Huşun qısamüddətli itirilməsi (ürək getmə) zamanı təcili yardım. İlk növbədə əmin olmaq lazımdır ki, yuxu arteriyasında nəbz vurur. Nəbz vurması olduğu halda mərkəzi beyinə qan axınını sürətləndirmək lazımdır. Bunun üçün xəstə arxası üstə uzadılır, ayaqları qaldırılır, baldırın altına paltara bükülmüş mitəkkə qoyulur və ya ayaqlar dizdən bükülür. Bununla bərabər kəmər qayışı və qalstuk boşaldılmaqla, köynəyin düymələri açılmaqla və s. qanın mərkəzi beyinə sürətli axınına maneçiliklər aradan qaldırılır.
Sonrakı mərhələdə damarların tonusu yüksəldilir, daha dəqiqi mərkəzi qan dövranı süni şəkildə artırılır. Bu çox sadə şəkildə yerinə yetirilir: xəstənin burnuna naşatır spirtinə batırılmış pambıq tutulur və nəticədə kipriklər yavaş- yavaş titrəyir, insan dərindən nəfəs alır və huşu özünə qayıdır.
Ağrı nöqtələrinə təsir etməklə də belə effekt əldə etmək olar. Belə nöqtələrdən ən effektivi və əlverişlisi burun aralığı ilə yuxarı dodaq arasında yerləşir. Ürək getmələri zamanı bu nöqtələrə bərk basmaq lazımdır.
Yadda saxlayın: əgər üç dəqiqə ərzində xəstə özünə gəlməzsə, onu qarını və ya yanı üstə çevirmək və başına soyuq dəsmal qoymaq lazımdır.
Beyin koması halında təcili yardım. Nəbzin və nəfəsin olduğu halda yaralı özünə gəlməzsə, deməli, onun başında zədə izləri, sıyrıntılar və s. mövcuddur. Belə olan halda insanda kəllə-beyin zədələrinin-sıyrıntılarının və ya mərkəzi beyinin silkələnmələrinin, kəllədaxili qanaxmaların və beyin toxumalarının zədələnmələrinin olması haqqında düşünmək üçün əsas olur. Bir qayda olaraq, kəllə-beyin zədələri hüşun itməsi və ya beyin koması ilə müşayət olunur.
Komanın xarici əlaməti dərin yuxunu xatırladır. Dərinliyindən asılı olaraq, koma dilaltı əzələlərin və yumşaq toxumaların tonusunu kəskin şəkildə azaltdığından, çox təhlükəlidir.
Arxası üstə uzanmış vəziyyətdə dil qatlanaraq, udlağın arxa divarına kip yapışa və ağ ciyərlərə hava yolunu tamamilə bağlaya bilər. Əksər hallarda yaralılar öz dilinin qatlanması nəticəsinə boğularaq, ölürlər.
Yumşaq toxumanın və onun pərdəsinin tonusunun kəsin şəkildə azalması nəticəsində onlar titrəyərək, xırıltılı səs yaradırlar. Belə nəfəsalma təhlükəli adlanır.
Komatoz vəziyyətin digər təhlükəsi nəfəs yollarını kənar cisimlərin və ağız suyunun düşmələrindən qoruyan öskürək və udma reflekslərinin sıxılmalarıdır.
Əgər koma vəziyyətində olan adam arxası üstə uzanmışdırsa, ağız suyu, nəmlik, burun və yaralanmış dodaqlardan axan qan, həmçinin, qusuntu maddələri hökmən nəfəs yollarına axacaqdır.
Avtomobilin aptek qutusundakı dərmanlardan istifadə olunması. Gözə hər hansı bir kənar cisim və ya kimyəvi maddə düşərsə, o, təcili surətdə su ilə yuyulmalıdır. Gözə aqressiv kimyəvi maddələr düşdükdə göz bəbəyini qorumaq üçün o, daha tez yuyulmalıdır. İnfeksiyanın (yoluxmanın) qarşısının alınması üçün yumadan sonra gözə sulfasil natrium (albusid) məhlulu damızdırılmalıdır. Bunun üçün yaralıdan yuxarıya baxmaq xahiş olunmalı, alt kipriklər aşağı aralanmalı və iki damcı məhlul damızdırılmalıdır. Damcıtökən göz qapağı və kipriklərə toxunmamalıdır.
Ürəkdə ağrılar aşkar edilərsə, validoldan istifadə olunmalıdır. Bir həb validol dilin altına qoyulur və tam əriyənədək sorulur. Döşün arxasında güclü ağrılar olarsa, nitrogliserindən istifadə olunmalıdır. Nitrogliserin həbi və ya qovuq (kapsula) dilin altına qoyulur və tam sorulur. Yadda saxlamaq lazımdır ki, nitrogliserin qəbulundan sonra baş ağrıları, gicgahda döyünmələr və qulaqlarda səs müşahidə edilə bilər. Döş arxasındakı ağrılar ara verməzsə, nitrogliserinin qəbulunu hər 15 dəqiqədən bir həkim gələnə qədər və ya yaralı xəstəxanaya çatdırılana qədər davam etdirmək lazımdır. Bu hərəkətlərin köməyi ilə miokard infarktının qarşısını almaq və ya ürəkdə ölmüş sahənin ölçülərini kiçiltmək olur.
Qida və digər zəhərlənmələr zamanı zəhər mədədən təmizlənməli və onun qana sorulmasının qarşısı alınmalıdır. Bunun üçün hər şeydən əvvəl, mədə yuyulmalıdır. Xəstəyə 1 litrdən artıq maye və ya su içirdilməlidir. Effekti yüksəltmək və qusmanı asanlaşdırmaq üçün zəif kalium permanqanat (marqanis), məhlulu içirdilməlidir. Bundan sonra dil malazasını sıxmaqla, qusmaya nail olmaq lazımdır. Mədə yuyulduqdan sonra orada qalmış və ya bağırsaqlara keçmiş zəhərli maddələr aktivləşdirici kömürdən və digər enterosorbentlərdən (enterodoz, polifepan və s.) istifadə olunmaqla zərərsizləşdirilir. Bu sorbentlər səmərəli olmalarına rəğmən çox bahalıdırlar. Buna görə də tibb qutuları aktivləşdirilmiş kömür ilə dəstləşdirilir.
Stress vəziyyətlərində korvaloldan istifadə etmək lazımdır. Bunun üçün 15-20 damcı korvalol az miqdarda su ilə qarışdırılır, içilir və üstündən su içilir. Yadda saxlamaq lazımdır ki, korvalol sakitləşdirici təsirə malik olduğundan, yuxu gətirə və reaksiyanı azalda bilər. Ona görə də hərəkət zamanı təhlükəsizlik tədbirlərinə əməl edilməli və mümkün olduqda dincəlmək lazımdır.