Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
399
23. Onun hüzurunda, izin verdiyi kimsələr istisna olamaqla, heç kəsin şəfaəti fayda
verməz. (Elə isə hansı ağılla bütlər sizi Allaha yaxınlaşdıracaq, sizin üçün Allahdan
şəfaət diləyəcəklər deyə, onlara ibadət edirsiniz?) Nəhayət, (bə’zi möhtərəm zatlara
şəfaət etməyə izin verildiyinə görə məhşərə gətirilənlərin) ürəklərindən o (müdhiş)
qorxu çıxınca onlar (şəfaət edəcək kəslərdən, yaxud mələklərdən sevinclə): "Rəbbiniz nə
buyurdu?" - deyə soruşar, o biriləri də: "Haqqı (buyurdu)! (Şəfaətə izin verdi). O, (hər
şeydən) ucadır, (hər şeydən) böyükdür!" - deyə cavab verərlər.
24. (Ya Peyğəmbər! Müşriklərə) de: "Göylərdə və yerdən sizə ruzi verən kimdir?" (Əgər
onlar sənə: "Bilmirik",- deyə cavab versələr) de: "Allahdır! Elə isə doğru yolda olan,
yaxud (haqq yoldan) açıq-aydın azan bizik, yoxsa siz?"
25. De: "Siz bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız, biz də
sizin etdiyiniz günahlar barəsində sorğu-sual olunmayacağıq!
26. De: "Rəbbimiz (qiyamət günü) bizi (bir yerə) toplayacaq və aramızda ədalətlə hökm
edəcəkdir. (Haqq olanlar Cənnətə, nahaq olanlar isə Cəhənnəmə gedəcəklər). Ədalətlə
hökm edən (müşkülləri açan), (nə hökm etdiyini) bilən ancaq Odur!"
27. De: "Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr (heç kəs Ona şərik ola
bilməz). Yenilməz qüvvət, hikmət sahibi ancaq O (bir olan) Allahdır!"
28. (Ya Rəsulum!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (mö’minlərə
Cənnətlə) müjdə verdən, (kafirləri isə Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər
olaraq göndərdik. Lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (bunu) bilməz!
29. Onlar (Məkkə müşrikləri): "Əgər doğru danışırsınızsa, (bir xəbər verin görək) bu
və’d (əzab və’dəsi) nə vaxt yerinə yetəcəkdir?" - deyə soruşarlar.
30. (Onlara) belə de: "Sizə və’d olunmuş bir gün (qiyamət günü) vardır ki, ondan bircə
saat belə nə geri qalar, nə də irəli keçə bilərsiniz!"
31. (Kitab əhlinin mö’minləri məkkəlilərə: "Biz sizin peyğəmbərinizin vəsflərini öz
kitablarımızda görmüşük",- söylədikləri zaman) kafir olanlar dedilər: "Biz nə bu
Qur’ana, nə də ondan əvvəlkilərə (Tövrata və İncilə) inanırıq!" (Ya Rəsulum!) Kaş sən o
zalımları (haqq-hesab üçün) Rəbbinin hüzurunda saxlanılıb bir-birinə söz qaytardıqları
(bir-birini təqsirləndirib məzəmmət etdikləri) və acizlərin (dünyada) özlərini yuxarı
tutanlara (tabe olanların öz rəislərinə): "Əgər siz olmasaydınız, biz mütləq mö’min
olardıq!" - dedikləri zaman görəydin.
|