Devid Yumun (1711-1776) fəlsəfəsinin əsas xüsusiyyətləri empirizm və aqnostisizmin nümayəndəsi olması, ingilis maarifçilik fəlsəfəsinə mənsubluğu ilə bağlı idi. Yumun məşhur fikri budur ki, insan heç vaxt səbəb və nəticənin qarşılıqlı nisbətini müəyyənləşdirə bilmir. Belə ki, Yumun fikrincə, səbəbdən yaranan nəticənin öz növbəsində hansısa bir səbəbə kauzallıq edəcəyini biz yalnız düşüncəmizə əsasən iqrar edirik. Buna görə də Devid Yumu skeptiklər sırasına aid edirlər. Əsas əsərləri “İnsan təbiəti haqqında” və “İnsan idrakı haqqında” traktatlarıdır.
O empirik metod vasitəsilə fəlsəfənin insanı öyrənməli olduğunu deyirdi. O insanın təbiəti haqqında elmin digər elmlərdən, məsələn fizikadan, riyaziyyatdan daha vacib olduğunu deyirdi. Belə ki, başqa elmlər, insanın təbiətindən asılıdırlar. Bizim biliklərimizin mənbəyi təcrübədir. Lakin təcrübədən əldə edilənlər də ehtimali xarakter daşıyır və son hədd hesab oluna bilməz. Bizim duyduqlarımız, bizim təəssüratlarımız obyektiv reallığa bizim necə yanaşdığımızın nəticəsidir və heç kim deyə bilməz ki, biz reallığın bizə verdiyini dərk edirik. Yuma görə insan özü cəmiyyətə can atır, onun üzvü olmaq istəyir. Çünki tənha qalmaq qorxusu məşəqqət verir. Qohumluq, yaxın münasibətlərin yaranması da bu cür qorxudan irəli gəlir. O sosial inkişafdan danışmış, qeyd etmişdir ki, cəmiyyətdə asılılıqların meydana gəlməsi istehsal olunan nemətlərin artması, kimlərinsə bu vasitələrə sahiblənmək arzusu ilə yaranır.
Corc Berkli (1685-1753) bildirirdi ki, biz yalnız ayrı-ayrı əşyaları dərk edirik. Bizim dərketmə imkanımız duyğularımızın yekunudur. Subyektiv idealizm mövqeyində dayanan alimə görə, əşyaların dadı, isti ya soyuqluğu bizim hiss üzvlərimizin onları necə qəbul etməsi ilə müəyyənləşir. Dünyanın yalnız bizim hiss üzvlərimizin qəbul edə biləcəyi sərhədlərə məhdudlaşmadığını qeyd edirdi.
Şarl Lui Monteskye (1689-1755) cəmiyyətin yaranması və inkişafını təbii faktorlann əsasında izah etməyə çalışırdı. Əsas əsəri «Qanunun ruhu haqqında»dır. O hesab edirdi ki, ictimai harmoniya və rasional qayda o zaman yaranır ki, dövlət tərəfindən verilən qanunlar xalqın ruhu, həyat meyarları və adətləri ilə həmahəng olur. Monteskye qanunları insanın təbii mahiyyətindən doğan təbii və qanunvericilər tərəfindən yaradılan pozitiv qanunlar olaraq iki hissəyə ayırırdı.
Ş.Monteskyenin siyasi-hüquqi nəzəriyyəsinin əsas mövzusu azadlıqdır. Azadlığı təmin etmək üçün isə ədalətli qanunlar və dövlətçiliyin mükəmməl olması tələb olunur. Monteskyenin hakimiyyətin qollara ayrılması nəzəriyyəsi bu gün də aktualdır. O, qanunverici, icraedici və məhkəmə hakimiyyətinin bölünməsi nəzəriyyəsini irəli sürmüşdü.