Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
47
47. (Məryəm: ) "Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola
bilər?" - dedikdə, (Allah) buyurdu: "(Bəli) elədir, (lakin) Allah istədiyini yaradır. O, bir
işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq "Ol!" deyər, o da (dərhal) olar.
48. (Allah) ona (İsaya) yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək.
49. Və onu İsrail övladına (yəhudilərə) peyğəmbər göndərəcək. (İsa onlara deyəcək: )
"Mən, həqiqətən, Rəbbinizdən sizə mö’cüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa
bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın iznilə quş olar. Anadangəlmə
korları, cücam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən
evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər
mö’minsinizsə, bunda (söylədiklərimdə peyğəmbər olduğuna) bir dəlil vardır.
50. Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək (eyni zamanda orada) sizə haram
edilmiş bə’zi şeyləri (dəvə əti, qarın və bağırsaq piyi yemək, şənbə günü işləmək və s.)
halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən (peyğəmbərliyimin doğru
olduğunu sübut edən) bir mö’cüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin!
51. Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət
edin! Budur doğru yol!
52. İsa onların (yəhudilərin) küfrünü (inanmadıqlarını) hiss etdikdə: "Allah yolunda
kim mənim köməkçim olacaqdır?" - deyə soruşdu. (O zaman) həvarilər dedilər: "Bizik
Allahın (Onun dininin) köməkçiləri! Biz Allaha inandıq. Sən də (Allaha) təslim
olduğumuza şahid ol!"
53. (Həvarilər dedilər: ) "Ey Rəbbimiz, (bizə) nazil etdiyinə (İncilə) iman gətirdik və
peyğəmbərinə (İsaya) tabe olduq. Artıq bizləri (haqqa) şahid olanlarla bir yerdə yaz!"
54. Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların hiyləsinə (İsanı göyə
qaldırıb münafiqlərdən birini isə İsa surətdində onlara öldürtməklə) əvəz verdi. Allah
(bütün) hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir).
55. O vaxt Allah buyurdu: "Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz
dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm (tərtəmiz ayıraram). Sənə iman
gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma
qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm
verəcəyəm!
56. Kafirlərə gəldikdə, onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm. Onların heç
bir köməkçisi olmayacaqdır!"
|