Cordano Brunonun timsalında (1548-1600) İntibah dövrünün fəlsəfəsi kulminasiya nöqtəsinə yüksəlmişdir. Belə ki, Bruno xristian dini ehkamlarına və sxolastik fəlsəfəyə qarşı olmuşdur. O “Səbəb, prinsip və vahid haqqında”, “Sonsuzluq, kainat və dünyalar haqqında” adlı əsərlərində maddi aləmin əbədiliyi problemlərini önə çəkir və dünyanın yeni materialist nəzəriyyəsini irəli sürmüşdür. Bruno qeyd edirdi ki, idrakın məqsədi hadisələrin mahiyyətinə varmaq, təbiətin qanunauyğunluqlarını anlamaqdır.
İntibah dövrü bəzi sosial təlimlərin, o cümlədən Tomas Mor (1479-1555) və Tommazo Kampanella (1568-1639) tərəfindən irəli sürülən ideyalar ilə tarixə düşmüşdür. Utopiya (yunancadan tərcümədə mövcud olmayan yer), xəyali cəmiyyət mənasındadır. Utopiyanın adətən mövcud cəmiyyətin tənqidi, mövcud ictimai sosial qaydalardan, quruluşdan narazılıq ifadə etmək üçün işlədilir. Tomas Mor “Utopiya” əsərində xəyali bir cəmiyyət təsvir edir ki, burada təzyiqə, haqsızlığa yer yoxdur.
T. Kampanella “Günəş Şəhəri” əsərində sosial ədalət prinsipinə əsaslanaraq ideal cəmiyyət quran insanlardan bəhs edir. Onun fikrincə, bütün ədalətsizlikləri törədən xüsusi mülkiyyətdir.
Erazm Rotterdamlı (1469-1536) “Axmaqlığın tərifi” əsərində orta əsrlərin sxolastikasını tənqid edirdi. Bibliyanın insan tərəfindən yazılması fikrini irəli sürürdü və qeyd edirdi ki, dini mətnlər köhnəldiyi üçün yeniləri ilə əvəz olunmalıdır. O dini tolerantlığın tərəfdarı olmuşdur. Belə bir fikri məşhurdur ki, xəstə adamı öldürməkdənsə, müalicə etmək daha yaxşıdır. E. Rotterdamlı kilsənin insanlara xristian dininə uyğun yaşamaq üçün kömək etməli olduğunu əsaslandırırdı. O hesab edirdi ki, insan yalnız tərbiyə vasitəsilə insan ola bilir, başqa sözlə heç kim sosial mənada insan kimi doğulmur, buna həyatı boyu əldə etdiyi keyfiyyətlər sayəsində nail olur.
Qalileo Qaliley (1564-1642) eksperimental metodun əsasını qoymuşdur. Onun fikrincə, din və elm bir ola bilməz, bir-birindən ayrı götürülməlidir. Rasionalist mövqedə dayanan Qalileyin fikrincə, insan idrakı sonsuz deyil və həqiqəti tam görə bilməz. Bununla belə, insan dərketməyə can atmalı, təbiətin qanunlarını öyrənməlidir.
O köhnəliyə qarşı olmuş, elmin təcrübiliyini artırmaqla praktiki nəticələrə nail olmağı əsas hesab etmişdir.
İntibah dövrü mədəniyyəti insanın mahiyyətinin öyrənilməsi üçün antik fəlsəfəyə istinad edirdi. Məhz buna görə də bu fəlsəfə Avropa fəlsəfəsinin yenidən dirçəlməsi, təntənəsi kimi xarakterizə olunur. Bu dövr fəlsəfəsi orta əsrlər üçün dominant olan dini fəlsəfədən humanizm ideyalarının daşıyıcısı olmaqla, habelə gerçək həyata bağlı olması ilə fərqlənirdi.
Mövzu 6.
Yeni dövr fəlsəfəsi
Elmdə orta əsrlərdən sonra başlanan dövrü «Yeni dövr» adlandırırlar. Belə ki, dövlət uzun müddət kilsənin əlində olan səlahiyyətləri nəzarətə aldı ki, bu da nəticə etibarilə dini dünyagörüşündən təbiətin elmi anlamına keçidi təmin etdi.
Bu dövrdə elmin inkişafı fəlsəfənin məzmunca transformasiyasna, bir az da dəqiqləşdirsək idrakı ön plana çıxarmışdı. Bu keyfiyyət dəyişmələrini nə zəruri edirdi? Şübhəsiz ki, ilk növbədə Avropanın siyasi-iqtisadi həyatında baş verən dəyişikliklər. Bura daxil idi : a) Feodalizmdən kapitalizmə keçiddə müşayət olunan problemlər; b) Qitədə yeni dövlət forması olaraq respublikaların yaranması; c) Almaniyada reformasiya, Niderlandda burjua inqilabı, İngiltərədə iqtisadi sahədə inqilab yarada biləcək yeniliklərin baş verməsi və sair. Təbiidir ki, fəlsəfi fikir cəmiyyətdəki bu köklü dəyişiklikərin nəzəri ümumiləşdirməsinə cavab verməli idi. Bu baxımdan Yeni dövr fəlsəfəsinin sosial sifarişdən yarandığını söyləmək mümkündür.
Yeni dövr fəlsəfəsinin görkəmli nümayəndəsi olan ingilis filosofu Frensis Bekon (1561–1626) empirizm metodunun banisi olmaqla həm də müasir induktiv metodun yaradcısı hesab olunur.
«Yeni orqanon», «Ləyaqət və elmin inkişafı haqqında» əsərlərində Bekon elmi biliklərin, kəşflərin köməyi ilə təbiət qüvvələrinə üstün gəlməyi təbliğ edirdi. Bekon «ikili həqiqət», yəni əql həqiqəti və etiqad həqiqəti arasında tərəddüd etmişdir.
O özündən əvvəlki filosofların yalnız nəzəriyyə ilə məşğul olduqlarını, insanlara real bilik verə bilmədiklərini iddia edirdi. Bekon anqlosakson ruh daşıyıcısı kimi praqmatikliyin tərəfdarı idi və qeyd edirdi ki, fəlsəfə həqiqətə çatmaq kimi mücərrəd axtarışlarla deyil, insanlara əməli tövsiyyələr verməklə məşğul olmalıdır. Hesab edirdi ki, insanın təkamülü yalnız təbiət üzərində hökmranlığı təmin etdikdən sonra mümkün ola bilər.
Onun fəlsəfə üçün böyük xidməti idrakın induktiv metodunu elmi dövriyəyə gətirməsidir. İnduktiv metodu əsas götürməklə Bekon deduktiv metodu qəbul etmirdi. Bekon elmi tədqiqatlarda riyaziyyatın və hipotezlərin rolunu deyil, empirik, yəni təcrübi tədqiqatlara üstünlük vermişdir. Bütövlükdə Bekonun təlimində fəlsəfənin tənqidi funksiyası daha qabarıq nəzərə çarpır.
F.Bekonun əsərlərində müxtəlif mövzulara münasibət var ki, bu da onun sonrakı dövr filosofları üçün istiqamətverici mütəfəkkir kimi məşhurlaşmasını təmin etmişdir. Buna dair ən parlaq nümunə Böyük Britaniyada Kral akademiyasının yaranmasını göstərmək olar. Belə ki, F. Bekon “Yeni Atlantida” əsərində utopik bir adada yaşayışı təsvir edir və göstərir ki, burada siyasətçilər deyil, alimlər hökmranlıq edirlər. Onun əsərindəki bu fikri əsas tutaraq bir sıra elm mərkəzləri yaradıldı ki, bunlardan biri də Kral akademiyası idi.
F. Bekona görə, elmi bilik əldə etməyin üç yolu var: “hörümçək yolu”, “qarışqa yolu” və “arı yolu”.
Dostları ilə paylaş: |