Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
44
17. Onlar (müsibətlərə) səbr edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət
edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir
(sübh namazına qalxanlardır).
18. Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri
də haqqa-ədalətlə boyun qoyaraq (haqqa tapınaraq) o qüvvət, hikmət sahibindən başqa
ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər.
19. Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər (yəhudilər və
xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq
üzündən itilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki,
Allah tezliklə haqq-hesab çəkəcəkdir.
20. (Ya Rəsulum!) Əgər onlar (yəhudi və xaçpərəstlər) səninlə mübahisə edərlərsə, belə
de: "Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm". Kitab verilmiş
şəxslərə və savadsızlara (ərəb müşriklərinə) de: "Siz də təslim (müsəlman)
oldunuzmu?" Əgər təslim olarlarsa (islamı qəbul edərlərsə), doğru yola yönəlmiş
olarlar, yox, əgər üz döndərərlərsə, (sənə bir zərər gəlməz), sənin vəzifən ancaq (haqqı)
təbliğ etməkdir. Allah, şübhəsiz ki, bəndələrini görəndir!
21. (Ya Rəsulum!) Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə
öldürənlərə, insanları ədalətə çağıranların canına qəsd edənlərə şiddətli əzab
veriləcəyini xəbər ver!
22. O şəxslərin əməlləri dünyada və axirətdə puça çıxacaq və köməkçiləri də
olmayacaqdır.
23. Kitabdan (Tövratdan) özlərinə bir pay (qismət) verilmiş kimsələri görmürsənmi?
Onlar öz aralarında hökm vermək üçün Allahın kitabına (istinad etməyə) də’vət
olunurlar. Sonra onların bir qismi (Tövratın hökmlərindən) üz döndərir. Onlar (həmişə)
dönüklük edəndirlər (haqdan üz çevirəndirlər).
24. Bu (dönüklük) onların: "Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz!" -
dediklərinə görədir. Onların öz dinləri barəsində düzəltdikləri uydurmalar (iftiralar)
aldadıb yoldan çıxartmışdır.
25. Elə isə (vaqe olacağına) şübhə edilməyən bir gündə (qiyamət günündə) onları (bir
yerə) topladığımız zaman (onların) halı necə olacaq? (O gün) hər kəsə qazandığının
(tutduğu əməllərin) əvəzi ödəniləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.
|