeyx Əli xan Qazıqumuqdan
Dərbəndə gəldi.
Gəncəli Cavad xan hünərli və elm sevən bir adam olmaqla bərabər,
qaniçən və günah işdən çəkinməyən bir əmir idi. Ölkə əhalisi ondan üz
çevirmişdi və qonşu əmirləri də onun məhv olmasını arzu
156
edirdilər. Buna görə ruslar qayıtdıqları zaman Gəncə ölkəsini Gürcüstan
valisinə verdilər. Vali İrakli xan, qarabağlı İbrahim xan və şəkili Səlim
xan qoşunla Gəncənin xaricinə gəldilər. Şəmsəddinli Əli sultanı vali
tərəfindən naib sifətilə Gəncə hökumətinə təyin etdilər. Cavad xan
çarəsiz qalıb qaçmaq fikrinə düşdü. Lakin onun arvadı Şükufə xanım
adam göndərib, Əli sultan ilə mehmannəvazlığa başladı. Keçmişdə
Cavad xanın etmiş olduğu yaxşılıqları və onu həbsxana cəzasından necə
azad etdiyini ona xatırlatdı. Əli sultan da, zatında olan vəfadarlıq və
insanlığı üzündən, Cavad xanın hüzuruna gəlib, ixlas və təzim ilə
qalanın açarını təslim etdi və onun xidmətində durdu. Bu hadisədən
sonra Gəncə əhalisi ona tabe oldu. Ətrafa dağılmış xanlar da öz
mülklərinə qayıtdılar.
Digər tərəfdən Ağa Məhəmməd xan hicri 1210 (1796)-cu ildə
Tehrana varid olandan sonra səltənət tacım başına qoyub, Xorasana
hərəkət etdi. Məşhəd şəhəri asanlıqla alındı. Şahrux mirzə Nadirin
xəzinələrini ona verdikdən sonra vəfat etdi. Oğlu Nadir mirzə
Qəndəhara qaçdı, Teymur övladından Əfqan şahına pənah apardı.
Sonrakı il şah Şuşa qalasını almaq və Şirvan ölkəsini fəth etmək
qəsdilə 100.000 qoşunla səfərə çıxdı. Araz çayım keçəndən sonra
İbrahim xan Car nahiyəsinə qaçdı. Şuşa qalası maneəsiz və zəhmətsiz
zəbt edildi. Əliqulu xan Sərdar Şirvana təyin olundu. Qasım xan zahirdə
itaət göstərdi. Ruslar Qarabağdan qayıdandan sonra Qətran səngərinə
gəlmiş olan Mustafa xan, oradan şahın hüzuruna getdi. Bundan qorxuya
düşən Qasım xan Şirvam boşaldıb Şəkiyə qaçdı.
Gəncəli Cavad xan və bakılı Hüseynqulu xan da şahın hüzuruna
gəlib töhmət edildilər. Hələ bu üç nəfərin işinin axırı məlum deyildi. Bu
zaman, hicri 1211 (1797)-ci ildə həziranın (iyunun) 12-də, səhər
açılanda, həyatları qorxu altında olan saray xidmətçilərindən iki-üç
nəfər qaniçən şahın qəzəbindən qorxub onu öldürdülər. Keşik
əmirlərindən və sairdən bir neçə nəfər cavahir və qiymətli şeylərdən ələ
keçəni götürüb Tehrana qaçdı.
Ağa Məhəmməd xanın aşağıda yerləşmiş böyük ordusu da onun baş
əmirlərindən Sadıq xan Şəqaqinin başına toplandı. şahın qatilləri onun
qılınc, xəncər, bazubənd və sandıqçasını Sadıq xanın yanına
aparmışdılar. Sadıq xan Azərbaycanı fəth etdikdən sonra Qəzvin üzərinə
gəldi. Lakin şəhərə girə bilmədi. Öldürülən padşahın vəliəhdi
157
və qardaşı oğlu Fətəli şah Hüseynqulu xan oğlu ilə olan müharibədə
Sadıq xan məğlub olub Səraba qayıtdı. Fətəli şah Zəncana gəldi, Hacı
İbrahim xan Şirazini Sadıq xanın yanına göndərib təklif etdi ki, itaətə
gəlib, dövlətə aid qiymətli şeyləri təslim etsin. Sadıq xan bütün şeyləri
ərizə ilə göndərib üzr istədi. O, şah tərəfindən bağışlandı. Gərmürd və
Səraba hakim təyin olundu.
Ağa Məhəmməd şah öldürüləndən sonra Şuşada Pənah xan nəvəsi
Məhəmməd bəy Mehrəli bəy oğlu bir neçə gün hökmranlıq iddiasında
oldu. Lakin o, İbrahim xan gələn kimi Şəkiyə qaçdı. Şəki hakimi
Məhəmmədhəsən xan onu həbsə alıb, şirvanlı Mustafa xanın yanına
göndərdi. Məhəmməd bəy qubalı Fətəli xanın əmrilə onun atasını və
qardaşlarını Bakıda öldürmüşdü. Buna görə o, da Məhəmməd bəyi
intiqam məqsədilə öldürdü.
İbrahim xan şahın cənazəsini böyük ehtiram və alimlərin
(ruhanilərin) müşayiətilə yola saldı. Səmimiyyət və ixlas tərzilə yeni
şahın hüzuruna bir ərizə yazdı və nəvazişə nail oldu. Oğlu Əbülfət ağanı
da padşahın hüzurunda qalmaq üçün göndərdi.
Mustafa xan Şuşadan Şirvana qayıtdığı zaman, şahın Təbrizdən
gətirib Muğanda saxladığı kor Məhəmmədhəsən xanı özü ilə aparıb
Şirvanı aldı. Buradan da Şəki üzərinə getdi. Səlim xan Qarabağa qaçdı.
Məhəmmədhəsən xan yenə hökumət başına keçdi. Mirzə Məhəmməd
xan şahın öldürülməsi xəbərini alınca, Qubadan Bakını almağa hərəkət
etdi. Hüseynqulu xan ondan qabaq gəlib, qalanın müdafiəsilə məşğul
oldu. Axırda aralarında barışıq olub məmləkəti böldülər. Hüseynqulu
xan şəhərdə, Mirzə Məhəmməd xan Məşqətə kəndində bir qala tikdirib,
hökumətə oturdular.
Bir zaman sonra şahın yaxın adamlarından olub, Xoy və Təbriz
əyalətlərini idarə edən Cəfərqulu xan Dünbülü, Sadıq xana qarşı köhnə
ədavətinə görə, bir bəhanə ilə gəlib Sərabı xaraba qoydu.
Sadıq xan Muğan yolu ilə Şirvana, Mustafa xanın yanına qaçdı. Bir
müddət keçəndən sonra Cəfərqulu xanın başına dönüklük havası düşdü.
Bunu eşidən Sadıq xan Şirvandan Səraba qayıdıb, onunla birləşdi və bir
neçə başqa əmirlə üsyana başladı. Cəfərqulu xanı məhz bir xain kimi
qələmə verən Sadıq xan, özü şahın sarayına gəldi. Lakin o, boş bir
otaqda həbs edildi və burada da acından öldü.
Cəfərqulu xan Xoya getdi. Lakin şaha sadiq olan qardaşı Hüseyn xan
onu qəbul etmədi. O, bir neçə müddət avara gəzdi, qardaşı
158
öləndən sonra isə gəlib Xoyu ələ keçirdi. Bir vaxtdan sonra şahın istəkli
oğlanlarından olub, Azərbaycan işlərini nizama salmağa təyin edilən
Abbas Mirzə tərəfindən məğlub edildi. Makuya və oradan da Rum
sərhədinə Koroğluya nisbət verilən Çənlibel adlı yerə gedib sakin oldu.
Rus hadisəsində Həsən xan Qubaya gəldikdən sonra İbrahim xan
Rudbarinin qardaşı oğlu Məhəmməd xan Salyanı ələ keçirdi, Əmir
Kəlbəl sultanın oğlu naib Mir Qubad sultanı oradan çıxartdı.
Hicri 1213 (1799)-cü ildə Şirvan vilayətinə və xüsusilə Ağsu
şəhərinə şiddətli taun xəstəliyi düşdü, bir çox adam tələf oldu. Bu zaman
Quba qoşunu rus qayıqları ilə gedib Salyanı aldılar. Şeyx əli xan 4000
ləzgi ilə oraya getdi. Ramazan ayında öz yaxın adamlarının təhrikilə
zülmkarlığa və günah işlər görməyə başladı. O, qayıdandan sonra
şirvanlı Mustafa xan Rudbar əmirlərinin köməyi və salyanlıların təklifi
ilə gedib Salyanı aldı. Şəhəri köçürüb, dörd ağac yuxarıda, indiki
yerində bina etdi. Hakimliyini də İbrahim xanın oğlu Əli xana verdi. Bir
müddətdən sonra buranı bölüşdürüb Əli xana və onun əmisi oğlu
Məhəmməd xana verdi. Lakin Əli xan tez bir zamanda Məhəmməd xanı
həbsə alıb, Talış Mir Mustafa xanın himayəsi altına keçdi.
Digər tərəfdən Şeyx Əli xan Salyandan qayıdandan sonra Dərbənddə
bərk xəstələndi. Qazıqumuqlu Surxay xan bu hadisədən istifadə edərək,
bir gecə gizlincə öz oğlu Nuh bəyi Həsən xan adı ilə göndərib Quba
qalasını aldı. Özü də qoşun ilə Qubanın Qullar adlı kəndində oturub, ay
yarım hökmranlıq etdi. Şeyx Əli xan Şamxaldan, Aqquşa və Qoysuboy
mahallarından 10000 nəfər kömək aldı. Surxayı Qubadan çıxardıqdan
sonra Kürək çayı üzərinə yürüdü. Şiddətli müharibə oldu. Surxay xan
məğlub edildi, o nahiyə də ta Çıraq kəndinə qədər tamamilə qarət
olundu. Şeyx Əli xan buradan qayıdaraq, ləzgiləri altı ay Qubada qonaq
saxladı. Onların tələbatı üzündən qubalılara çox haqsızlıqlar edildi.
Hətta əhalidən diş kirayəsi belə alınırdı. Şeyx Əli xan 8000 nəfərin
məsarifini Quba maliyyatından verib, qalan 2000 nəfər ləzgini Dərbəndə
gətirdi ki, onların maaşlarını da oranın mədaxilindən ödəsin.
Qubadakı kimi olan ikigünlük qonaqlıq dərbəndlilərin ümumi
iğtişaşına səbəb oldu. Xalq Şeyx Əli xanın eyş və işrət düşkünü
olduğundan narazı idi. O, çıxılmaz bir vəziyyətə düşdü. Axırda Şeyx Əli
159
xanın görüşünə gəlmiş olan bakılı II Mirzə Məhəmməd xan
dərbəndlilərin yığıncağına gedib ləzgiləri buradan çıxarmaq vədilə
onları sakit etdi. Şeyx Əli xan bu məsələdən inciyib Qubaya üz qoydu.
Hicri 1214 (1800)-cü ilin əvvəllərində, Dərbənddə şiddətli taxıl
qəhətliyi oldu. Taxıl gətirmək üçün Şamxal mülkündən Qubaya gedən
400 arabanı dərbəndlilər döyüş və söyüşlə geri qaytardılar. Bu məsələ
Şeyx Əli xanın xoşuna gəlmədi və bundan bərk incidi. Dərbəndlilər
Sultan bəy Bayatın təhrikilə üsyan qaldırıb, Dərbənd naibi olan
Məhəmmədhüseyn bəy Əhməd bəy oğlu Bayatı qovdular. Şeyx Əli xan
Dərbəndə gəlib Sultan bəyin ətrafında çoxlu cəmiyyət topladığını gördü.
Labüd qalıb, öz bacısı II Mirzə Məhəmməd xanın arvadı olan Xanbikə
xanımı Dərbəndin sahib ixtiyarı (hakimi) və Sultan bəyi də onun
kargüzarı (müavini) təyin etdi.
Şeyx Əli xan Qubaya qayıdandan bir az sonra II Surxay xan Fətəli
xanın oğlu Həsən xanı cürbəcür vasitələrlə Qaytaqdan öz yanına gətirdi.
Aralarında bir çox ixtilaf olan dərbəndlilər ilə ittifaq etdikdən sonra
həmin ilin mayıs (may) ayında Həsən xanı Dərbənd hökumətinə oturtdu.
Bir gecə Sultan bəy Bayat, Xızır bəy Qorçu ilə xan sarayında dava
saldı. Hər iki tərəfdən bir çox adam tələf olub, Xızır bəy öldürüldü.
Sultan bəy də yaralı olaraq aradan çıxıb getdi. Ertəsi gün xanın əmri və
dərbəndlilərin ittifaqı ilə Sultan bəy cəzalandı. Bu hadisədən sonra Şeyx
Əli xan Şirvan və Bakı xanlarından, həmçinin şamxaldan və Aqquşa
camaatından kömək aldı, hər iki tərəfdən Dərbəndin mühasirəsinə
başladı. Yalnız Təbərsəran qadisi dərbəndlilərin tərəfini saxlayırdı. On
iki günlük mühasirədən sonra Şeyx Əli xan məqsədə çatmadan Qubaya
qayıtdı. Ağır xəstə olduğundan onun ölüm xəbəri ətrafa yayıldı. Surxay
xan qoşunla Eniq kəndinə gəldi və qarşısına çıxan Quba qoşununu
məğlub etdi. Özü də Şeyx Əli xanın sağ olduğunu bilincə, vətəninə
qayıtdı.
Bundan sonra Quba hakimiyyətini Həsən xana vəd edərək qəflətən
külli qoşunla Quba şəhərinin bir ağaclığındakı Zizik kəndinə gəldi. Şeyx
Əli xan azacıq sağalmış olsa da, müdafiə üçün heç bir tədarükü yox idi.
Arvadı, bakıh Hacı Məlikməhəmməd xanın qızı Zeybünnisa bəyim
ruslardan qaçdığı zaman Surxay xanla ata-qızlıq peymanı bağlamışdı.
Ziyafət mərasimini yerinə yetirməklə və dostluğu bildirən peyğamlar
göndərməklə Surxay xanı geri qayıtmağa razi etdi. Həsən xan da çarəsiz
qalıb Dərbəndə getdi.
160
Bir zaman keçəndən sonra Şeyx Əli xan qəflətən gedib Dərbəndin
Ulus nahiyəsinin 9 kəndini köçürüb Qubaya gətirdi. Beləliklə, Həsən
xanın əlində Dərbənd şəhərindən başqa heç bir yer qalmadı.
Həmin ilin axırlarında Gürcüstan valisi Georgi xan vəfat etdi. Bu
ölkənin əyalı və əmirləri daxili qarışıqlıqlardan və xarici müdaxilələrdən
xilas olmaq ümidilə Rusiya imperatoru III Pyotrun oğlu I Pavelin
dərbarına vəkillər göndərib, onun himayəsinə keçməyi xahiş etdilər. Bu
xahişin qəbulunu bildirən imperator fərmanı hicri 1215 (1801)-ci ildə,
kanuni-saninin (yanvarın) 18-də sadir oldu. General-leytenant
Konorrinq Gürcüstan hökumətinə təyin edildi. Bundan başqa həmin
ayın 23-də ayrıca bir fərman verilərək, ona tapşırıldı ki, onlardan vergi
toplamasın və daxili işlərinə qarışmasın. Yalnız o zaman müdaxilə etsin
ki, onlar öz razılıqlarilə mənim himayəmi qəbul etmiş olsunlar, çünki
sülhpərvər müttəfiqlərə malik olmaq, etibarsız rəiyyəti başa
toplamaqdan daha yaxşıdır.
Bundan sonra martın 12-də imperator Pavel birdən-birə vəfat etdi.
Oğlu I Aleksandr səltənət təxtinə oturdu. Qafqazın işləri həmin qayda
üzrə intizama düşməkdə idi. Keçən il dərbəndli Həsən xan tərəfindən
Hacı Tağı, qubalı Şeyx Əli xan tərəfindən Mirzə Əsgər, bakılı
Hüseynqulu xan tərəfindən Mirzə Hadi bəy, talış Mir Mustafa xanın və
Dağıstan əmirlərindən Mehdi xan Şamxalın, Rüstəm xan Üsminin,
avarlı Əmmə xanın və təbərsəranlı Rüstəm qadinin elçiləri ilə bərabər,
himayə edilmək üçün səfarətlə Rusiya imperatorunun dərbanna
göndərilmişdilər. Aqustos (avqust) ayının 28-də bu əmirlərdən hər
birinin adına imperatorun fərmanı sadir oldu. Bu fərmanda deyilirdi ki,
onlar bir-birlərilə həmişə müdarə edərək sülh ilə yaşasınlar və
bölüşdükləri kimi Qubaya Şeyx Əli xan, Dərbəndə Həsən xan sahib
olsun. Beləliklə, iki qardaş çay kənarında bir-birlə görüşüb, qardaşlıq və
xüsusiyyət mərasimini təzələdilər.
Bu qayda üzrə I Aleksandrın səltənətindən iki ilə yaxın keçdi.
Gürcüstana sahib olmaq Rusiya dövlətindən böyük məsarif və çox səy
tələb edirdi. Başaçıq (İmeretiya) valisi və Minqreliya əmirləri Rusiya
Padşahı Aleksey Mixayloviçin zamanında yardım almaq arzusu ilə
həmin dövlət ilə əlaqə və rabitə qapısını açmışdılar.
Tarxu şamxalı, Bakı və Dərbənd xanları onun oğlu Böyük Pyotra
tabe olmuşdular. Şirvan, Şəki, Qarabağ və Gəncə xanları qraf Zubov
Dostları ilə paylaş: |