21.1.1. Səs və vibrasiyanın ətraf mühitə və insana təsiri
Səsin insana və onun orqanizminə təsiri və ona qarşı tədbirlər son onilliklərdə bütün dünyada ən aktual
problemlərdən biri sayılır. Qeyd edildiyi kimi, səs insana istehsalatda (sənaye müəssisələri və bəzi səsli
obyektlər), küçədə və evdə təsir göstərir. Yaşayış evində buna çox vaxt zəngin radiotexnika, divarların
konstruksiyası və s. səbəb olur.
Sənayenin intensiv artması səs və onun insanlara təsiri haqqında elmin inkişafına səbəb oldu. 1868-ci ildə
alman fiziki H.Helmhols (1821-1894) ilk dəfə eşitmə və görmənin fiziologiyasını əsaslandırdı. Həmin vaxtdan
etibarən sağlamlığa ziyanlı istehsalatda (dəmirçi, pərçimçi, qazançı) insanlarda ağır eşitmə ilə bağlı müxtəlif
istiqamətlərdə tədqiqatlar aparılmışdır.
Səs, ümumi bioloji qıcıqlandırıcı olub insan orqanizminin bütün orqanlarına və sisteminə təsir göstərərək
müxtəlif fizioloji dəyişkənliklər əmələ gətirir. Bu təsir həm spesifik xarakter (eşitmənin dəyişməsi) daşıyır, həm
də qeyri spesifik hadisələr (qan təzyiqinin yüksəlməsi, diqqətin və yaddaşın zəifləməsi, gözlərin yorğunluğu),
psixi-fizioloji göstəricilərin (qıcıqlanmanın artması, yuxunun pozulması, həmçinin məktəbə hazırlığın aşağı
düşməsi) pozulması şəklində özünü göstərə bilər. Ətraf mühitin səs çirklənməsi şəraitində yaşayan uşaqlarda
çox vaxt məktəbə hazırlaşma problemi yaranır. Bu uşaqlarda psixi pozuntuların artma sürəti 1dBA səviyyədə
səsə 0,5% olduğu aşkar edilmişdir. Səsin təsir effekti genetik və orqanizmin əldə etdiyi xüsusiyyətlərdən
asılıdır. Bəzi adamlar səsə qarşı xüsusi hissiyata malikdir.
|