Qrup: 131f fənn


İctimai şüur və onun strukturu



Yüklə 384,54 Kb.
səhifə2/7
tarix29.11.2022
ölçüsü384,54 Kb.
#71239
1   2   3   4   5   6   7
Sərbəst İş Nigar -Cəmiyyətin maddi həyatı və onu təşkil edən struktur elementləri

İctimai şüur və onun strukturu
Cəmiyyətin maddi həyatı, iqtisadi münasibətlər ictimai inkişafın əsasını təşkil edir. Lakin bu inkişafı dərk etmək üçün təkcə iqtisadi amilləri bilmək, onların qanunauyğunluqlarını təhlil etmək kifayət deyil. Axı insanların istehsal fəaliyyətindən başqa, cəmiyyətin mənəvi həyatı da vardır və onun əsasını təşkil edən ictimai şüur kimi mühüm bir sahə vardır.
İctimai şüur fərdi şüurdan fərqli olaraq ayrı-ayrı şəxslər, sosial qruplar və xalqlar tərəfindən deyil, bütün bəşəriyyət tərəfindən min illər ərzində yaradılır və o yalnız bəşəriyyətə məxsus olur. İctimai şüur bilavasitə və ya dolayı yolla ayrı-ayrı adamlar tərəfindən yaradılsa da həmin adamların ixtiyarından çıxaraq bütün bəşəriyyətin mənəvi sərvətinə çevrilir. Məsələn, elmi kəşflər, bədii ideyalar, müxtəlif nəzəriyyələr ayrı-ayrı şəxslərin zəkasının məhsulu olsalar da, onlar bütün bəşəriyyətə məxsusdur. İctimai şüur dərin məzmuna malik olub, keyfiyyətcə xüsusi bir mənəvi sistemdir. Bu sistem nəticə etibarilə ictimai varlıqdan asılı olub onun inikası olsa da, özü nisbi müstəqilliyə malikdir. O, ictimai inkişafa təsir edən güclü amildir.

Tarixi inkişafda ictimai şüurun da böyük rolu vardır. Buna görə də cəmiyyət haqqında daha dolğun təsəvvürə malik olmaq üçün ictimai şüurun mahiyyətini, onun strukturunu, formalarını və cəmiyyətin həyatındakı rolunu açıqlamaq zəruridir.
İctimai şüurun strukturu, yəni onun ayrı-ayrı elementləri maddi münasibətlərdən asılı olub, onların dəyişməsi ilə dəyişir. Bütün bu dəyişikliklər ilk növbədə özünü ictimai şüurun strukturunda büruzə verir. İctimai şüurun strukturunu adi şüur, ideologiya və ictimai psixologiya təşkil edir. Bəzi fəlsəfi ədəbiyyatlarda bunları ictimai şüurun səviyyələri kimi də səciyyələndirirlər.
Adi şüur insanların gündəlik praktiki həyat fəaliyyətindən meydana gələn ideyalar, təsəvvürlər və baxışların məcmusudur. İnsanların gündəlik həyat fəaliyyəti nəticəsində meydana gələn adi şüuru fərdi şüurla eyniləşdirmək olmaz. Çünki adi şüurun başlanğıc nöqtəsi təkcə ayrı-ayrı şəxslər deyil, həm də böyük sosial qruplardır. O özündə bilavasitə empirik təcrübəni və biliyi, cəmiyyətdəki əxlaq normalarını, təbiət haqqında və öz sosial vəziyyəti haqqında kortəbii təsəvvürləri birləşdirir. Adi şüurun sosialpsixoloji cəhətləri cəmiyyətdəki sosial şəraitin təsiri altında formalaşır və dəyişir.
Nəzəri şüur adi şüurun mühüm əlaqələrinin və qanunauyğunluqlarının inikası olaraq, öz ifadəsini elmdə və başqa şüur formalarında tapır. Adi və nəzəri şüurun belə bölgüsü müəyyən psixoloji müqəddəm şərtlərə əsaslanır. Belə ki, insanın şüurunda adi "həyati" anlayışlar onun gündəlik həyat fəaliyyətində yaranır. Elmi anlayışlar isə "həyati" bazaya malik olmasına baxmayaraq, özünün formalaşması, təşəkkül tapması üçün xüsusi təlim, müəllimlə, kitablarla ünsiyyət tələb edir. O həm də alimlərin tədqiqatları, kəşfləri, incəsənət xadimlərinin və s. fəaliyyəti nəticəsində formalaşır.
Real həyatda nəzəri və adi şüur bir-biri ilə üzvü surətdə bağlıdır. Lakin fəlsəfi analiz üçün şüurun bu səviyyələrinin tədqiqi ayrı-ayrılıqda zəruridir. Nəzəri və adi şüur biri-birini əvəz edə bilmir, lakin bir-birinə qarşılıqlı tə'sir göstərir, bir-birini zənginləşdirir. Nəzəri şüur adi şüuru formalaşdırmağa qadirdir. Nəzəri fikrin, elmin necə inkişaf etməsindən asılı olmayaraq, insanların gündəlik həyatında adi şüur həmişə mövcuddur. Adi şüurun mövqeyindən istənilən sosial proseslər və təbiət hadisələri haqqında mühakimə yürüdə bilərik, lakin o heç də həmişə obyektiv və düzgün olmur. Çünki adi şüurun imkanları empirik ümumiləşdirmələrlə məhdudlaşır.
İctimai-iqtisadi münasibətlər, insanların sosial həyat şəraiti, onların gündəlik fəaliyyəti və toplanan təcrübəsi insan psixikasında müəyyən hisslər, əhval-ruhiyyə, fikirlər, arzular, vərdişlər şəklində əks olunur. Bütün bunlar ictimai psixologiyanı təşkil edir.
İctimai psixologiya, əsasən, insanların sosial varlığının, onların yaşadığı və fəaliyyət göstərdiyi şəraitin təsiri altında formalaşır. O, ümumiləşdirilmiş baxışlar sistemi şəklində meydana çıxmır, mühakimələrdə, emosiyalarda, hisslərdə, əhvalruhiyyələrdə, iradə aktlarında və i.a. təzahür edir. İctimai psixologiya sadəcə olaraq insanların ideya və baxışlarının nəzəri ifadəsi deyil, o, empirik xarakter daşıyır, burada intellektual ünsürlər emosional cəhətlərlə çulğalaşır. İctimai psixologiya insanların adi şüuru ilə sıx bağlı olub əslində onun bir hissəsini təşkil edir.
İctimai psixologiyanın mühüm təzahürlərindən biri sinifli cəmiyyətdə onun hansı sinfə, sosial qrupa məxsusluğudur. Bundan əlavə hər hansı millətin, xalqın və ya professional qrupun və kollektivin psixologiyası mövcuddur. İqtisadi münasibətlərdə baş verən dəyişikliklər insan psixologiyasında avtomatik olaraq dərhal əks olunur. Amma uzun müddət davam edən gərgin bir proses olaraq, köhnə stereotiplərdən azad olmaqla bağlıdır. Lakin bu proses cəmiyyətdə birmənalı qəbul olunmur. Buradan belə nəticəyə gəlmək olar ki, ictimai psixologiya nisbətən sabit hadisədir, belə ki, ictimai varlığın dəyişməsi ilə insanların psixologiyası dərhal dəyişmir.

Hər hansı bir ölkənin, millətin tarixinə aid olan xüsusiyyətlər bu ölkədə yaşayan bütün əhalinin, onun bütün zümrələrinin psixologiyasına öz təsirini göstərir. Bəzən milli psixologiya nəzərə alınmadan aparılan sosial-iqtisadi və milli siyasət öz neqativ nəticələri ilə qarşılaşmalı olur.
Millətin psixik cəhətləri, onun ayrı-ayrı təbəqələrinin məişət və əxlaqının xüsusiyyətləri onun tarixən yaranmış estetik zövqünü ifadə edən incəsənətdə də təzahür edir.
İctimai şüurun yüksək səviyyəsi olan ideologiya, müəyyən sinfin, millətin mənafe və maraqlanın ifadə edən fəlsəfi, dini, etik, estetik görüşlərin nəzəri səviyyədə rəsmiləşdirilmiş məcmusudur. Hər hansı sinif və millət öz sosial rolunu dərk edərək ideologiyadan öz sinfi maraqlarını həyata keçirmək üçün istifadə edir. İdeologiya daha geniş, ümumiləşdirilmiş sosial-tarixi və müasir təcrübəyə əsaslanır. Adi şüur insanların həyat fəaliyyəti prosesində öz-özünə, kortəbii surətdə təşəkkül tapır, ideologiya isə başlıca olaraq ideoloqların xüsusi səylərinin, şüurlu fəaliyyətinin məhsulu kimi meydana çıxır.
İctimai şüurun nisbi müstəqilliyi. İnsanların ictimai varlığı, maddi istehsal fəaliyyəti onların ictimai şüurunu müəyyən edir. Amma bu heç də o demək deyildir ki, ictimai şüur passivdir. İctimai şüur heç də ictimai varlığın müstəqillikdən tam məhrum edilmiş passiv inikası deyildir. İctimai şüur öz inkişafında nisbi müstəqilliyə və varislik xüsusiyyətinə malikdir. İctimai şüurun nisbi müstəqilliyini qəbul etmədən cəmiyyətin inkişafına onun fəal təsirini izah etmək qeyri mümkündür. Əgər ictimai şüur nisbi müstəqilliyə malik olmasaydı, mənəvi həyatın nisbətən müstəqil inkişafını izah etmək mümkün olmazdı. Belə alınardı ki, cəmiyyətin mənəvi həyatındakı dəyişikliklər, yalnız ictimai varlığın dəyişməsi çərçivəsində mexaniki olaraq baş verə bilər.
Sosial həyatda baş verən proseslərdə iştirak edən amillər səbəb və nəticə, fəal və passiv ünsürlər kimi çıxış edirlər. Maddinin mənəviyə təsirinin təyinedici olmasına baxmayaraq, mənəvi amillər də maddi həyata öz aktiv təsirini göstərir.
İctimai şüurun nisbi müstəqilliyi hər şeydən əvvəl özünün ictimai varlığa əks təsirində büruzə verir. Bu təsir cəmiyyətin inkişaf səviyyəsi ilə bağlı olaraq artır. İctimai şüurun nisbi müstəqilliyinin struktur elementləri ilə əlaqəsi, əsasən, ideologiyanın inkişafında xüsusi rolu vardır. İdeologiyanın inkişafı nəticə etibarilə iqtisadi inkişafla müəyyən olunsa da, onun hər bir növünün, ictimai şüurun hər bir formasında varisliyi özünəməxsus şəkildə təzahür edir.
Qabaqcıl ideologiya ictimai inkişafın vaxtı çatmış məsələlərini qarşıya qoyur və bu mənada onun obyektiv gedişindən qabağa düşür, lakin bunu ictimai şüurun daha ictimai varlıqla müəyyən edilməməsi kimi başa düşmək düzgün olmaz. Məsələ bundadır ki, ictimai şüur ictimai varlığın inkişafının müəyyən meyllərini aşkara çıxarır və bunları azçox düzgün əks etdirir. İnkişaf meyllərini və proseslərini qabaqcadan görmək isə qabaqcıl ideyaların dəyişdirici gücündən istifadə etmək imkanı verir və onların ictimai inkişafda fəal rol oynadıqlarını göstərir. Cəmiyyətin mənəvi həyatına aid ünsürlər, ictimai şüurun formaları nəinki cəmiyyətin maddi münasibətlərinə, həm də bir-birinə təsir göstərirlər. Bu təsir siyasi, hüquqi, fəlsəfi, elmi və s. şüur formalarının dialektikasında çox aydın təzahür edir.
Tarixi inkişafın müxtəlif mərhələlərində cəmiyyətin qarşısında duran məsələlərdən asılı olaraq ictimai şüurun bu və ya digər forması daha ciddi rol oynayır.
Ayrı-ayrı dövrlərdə ictimai şüurun müxtəlif formaları olan din, fəlsəfə, incəsənət, əxlaq, hüquqi şüur bəzən siyasi ideyaları təbliğ etmək üçün mühüm alətə, siyasi mübarizə vasitəsinə çevrilir, yəni onlardan müəyyən siyasi məqsədlər üçün istifadə olunur.

Yüklə 384,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin