1. Orta əsrlərdə Qərbi Avropa fəlsəfi fikrinin formalaşması.
Orta əsrlər fəlsəfəsi Roma imperiyasının süqutundan (V əsrdən) İntibah dövrünə qədər (XV) olan fəlsəfi fikri əhatə edir ki, bu da daha çox qədim yunan fəlsəfəsi və xristian dini dünyagörüşünə əsaslanırdı.
Xristian dini dünyagörüşü deyildikdə əsasən 3 istiqamət başa düşülür. Bunlardan biri teosentrizmə görə, dünyada nə varsa Allah tərəfindən yaradılmışdır.
Kreasionizmə görə, Allah dünyanı öz ilahi qüvvəsi ilə heçdən xəlq edib. Providensializmə görə, insanların hərəkətləri ilahi qüvvə tərəfindən idarə olunur.
Orta əsrlər Avropa fəlsəfəsinin əsas inkişaf mərhələləri əsasən iki yerə bölünür:
Patristika - II əsrdən VIII əsrə kimi və Sxolastika - IX əsrdən XV əsrədək.
Patrístika latınca pater-ata sözündəndir və patriarx rahiblərin yaratdığı fəlsəfə və ilahiyyatı ifadə edir. Patristika antik dövrdə müxtəlif fəlsəfi-dini təlimlər ilə mürəkkəb münasibətlər zəminində formalaşmışdır və müxtəlif mərhələlərə bölünür. Bütövlükdə patristikanı antik dövr fəlsəfəsindən orta əsrlər fəlsəfəsinə keçid dövrü kimi xarakterizə edirlər. Patristika dövrünün fəlsəfəsi teosentrik olub ki, bu da bütün mövcudatın səbəbinin Allah olmasını qəbul etmək deməkdir.
Patristikada fəlsəfi axtarışlar qəbul edilmir, mövcud olan ümumi mövqe ilə kifayətlənmək tövsiyyə olunur. Bu təlimə görə, xristian adətləri bütün davranışların əsası olmalıdır. Çünki bu adətlər xristian mədəniyyətini təcəssüm etdirir. Müqəddəs Avqustin, Afanasi və Amvrosi adlı rahiblər bu təlimin əsas nümayəndələri kimi qəbul edilir. Patristika Avropanın mənəvi-mədəni dünyasında yüz illər boyu dominant təlim olmuş və sxolastikanın birinci mərhələsi kimi qiymətləndirilir.
Əvvəlki dövrlərə xas olan fəlsəfədən fərqli olaraq bu fəlsəfəsə monoteizmə əsaslanan teosentrik məzmuna malikdir. Bu o deməkdir ki, ilkin əsas təbiət yox, Allahdır. Başqa sözlə, orta əsrlər fəlsəfəsi dini məzmun daşımışdır.
Qərbi Avropada xristian fəlsəfəsinin inkişafına ən çox təsir göstərən Avqustin (354-430) idi. Allah tərəfindən hər kəsin taleyinin əvvəlcədən müəyyən edilməsi təliminin əsas tutaraq yerdəki dünyanı ikinci kitab hesab edirdi. Onu Müqəddəs (İlahi) Kitabdan sonra oxumaq lazımdır. Onun fikrincə, yalnız Allaha məhəbbət insanı əsl insan edir. Əsas əsərləri «Həqiqi din haqqında», «Azad iradə haqqında», «Allah şəhəri haqqında», «Tövbə»dir. Avqustinin «Allah haqqında təlimi» sxolastikaya həlledici təsir göstərdi. Allah dünya qaydalarını şərtləndirən əbədi və dəyişməz ideyaların mənbəyi olan ali varlıqdır.
Avqustinin dini-fəlsəfi təliminin mərkəzində Allah dayanır. Neoplatonizmə əsaslanan Avqustin gostərir ki, Allah–ondan yuxarıda heç kimin və heç nəyin ola bilmədiyi qeyri-maddi və qüdrətli Mütləqdir. Lakin, o, Allahın dünyanı şüalandırması (emanasiya) və elə buna görə də dünya ilə vəhdətdə olması kimi neoplatonçu ideyanı qəbul etmir. Ona görə, Allah dünyanı yaradıb və nə təbiətdən, nə də insandan asılı deyil, əksinə, həm təbiət, həm də insan Allahdan asılıdır.
Avqustin hesab edir ki, idrakın ali forması –İlahi nurlanmadır. Bu isə imanı güclü olanlara Allah tərəfindən əta olunur.
Avqustinin tarix və cəmiyyət haqqında fəlsəfi görüşləri yazdığı “Allah şəhəri” əsərində əksini tapmışdır. Bu təlimin əsas müddəaları belədir:
-- tarixin gedişi və cəmiyyətin həyatı iki əks –Yer (günahkar) və İlahi səltənətlərin mübarizəsidir;
-- Yer səltənəti dövlət təsisatları, hakimiyyət, ordu, qanunlar və imperatorlarda təcəssüm edir;
-- İlahi səltənət xristian kilsəsində birləşən din xadimləri ilə təmsil olunur;
-- Yer səltənəti günahkardır və gec, ya da tez İlahi səltənətə məğlub olacaq;
-- krallar və imperatorlar Xristian kilsəsinin iradəsini ifadə etməli və ona, həmçinin bilavasitə Roma Papasına tabe olmalıdır;
-- Kilsə dünyanı birləşdirəcək yeganə qüvvədir.
Orta əsrlərdə Avropada fəlsəfənin inkişafında əsas cərəyan sxolastika (lat. «schola» - məktəb) idi. Sxolastikanın əsas məqsədi–xristian təlimini nizama salmaq və dərk olunmasını asanlaşdırmaqdır. Çünki, xristianlığın geniş yayılması bir tərəfdən çoxsaylı din xadimlərinin hazırlanmasını, digər tərəfdən isə adi insanların xristian ehkamlarını asanlıqla başa düşməsi üçün onun sadələşdirilməsini tələb edirdi.
Sxolastikada biliyin inama olan münasibəti əsas götürülürdü. Belə ki, inam ağıldan üstün hesab olunurdu. Sxolastikanın inkişafına fəlsəfi və elmi ədəbiyyatın genişlənməsi stimul yaratdı. Bu xüsusda Aristotelin və onun ərəbdilli davamçılarınn əsərləri kilsə tərəfindən rədd edilirdi. Bu baxımdan sxolastika Aristotel təliminin kilsə ehkamlarına uyğunlaşdırılması prosesində həlledici rol oynadı. Bu cərəyanın əsas simaları Foma Akvinski (bəzi mənbələrdə Tomas Akvinat), Albert Bolştedt, Duns Skot və başqaları idilər.
Foma Akvinskiyə görə, varlıq beş yolla dərk edilə bilər ki, bunlardan ilki və ən əsası hərəkət anlayışıdır. Başqa sözlə, özü heç nə ilə hərəkətə gətirilməyən ilk təkana - Allaha istinad edilməlidir. Filosof qeyd edirdi ki, sosial nizam İlahi nizamın yer üzərində təcəssümüdür. O xristian dini ilə Aristotelin fəlsəfi sistemini birləşdirməyə müvəffəq olmuşdur. Bir teoloq kimi Akvinski hesab edirdi ki, əsas olan Allaha sevgidir, yəni Allahı hamı dərk etməyə bilər, amma ilahi sevgi hamıda olmalıdır. Əsas əsərləri: "Bütpərəstlər əleyhinə külliyyat" (1264) və "Teologiya külliyyatı"dır. (1273)
XIII əsrdə sxolastikanın görkəmli simalarından biri Rocer Bekondur. Bu filosofun fikrincə, Roma papası öz simasında ruhani və dünyəvi hakimiyyəti birləşdirir ki, nəticədə teokratiya yaranır. Papa bütün bəşəriyyətə rəhbərlik etməlidir ki, ümumi nizam təmin olunsun.
Orta Əsrlər Qərbi Avropa sxolastikasında 2 əsas cərəyan var idi: Nominalizm və realizm.
Sxolastikanın məşğul olduğu əsas məsələ biliyin inama olan münasibəti idi ki, bu da o deməkdir ki, inam ağıldan üstündür. Ümuminin təkə olan münasibəti məsələsində fikir ayrılığı var idi. Realizmə görə, «universalis» (latınca «universalis» ümumi) ümumi anlayışlar insan şüurundan asılı olmayaraq müstəqil mövcuddurlar.
Nominalizmə görə, ümumi insan toplusu mənasında ümumiyyətlə insan yoxdur. «İnsan» yalnız ümumi addır və hər bir ayrı şəxs bu adla adlanır. XIV əsrdə Avropada nominalizmin yüksəlişi nəzərə çarpır. Nominalizmin ən görkəmli nümayəndəsi Uilyam Okkam ilahiyyata və fəlsəfəyə dair araşdırmalar aparmış, Aristotelin nəzəriyyəsinə müraciət etmişdir. O, Allahın varlığını fəlsəfi yolla təsdiq etmək cəhdini düzgün hesab etmirdi. U.Okkama görə, Allahın varlığı dini inamın predmetidir, fəlsəfə isə məntiqi mühakimələrə istinad edir.
Neorealizmin əsas nümayəndələrindən olan Corc Murun əsas ideyaları “İdealizmin inkarı” əsərində verilib. Əsasən idealizmin tənqidinə əsaslanan bu cərəyana görə, obyekt subyektdən asılı olmadan mövcuddur. Yəni, bizim münasibətimizin necə olmasından asılı olmayaraq şeylər mövcuddur.
Tənqidi realism cərəyanına görə isə, dərk edilən şey birbaşa şüura daxil ola bilmir. Bu cərəyanın əsas nümayəndələrindən olan Corc Santayana hesab edirdi ki, müxtəlif vasitələrdən (məsələn, din, incəsənət) yararlanmaqla insan mədəniyyətin yaradıcısı olur.
Yeni realizmə görə, fəlsəfənin əsas vəzifəsi konkret elm sahələrinin köməyinə çatmaqdır. Bunun üçün fəlsəfə real dünyanın dərk olunmasında bu elmlərə əməli təkliflər verməlidir. Əsas nümayəndəsi E. Meyersona görə, fəlsəfə real mövcud olan obyektlərin dərkinə çalışmalıdır.
Antroposentrizm insanı dünyanın və biliyin mərkəzi kimi qəbul edən dini-fəlsəfi cərəyan olmaqla İntibah dövründə (XIV əsrin əvvəlləri, XVI əsrin sonu) təşəkkül tapmışdır. Humanizm ideyalarının yayılması təbiət elmlərinin əldə etdikləri yeniliklər ilə bağlı olmuşdur. O cümlədən, mexanika, riyaziyyat, astronomiya, fizika, kimya, biologiya kimi təbiət elmlərinin uğurları insanın bir varlıq kimi dəyərləndirilməsində vacib səciyyə daşıdı.
İntibah fransız dilində Renessans dövrü mədəniyyəti XIV-XVI əsrləri əhatə edir. Bu dövr mədəniyyətinin əsas araşdırma mövzusu insan, onun bu dünyadakı missiyası idi.
Qeyd etmək lazımdır ki, İntibah dövrü fəlsəfəsi Yeni dövr fəlsəfəsinə keçid üçün böyük zəmin olmuşdur.
İntibah dövründə ictimai-fəlsəfi fikir əsasən üç istiqamətdə inkişaf etmişdir: humanizm, naturfəlsəfə və ideal cəmiyyət konsepsiyaları. İntibah dövrü əsasən İtaliya ilə assosiasiya olunur. Leonardo da Vinçi, Cordano Bruno, Nikolay Kopernik və digər mütəfəkkirlərin yaradıcılığı intibah fəlsəfəsinin ideya qaynaqlarından olmuşdur. Məsələn, Leonardo da Vinçi hesab edirdi ki, fəlsəfənin əsas missiyası reallığın elmi dərkidir. Da Vinçiyə görə, həqiqət mütləqdir və dinə, xurafata yox, elmə istinad etməlidir. Müasir təbiətşünaslığın əsasının qoyulması da onun adı ilə bağlıdır. Da Vinçi bütün dünyada “Mona Liza” portretinin müəllifi kimi tanınır.