R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix25.11.2016
ölçüsü9,25 Kb.
#59
1   2   3   4   5   6   7   8   9

PARODONT XƏSTƏLİKLƏRİNİN ƏMƏLƏ  
GƏLMƏSİNDƏ SİSTEM FAKTORLARININ ROLU
Aparılmış  çoxsaylı  tədqiqatlar  parodont  xəstəliklərinin  əmələ 
gəlməsində  bir  çox  ümumi  faktorların  həlledici  rola  malik  ol-
masını  təsdiq  etmişdir.  Bu  cür  faktorlar  içərisində  genetik 
xüsusiyyətlərin, yaş dəyişikliklərinin, hamiləliyin, şəkərli diabe-
tin, qan xəstəliklərinin və s. adlarını göstərmək olar. 

99
Ümumi sistem xəstəlikləri parodontun xroniki iltihab prosesinə 
onun  hansı  fazada  olmağından  asılı  olaraq,  müxtəlif  cür  təsir 
göstərə  bilər.  Bütün  bunlara  baxmayaraq,  yekun  nəticə  həmişə 
eyni olur: sümükdəki destruksiya prosesləri kifayət qədər çoxalır, 
reperativ dəyişikliklər isə əksinə, zəifləyir və ləngimiş olur.
Qeyd etmək lazımdır ki, aparılmış tədqiqatlar sistem xəstə lik-
lərinin parodont xəstəliklərində etioloji baxımdan həlledici rola 
malik olmasını birmənalı şəkildə təsdiq etməmişdir. Başqa sözlə, 
sistem xəstəlikləri parodont xəstəliklərinin bilavasitə səbəbi kimi 
yox, yardımçısı kimi ola bilər. Bundan başqa, sistem xəstəliyin ol-
duğu və olmadığı hallarda müşahidə edilən parodontitlər zamanı 
klinik cəhətdən heç bir fərq aşkar edilmir. Bu halda hər hansı bir 
əlamət və simptom tapmaq olmaz ki, bunun vasitəsilə parodont-
dakı patoloji prosesin bilavasitə ümumi sistem xəstəliklərindən 
asılı olduğunu iddia etmək mümkün olsun. Hər halda bugünkü 
ümumi  formada  tətbiq  olunan  müayinə  metodları  stomatoloqa 
belə bir imkanı verməmişdir.
Ümumi xəstəlikləri müalicə etmək məqsədilə istifadə edilən bir 
sıra dərman preparatlarının (difenin, siklosporin, kortiksteroidlər 
və s.) tətbiqi zamanı, həmin dərmanların farmakoloji təsirinə mü-
vafiq olaraq, parodontda adekvat cavab reaksiyası yaranır. Ümu-
mi iltihabəleyhinə təsir göstərən vasitələr fonunda iltihab reaksi-
yasının zəifləməsi və prosesin reaktiv formaya keçməsi müşahidə 
edilir. Digər preparatların tətbiqi zamanı isə əksinə, parodontda 
hiperergik proseslər aşkar edilir.
Ağızla nəfəsalma parodont toxumalarına iki cür neqativ təsir 
göstərir.  Əvvəla,  havanın  quruducu  təsiri  diş  ətinin  üzərindən 
keçərkən ağız suyunun müdafiə funksiyalarını zəiflədir. Sonra isə 
ağızla nəfəsalma, bakterioloji floranın ekoloji tarazlığını pozaraq, 
diş yastıqcığının yaranmasına gətirib çıxarır.
Parodont  xəstəlikləri  zamanı  güclü  hormonal  dəyişikliklərlə 
müşayiət  olunan  hamiləlik  və  menopauza  xüsusi  fizioloji  əhə-
miyyət kəsb edir.
Hamiləlik zamanı iltihabın hansı patofizioloji aspektləri möv-
cuddur? 

100
Bu  problemlə  bağlı  aparılmış  tədqiqatlar  müəyyən  etmişdir 
ki, hormonal fonun kəskin surətdə artması, mikroorqanizmlərin 
aktivləşməsi üçün əlverişli mühit yaradır. Prevotella intermedia-
nın  aktiv  çoxalması  müşahidə  edilir.  Qeyd  etmək  lazımdır  ki, 
estrogenlər bu mikroorqanizmlər üçün əlverişli qida mühiti hesab 
olunur. Progesteron və estrogenlərin təsiri nəticəsində parodontda 
qan damarlarının keçiriciliyi artır və parodontal cibin daxilində 
leykositlərin aktiv miqrasiyası başlayır.
Hamiləliyin bütün dövrü ərzində parodont toxumalarında hor-
monların çoxalması nəzərə çarpır. Bu zaman klinik olaraq hiper-
plaziya,  hiperemiya,  ödem,  qanaxma  aşkar  edilir.  Parodontal 
ciblər dərinləşir, sümükdə minimal rezorbsiya müşahidə edilir və 
dişlər birinci dərəcəli laxlamağa məruz qalır. 
Hamiləlik  zamanı  parodont  toxumalarında  şişəbənzər  törə-
mələrə də rast gəlmək mümkündür. Bəzi hallarda köpək və pre-
molyar dişlərin arasında epulis müşahidə edilir. 
Qadın  orqanizmində  estrogenlərin  çatışmazlığı  hallarında, 
parodontitlərin yaranmasına səbəb  olan çoxlu miqdarda  faktor-
lar meydana çıxır. Belə faktorlara aiddir: osteoporoz, immunite-
tin  aşağı  düşməsi,  homeostaz  və  mikrosirkulyasiya  sistemində 
dəyişiklik,  ağız  suyunun  miqdarının  azalması  və  özlülüyünün 
artması,  ümumi  somatik  və  endokrin,  habelə  psixoemosional 
sindromun fəallaşması və s. Estrogen defisiti səbəbindən yaran-
mış sistem osteoporozu diş-çənə sisteminə də yayılır və bunun 
nəticəsində alveolarası arakəsmənin hündürlüyü azalır, eyni za-
manda  sümüyün  minerallaşması  zəifləyir,  onun  rezorbsiyası 
müşahidə edilir, mikrosirkulyasiya pozulur və birləşdirici toxuma 
dəyişikliyə uğrayır.
Sübut  olunmuşdur  ki,  estrogenlər  osteoklastlardakı  lizosim 
fermentinə birbaşa təsir göstərərək, sümük toxumasındakı rezorb-
siyanın qarşısını alır. Menopauza dövründə estrogenlərin miqdarı 
azalır, ona görə də osteoklastlar aktivləşir və bunun nəticəsində 
sümük toxumasında rezorbsiya müəyyən edilir.
Parodont xəstəlikləri ilə şəkərli diabet arasındakı əlaqə çoxsay-
lı tədqiqatların aparılmasına səbəb olmuşdur. Şəkərli diabet za-

101
manı parodont xəstəliklərinə rastgəlmə tezliyi 51-98% təşkil edir. 
Bununla  yanaşı,  müəyyən  edilmişdir  ki,  parodontitli  xəstələrin 
təxminən  10%-də  şəkərli  diabet  aşkar  edilir.  Ona  görə  də  belə 
hallarda şəkərli diabetin ilk diaqnozu stomatoloq tərəfindən qo-
yulur. Şəkərli diabet zamanı parodont xəstəliklərinin əmələgəlmə 
mexanizmi aşağıdakı faktorlarla izah olunur: 
1.  Vaskulyar zədələnmə – angiopatiya
2.  Neytrofillərin  disfunksiyası  –  prosesin  sönük  və  xronik-
ləşməyə meyilli keçməsi
3.  Birləşdirici toxuma və əsas maddədə metabolizmin pozul-
ması
4.  Reperasiya və regenerasiya proseslərinin tormozlanması
5.  Ağız suyu və diş əti mayesində qlükozanın konsentrasiya-
sının çoxalması mikrofloranı aktivləşdirir.
Şəkərli diabet zamanı parodont xəstəliklərinin patogenezində 
angiopatiya  həlledici  rola  malikdir.  Bu  halda  damarlardakı 
dəyişikliklər aşağıdakı formada olur: damarların mənfəzi bir qay-
da olaraq bağlanır, buna baxmayaraq divarları həmişə zədələnmiş 
olur.  Diabetik  mikroangiopatiyanın  əsasında  plazmorragiya  da-
yanır. Bu dəyişikliklərin iltihab prosesilə heç bir əlaqəsi olmur.
Şəkərli diabetdə parodont toxumalarındakı damarların patolo-
giyası spesifik xarakter daşıyır. Ona görə də bəzən bu məqsədlə 
xüsusi “diabetik angiopatiya” və ya “diabetik parodontopatiya” 
terminlərindən istifadə edilir. 
Parodont toxumalarında lokal immunitetin aşağı düşməsi və 
hipoksiya  fonunda  xarici  qıcıqlandırıcıların  neqativ  təsirindən 
ağız boşluğundakı mikrofloranın aktivləşməsi müşahidə edilir. 
Qalxanvarı vəzin zədələnməsi nəticəsində ağız boşluğu se-
likli qişasında quruluq və atrofiya, çoxsaylı kariyes, epulislər və 
s. əmələ gəlir və bunların sayəsində parodontda iltihabi-destruk-
tiv patologiyalar aşkar edilir. 
Qanda müşahidə edilən koaqulopatiya və leykositar aparatın 
zədələnmələrində də parodont xəstəlikləri meydana çıxır. 
Mədə-bağırsaq  traktının  xəstəlikləri  bir  çox  hallarda  pa-
rodont  xəstəlikləri  ilə  müşayiət  olunur.  Bu  proses  parodont  to-

102
xumalarında  histaminin  toplanması  hesabına  baş  verir.  Bundan 
əlavə, mədə-bağırsaq traktının bəzi iltihabi xəstəlikləri zamanı, 
kalsiumun  absorbsiyası  pozulur,  bu  isə  öz  növbəsində  alveol 
sümüyündə minerallaşma prosesinin pozulmasına səbəb olur. 
PARODONT XƏSTƏLİKLƏRİ ZAMANI MÜALİCƏ 
TƏDBİRLƏRİNİN PLANLAŞDIRILMASI
Müalicənin planını tərtib etmək üçün xəstənin tam müayinəsi 
aparılmalı,  dəqiq  anamnez  toplanmalı,  düzgün  diaqnoz  qoyul-
malı  (ilkin  və  əsas  diaqnoz),  ehtiyac  olduğu  hallarda  yardımçı 
müayinə metodlarından istifadə edilməli, xəstəliyin klinik dina-
mikasına nəzarət olunmalı və bütün bunların əsasında qəti və son 
diaqnoz  qoyulmalıdır.  Nəzərə  almaq  lazımdır  ki,  orta  və  yaşlı 
adamlarda yüngül və orta gedişli xroniki gingivit və parodontiti 
asanlıqla  proqnozlaşdırmaq  mümkün  olduğu  halda,  cavanlarda 
bu məsələ bir qədər problem yaradır. Belə şəxslərdə qəti diaqno-
zun qoyulması üçün uzunmüddətli dinamik nəzarətin aparılma-
sı tələb olunur. Ağır formalı parodontit zamanı, habelə aqressiv 
parodontitlərdə  xəstənin  yaşından  asılı  olmayaraq  bu  xəstələri 
proqnozlaşdırmaq mürəkkəb bir məsələyə çevrilir (şəkil 53).
Şəkil 53. Aqressiv gedişli, ağır dərəcəli parodontit

103
Xəstəliyin gedişinin proqnozlaşdırılması və müalicənin effek-
tivliyi  yerli  iltihabi-destruktiv  dəyişikliklərlə  yanaşı,  aşağıdakı 
bir sıra faktorlarla da əlaqədardır:
a) pasiyentin xəstəliyə münasibəti
b) onun yaşı
c) müşayiətedici xəstəliklər və onların xarakteri
ç) immun status 
d) diş-çənə sisteminin anatomo-funksional xüsusiyyətləri
e) diş sırasının bütövlüyü
ə) tənəffüs tipləri (ağız və ya burun)
f) zərərli vərdişlər
g) sosial-iqtisadi şərait
h) ağız boşluğunun gigiyenası
Ayrı-ayrı dişlərin vəziyyətini proqnozlaşdıran zaman, bir sıra 
klinik parametrləri, o cümlədən sümük toxumasının destruksiya-
sını, qonşu dişlərin vəziyyətini, keçid pərdəsi və yüyənin xarak-
terini, karioz və qeyri-karioz zədələnmələrin varlığını, onlardakı 
morfoloji dəyişiklikləri və s. mütləq nəzərə almaq lazımdır.
Məlumdur ki, parodontologiyada proqnozlaşdırma mürəkkəb və 
incə bir məsələdir. Ona görə də yalnız aparılmış müalicədən son-
ra bu barədə dürüst məlumat vermək mümkün olur. Bəzi hallarda, 
hətta 2-3 kurs müalicə aparıldıqdan sonra fikir yürütmək olur. Bunun 
səbəbi onunla izah olunur ki, parodont xəstəlikləri yerli və ümumi 
faktorlarla modullaşan qeyri-spesifik xroniki iltihabi prosesdir.
Parodontun iltihabi xəstəliklərinin müalicəsi zamanı həm yerli 
strukturların bərpa olunması, həm də ümumi orqanizmin normal 
vəziyyətə gətirilməsi tədbirlərinin həyata keçirilməsi lazımdır.
PARODONT XƏSTƏLİKLƏRİNİN MÜALİCƏ PRİNSİPLƏRİ
Parodont xəstəliklərinin əsas müalicə prinsipləri aşağıdakılardır:
I. Komplekslik.
a) həm yerli, həm də ümumi müalicənin aparılması 
b)  kompleks  müalicə  tədbirlərinin  aparılması  (konservativ, 
cərrahi, ortopedik, ortodontik) 

104
c)  həkim-stomatoloqların  digər  mütəxəssislərlə  birgə  fəaliy-
yəti (şəkil 54).
Şəkil 54. Parodont xəstəliklərinin müalicə növləri
II.  Fərdlik.  Parodontdakı  patologiyanın  forma  və  ağırlıq 
dərə  cəsinin,  onun  klinik  xüsusiyyətlərinin  digər  xəstəliklərlə 
əlaqəsinin, ağız boşluğu toxumaları, habelə ümumi orqanizmin 
bütövlükdə reaktivliyinin və s. dəqiq analizini aparmaq lazımdır.
III.  Ardıcıllıq.  Parodont  xəstəliklərinin  müalicəsi  mərhələli 
şəkildə aparılmalıdır. Söhbət müalicə tədbirlərinin alqoritmindən 
gedir. Bu, çox vacib məsələdir, çünki praktik təcrübə göstərir ki, 
parodont xəstəliklərinin müalicəsində ardıcıllıq prinsipi pozuldu-
ğu zaman arzu olunan nəticə əldə olunmur.
IV. Sistematiklik. Parodontdakı iltihabi proseslərin ağırlaşma-
sının qarşısını almaq məqsədilə təkrar müalicə kursları aparmaq 
lazımdır. Müalicə kursları arasındakı interval fərdi şəkildə, birin-
ci kurs müalicədən sonra klinik dinamikanın göstəriciləri nəzərə 
alınmaqla, eyni zamanda xəstəliyin ağırlıq dərəcəsindən asılı ola-
raq müəyyən edilir.
Parodontologiyada dərman maddələrinin optimal qəbul olun-
ma qaydalarını təyin etmək lazımdır:
•  Yaxalama
•  Ağız vannaları
•  Applikasiya

105
•  İnyeksiya (şəkil 55)
•  Sarğı
•  İnstillyasiya (şəkil 56)
•  Fiziki metodlar (elektroforez, fonoforez, maqnitoforez)
•  Ənənəvi  qəbul  metodları  –  daxilə  və  əzələ  daxilinə  
çatdırılma” sistemləri ilə (şəkil 43)
•  Subgingivial  daxilolma  dedikdə  yüksək  konsentrasiya-
lı  dərman  maddələrinin  “çatdırılma”  sistemləri  vasitəsilə 
birbaşa zədələnmə ocağına yeridilməsi başa düşülür. Bun-
lara tetrasiklin və xlorheksidin tərkibli saplar, doksisiklin 
polimerlər,  özübərkiyən  “Diplen-denta”,  Perio  cipi  və  s. 
kimi örtüklər aiddir (şəkil 57).
Şəkil 55. İnyeksiya
Şəkil 56. İnstillyasiya

106
Özübərkiyən  örtüklər  müstəqil  müalicə  vasitəsi  kimi,  ha-
belə  digər  dərman  maddələrinin  (antibiotiklər,  antiseptiklər, 
ilti hab əleyhinə təsir göstərən preparatlar və s.) təsirini artırmaq 
məqsədilə istifadə olunur. 
Şəkil 57. Özübərkiyən “Diplen-denta” örtüyü
Hazırda parodont xəstəliklərinin kompleks müalicəsi üç mər-
hələdə aparılır:
1.  Başlanğıc müalicə (ilkin terapiya)
2.  Cərrahi müalicə (əsas müalicə)
3.  Yardımçı müalicə (yardımçı terapiya)
MÜALİCƏNİN ÜMUMİ PRİNSİPLƏRİ
Parodont  xəstəliklərinin  müalicəsi  ciddi  formada  kompleks, 
məqsədyönlü və fərdi şəkildə aparılmalıdır. Müalicənin aparılma-
sında məqsəd aşağıdakıları həyata keçirməkdən ibarətdir:
1.  Ağız  boşluğunda  travmaya  səbəb  olan  faktorları  aradan 
qaldırmaq 
2.  Parodont toxumalarındakı iltihabı götürmək
3.  Distrofik prosesin qarşısını almaq

107
4.  Parodont  toxumalarının  pozulmuş  funksiyalarını  bərpa 
etmək
5.  Regenerasiya prosesini stimulə etmək 
6.  Diş sırasını vahid-dinamik sistem halında saxlamaq
7.  Patogenetik  əhəmiyyəti  ehtimal  olunan  faktorları  aradan 
qaldırmaq
Parodont  xəstəliklərinin  kompleks  müalicəsinin  əsas  tərkib 
hissəsi yerli müdaxilə hesab edilir. Nəzərə almaq lazımdır ki, yer-
li müalicə anlamı şərti xarakter daşıyır. Travmaya səbəb olan yer-
li faktorların aradan qaldırılması, eyni zamanda ümumi sağlam-
laşdırıcı tədbir sayılır. Belə ki, orqanizmin ümumi vəziyyətinin 
yaxşılaşdırılması fon effekti yaradaraq, qısa müddət ərzində yerli 
müalicənin səmərəli olmasına gətirib çıxarır. Əksinə, orqanizmin 
ümumi vəziyyətinin pisləşdiyi hallarda isə müvafiq olaraq paro-
dont  toxumalarında  da  patoloji  prosesin  ağırlaşması  müşahidə 
edilir. 
YERLİ MÜALİCƏ
Müalicənin  aparılması  üçün  mütləq  anesteziyadan  istifadə 
edilməlidir. 
Parodont  xəstəliklərinin  müalicəsi  zamanı  anesteziyanın  tət-
biq olunması xəstənin psixikasına müsbət təsir göstərir və uzun-
müddətli müalicənin daha effektli aparılmasına zəmin yaradır. Bu 
məqsədlə aplikasion və infiltrasion anesteziyalardan istifadə edi-
lir. Parodontal ciblərə anestetiklərin sulu və yağlı məhlulları daxil 
edilir. Bundan başqa 3-5%-li natrium salisilat və 10%-li antipirin 
məhlulu,  5%-li  butodion  mazı  və  0,5%-li  reopirin,  mefenamin 
turşusu  və  natrium  mefenaminat  duzu,  4%-li  propolisin  spirtli 
məhlulu və s. istifadə edilir. 
Anestetiklər  hamarlayıcıların  vasitəsilə,  tənzif  və  trundala-
ra hopdurularaq parodontal ciblərə və dişlərarası sahələrə daxil 
edilir.  Keyləşdiriləcək  nahiyələr  ağız  suyundan  izolə  edilməli 

108
və bundan sonra anestetik istifadə olunmalıdır. Bu zaman çalış-
maq lazımdır ki, anestetik ağız boşluğunun digər, lazım olmayan 
nahiyələrinə yayılmasın.
Anestetiklər,  habelə  aerozol  (trimekain,  lidokain),  elektrofo-
rez, ultrasəs (ultrafonoforez) formasında da tətbiq olunur.
İnyeksion anesteziya ümumi qəbul edilmiş qayda üzrə aparılır. 
Bu anesteziyadan dişlərin çəkilməsi və digər cərrahi müdaxilələr 
zamanı istifadə edilir. 
BAŞLANĞIC MÜALİCƏ VƏ DİŞ DAŞLARININ 
TƏMİZLƏNMƏSİ
Başlanğıc müalicə mərhələsinə daxildir: 
1.  Təxirəsalınmaz müalicə
•  abseslərin açılması
•  yararsız dişlərin çəkilməsi
•  ağırlaşdırıcı halların aradan qaldırılması
•  endodontik müalicə
•  xoralı-nekrotik proseslərin müalicəsi
2.  Etiotrop müalicə
•  diş ərpi və diş daşlarının kənar edilməsi
•  gigiyenik maarifləndirmə və gigiyenaya nəzarət
•  ərpin yaranmasına səbəb olan faktorların aradan qaldı-
rılması
3.  Patogenetik müalicə
•  yerli iltihabəleyhinə terapiya
•  ümumi müalicənin aparılması
4.  Antibiotiklərlə müalicə
5.  Simptomatik müalicə
•  ağrısızlaşdırıcı vasitələrin tətbiqi
•  şinalanma
•  reminerallaşdırıcı terapiya
6.  Müalicənin nəticələrinin qiymətləndirilməsi

109
İlkin müalicə, iltihab prosesinə səbəb olan bütün yerli faktor-
ların başvermə və inkişafına şərait yaradan amillərin aradan qal-
dırılmasına yönəlmişdir. Müalicənin planını tərtib edərkən, hansı 
anestetikdən istifadə ediləcəyini müəyyən etmək lazımdır. Am-
bulator  stomatoloji  praktikada  aşağıdakı  növ  anesteziyalardan 
istifadə olunması tövsiyə edilir: 
•  orta  təsir  gücünə  və  standart  miqdarda  vazokonstriktora 
malik olan anestetiklər:
Liqnospan standart (2% lidokain 1:100 000 adrenalin) 
•  dişlərin çəkilməsi və depulasiyası üçün 4% artikain 1: 200 000 
(ultrakain DS: – septanest 4% №:) 
•  “rezerv anestetiki” – uzunmüddətli və travmatik müdaxi-
lələr zamanı – 4% artikain 1: 100 000 adrenalin Ultrakain 
DS forte, Ubestezin forte
•  ürək-damar  patologiyaları  olan  xəstələrin  müalicəsi  za-
manı vazokonstriktorları olmayan – 3% mepivkain (Skan-
donest  2%  SVC),  4%  artikain  (Septanest  4%  SVC),  2% 
lidokain (Xylonor 2% SVC) kimi anestetiklərdən istifadə 
edilir.
•  3% mepivakainin tərkibində sulfit qruplu birləşmələr ol-
madığına  görə  allergiya  və  bronxial  astmalı  xəstələrdə 
istifadə olunur.
•  hamiləlik zamanı 4% artikain 1:200 000 (ultrakain) istifadə 
edilir.  Anestetikin  əsas  hissəsi  (85%-i)  qan  zülalları  ilə 
birləşir  və  zəif  konsentrasiya  plasentar  baryerdən  keçən 
zaman onun toksiki təsiri minimuma enir. 
70 yaşından yuxarı şəxslərdə anestetikin dozası 
1
/
3
-ə, 80-dən 
yuxarı olduqda isə ½-dək azaldılır.
İndiki  dövrədək,  parodont  xəstəliklərinin  müalicəsində  α  – 
lak tam  antibiotiklərinin  (penisillin,  sefalosporin,  monobaktam) 
və linkomitsinin istifadə olunmasına üstünlük verilirdi. Hazırda 
həmin  antibiotiklərin  tətbiqi  zamanı  allergik  reaksiyaların  ço-
xal  ması  və  həmin  antibiotiklərə  qarşı  mikroblarda  rezistentlik 
yaranması  səbəbindən  makrolidlər  (rulid,  sumamed,  makro-

110
pen, eritromisin) istifadə edilir. Makrolidlərin təsiri nəticəsində 
mikroorqanizmlərin ribosomunda zülal sintezi katalitik pepti dil-
transferazanın  hesabına  pozulmuş  olur.  Bu  preparatları  toksiki 
təsirinin nisbətən az olmasına görə, hətta hamiləlik dövründə və 
südəmər uşaqlarda da tətbiq etmək olar.
Antibiotiklərlə yanaşı, imidazol törəmələri – trixopol və tini-
dazol da bakeriosid və antiprotozoy təsirinə görə geniş miqyas-
da tətbiq olunur. Həmin preparatlar anaerob mikroorqanizmlərə, 
xüsusən  Porphyromonas  gingivalis  və  Prevotella  intermediaya 
qarşı çox aktivdir. Parodontal cibdən irin axması hallarında trixo-
pol intensiv surətdə tətbiq olunur. 
Bununla  yanaşı,  belə  hallarda  trixopol  və  “Diplen-denta”nın 
birgə istifadəsi məqsədəuyğun hesab edilir (elizol, metroqil-denta).
Bakteriemiyanın baş verməməsi və kəskin iltihab əlamətlərinin 
aradan qaldırılması üçün, təxirəsalınmaz tədbirlər mərhələsində 
antiseptiklər təyin olunur:
•  xlorheksidin
•  triklozan
•  miramistin
•  qalay flüorid
•  furasillin
•  hidrogen peroksid
•  bitki  mənşəli  qarqaralar  –  salvin,  adaçayı,  çobanyastığı, 
dazı, kəklikotu və s.
Ən çox yayılmış və daha effektli hesab olunan antiseptiklərdən 
triklozan,  xlorheksidin,  listerin,  qalay  flüoridi  və  s.  göstərmək 
olar. Qeyd etmək lazımdır ki, bu preparatların təsiri nəticəsində 
10-14 gün ərzində praktik olaraq bütün mikroflora məhv olur.
Triklozan  –  fenol  törəməli,  xlor  tərkibli  preparat  olub,  ağız 
boşluğu üçün gigiyenik vasitə kimi istifadə edilir. 
Parodontit zamanı yerli istifadə və qarqara kimi tətbiq olunan 
xlorheksidin biqlükonat da geniş yayılmışdır. Avropada bu prepa-
ratın 0,2%, Amerikada 0,12%-li məhlulu istifadə edilir. Rusiyada 
isə xlorheksidinin metronidozolla qarışığı istifadə edilir. 

111
Nəzərə almaq lazımdır ki, xlorheksidinin çatışmayan cəhətləri 
də vardır. Əvvəla o, autofloranı məhv edərək disbakterioz yaradır, 
xoşagəlməz  dada  malikdir,  dişlərin  və  dilin  rəngini  qaraldır  və 
nəhayət, dad reseptorlarını məhv edir. 
Doksisiklin  tərkibli,  gel  formasında  istehsal  olunan  atridoks 
adlı preparat parodontal cibə yeridildikdən sonra bərkiyir və 2 həf-
təyədək antiseptik təsir göstərə bilir. 
0,63%-li  qalay  flüorid  tərkibli  Perio  Med  preparatı  nəinki 
diş yastıqcığının əmələ gəlməsinin qarşısını alır, eyni zamanda 
neytrofillərin funksional aktivliyinə müsbət təsir göstərir.
Yerli  antiseptik  məqsədlə  miramistin,  betadin,  0,25%-li  xlo-
ramin,  furasilin  1:5000,  dioksidin,  rivanol,  hidrogen  peroksid, 
habelə bitki mənşəli salvin, sanqvinarin, çobanyastığı, adaçayı, 
maraslavin və s. istifadə edilir.
Etiotrop müalicə, xəstəliyi əmələ gətirən səbəblərin aradan qal-
dırılmasına yönəlmişdir. Parodont xəstəliklərinin müalicəsində bu 
məqsədlə ilk növbədə diş daşlarının və diş ərpinin təmizlənməsi, 
ağız  boşluğunun  gigiyenasına  nəzarət,  diş  ərpi  üçün  retension 
nöqtələr  hesab  olunan  sahələrin  aradan  qaldırılması  və  s.  kimi 
qabaqlayıcı  tədbirləri  həyata  keçirmək  lazımdır.  Diş  daşlarının 
təmizlənməsi,  həmişə,  bir  qayda  olaraq  müxtəlif  dərəcəli  trav-
maların  yaranmasına  səbəb  olur.  Bu  travmalar  əksər  hallarda 
təhlükəli  hesab  olunur.  Bəzi  müşayiətedici  xəstəliklər  zamanı 
(revmokardit,  septik  və  digər  infeksion-allergik  xəstəliklər)  bu 
vəziyyət ciddi təhlükə törədə bilər. Buna görə də diş ətinin inten-
siv iltihabı və parodontal ciblərdən irin axması hallarında yerli 
antiseptiklərdən istifadə olunmalı, yalnız bundan sonra diş daşları 
təmizlənməlidir.
Diş daşlarının təmizlənməsi dedikdə bir sıra tədbirlər komp-
leksi nəzərdə tutulur: diş çöküntülərinin təmizlənməsi, yumşal-
mış kök sementinin kənar edilməsi və işlənmiş səthlərin hamar-
lanması. Bu tədbirlərin həyata keçirilməsi ən optimal üsul hesab 
edilir və metodika Scalinq and Root Planinqin adı ilə bağlıdır.

112
Diş daşlarının təmizlənməsi əl alətləri (küretlər, qarmaqcıqlar), 
ultrasəs (Piezon, Vektor) fırlanan alətlər (borlar), əks istiqamətdə 
hərəkət  edən  və  hava-abraziv  sistemlə  idarə  olunan  vasitələrlə 
həyata keçirilir.
Birinci  mərhələdə  müxtəlif  dərəcədə  parodontal  zondlardan 
istifadə edilir. Eksplorerlər həm parodontal ciblərdəki diş daşları-
nı müəyyən etmək, həm də onların tam çıxarılmasına əmin olmaq 
məqsədilə işlədilir. Diş ətiüstü daşlar skeyler-qarmaqlar vasitəsilə 
çıxarılır. Həmin alətlər müxtəlif qrup dişlərə aid olmaqla yanaşı, 
eyni zamanda müxtəlif ülgüc və özək formasında istehsalata bu-
raxılır.
Alətlərin çox hissəsini küretaj qaşıqları və ya küretlər təşkil 
edir. Bu alət vasitəsilə kökün diş ətialtı hissəsini işləmək, habelə 
diş  ətiüstü  daşları  təmizləmək  və  kök  sementinin  nekrozlaşmış 
sahələrini  qaşımaq  mümkündür.  Universal  və  spesifik  küretlər 
ayırd edilir. Universal və ya Langer küretləri ilə bütün diş sıra-
sını işləmək mümkündür. Spesifik və ya Qreysi küretləri doqquz 
alətdən ibarətdir. Bundan əlavə həmin alətlərin bir neçə modifika-
siyası da mövcuddur ki, bunlar da ülgüc və özəklərin möhkəmliyi 
və  uzunluğuna  görə  bir-birindən  fərqlənir.  Küretlərin  ülgücləri 
dişlərin müvafiq səthlərinə uyğunlaşdırılmışdır.
Səs  və  ultrasəs  metodları  stomatoloqun  işinin  keyfiyyətini 
artırır, vaxta qənaət edir. Buna baxmayaraq, müasir dövrdə səs 
skeylerlərinin  istifadə  olunması  kifayət  qədər  məhdud laş dırıl-
mışdır.  Ultrasəs  aparatları  maqnitostriktiv  və  pezoelektrik  tip-
li  olur.  Müasir  pezoelektrik  aparatlarının  bir  çox  üstünlükləri 
vardır:  onlar  mobildir,  avtonom  –  maye  şəklində  qidalandırma 
sisteminə malikdir ki, bunun vasitəsilə işçi sahəni su ilə, habelə 
antiseptiklər, o cümlədən xlorheksidinlə yumaq mümkündür.
Kök səthinin mexaniki işlənməsi, odontoplastika və plombun 
sallaq  kənarlarının  hamarlanması  üçün  əks  istiqamətdə  hərəkət 
edən və fırlanan alətlərdən istifadə edilir. Bu məqsədlə istifadə 
edilən alətin müxtəlif formaya malik işçi hissəsi və uzun kəsici 
tərəfi vardır.

113
Konkret metodların seçimi zamanı onun klinik effektivliyini, 
çatışmayan cəhətlərini, tibbi personalın vaxt və material itkisini, 
habelə metodun diş toxumalarına qarşı aqressiv təsirlərini nəzərə 
almaq lazımdır.
Ultrasəs və fırlanan alətlərin tətbiqi zamanı əmələ gələn ae-
rozol  dumanı,  bir  sıra  xəstəliklər  fonunda  onların  istifadəsini 
məhdudlaşdırır:
•  tənəffüs sistemi xəstəlikləri (astma, kəskin bronxit) 
•  kəskin infeksion xəstəlikləri, herpes
•  epilepsiya
•  eroziya, xora, ağız boşluğundakı çatlar
•  venerik xəstəliklər, vərəm, VIÇ – infeksiya, hepatit
Bundan əlavə, bədxassəli şişlərdə, kardiostimulyator, immu-
nodepressiv və kortikosteroid terapiyasında, şəkərli diabetin ağır 
formalarında  burunla  nəfəs  almanın  pozulması  hallarında  və  s. 
ultrasəs aparatından istifadə əks göstərişdir. Qeyd etmək lazımdır 
ki, əllə işləyən alətlərdə bu cür əks göstərişlər mövcud deyildir.
Bununla  yanaşı,  mütəxəssis  bilməlidir  ki,  küretdən  istifadə 
olunması ən aqressiv müdaxilə hesab olunur. Əl alətləri bir hərəkət 
zamanı 5-25 mkm, ultrasəs isə 0,1 mkm sahəni qaşıya bilir.
Hava – abraziv sistemin köməyi ilə (Air-Flo�: Prophy-Cet ca-
�: Prophy-Cet ca-
: Prophy-Cet ca-
vitron) piqmentləşmiş diş ərpini götürmək və kökün diş ətiüstü 
nahiyəsini cilalamaq mümkündür. Bu cür aparatları parodontitlərin 
ağırlaşmış formalarında və boyunu açılmış dişlərdə tətbiq etmək 
məsləhət görülmür.
Qeyd etmək lazımdır ki, bu sadaladığımız metodların heç biri 
kök sahəsinin istənilən kimi hamar işlənməsini təmin etmək iqti-
darında deyildir. Ona görə də instrumental işləmədən sonra polir, 
fırça, xüsusi hazırlanmış yastıqcıq və s. birgə pastalardan istifadə 
etməklə həmin nahiyələri cilalamaq lazımdır. Lazer aparatlarının 
tətbiq olunması da bu sahədə geniş imkanlar tapmamışdır.
Diş çöküntülərini tamamilə təmizlədikdən sonra mikrofloranın 
rekolonizasiyasının qarşısını almaq məqsədilə xəstələrə ağız boş-
luğu gigiyenasına ciddi surətdə riayət etmələri məsləhət görülür. 

114
Bu tədbirlər kompleksinə nəinki dişlərin düzgün təmizlənmə qay-
dası, habelə yardımçı vasitələrdən istifadə tədbirləri də daxildir. 
Xəstələrdə motivasiya vərdişlərinin aşılanması üçün müntəzəm 
olaraq ağız boşluğunda bakterial tərkibli ərpin toplanması və on-
lar üçün xarakterik nahiyələrdə lokallaşdığını nümayiş etdirmək 
lazımdır. Bu baxımdan ən optimal vasitələr – illüstrasiyalar, mul-
yajlar, xüsusi hazırlanmış broşuralar və s. istifadə edilir. 
Peşəkar səviyyədə stomatoloji statusu qiymətləndirmək üçün diş 
ərpi, diş yastıqcığı, gigiyenik və parodontal indekslər analiz edilir.
Bu  mərhələdə,  həmçinin  ərpəmələgətirici  faktorların  aradan 
qaldırılması vacibdir:
•  boyunətrafı karioz boşluqlar
•  dişlərarası kontaktların olmaması
•  mina damlaları 
•  köklərin üzərindəki qabarlar
•  ekvatorun olmaması
Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin