Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında


Qaz təhlükəlİ İşlər və qəza-dİspetçer xİdmətİ



Yüklə 159,23 Kb.
səhifə19/23
tarix02.01.2022
ölçüsü159,23 Kb.
#45773
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   23
2. 103 saylı qərar

8. Qaz təhlükəlİ İşlər və qəza-dİspetçer xİdmətİ

8.1. Qaz olan mühitdə, yaxud iş zamanı ətrafa qaz yayıla biləcək şəraitdə aparılan işlərə qaz təhlükəli işlər deyilir. Qaz təhlükəli işlərə aşağıdakılar aiddir:

a) istismarda olan qaz kəmərini qaz şəbəkəsindən açmadan onlara yeni qaz kəmərlərinin qoşulması («kəsmədən» yeni qolun qaynaq edilməsi, «qaz altında kəsib qoşulması»);

b) qaz kəmərlərinin, QPM (QPQ)-nın və sənaye müəssisələrinin, kənd təsərrüfatı, kommunal-məişət, kommunal və məişət istehlakçılarının qaz şəbəkələrinin, aqreqatlarının və cihazlarının istismara buraxılması («qazın buraxılması»), həmçinin mayeləşdirilməmiş qazların QDS, AQDS, QDM, dəst qurğularının istismara verilməsi;

c) istismar olunan («qaz altında» olan) yerüstü, yeraltı və binalarda, quyularda, tunellərdə və s. yerləşən qaz kəmərlərinin, qaz avadanlığının və armaturunun, o cümlədən kompressor və doldurma bölmələri avadanlıqlarının, QDS, AQDS və QDM boşaltma estakadalarının, mayeləşdirilmiş qazların çənləri və sisternlərinin texniki xidməti və təmiri;

ç) qaz kəmərlərinin tənzimlənməsi və hidrat yaranmalarını təmizləmək məqsədilə onlara əridicilərin tökülməsi;

«qaz altında» olan qaz kəmərlərində tıxacların qoyulması və çıxarılması, həmçinin qaz kəmərindən aqreqatların, avadanlıqların və ayrı-ayrı hissələrin tıxac qoymaqla açılması;

d) istismar olunan şəbəkələrdən açılmış qaz kəmərlərinin çökülməsi;

mövsüm zamanı istismar olunan qaz kəmərlərinin və avadanlıqların konservasiya edilməsi və konservasiyadan çıxarılması;

e) dəmir yolu və avtomobil sisternlərindən qazın boşaldılması, QDS, AQDS, QDM-də və çən qurğularında — çənlərin, QDS və QDM-də balonların, avtosisternlərin mayeləşdirilmiş qazla doldurulması;

ə) quyuların təmiri, nəzərdən keçirilməsi və havasının dəyişdirilməsi, həmçinin kondensat yığıcı tutumlarından kondensatın və QDS, AQDS, QDM çənlərindən və çən qurğularından mayeləşdirilmiş qazların buxarlanmayan qalığının nasosla sorulub kənara vurulması;

f) balonlardan buxarlanmayan qazın qalığının boşaldılması və həddən artıq dolmuş, yaxud nasaz balonlardan qazın boşaldılması;

q) istismar olunan qaz qurğularının və daxili qaz avadanlığının texniki xidməti və təmiri;

ğ) nasazlıqları aradan qaldırmaq üçün qaz buraxılan yerlərdə aparılan qazma işləri;

l) istismar olunan qaz kəmərlərində odla (qaynaqla) aparılan bütün təmir işləri;

m) qazbalonlu avtomaşınların doldurulması.

8.2. Ayrı-ayrı məişət qaz qurğularının birləşdirilməsi, qaz balonlu qurğuların istismara verilməsi, diametri 32 mm-dən artıq olmayan alçaq təzyiqli qaz kəmərlərində qaynaq və qaz ilə kəsmə tətbiq etmədən təmir işlərinin aparılması, istismar prosesində çənlərin və balonların mayeləşdirilmiş qazla doldurulması, quyuların nəzərdən keçirilməsi və havasının dəyişdirilməsi, kondensat yığan tutumlardan kondensatın nasosla sorulub çıxarılması, çənlərdən və balonlardan qazın buxarlanmayan qalığının boşaldılması, həmçinin də istismar olunan qaz qurğularına və daxili qaz avadanlıqlarına xidmət edilməsindən başqa, bu Qaydaların 8.1 bəndində adları çəkilən qaz təhlükəli işlər mühəndis-texniki işçinin bilavasitə rəhbərliyi altında aparılmalıdır.

Göstərilən işlərə rəhbərliyi həmin işlərin görülməsi üçün ayrılmış fəhlələrdən daha ixtisaslı olanına tapşırmasına yol verilir.

8.3. Qaz təhlükəli işləri ən azı iki fəhlə aparmalıdır. Quyularda, tunellərdə, dərin xəndəklərdə (dərinliyi 2 metrdən artıq olan), qazanların ocaqlarında, kollektorlarda, QPM və çənlərdə görüləcək işlər ən azı üç nəfər fəhlədən ibarət briqada tərəfindən aparılmalıdır.*

8.4. Bu Qaydaların 8.1 (a, b, ç, c, d, ğ, l) bəndində adları çəkilən qaz təhlükəli işlərin yerinə yetirilməsinə, həm də QDS, AQDS, QDM-də çənlərin və çən qurğularının mayeləşdirilmiş qazlarla ilk dəfə doldurulmasına təyin olunmuş formada tapşırıq (sərəncam) verilməlidir.

Tapşırıq vermək ixtiyarı olan şəxslər, özünün qaz xidməti ilə qaz təchizatı sistemini istismar edən hüquqi şəxslərin tapşırığı, yaxud qaz təsərrüfatı müəssisəsinin yuxarı idarəsi üzrə əmrlə təyin edilir. Onlar bu Qaydaların tələblərinə uyğun imtahan vermiş rəhbər işçilərdən, yaxud mühəndis-texniki işçilərdən təyin edilirlər.

Bu Qaydaların 8.1 (e, ə, f, q) bəndində adları çəkilən qaz təhlükəli işlər, həm də istismar prosesində (birinci dəfə doldurulduqdan sonra) QDS, AQDS, QDM-də çənlərin və çən qurğularının mayeləşdirilmiş qazlarla doldurulması, habelə yaşayış evlərinin, ictimai təyinatlı və əhaliyə məişət xidməti müəssisələrinin daxili qaz avadanlığına texniki xidmət işləri — hər iş növü üçün təsdiq olunmuş təlimata uyğun tapşırıqsız aparıla bilər.*

8.5. Qazlaşdırılan şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin qaz şəbəkələrinin istismara buraxılması və qazın verilməsi, təzyiqi 6 kqq/sm2 (0,6 MPa)-dan artıq olan qaz kəmərinə qazın verilməsi, yüksək və orta təzyiqli qaz kəmərinə «qaz altında» birləşdirmə üzrə işlər, QPM, QDS, AQDS, QDM-də qaynaq və qazla kəsmə tətbiq etməklə aparılan işlər, qaynaq və qazla kəsmə tətbiq etməklə orta və yüksək təzyiqli qaz kəmərlərində «qaz altında» aparılan təmir işləri, orta və yüksək təzyiqli qaz kəmərlərində istehlakçının qaz kəmərindən açılması ilə əlaqədar qazın təzyiqinin azaldılması və yenidən qaldırılması, ümumilikdə müəssisəyə verilən qazın açılması və sonradan yenə verilməsi, QDS, AQDS, QDM-də çənlərin mayeləşdirilmiş qazla ilk dəfə doldurulması işləri — tapşırıq üzrə və qaz təsərrüfatı müəssisəsinin baş mühəndisi tərəfindən təsdiq edilmiş xüsusi plana uyğun, həmin işləri müəssisə öz qüvvəsi ilə apardıqda isə həmin müəssisənin baş mühəndisi tərəfindən təsdiq edilmiş xüsusi plana uyğun aparılır.

8.6. İş planında işlərin aparılmasının dəqiq ardıcıllığı, işçilərin yerləşdirilməsi, mexanizmlərə və vasitələrə tələbat göstərilir, həmin işlərin maksimum təhlükəsiz aparılmasını təmin edən tədbirlər nəzərdə tutulur.

İş planında həmçinin qaz təhlükəli hər bir işin aparılmasına cavabdeh olan şəxslər, ümumi rəhbərlik edən və işlərin yerinə yetirilməsi ardıcıllığını təyin edən və bu işlərin əlaqələndirilməsinə cavabdeh olan şəxs də göstərilməlidir.

8.7. Plana uyğun olaraq hər qaz təhlükəli işin aparılmasına cavabdeh olan şəxsə ayrıca tapşırıq verilməli, həmin tapşırıqda işləri yerinə yetirən zaman əsas təhlükəsizlik tədbirləri və işin texnoloji ardıcıllığı göstərilməlidir.

8.8. İş planına və tapşırığa — işlərin aparılması yeri və işin xarakteri göstərilməklə icra cizgisinin surəti, yaxud onun əsli əlavə olunmalıdır. Qaz təhlükəli işlərə başlamazdan əvvəl onların aparılmasına cavabdeh olan şəxs icra cizgisinin, yaxud onun surətinin işlərin aparılacağı yerdə obyektin faktiki yerləşməsinə uyğunluğunu yoxlamalıdır.

8.9. Qəza ilə əlaqədar işlər bilavasitə insanların həyatına, maddi nemətlərə dəyə biləcək təhlükə aradan qaldırılana qədər tapşırıqsız aparılır. Təhlükə aradan qaldırıldıqdan sonra qaz kəmərlərinin və qaz avadanlıqlarının texniki saz vəziyyətə gətirilməsi üzrə işlər tapşırıq (sərəncam) üzrə aparılmalıdır. *

8.10. İşin aparılmasına lazımi hazırlıq görülməsi üçün tapşırıq (sərəncam) qabaqcadan verilməlidir. Tapşırıqda (sərəncamda), onun qüvvədə olması müddəti, işin başlanması və qurtarması vaxtı göstərilməlidir. Qaz təhlükəli işləri təyin olunmuş müddətdə başa çatdırmaq mümkün olmadıqda tapşırığın (sərəncamın) müddəti onu verən şəxs tərəfindən artırıla bilər. Tapşırıqlar (sərəncamlar) xüsusi jurnalda qeydə alınmalıdır.

Cavabdeh şəxs tapşırığı (sərəncamı) aldıqda və işi qurtardıqdan sonra tapşırığı (sərəncamı) qaytardıqda jurnalda imza etməlidir.

Tapşırıqlar (sərəncamlar) ən azı bir il müddətində saxlanılmalıdır.

8.11. Tapşırıq (sərəncam) üzrə yerinə yetirilən qaz təhlükəli işlər bir gündən artıq müddətdə yerinə yetirilirsə, onların aparılmasına cavabdeh olan şəxs, işlərin gedişi barədə bu işlərin aparılmasına tapşırıq verən şəxsə hər gün məlumat verməlidir.

Ezamiyyətə gələn şəxslərə qaz təhlükəli işlərin aparılmasına dair tapşırıq (sərəncam) bütün ezamiyyət müddətinə verilməlidir. İşlərin icrasına nəzarəti onlara cavabdeh olan şəxs aparmalıdır.

8.12. Fəhlələrin şəxsi mühafizə vasitələri ilə təmin edilməsinə və həmin vasitələrin saz olmasına qaz təhlükəli işə rəhbərlik edən mühəndis-texniki işçi cavabdehdir, bu Qaydaların 8.2 bəndinə əsasən mühəndis-texniki işçilərin rəhbərliyi olmadan aparıla bilən işləri gördükdə isə — tapşırığı (sərəncamı) verən şəxs cavabdehdir.

İşçilərin şəxsi mühafizə vasitələri ilə təmin olunması və bu vasitələrin sazlığı qaz təhlükəli işlərin görülməsinə tapşırıq (sərəncam) verildikdə təyin edilir. İşlərin rəhbəri iş yerini elə hazırlamalıdır ki, lazım gəldikdə fəhlələrin təhlükəli zonadan dərhal çıxarılması təmin edilsin.

8.13. Qaz təhlükəli işlərə başlamazdan əvvəl onun aparılmasına cavabdeh şəxs bütün fəhlələrə iş zamanı təhlükəsizlik tədbirləri barədə təlimat verməlidir. Bundan sonra təlimat almış hər fəhlə tapşırığı (sərəncamı) imzalamalıdır.

8.14. Qaz təhlükəli işləri aparan zaman bütün göstərişləri işin aparılmasına cavabdeh şəxs verməlidir. İşlərin aparılmasında iştirak edən başqa vəzifəli şəxslər və rəhbər işçilər fəhlələrə göstərişi ancaq bu işlərin aparılmasına cavabdeh olan şəxs vasitəsilə verə bilərlər.

8.15. Qaz təhlükəli işlər, bir qayda olaraq, gündüzlər aparılmalıdır. Qəzanın aradan qaldırılması üzrə işlər mühəndis-texniki işçinin bilavasitə rəhbərliyi ilə hər vaxt aparıla bilər.*

8.16. Qaz təhlükəli işlərin yerinə yetirilməsində iştirak edən hər bir fəhlənin və o cümlədən də briqada rəhbərinin şlanqlı, yaxud izoləedici əleyhqazı olmalıdır. Süzgəcli əleyhqazdan istifadə etməyə icazə verilmir.

8.17. Şlanqlı əleyhqazın havagötürən borusu iş zamanı qaz olan yerdən külək vuran tərəfdə yerləşdirilməlidir. Hava ventilyator vasitəsilə məcburi vurulmadıqda, şlanqın uzunluğu 15 metrdən artıq olmamalıdır. Şlanq sərt əyilməməli və hər hansı bir əşya ilə sıxılmamalıdır.

8.18. Xilasetmə kəmərlərinin kürək tərəfdə onların kəsişdiyi yerdə ip bərkitmək üçün halqalı çiyin qayışları olmalıdır. Kəmər elə bərkidilməlidir ki, halqalar kürəkdən aşağı olmasın. Çiyin qayışı olmadan kəmərlərdən istifadə etməyə icazə verilmir.

8.19. Əleyhqazlar, qoruyucu kəmərlər, kəmərin yaylı qarmaqları (karabinləri) və iplər dövrü olaraq sınanmalıdır (yoxlanılmalıdır).

8.20. Əleyhqazlar hər təhlükəli işə başlanmazdan əvvəl hermetikliyə yoxlanılmalıdır. Geyilmiş əleyhqazın büzməli borusunun ucu əl ilə sıxılır, əgər belə vəziyyətdə nəfəs almaq mümkün deyilsə, demək əleyhqaz sazdır, əgər nəfəs almaq mümkün olursa, deməli maskadan və ya borudan hava keçir və həmin əleyhqazdan istifadə etmək olmaz.

8.21. Yaylı qarmaq üçün halqası olan xilasedici kəmərlər aşağıda göstərilən qaydada sınaqdan keçirilir: hər iki toqqası bağlanmış sınaqdan keçirilən kəmərin halqasına 200 kq-lıq yük asılır, həmin yük 5 dəqiqə asılı saxlanılır. Yükü asdıqdan sonra kəmərdə heç bir zədələnmə izi olmamalıdır.

8.22. Kəmərin yaylı qarmaqlarını 200 kq yüklə sınaqdan keçirirlər. Yaylı qarmaq açıq cəftə ilə 5 dəqiqə yük altında saxlanılır. Yükü asdıqdan sonra yaylı qarmağın forması dəyişməməlidir. Açılan cəftə asanlıqla öz yerinə düşməlidir.

8.23. Xilasedici iplər 200 kq yüklə 15 dəqiqə müddətində sınanılır. İpin uzunluğu sınaqdan əvvəl və sonra ölçülür. Yükü açdıqda ümumiyyətlə ipdə və onun ayrı-ayrı hissələrində heç bir zədə olmamalıdır. Yükü açdıqdan sonra ipin qalan uzunluğu əvvəlki uzunluqdan 5%-dən artıq olmamalıdır.

8.24. Xilasetmə kəmərlərinin, kəmər yaylı qarmaqlarının və xilasedici iplərin bu Qaydaların 8.21—8.23 bəndlərində göstərilmiş üsulla sınağı — bu məqsəd üçün xüsusi təyin edilən mühəndis-texniki işçi tərəfindən ildə iki dəfədən az olmayaraq aparılmalıdır. Sınaqların nəticəsi barədə akt tərtib olunmalıdır.

Xilasetmə kəmərlərinin, onun yaylı qarmaqlarının və xilasedici ipin yararlılıq dərəcəsi, həmçinin bu vasitələrdən istifadə edən işçi tərəfindən işə başlamazdan əvvəl və hər dəfə istifadə etdikdən sonra nəzərdən keçirilməklə yoxlanılmalıdır.

Bundan başqa, iplər işlərə cavabdeh rəhbər tərəfindən hər 10 gündən bir, həm də hər dəfə yağışlı, yaxud qarlı havada işlədildikdən sonra, usta tərəfindən isə — hər dəfə işlədiləndən əvvəl nəzərdən keçirilib yoxlanılmalıdır. Hər bir kəmərin və ipin inventar nömrəsi olmalıdır.

8.25. Qaz olan yerlərdə işləyən zaman qığılcım yaranmasına imkan verməyən əlvan metaldan hazırlanmış çəkic və gürz işlədilməlidir. Qara metaldan olan alətlərin və başqa vasitələrin işlək hissəsinə qalın qatla solidol, yaxud başqa texniki yağlar çəkilməlidir. Qaz olan yerlərdə qığılcım verə bilən elektrik burğusundan və başqa elektrik alətlərindən istifadə edilməsi qadağandır.

8.26. Quyularda, çənlərdə və başqa belə yerlərdə qaz təhlükəli işləri yerinə yetirən fəhlələr və mühəndis-texniki işçilər dəmir nalı və mıxları olmayan ayaqqabılardan istifadə etməlidirlər, əks halda isə ayaqqabı üstündən qaloş geyməlidirlər.

8.27. Qaz təhlükəli işləri yerinə yetirərkən partlayışdan mühafizə tipli səyyar işıqlandırma vasitələrindən istifadə edilməlidir. Şaxta tipli akkumulyator fənərlərindən də istifadə etmək olar.

8.28. Quyularda, tunellərdə, kollektorlarda, texniki döşəmə altlıqlarında, QPM-də və QDS, AQDS, QDM-in ərazisində istismar olunan qaz kəmərlərində, onları şəbəkədən açmadan və hava ilə, yaxud təsirsiz qazla üfürmədən qaynaq və qazla kəsmə işləri aparmaq olmaz. Qaz kəmərini şəbəkədən açdıqda açıcı qurğuda tıxac qoyulmalıdır.

8.29. Üstü örtülü (bütünlükdə, yaxud müəyyən hissəsi) çalalarda, xəndəklərdə, qaz quyularında qaynaq (alov) tətbiq etmədən qaz təhlükəli işlər aparmaq olar. İstismar olunan qaz kəmərlərindəki belə qurğularda, ancaq örtükləri götürdükdən sonra qaynaq və kəsmə işləri aparmaq olar.

8.30. Qaz kəmərləri çəkilmiş və qazdan istifadə edən aqreqatlar olan binalarda, həm də quyularda, kollektorlarda və s. qaynaq, yaxud qazla kəsmə işlərinə başlamazdan əvvəl havada qazın olması yoxlanılmalıdır. Havadakı qazın miqdarı qaz-hava qarışığının aşağı alışma həddinin 1/5-dən artıq olmamalıdır.

Sınaq üçün havadan nümunə — pis ventilyasiya olunan yerlərdən və qazın sıxlığından asılı olaraq seçilən hündürlükdən götürülməlidir.

Qaynaq işlərinin aparıldığı bütün müddətlərdə binalar yaxşıca ventilyasiya olunmalıdır, quyular, yaxud kollektorlar isə 1 saatda havanı üç qat dəyişdirə bilən ventilyator, yaxud kompressor vasitəsilə hava vurmaqla ventilyasiya edilməlidir.

8.31. İstismar olunan qaz kəmərlərinə yeni qaz kəmərləri qoşulduqda və onların təmiri zamanı, qazla kəsmə və qaynaq işləri qazın təzyiqi 40—150 mm su sütunu (40—150 daPa) olduqda aparılmalıdır. Həmin təzyiqin olması işlərin aparıldığı bütün müddətlərdə yoxlanılmalıdır. Təzyiq 40 mm su sütunundan (40 daPa) aşağı düşdükdə və onun təzyiqi 150 mm su sütunundan (150 da Pa) yuxarı olduqda kəsmə və qaynaq işləri dayandırılmalıdır.

İşlərin aparıldığı yerdə təzyiqə nəzarət edilməsi üçün manometr qoyulmalıdır, yaxud qaz istehlakçısının ən yaxındakı (100 metrdən uzaq olmayan) giriş manometrindən istifadə edilməlidir.*

8.32. İstismar olunan qaz kəmərlərinə yeni qaz kəmərlərinin qoşulması işləri aparılan zaman qazın təzyiqi açıcı qurğular, yaxud təzyiq tənzimləyiciləri vasitəsilə aşağı salınmalıdır.

Aşağı salınmış təzyiqli qaz kəmərləri sahəsində qazın təzyiqinin artmasının qarşısını almaq üçün buradakı kondensat tutumlarından, hidrosürgülərdən istifadə edilməlidir, lazım olduqda isə (birləşdirmə işlərinə başlamazdan əvvəl) açıcı qurğusu olan şam qoyulmalıdır. Şam vasitəsilə buraxılan qaz imkan dairəsində yandırılmalıdır.

8.33. İstismar olunan qaz kəmərinə yeni qaz kəmərinin birləşdirilməsi üsulu qaz təsərrüfatı müəssisəsi tərəfindən, yaxud onu əvəz edən təşkilat tərəfindən təyin edilməlidir.

8.34. «Qaz altında» qaz kəmərlərinə qol qoşulması Dövlət Neft Şirkəti orqanları tərəfindən təsdiq olunmuş bir tipli təlimata uyğun olaraq qaz təsərrüfatını istismar edən hüquqi şəxslər və yaxud müəssisənin rəhbərliyi tərəfindən işlənib hazırlanmış xüsusi təlimatlar üzrə aparılmalıdır.

8.35. İstismar olunan qaz kəmərinə qol qoşmaq üçün yerinə yetirilmiş qaynaq tikişi qaz kəmərində qazın işlək təzyiqi şəraitində sabunlamaqla, yaxud xüsusi cihaz vasitəsilə kipliyi yoxlanılmalıdır.

8.36. Qaz kəmərlərinin, armaturların və cihazların kipliyini alov vasitəsilə yoxlamaq olmaz.

8.37. Qaz təhlükəli işlər aparılan yerlərdə kənar adamlar olmamalıdır. Çalalar və quyularda iş aparıldıqda onlar hasara alınmalıdır. Çalaların ölçüləri iş aparmaq üçün və lazımi alətlərin, materialların və avadanlıqların yerləşdirilməsi üçün əlverişli olmalıdır. İş aparılan yerin yaxınlığında xəbərdaredici nişanlar asılmalı, yaxud qoyulmalıdır.

8.38. İstismar olunan qaz kəmərlərində qazla kəsmə, yaxud qaynaq işləri apardıqda və çuqun qaz kəmərlərinin genborularından (rastrubdan) qurğusunu əritdikdə güclü alov çıxmasının qarşısını almaq üçün qazın çıxdığı yerlər asbest ovuntulu, odadavamlı gil ilə suvaqlanmalıdır.

8.39. Qaz kəmərinin zədələnən yerinə müvəqqəti olaraq şamot (odadavamlı) gilli cuna sarımaq və ya bandaj xomut qoymaq olar, bu halda bandajın yaxud sarğının vəziyyətinə nəzarət edilməlidir.

Bandajı, sarğısı və xomutu olan yeraltı qaz kəmərlərinin üstünü torpaqla örtmək qadağandır.

8.40. İstehlakçılara ayrılan qollarda və ayrı-ayrı binaların girişlərində qoyulan tıxacların çıxarılması, bu Qaydaların 7.21 bəndinə uyğun olaraq qaz kəmərlərini yoxladıqdan və sınaqdan keçirdikdən sonra, qazın buraxılması işlərinə rəhbərlik edən şəxsin göstərişi ilə aparıla bilər.

8.41. Qaz kəmərlərinin kipliyini, qaz avadanlıqlarının saz olmasını nəzərdən keçirməklə yoxlamadan və nəzarət sınağı aparmadan binaların qaz şəbəkəsinə qaz vermək olmaz.

8.42. Qaz kəmərlərinə qaz doldurulması və onların üfürülməsi bu Qaydaların 7.22 bəndinin tələblərinə riayət etməklə aparılmalıdır.

8.43. Əgər qaz şəbəkəsinin yoxlanılan və nəzarət sınağı aparılan hissəsi qazla dolmayıbsa, qazla doldurma işinə yenidən başladıqda, bu hissə təkrar yoxlanılmalı və nəzarət sınağından keçirilməlidir.

8.44. Binaları, yaxud obyektin qaz avadanlıqlarını sökdükdə, onlara gələn qaz kəmərləri paylayıcı qaz kəmərlərinin çıxış yerindən kəsilməli və qaynaq edilməklə bağlanmalıdır. Yivli, boltlu tıxaclardan istifadə etmək və s. qadağan edilir.

Qaz kəmərlərinin kəsilmiş hissəsi bu Qaydaların 7.22 bəndinin tələblərinə uyğun olaraq hava ilə, yaxud təsirsiz qazla üfürülməlidir. İstehsalat, kommunal və başqa binalarda istifadə olunmayan qaz kəmərləri sökülməlidir.

8.45. Qaz dolmuş quyularda, kollektorlarda, binalarda və həmçinin binalardan kənardakı qazlı havada təmir işləri əleyhqazlarda və odlu vasitələrdən (qaynaq, qazla kəsmək) istifadə etmədən aparılmalıdır. İş aparılarkən qaz kəmərindən, yaxud aqreqatdan qazın qəflətən sızması ehtimalı olan hallarda fəhlələr əleyhqazlarda işləməlidirlər. Qalan hallarda isə əleyhqazlar iş yerində istənilən vaxt istifadə edilmək üçün həmişə hazır vəziyyətdə olmalıdır. Quyularda, çalalarda, çənlərdə uzun müddət (1 saatdan artıq) işlədikdə, ventilyator, yaxud kompressor vasitəsi ilə oraya hava verilməlidir. 1 saat müddətində üç qatdan az olmayan miqdarda havanın dəyişdirilməsi təmin edilməlidir.

8.46. Açılmamış qaz kəmərlərində təmir işləri apardıqda, quyulara, tunellərə, kollektorlara eyni zamanda iki nəfərdən artıq adamın girməsinə icazə verilmir.

8.47. Daxilində yoxlama və təmir işləri apardıqda, qazanlar, yaxud qazla işləyən başqa aqreqatlar qaz kəmərindən tıxaclar vasitəsilə açılmalıdır.

Qazanın, yaxud aqreqatın ocağında işləri bu Qaydaların 8.30 bəndinə uyğun olaraq, havasını dəyişdikdən və havada qazın olmamasını yoxladıqdan sonra aparmaq olar.

Ocaqda, yaxud aqreqatda işləyən zaman onlar ümumi tüstü bacasından açılmalı, orada olan bütün qapılar, qapaqlar, partlayış klapanları açıq olmalıdır. Lazımi hallarda qazanın, yaxud aqreqatın ocağına ventilyatorla təmiz hava verilməlidir.

8.48. Mayeləşdirilmiş qaz çənlərinin içərisinin nəzərdən keçirilməsi və təmiri bu Qaydaların 7.99 bəndinin tələblərinə uyğun olaraq aparılır.

8.49. Hər hansı təzyiqli daxili qaz kəmərlərində flyansların, yivli birləşmələrin və armaturun sökülməsi — qaz kəmərinin açılmış və tıxaclanmış hissəsində aparılmalıdır.

Diametri 50 mm-ə qədər olan qaz kəmərlərində bina daxili qaz avadanlıqları kranlarının yağlanmasını, lazımi ehtiyat tədbirləri görməklə qazın təzyiqi 300 mm su sütunu (300 daPa)-dan artıq olmadıqda aparmaq olar.

Orta və yüksək təzyiqli yeraltı və yerüstü qaz kəmərlərindəki kondensat tutumlarının yivli birləşmələrinin sökülməsi işlərini qazın təzyiqi 1 kqq/sm2 (0,1 MPa)-dan artıq olmadıqda aparmağa yol verilir.

8.50. Qaz kəmərlərində quraşdırılmış avadanlığın (armaturun, süzgəclərin, sayğacların və s.) dəyişdirilməsi və sökülməsi qaz kəmərinin açılmış hissəsində aparılmalıdır. Açılmış hissənin sərhədlərində, açıcı qurğudan sonra tıxaclar qoyulmalıdır.

8.51. Qaz kəmərlərində qoyulan tıxaclar onlardakı maksimal təzyiqə uyğun olmalıdırlar. Onların flyansdan kənara çıxan quyruqları olmalıdır. Tıxacların quyruqcuqlarında qaz kəmərinin təzyiqini və diametrini göstərən damğa olmalıdır.

8.52. Fəhlələrin ayaqlıq bəndi olmayan quyulara, həmçinin çalalara və çənlərə düşməsi üçün lazımi uzunluqda və quyunun, çalanın kənarına və ya çənin qapağına bərkitmək üçün qarmaqlı dəmir nərdivan olmalıdır.

8.53. Quyularda, dərin çalalarda (dərinliyi 2 metrdən artıq olan), aqreqatlarda, çənlərdə işləmək üçün fəhlələr xilasetmə kəməri bağlamalıdırlar. Yuxarıda — yerin üstündə, küləktutan tərəfdə ən azı iki fəhlə olmalı, onlar quyuda, yaxud ona müvafiq tikililərdə işləyən fəhlələrin xilasetmə kəmərlərinə bənd olunmuş kəndirin uclarından tutmalı və aşağıda işləyən fəhlələrə, şlanqlı əleyhqazların havagötürən borularına fasiləsiz nəzarət etməli, iş yerinə kənar adamları buraxmamalıdırlar.

8.54. Zədələnmiş yeraltı qaz kəmərlərində torpaq işləri apardıqda, qaz kəmərindən çıxan qazın alışmasına qarşı lazımi tədbirlər görülməlidir. Əgər qaz kəmərinin üstünü qazıb açan zaman fəhlələrin zəhərlənməsi, yaxud boğulması təhlükəsi varsa, onlar əleyhqazlarda işləməlidirlər.

Orta və yüksək təzyiqli zədələnmiş qaz kəmərlərində qazma işləri aparan zaman onlara qaz verilməsini kəsmək lazımdır. Qazın kəsilməsi mümkün olmadıqda, qazın təzyiqi istehlakçıların fasiləsiz işləməsini təmin edə bilən minimum kəmiyyətlərə qədər aşağı salınmalıdır.

8.55. Qaz kəmərlərində buz, qətran, naftalin və başqa tutumları metal şişlərlə, əridicilər tökməklə, yaxud buxarla təmizlənməsi işləri, qaz kəmərində qazın təzyiqi 500 mm su sütunundan (500 daPa) artıq olmadıqda aparıla bilər. Binaların içərisindəki qaz kəmərlərinin qızdırılması üçün açıq alovdan istifadə etmək olmaz.

Süni qaz kəmərlərindəki tutulmalar qaz kəməri açıldıqdan sonra təmizlənməlidir. Binalardakı qaz kəmərləri qızdırıldığı zaman açıq alovdan istifadə etmək olmaz.

8.56. Qaz kəmərlərində tutulmaların təmizlənməsi işlərini aparan zaman qaz kəmərindən qazın çıxmasını maksimum azaldan tədbirlər görülməlidir. İşlər əleyhqazlarda aparılmalıdır. Binaların içərisində tutulmaların aradan qaldırılması işləri apardıqda, onların havası da dəyişdirilməlidir.

8.57. Qaz kəmərlərini təmizləyən zaman bu qaz kəmərindən təmin olunan bütün istehlakçılar, işlər görülüb qurtarana qədər qaz qurğularının açılması tələb olunduğu barədə xəbərdar edilməlidir.

8.58. Qaz kəmərlərindəki tıxacları aradan qaldırmaq üçün sökülən yivli və flyans birləşmələri təzədən bağlandıqdan sonra sabunlu emulsiya ilə, yaxud xüsusi cihazla yoxlanmalıdır.

8.59. İstismar olunan QPM avadanlıqlarında və qaz kəmərlərində, həmçinin qaz dolmuş binalarda təmir işləri aparan zaman binaların içərisində işləyən fəhlələrə nəzarət etmək üçün binaların bayır tərəfində fəhlə dayanmalıdır. Həmin fəhlə yaxınlıqda alov mənbəyinin olmamasına da nəzarət etməlidir.

8.60. Qaz kəmərindən kondensatı çıxaran zaman tütün çəkmək və iş yerinin yaxınlığında kənar adamların olması qadağandır.

Kondensat xüsusi tutumlara boşaldılmalı və bu məqsəd üçün ayrılmış xüsusi yerlərə aparılmalıdır.

8.61. Yüksək və orta təzyiqli qaz kəmərlərində flyansları, kiplikləri, yivli birləşmələri sıxdıqda, təzyiq mümkün qədər aşağıya salınmalıdır.

8.62. Başqa qaz kəmərini qoşmaq üçün istismar olunan qaz kəmərlərində qaz kəsicisi ilə «pəncərə» açmazdan əvvəl birinci tıxacla bağlanmalıdır. Əgər «pəncərə» kəsən zaman kəsicinin, yaxud çıxan qazın alovu sönərsə, qaz kəmərində kəsilmiş hissə gil ilə tutulmalıdır. Ancaq çalanın havasını dəyişdikdən sonra isə təzədən başlamaq olar. «Pəncərə» kəsildikdən və kəsici söndürüldükdən sonra tıxac çıxarılır, birləşdirilən qaz kəməri qazla üfürülür, bundan sonra onu istismar olunan qaz kəmərinə qaynaq etmək olar.

8.63. Qəza vəziyyətini məhdudlaşdırmaq və aradan qaldırmaq üçün qaz təsərrüfatlarında istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü də daxil olmaqla gecə-gündüz işləyən qəza-dispetçer xidməti (QDX) təşkil edilir. Nəzdində QDX yaradılacaq qaz təsərrüfatının həcm normativləri, habelə yaradılan QDX və onların filiallarını müvafiq ştatı və maddi-texniki təminatı, habelə texniki və operativ-istismar sənədləri ilə təmin edilməsi normaları Dövlət Neft Şirkəti tərəfindən işlənib hazırlanır.27

8.64. Qaz təchizatı sistemini öz qaz xidməti vasitəsilə istismar edən idarələrin müəssisələrin və s. təşkilatların qaz təchizatı sistemlərində qəza işləri bu xidmətin qüvvə və vasitələri ilə yerinə yetirilir. Özünün qaz xidməti olan müəssisənin sifarişi ilə qaz təsərrüfatı müəssisəsinin QDX, qəza sahələrini şəhərin (rayonun, qəsəbənin) qaz təchizatı sistemindən açmaqla qəzanın məhdudlaşdırılması işlərində iştirak edir. QDX belə müəssisələrə metodik kömək göstərməli və qəza işlərinin yerinə yetirilməsinə nəzarət etməlidir.

8.65. QDS, AQDS və QDM-də qəza işləri bu müəssisələrin işçiləri tərəfindən yerinə yetirilir. QDS, AQDS və QDM-də qəza işlərinin aparılmasında QDX-nin iştirakı həmin müəssisələrdə, qaz təsərrüfatı müəssisəsi ilə razılaşdırılmış «Qəzaların qarşısının alınması və məhdudlaşdırılması planı» ilə təyin edilir.

8.66. Qəza vəziyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə QDX-nin fəaliyyəti «Qəzaların qarşısının alınması və məhdudlaşdırılması planı» və «Müxtəlif idarələrin xidmətlərinin qarşılıqlı əlaqədar işləməsi planı» ilə təyin edilməlidir (yanğından mühafizə və yanğın nəzarəti, təcili yardım, polis, yeraltı mühəndis kommunikasiyalarını istismar edən təşkilatlar), həmin planlar hər bir QDX üçün yerli şəraiti nəzərə almaqla, Dövlət Neft Şirkəti orqanlarının təklif etdikləri birtipli planlar əsasında işlənib hazırlanmalıdır.28

8.67. QDX-ə daxil olan bütün məlumatlar və istismar xidmətlərinə daxil olan bütün sifarişlər dərhal xüsusi qeydiyyat kitablarında qeydiyyata alınmalıdır. Bunlarda məlumatın (sifarişin) daxil olması vaxtı, qəza briqadasının getməsi və qəza yerinə gəlməsi vaxtı, zədənin xarakteri və yerinə yetirilən işlər göstərilir.

8.68. Binada qazın sızması barədə məlumat (sifariş) aldıqda QDX-nin dispetçeri xəbər verənə qəzanın və bədbəxt hadisələrin qarşısını almaq üçün lazımi tədbirlər görülməsi (qaz qurğularının açılması, binanın havasının dəyişdirilməsi, açıq oddan istifadə edilməsinin qadağan olunması və s.) barədə təlimat verməlidir.

8.69. Qəza barədə sifarişlərin yerinə yetirilməsi üzrə işlərin təşkilinin əsasına QDX briqadasının (kənd yerlərində isə istismar işçilərinin) qəza obyektinə mümkün qədər qısa — QDX haqqında Əsasnamə ilə müəyyən olunmuş müddətdə gəlməsi tələbi qoyulmalıdır.

Partlayış, yanğın, binalara qaz dolması barədə bütün sifarişlər zamanı qəza briqadaları qəza yerinə 5 dəqiqə müddətində çıxmalıdırlar.

Qəza briqadası qəza yerinə lazımi alətlərlə və inventarlarla təchiz olunmuş maşınlarda getməlidirlər. Yeraltı qaz kəmərlərində qəzaların qarşısını almaq üçün gedərkən qəza briqadalarının yuxarıda göstərilənlərdən başqa, lazımi texniki icra sənədləri (qaz kəmərlərinin yerləşməsi planı, qaynaq birləşmələrinin sxemi) olmalıdır.

8.70. QDX qəzaların, yaxud qəza vəziyyətlərinin aradan qaldırılması üzrə işləri, ancaq partlayışlar, yanğınlar və zəhərlənmələr təhlükəsinin qarşısını alan bütün tədbirləri gördükdən sonra istismar xidmətlərinə verə bilər.

9. Xüsusi təbii və iqlim şəraitlərində qaz təchizatı sistemlərinin tikintisi və istismarı zamanı əlavə tələblər

İşlənilən ərazilər

Qaz kəmərlərinin tikintisi

9.1. İşlənilən ərazilərdə qaz kəmərlərinin tikintisi ancaq ərazilər işlənilərkən, yer səthinin sürüşməsi şəraitində qaz kəmərlərinin etibarlı işləməsini təmin edən xüsusi tədbirlər daxil edilmiş layihələr üzrə aparıla bilər.

9.2. Qəsəbələrarası trassanı və paylayıcı qaz kəmərlərini çəkərkən dağ-mədən istehsalı işlərinin təsiri hüdudları hündürlük göstəricisi və trassanın piketajı ilə əlaqələndirilən daimi işarələrlə müəyyən edilməlidir.

9.3. İşlənilən ərazilərdə yeraltı qaz kəmərlərinin çəkilməsi zamanı uzunluğu 10 metrdən az olmayan borulardan istifadə edilməsi məsləhət görülür.

9.4. Qaynaq olunan boruların ucları arasındakı normadan artıq aralıqları və ya ucları uyğun gəlməyən boruları qızdırmaqla, dartmaqla, yaxud əyməklə düzəltmək olmaz. Həmin nöqsanları uzunluğu 400 mm-dən az olmayan əlavə borular (makaralar) qaynaq etməklə aradan qaldırmaq lazımdır.

9.5. Borular, bir qayda olaraq, elektrik qövs qaynağı üsulu ilə birləşdirilməlidir.

Şərti keçidi 50 mm və artıq diametrə malik olan hər cür təzyiqli yeraltı qaz kəmərlərində qaynaq birləşmələri 100 faiz fiziki nəzarət üsulları ilə yoxlanılmalıdır.

Yeraltı və daxili qaz kəmərləri üçün qaynaq birləşmələrinin nəzarət normaları adi şəraitdə çəkilən qaz kəmərləri üçün olduğu kimi götürülür.

9.6. Qaz kəməri qalınlığı ən azı 200 mm olan azsıxılma qabiliyyətli torpaq əsas üzərinə qoyulmalı və həmin torpaqla ən azı 300 mm qalınlıqda qatla örtülməlidir.

9.7. İşlənilmə aparılan sahələrdə qaz kəməri çəkilərkən, xəndəyin tamamilə azsıxılmış torpaqla örtülməsi nəzərdə tutulmalıdır. Qalan hallarda isə qaz kəmərinin mütəhərrikliyinin artırılması kompensator qoymaqla, yaxud istismar zamanı kəsməklə nəzərdə tutulmalıdır.

9.8. Paylayıcı küçə qaz kəmərlərində mühafizə tədbirləri görülmüşsə, qaz kəmərlərinin həyət və məhəllədaxili qısa sahələrində (uzunluğu 20—30 metrə qədər olan) qaynaq birləşmələrinin şüalandırma ilə yoxlanılmasından başqa, digər mühafizə tədbirləri görülməsi tələb olunmur.

9.9. Kompensatorlar (P-şəkilli, yaxud rezin-kordlu) müşahidə üçün əlverişli olan qurğularda, yaxud xüsusi taxçalarda qoyulmalıdır. Mayeləşdirilmiş qazlar verilən qaz kəmərlərində rezin-kord kompensatorlar tətbiq etmək olmaz.

9.10. Yer səthinin deformasiyası prosesi qurtardıqdan sonra kompensatorlar düz əlavələrlə əvəz olunmalı, quyular (taxçalar) isə torpaqla doldurulmalıdır.

9.11. Qaz kəmərləri yeraltı kommunikasiyalarla kəsişdikləri yerlərdə (qaz kəməri birləşmələri ilə kəsişmə yerinin üstündə) nəzarət boruları qoyulmalıdır.

9.12. Boru torpaqda yerini dəyişə bilsin deyə, elektrik potensialını ölçmək üçün elektrik naqillərinin qaz kəməri borusuna birləşdirilməsi elastik olmalıdır. 9.13. Yeraltı qaz kəmərləri başqa kommunikasiyalarla kəsişən yerlərdə torpağın yerli sıxılması nəzərdə tutulmalıdır. Qaynaq birləşmələri kəsişmə yerindən ən azı 2 m məsafədə olmalıdır.

9.14. Daxili qaz kəmərləri binaların deformasiya olunan birləşmələri ilə kəsişməməlidir.

9.15. Qurudulmuş qaz verilən yeraltı qaz kəmərlərinin boruları mexaniki zədələnmədən qorunan hallarda (yer altından keçməyən yerlərdə və s.) minimal dərinliyə basdırıla bilər.

Qaz kəmərlərinin istismarı

9.16. İşlədilən ərazilərdəki rayonlarda qaz kəmərlərini istismar edən qaz təsərrüfatında vəzifəsi aşağıdakılardan ibarət xüsusi mühafizə xidməti olmalıdır:

qaz kəmərinin mühafizə olunmasına dair təşkilati-texniki məsələlərin həlli;

mədən müəssisəsindən alınmış qaz kəmərlərinin altında aparılan mədən işləri planlarının surətlərinin araşdırılması;

yer səthinin deformasiyasına nəzarət barədə markşeyder xidməti tərəfindən təqdim olunmuş məlumatların toplanması və dağ-mədən müəssisəsi ilə birlikdə qaz kəmərlərinin işlədilməsi qrafiklərinin tərtib edilməsi;

markşeyder xidmətləri və layihə təşkilatları ilə birlikdə, istismar olunan qaz kəmərlərini mədən işlərinin mənfi təsirindən mühafizə etmək üzrə və həmçinin yaşayış binalarına, sənaye və kommunal obyektlərin yeraltı kommunikasiyalarına qazın daxil olmasının qarşısını almaq üzrə tədbirlərin işlənib hazırlanması;

qaz kəmərlərinin tikintisi və istismarı dövründə texniki şərtlərin gözlənilməsinə nəzarət etmək.

9.17. Qaz kəmərlərinin mühafizəsi üçün aşağıdakı tədbirlər həyata keçirilir:

bu Qaydaların 9.9 bəndinin tələblərinə uyğun olaraq kompensatorların qoyulması;

qaz kəmərlərinin kəsilməsi;

sonra azsıxılmış materialla (torpaqla) örtmək üçün qaz kəmərinin üstünün açılması.

9.18. Qəflətən tökülən plastlarda işləyərkən, yer səthindəki nəzərə çarpan çıxıntılı yerlərdə qaz kəmərləri xüsusi kompensatorlarla mühafizə olunur.

9.19. Qaz kəmərlərinin işlənilən sahələrinə, onun üzərindəki qurğulara, qazla işləyən obyektlərə və bitişik kommunikasiyalara qaz kəmərlərini istismar edən təşkilatlar texniki xidməti gücləndirməlidirlər.

9.20. Yeraltı qaz kəmərlərində, bir qayda olaraq, polad armatur quraşdırılmalıdır. Rezin-kord kompensatorlarla birlikdə quraşdırıldıqda çuqun armatura da qoymaq olar.

Seysmik və qabaran-çöküntülü, torpaqlı rayonlar

9.21. Seysmik rayonlarda (seysmiklik 6 baldan artıq olduqda) qaz quyuları tikən zaman dəmir-beton quyuların özülünün və kərpic divarlı quyuların monolit dəmir-beton özülünün plitələri qalınlığı 100 mm olan qum yastıq üzərinə qoyulmalıdır.

Quyuların divarları ilə kəsişən yerlərdə qaz kəmərləri onların diametrindən 10—15 sm artıq diametrli qutulara (qılafa) yerləşdirilməlidirlər.

Qutular elastik materialla, yaxud mastika ilə doldurulmalıdır.

Qaz kəməri quyuda sürüşkən dayaqlara söykənməlidir.

9.22. Qabaran torpaqlarda, quraşdırılan qaz quyuları ancaq yığma dəmir-betondan, yaxud monolit olmalıdır.

9.23. Quyuların xarici divarlarının səthləri hamar olmalı, malalanmalı və üzəri sementlə bərkidilməlidir.

9.24. Divar ilə donmuş torpaq arasındakı ilişməni azaltmaq məqsədi ilə quyunun xarici divarı qətran materialı ilə örtülməli, yaxud boşluq çınqıl və ya qum-çınqılla doldurulmalıdır. Quyu örtüyünün üstü bütün hallarda, qum-çınqıl, yaxud qabarmayan torpaqla örtülməlidir. Quyunun örtüyünün üstünə eni 0,5 metrdən az olmayan ərazidə asfalt çəkilməlidir.

9.25. Çöküntülü makroməsaməli torpaqlarda tikinti aparan zaman quyunun özülü altındakı torpaq bərkidilməlidir.

9.26. Quyunun perimetri üzrə 0,5 metr enində asfalt örtük olmalıdır.

9.27. Qaz kəmərləri quyunun divarından keçdikdə böyük aralıq nəzərdə tutulmalıdır (10—15 sm) və o da elastik materialla (xüsusi mastika ilə, yağ ilə hopdurulmuş iplə və s.) doldurulmalıdır.


* Əlavələr dərc olunmur

* 1. Əgər polad armatur qaz kəmərinə qaynaq vasitəsilə birləşdirilirsə, kompensatorun qoyulması vacib deyil. Quraşdırılan kompensatorun sayı və onların konstruksiyaları (tipi) layihələşdirici təşkilat tərəfindən təyin edilir.

2 Mayeləşdirilmiş qaz kəmərlərində quraşdırılan armaturları yerləşdirmək üçün quyuların dərinliyi 1 metrdən artıq olmamalıdır.

* İstismara qəbul olunmuş qaz kəmərlərində halqaların, yaxud dairəvi tirlərin qaynaq edilməsini ancaq qaz kəmərini istismar edən təşkilat apara bilər.

* 1. Mühafizə zonası QDS-ə bitişik sahədir. O, QDS-dən QDS-ə aid olmayan binaları və tikintiləri təhlükəsiz məsafəyə ayırır.

2. Mühafizə zonasında yerləşən bostanlarda və bağçalarda heç bir tikinti tikmək olmaz.

3. QDS-ı meşəli yerlərdə yerləşdirdikdə, çənlərdən iynəyarpaqlı ağaclara qədər məsafə ən azı 50 metrdən, yarpaqlı ağaclara qədər məsafə isə 20 metrdən az olmamalıdır.

* Çəndə ən azı iki qoruyucu-buraxıcı klapan quraşdırılmalıdır. Onlardan qabaqda iki klapandan birini açmağa imkan verən üçhərəkətli xüsusi kran quraşdırılmalıdır.

* Mayeləşdirilmiş qazları boşaltma-doldurma qurğuları şlanqlarının statik elektrikdən qorunmasına olan tələblər ancaq dəmir yolu çənləri və avtomobil çənlərini doldurub-boşaldan şlanqlara aiddir.

* Qazı saxlamaq üçün çən kimi istifadə olunan avtosisternlərdən balonları doldurduqda, avtosistern ilə QDM-ə aid olmayan bina və tikintilər arasındakı məsafə 80 metrdən, doldurma rampalarına qədər olan məsafə isə 15 metrdən az olmamalıdır.

* Qazla təchiz olunan müəssisələrdə əlavə quraşdırılmış, yenidən quraşdırılmış, yaxud əsaslı təmir olunmuş aqreqatların qəbul edilməsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi nümayəndəsinin iştirakı vacib deyil.

* Əgər aztəzyiqli yeraltı qaz kəmərində açıcı qurğu kimi hidrosürgü quraşdırılmışsa, belə qaz kəmərlərinin nəzarət üçün üfürülüb yoxlanması 400 mm su sütunu (400 daPa) təzyiq altında aparıla bilər. Bu halda təzyiqin aşağı düşməsi 10 dəqiqə müddətində 5 mm su sütunundan (5 daPa) artıq olmamalıdır.

* Sualtı qaz kəmərlərinin təmiri və zədələrin aradan qaldırılması xüsusi işlənib hazırlanmış təlimatlar üzrə aparılmalıdır.

* 1. Nəzarət boruları olan yerlərdə yoxlama quyuları qazmamaq olar. Belə yerlərdə qaz kəmərləri kipliyinin yoxlanılması ancaq nəzarət borucuqları vasitəsilə aparılır.

2. Qaz kəmərləri kipliyin yoxlanılmasını bu Qaydaların 7.59—7.63 yarımbəndlərinin tələblərinə uyğun olaraq onların kipliyini sınamaqla da aparmaq olar.

* Qaz təsərrüfatı və sifarişçi ilə razılaşdırılmaqla, möhkəmliyə sınaq onların nümayəndələrinin iştirakı olmadan da aparıla bilər.

* Çənlərin hava ilə kipliyə sınanması, hidravlik sınaqdan və onların daxilini yoxladıqdan sonra aparılır.

* 1. Çənin daxilinin yoxlanılmasına və ya təmir edilməsinə cavabdeh olan mühəndis-texniki işçi təmir olunan çənin texnoloji qaz kəmərləri ilə əlaqələrində tıxaclarının qoyulmasını şəxsən yoxlamalıdır.

2. Mayeləşdirilmiş qaz çənləri və balonlarında mayeləşdirilmiş qazın təsiri ilə çən (balon) metalının korroziyası məhsulundan ibarət olan çöküntülər pirofor xassəyə (hava ilə təmasda olarkən alışma qabiliyyətinə) malik ola bilər.

Pirofor birləşmələri qara tozşəkilli dəmir sulfidindən ibarət quruma oxşar, məsaməli məhsuldur, istilikkeçirmə qabiliyyəti aşağıdır.

* Bu bəndin tələbləri karusel tərtibatları və doldurucu rampaları olan tərəzi qurğularına da aiddir.

* «Qəfəs» tipli maşınlarda balonları qoruyucu qapaqlar olmadan da daşımağa icazə verilir.

* Minik maşınlarında təkcə bir balon apararkən onu zərbədən və yerdəyişmədən qoruyan qurğu (vasitə) tətbiq edilməlidir. Balonları avtomaşından qapağı aşağı olmaqla düşürməyə icazə verilmir.

* Binanın havasında qazın qorxulu konsentrasiyası — qazın alışmasının aşağı həddinin 1/5 hissəsinə bərabər olan konsentrasiya hesab edilir.

* Yaşayış binalarının ictimai təyinatlı və əhaliyə məişət xidməti müəssisələrinin, sənaye müəssisələrinin qaz avadanlıqlarında texniki xidmət və cari təmir üzrə işlər və mayeləşdirilmiş qazların fərdi balon qurğularının istismara verilməsi (qazın açılması) bir fəhlə tərəfindən aparıla bilər.

* 1. Yeraltı qaz kəmərlərinin trassasının və orada quraşdırılmış mexanizmlərin yoxlanılması, quyularda və zirzəmilərdə qazın olmasının yoxlanılması tapşırıqsız aparılır.

2. İstismar olunan qaz qurğularının və daxili qaz avadanlıqlarının (8.1 «i» bəndi) təmiri ilə əlaqədar işlər aparılan zaman, qazın çıxması ehtimalı ola bilərsə, həmin işlər tapşırıq əsasında aparılmalıdır.

* Əgər qəza yerinə gələn qəza xidməti tərəfindən qəza tamamilə (axıradək) aradan qaldırılırsa, tapşırığın tərtib olunması tələb olunmur.

* Şimal iqlim zonalarında yerləşən şəhərlərdə qaz təhlükəli işlər gecə vaxtları da aparıla bilər.

* Təzyiqi 150 mm su sütunundan (50 daPa) artıq olan şəhər qaz kəmərlərində təzyiqin aşağı salınması mümkün olmadıqda, işlərin təhlükəsiz yerinə yetirilməsini təmin edən xüsusi avadanlıq işlətməklə qazın təzyiqini aşağı salmadan birləşdirmə (kəsmə) işləri aparmaq olar.









Yüklə 159,23 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin