5. Hürufilik dini-fəlsəfi cərəyanı. Hürufilik Yaxın və Orta Şərq ölkələrində təşəkkül tapmış və Allah təbiətlə bərabərləşdirilmişdir. Başqa sözlə, Allah təbiətdə, onun ən yüksək məhsulu olan insanın simasında özünü biruzə verir. Fəzlullah Nəiminin yaratdığı bu təlim İmadəddin Nəsimi tərəfindən daha da zənginləşdirilmişdir. F. Nəimiyə görə dünyanın əsası səslərdən ibarətdir ki, bu səslərin ən kamil şəkli sözdür.
Hürufilərə görə, kainat əbədi olaraq mövcuddur və ilahi başlanğıc insanda təzahür olunur. Bu cərəyana görə, insan yaranmışların ən alisidir, hər bir varlıq mütləq varlığın əksidir.
Bu təlimdə qeyd edilir ki, dünya və insan ilahinin 5 ardıcıl emanasiyasından - dünya zəkası, dünya ruhu, ilkin materiya, məkan və zamandan yaranıb. İlahi başlanğıc müqəddəslik, peyğəmbərlik kimi təzahür edir.
Hürufilik fəlsəfəsinin mərkəzində mistik panteizm dayanır. İnsan özü tanrıdır və ya insanlar Allahın vücudundan qopmuş hissələrdir. Bu təlim insanın kamilləşməsi yolu ilə Allaha qovuşacağını deyirdi.
İ. Nəsimi “həqiqi Allah adəm oğlu özüdür” fikri ilə insanı Allahla eyniləşdirir. Nəsimi fəlsəfəsinə görə, insanda kainatın bütün sirləri gizlənib.
Hürufilər rəqəmlərə mistik ilahi məna verirlər. Məsələn 7 rəqəmi insan sifətinin əsas hissələrinə uyğun gəldiyi üçün ən müqəddəs rəqəm hesab olunur.
Hürufiliyin populyarlaşması Əmir Teymurun (Teymurləng) Qafqaza yürüşləri dövrünə təsadüf edirdi. Əmir Teymur hürufilərin insanı Allahla eyniləşdirməsinə qəti qarşı olduğu üçün sərt cəzalara məruz qoyurdu. Bu barədə 1979-cü ildə Azərbaycanfilm kinostudiyası tərəfindən lentə alınan “Nəsimi” kino filmində ətraflı məlumat verilir. Nəsimi panteist ideyalara görə Suriyanın Hələb şəhərində edam edilib.
6. İşraqilik fəlsəfəsi. İşraqilik elmi-fəlsəfi təliminin banisi Şihabəddin Sührəvərdidir. Onun fikrincə, bütün mövcudat mütləq işıqdan, İşıqlar işığından işraq (emanasiya – işıq saçma) yolu ilə yaranmışdır. İşıq və onun kölgəsindən ibarət olan bütün mövcudluğun zirvəsi mütləq işıq-işıqlar işığıdır -Nur əl-Ənvər. Mövcudatın mərtəbələri işıq və qaranlıqdan ibarətdir və işıqlar işığından qaynaqlanan hər bir mücərrəd işığın 2 təbiəti vardır: zənginlik və yoxsulluq.
Sührəverdi materiya və forma, cisim və onun hərəkəti, səbəb və nəticə, varlıq və onun növləri və s. kimi fəlsəfi kateqoriyalara dair fikirlər irəli sürmüşdür. Bu təlimə görə, “varlıq” və “yoxluq” anlayışları “işıq” və “qaranlıq” anlayışları ilə eyniləşdirilir. O hesab edirdi ki, intiusiya vasitəsilə mütləq bilik əldə etmək mümkündür. Yəni, hissi və əqli idrak müəyyən bilik əldə etməyə imkan verir, intuitiv idrak isə insana işıqlar dünyasının sirlərini açır, mütləq həqiqəti ortaya çıxarır.
Ş.Sührəhvərdinin ictimai-siyai fikirləri də maraq doğurur. O sosial bərabərliyi vacib sayır, hər cür ədalətsizliyə son qoymağı vacib hesab edirdi. Onun “Aşiqlərin munisi”, “Quş haqqında traktat”, “İşıq heykəlləri”, “Filosofların görüşləri” digər dillərə, o cümlədən alman dilinə tərcümə edilmişdir.
Mövzu 8.
XX əsr Qərb fəlsəfəsi