3. Fəlsəfənin əsas cərəyanları. 1. İdealizm
2. Materializm
İdealizm – yunanca “idea” – fikir, təsəvvür deməkdir. İdealizm fəlsəfənin əsas cərəyanlarından biri olmaqla, həm də metoddur. İdealistlər ideyanı, ruhu, şüuru, birinci, maddi olanı isə ondan törəmə hesab edirlər. Öz növbəsində idealizmin iki növü var: obyektiv və subyektiv idealizm.
Materializm – latın sözüdür, “materia” – maddi olan deməkdir. Materializm təbiəti, materiyanı ilkin başlanğıc kimi, şüuru, ideyanı, ruhu isə ikinci, ondan törəmə hesab edir.
Materializm də idealizm kimi bir çox növlərə ayrılır. Bunlar qədim dövrün sadəlövh materializmi, XVI-XVIII əsrin mexaniki-metafizik materializmi, dialektik və tarixi materializmdir.
Qədim dövrün sadəlövh materializminə antik fəlsəfənin birinci mərhələsinin nümayəndələri – Fales, Anaksimandr, Anaksimen, yunan atomistləri aid edilir. Fales ilkin başlanğıc kimi suyu, Demokrit kainatın sonsuzluğunu qeyd etməklə materialist mövqedə dayanırdılar.
XVI-XVIII əsrin mexaniki-metafizik materializminin nümayəndələrindən Lametrini, Holbaxı, Deni Didronu və başqalarını qeyd etmək olar.
4. Fəlsəfənin əsas məsələsi. Fəlsəfənin əsas məsələsi şüurun materiyaya, ruhun təbiətə olan münasibətidir. Sadə deyilsə, yəni maddi olan birincidir, yoxsa ideal olan? Qeyd edək ki, istər materializm, istərsə də idealizm varlığın əsasında bir başlanğıcı qəbul edən monist (yunanca “monos” – bir deməkdir) təlimlərdir. Varlığın əsasında iki başlanğıcı, yəni maddi və mənəvi substansiyaları (yunanca substansiya mahiyyət deməkdir) birlikdə qəbul edən dualist (ikili) fəlsəfi təlim də var. Bu fəlsəfi təlimin klassik nümayəndəsi Rene Dekart şüuru materiya ilə birlikdə ilkin başlanğıc kimi qəbul etmişdir.
Fəlsəfənin əsas məsələsinin digər tərəfi idrak nəzəriyyəsi və ya qnoseologiya (yunanca “gnosis” – bilik, “logos” – söz, təlim deməkdir) adlanır. Bu insan şüurunun xarici aləmi dərk etmək qabiliyyətinə malik olub-olmaması məsələsini müəyyən etmək deməkdir. Fəlsəfədə müxtəlif təlimlər, cərəyanlar insan biliyinin mənbəyi və həqiqətin meyarı məsələsinə münasibət bildirirlər. Bunlardan rasionalizm, empirizm və sensualizmi qeyd etmək olar. Rasionalizm — ağlı idrakın yeganə mənşəyi hesab edən fəlsəfi cərəyandır. Empirizm biliyin təməlində təcrübənin, sensualizm isə hissi təcrübənin olduğunu əsas tutur.
Fəlsəfi təfəkkür artıq 2500 ildir insanlara yol göstərməyə çalışır. Fəlsəfə bir elm olaraq daim axtarışdadır və vaxtı ötmüş ideyaları sərf-nəzər edərək elmi texniki tərəqqinin nailiyyətlərini insanların ehtiyacları baxımından qiymətləndirməyə çalışır.