Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
317
48. (Münafiqlər) aralarında hökm etmək üçün Allahın (Allahın kitabının) və
Peyğəmbərinin yanına çağırıldıqda onlardan bir dəstə (onun yanına gəlməkdən, haqqa
boyun qoymaqdan) dərhal üz çevirər.
49. Əgər haqq onların tərəfində olsa, itaət edib (tez) onun yanına gələrlər.
50. Onların qəlblərində mərəzmi (şəkk, nifaq mərəzimi) var? Yaxud Allahın və
Peyğəmbərinin onlara cövr, haqsızlıq edəcəklərindən qorxurlar? Xeyr, onlar özləri
zülmkardırlar! (Allaha asi olmaqla özləri-özlərinə zülm edirlər!)
51. Aralarında hökm vermək üçün Allahın (Allahın kitabının) və Peyğəmbərinin yanına
çağırıldıqları zaman mö’minlərin sözü ancaq: "Eşitdik və itaət etdik!" - deməkdən
ibarətdir. Nicat tapanlar da məhz onlardır!
52. Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər - məhz
belələri uğura çatanlardır (əbədi səadətə - Cənnətə qovuşanlardır).
53. (Ya Rəsulum, münafiqlər) onlara əmr etdiyin zaman mütləq (cihada) çıxacaqları
haqda Allaha çox möhkəm and içdilər. Onlara de: "(Yalandan) and içməyin, itaətiniz
mə’lumdur (yaxud sizdən tələb olunan and yox, adicə itaətdir). Həqiqətən, Allah nə
etdiklərinizdən xəbərdardır!"
54. De: "Allaha itaət edin, Peyğəmbərə itaət edin. (Çünki Peyğəmbərə itaət etmək elə
Allaha itaət etməkdir). Əgər (Peyğəmbərin əmrindən) üz döndərsəniz, (bilin ki) onun
vəzifəsi ancaq ona tapşırılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə
yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə
düşən isə yalnız (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir.
55. Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç
nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri
edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da
müşriklərin yerinə gətirəcəyini), onlar (mö’minlər) üçün onların Allahın Özü bəyəndiyi
dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra
əmin-amanlıqla (arxayınçılıqla) əzəv edəcəyini və’d buyurmuşdur. Bundan sonra küfr
edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir!
56. Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun!
57. (Allahın vəhdaniyyətini inkar edən) kafirlərin yer üzündə (öz Rəbbini) aciz edə
biləcəyini (Allahın əzabından qaçıb canlarını qurtara biləcəklərini) güman etməyin.
Onların məskəni Cəhənnəmdir. O, necə də pis sığınacaqdır!
|