Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
46
37. Belə olduqda, Rəbbi (Məryəmi) yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü
və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba
girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. ( Zəkəriyya: ) "Ya Məryəm, bunlar
sənin üçün haradandır?" - dedikdə, o: "Allah tərəfindəndir!" - deyə cavab verərdi.
Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!
38. (O zaman) Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Mənə də Öz tərəfindən
pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!"
39. (Zəkəriyya) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz qılarkən mələklər ona
müraciət edib dedilər: "Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən,
(tayfasını) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq
Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir".
40. (Zəkəriyya: ) "Ey Rəbbim, üzərimə qocalıq çökdüyü və zövcəm qısır (doğmayan)
olduğu halda, mənim necə oğlum ola bilər? " - söylədi. (Allah isə: ) " (Bəli) dediyin
kimidir, (lakin) Allah nə istəsə, onu da edər", - deyə buyurdu.
41. (Zəkəriyya: ) "Ey Rəbbim! Mənə (zövcəmin hamilə olduğu vaxtı bilmək üçün) bir
nişanə göstər", - dedikdə, (Allah: ) "Sənin nişanən üç günün ərzində adamlarla yalnız
işarə ilə (əl, baş və gözlə) danışmaq olacaqdır. O vəziyyətdə belə Rəbbini çox yada sal
(zikr et) və səhər-axşam şə’ninə tə’riflər deyib şükür et!" buyurdu.
42. (Ya Peyğəmbər!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: "Ya Məryəm,
həqiqətən, Allah səni seçmiş, (eyiblərdən) təmizləmiş, (cəmi) aləmlərin (bütün
dünyanın) qadınlarından üstün tutmuşdur.
43. Ya Məryəm, öz Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!
(Namaz qılanlarla bir yerdə namaz qıl!)"
44. (Ya Rəsulum!) Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar:
"Məryəmi kim öz himayəsinə alacaq?" - deyə, qələmlərini (suya) atdıqları və bir-birilə
mübahisə etdikləri zaman sən ki onların yanında deyildin.
45. Mələklər dedilər: "Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə
müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca
(şərəfli) və (Allaha) yaxın olanlardandır.
46. O, (həm) beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq və
salehlərdən (xeyirli iş görən şəxslərdən) olacaqdır".
|