1)aposterior bilik–təcrübə nəticəsində əldə olunur. Bu bilik ehtimal xarakterlidir və heç də həmişə doğru deyil.
2)aprior bilik–təcrübəyə qədərki bilikdir, yəni öncədən zəkamızda var və sübuta ehtiyacı yoxdur. Məsələn, “bütün cisimlər ölçüyə malikdir”, “insan həyatı müəyyən zaman daxilində keçir”, “bütün cisimlər kütləyə malikdir”.
3)“özündə şey”– Kant fəlsəfəsinin mərkəzi anlayışıdır. “Özündə şey”– şeylərin daxili mahiyyəti olub, heç zaman dərk olunmur.
Böyük alman filosofu Georq Hegel (1770–1831) ilk dəfə olaraq təbii, tarixi və mənəvi aləmi proses halında, başqa sözlə, daim hərəkətdə, bir şəkildən başqa şəkilə adlamaqda və inkişaf halında olan bir proses kimi göstərmiş, bu hərəkət və inkişafın daxili əlaqəsinə diqqət çəkmişdir. Əsas əsərləri "Hüquq fəlsəfəsi", “Fəlsəfə tarixinə dair mühazirələr", "Ruhun fenomenologiyası”, “Estetikaya dair mühazirələr", "Tarix fəlsəfəsinə dair mühazirələr"dir.
Əgər İ.Kant təmiz ağıl ilə dünyanı dərk etməyin lazımlı olduğunu deyirdisə, Hegel təcrübi ağıla əsaslanmağı zəruri hesab edirdi. Hegel dünyanı dərk edə bilmə metodumuzdan asılı olaraq təbiətin də bizə öz sirlərini açdığını bildirirdi.
Hegel obyektiv idealist idi və ona görə, dünya tarixinə hər şeydən əvvəl dünya ruhunun hərəkəti, onun fəaliyyətinin yekunu olaraq baxılmalıdır. Hegel ümumdünya tarixini dörd dövrə ayırırdı ki, bunlar Yunan, Roma, Şərq və German xanədanlıqlarıdır.
“Məntiq elmi” əsərində Hegel özünün dialektika adlandırdığı üçlü sistem haqqında bəhs edilir. Burada nə nəzərdə tutulur? Filosofa görə hər bir predmetin daxilində bir ziddiyyət var. Məhz ziddiyyətlər həqiqətin kriteriyasıdır. Bunlar olmazsa insan çaşqınlıq içində yuvarlanar. Predmetin xüsusiyyətlərinin təsdiq olunması tezis, təsdiqini tapa bilməməsi isə antitezis adlanırdı. Bu tezis antitezis qarşıdurması üçüncü xüsusiyyətlə - sintezlə tamamlanır.
Yəni, iki faktorun qarşıdurması zamanı antitezis islah edilir, nəticədə sintez vasitəsilə həqiqətə varılır. Mütləq həqiqətə isə bir birinin ardınca müxtəlif sintezlər vasitəsilə nail olunur. Hegel fəlsəfəsinin əsasında varlıq və təfəkkürün eyni olması, başqa sözlə, real aləmin ruhun, ideyanın təzahürü olaraq qəbul edilməsi dayanır. Ona görə təbiət və cəmiyyət hadisələrinin əsasında "mütləq ideya", "dünya zəkası", "dünya ruhu" dayanır. Hegel 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Alman obyektiv idealizmin digər nümayəndəsi Fridrix Vilhelm Şellinqin (1775-1854) fəlsəfi fikri elm fəlsəfəsindən naturfəlsəfəyə istiqamətlənmişdi. Şellinqin əsas əsərləri "Transsendental idealizm sistemi", "Naturfəlsəfə sisteminin ilk cizgiləri"dir.
Şellinqin naturfəlsəfəsi təbiətin ideal, mənəvi mahiyyəti olduğunu təsdiq edir. Onun fikrincə, təbiətin inkişafı əksliklərin mübarizəsinin nəticəsidir. O dərk edən subyekt ilə dərk olunan obyekti eyniləşdirirdi. Dünyanın yaradıcı fəaliyyətinin daxili hərəkətverici amilini Allahda görən Şellinq Onu heç nə ilə eyniləşdirmirdi.
Bu filosofun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısındadır.
Alman klassik fəlsəfəsinin digər görkəmli nümayəndəsi nümayəndəsi Yohan Qotlib Fixte (1762-1814)fəlsəfədə subyektiv idealizm istiqamətinin yaradıcılarından biridir. Onun yaradıcılığının alman klassik fəlsəfəsinin banisi İmmanuel Kant və bu dövr fəlsəfəsinin kulminasiyası sayılan Georq Hegel fəlsəfəsi arasında bir mənəvi körpü rolu oynaması qeyd olunur. Fixe fəlsəfəsinin əsas məğzi insan "Mən"i anlayışından ibarətdir. "Mən" deyəndə Fixte bütün işləri görə biləcək qüvvəni başa düşürdü.
Başqa sözlə, Fixte fəlsəfəsində maddi aləm mənəvidən, obyektiv aləmin isə subyektiv aləmdən yarandığı deyilir. Siyasi fəlsəfəyə meyl etdiyinə görə onu nasionalizm ideologiyasının əsasını qoyanlardan biri hesab edirlər. Onun dövlət haqqında nəzəriyyəsi xüsusi maraq doğurur. Fixteyə görə, dövlət insanlar arasında münasibətləri elə tənzimləməlidir ki, bərabərlik təmin edilsin. Dövlət insana elə bir şərait yaratmalıdır ki, O özünü təkmilləşdirə (mükəmməlləşdirə) bilsin. Fixte nikahın əsasında hər iki tərəfin , xüsusilə qadının iradə azadlığının durduğunu deyirdi. Əgər qadının iradəsi pozulmaqla nikah bağlanıbsa, dövlət məsələyə qarışmalı və belə nikahlar ləğv edilməlidir.
Bu alman filosofunun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.