3. İslam neoplatonizmi. Neoplatonçuluq hər bir məqamda Allahın nuru olduğunu, hər şeyin ilahidən yarandığını iddia edən təlimdir.
Əgər müsəlmanların müqəddəs kitabı olan Quranda hər şeyin Allah tərəfindən xəlq edildiyi buyrulmuşdusa niyə müsəlman alimləri aləmin emanasiya yolu ilə ilahinin özündən törədiyini deyən yunan mütəfəkkiri Platona istinad edirdilər? Bu təlimin tərəfdarı olan alimlərə görə, Allahın çoxluq təşkil edən gerçəkliyin səbəbi olduğunu sübut etmək məntiqi cəhətdən çətindir. Platona görə isə “tək” anlayışı bir sıra mərhələlərdə dünyadakı müxtəlifliyi emanasiya yolu ilə doğura bilir.
Bu baxımdan islam neoplatonizmində emanasiya anlayışı mühüm səciyyə daşıyır.
İslam neoplatonçuları olan “Saflıq qardaşları” öz etik və psixoloji təlimlərini yaradanda Platon fəlsəfəsinə müraciət etmiş, onun dörd xeyirxah əməl təliminin (müdriklik, mərdlik, xeyirxah düşüncə, ədalət) “Dünya zəkasına” doğru irəliləməyin vasitələri olduğunu qəbul etmişlər.
«Saflıq qardaşları» təlimi IX əsrin ikinci yarısında İraqda təşəkkül tapmışdır. Bir sıra məziyyətlərinə, məsələn struktura malik olmasına görə elmi mərkəz kimi də xarakterizə edilə bilər. Belə ki, şagirdlər müəyyən yaş qruplarına bölünmüş, onların valideynləri ilə müasir dildə desək müqavilələr imzalanmışdı. Diqqətəlayiqdir ki, bəzi mənbələrdə Şərqin yeni platonçuları kimi də adlandırılırlar. Bu təlimin əsas özəlliyi müxtəlif elm sahələrinə dair məlumatları toplamaları və şərh etmələridir. Bu təlimə görə din öz mahiyyətindəm özgələşib. Ona görə də, insanlığı xilas etmək üçün fəlsəfəyə müraciət etmək zəruridir. Bu təlimə görə, idrakın üç mərhələsi: hissi, rasional və intuitiv idrak var.
Tədqiq edilən və tədris olunan elmlərin əsas məqsədi insan ruhunun saflaşmasını təmin etmək və onu əbədi səadətə çatdırmaqdır. Bunun üçün insanlara olan münasibətin də dəyişilməsi, ünsiyyət zamanı qarşılıqlı hörmət vacib sayılırdı.
4. İslam panteizmi. Panteistlər Allahı təbiətlə eyniləşdirir, Allahın hər yerdə, hər şeydə təzahür etdiyini deyirdilər. Panteizm mənşəcə yunan sözüdür, pan hər şey, theos Allah mənasındadır. Bu təlimin əsas nümayəndələri əl-Kəşani, ər-Rəhman Cami, Baba Kuhi Şirazidir.
Əl-Qəzaliyə görə, dünya öz quruluşuna görə üç mərtəbəlidir. Birinci, yəni aşağı mərtəbədə hissi qavrayışla dərk edilən predmetlərdir. İkinci mərtəbədə predmetlərin ideal surətlərindən ibarət olan ali dünya yerləşir. Sonuncu, üçüncü mərtəbədə isə mələklər aləmi yer alır. Onun əsas əsərləri «Filosofların məqsədləri», «Filosofların təkzibi», «Dini elmlərin dirçəlməsi»dir. Qəzaliyə görə, allahın dərki daxili təcrübə sayəsində mümkündür.
Sufilikdə “Vəhdət-əl-vücud” və “Vəhdət-əl-şühud” təlimləri əsas yer tutur ki, “Vəhdət-əl-vücud” Allahın öz yaratdığı ilə vəhdət təşkil etməsi deməkdir.
“Vəhdət-əl-şühud” sufi tərkidünyalığına alternativ bir mövqe tutan dini-fəlsəfi təlim idi ki, burada ilahi və insani başlanğıcın vəhdəti başlıca ideyadır. Yəni kamil insanda Allah və insan vəhdətdədir.