Klassik alman fəlsəfəsi deyildikdə 18-19-cu əsrlərdə formalaşan alman fəlsəfəsinin əsas cərəyanları və nümayəndələri başa düşülür. Klassik alman fəlsəfəsinin təşəkkülünü zəruri edən amillər hansılar idi? İlk növbədə qeyd edilməlidir ki, bu dövrdə mövcud olan Yeni dövr fəlsəfəsi əldə edilən yenilikləri səciyyələndirməkdə aciz qalmışdı, artıq yeni fikirlər irəli sürə bilmirdi və başqa sözlə desək tükənmişdi. Buna görə də, elmi-texniki nailiyyətləri yeni təfəkkürdə ümumiləşdirmək və nəzəri sistemləşdirmə aparmaq missiyası klassik alman fəlsəfəsinin nümayəndələrinin üzərinə düşdü.
Bu zaman bu fəlsəfənin həll etməli olduğu vəzifələr fəlsəfi ədəbiyyatlarda belə qruplaşdırılır: a) inkişafın əsas qanunauyğunluqlarını aşkara çıxarmaq, b) insanı daha çox öyrənən təlimlər yaratmaq, c) dialektikanın əsas qanunlarını sistemləşdirmək, d) sosial inkişaf qanunlarını izah etmək.
Əsas nümayəndələri İmmanuel Kant, Yohan Fixte, Fridrix Şellinq, Georq Hegel, Karl Marks, Fridrix Engels, Lüdviq Feyerbaxdır. Əsas etibarilə bu dövr filosofları materialistlər və idealistlər olaraq iki yerə ayrılırlar. Onların məşğul olduqları məsələlərin ontoloji aspekti bu filosofların iki hissəyə ayrılmasını şərtləndirirdi. Ontoloji aspekt dedikdə ruhunmu, yoxsa materiyanınmı ilkin olması ətrafında mübahisələr başa düşülür. Bu baxımdan materialistlər dedikdə materiyanın, yəni obyektiv mövcud olanın əsas götürülməsi başa düşülür. İdealizm isə ruhun ilkin olması ideyasını irəli sürür.
Materialist qola K. Marks, F. Engels, L. Feyerbax aid edilir. İdealistlər də öz növbəsində iki qola ayrılırlar. Belə ki, onları yaradıcılıqlarının məzmununa görə belə qruplaşdırmaq olar: 1) obyektiv idealistlər, 2) subyektiv idealistlər. Birincilərə İ. Kant, G. Hegel, F. Şellinq daxildir. İkincilərə isə Y. Fixte aid edilə bilər.
Klassik alman fəlsəfəsinin banisi İmmanuel Kant (1724-1804) hesab olunur. İ.Kantın fəlsəfi yaradıcılığı iki böyük dövrə bölünür:
Tənqidəqədərki dövr (XVIII əsrin 70-ci illərinə qədər)
Tənqidi dövr (XVIII əsrin 70-ci illərin əvvəllərindən 1804-cü ilə qədər)