Mağlar. Azərbaycan fəlsəfi fikrinin inkişafında Midiya kahinləri nəslindən olan magların təlimi mühüm yer tutur. E.ə. I minilliyisin birinci yarısında mağların dünyagörüşü o dövrün yüksək inkişaf etmiş elmlərinə – riyaziyyat, astronomiya, təbabətə istinad edirdi. “Mag” anlamı ilə zərdüştiliyin təmsilçilərini, müdrikliyi ilə seçilən şəxsiyyətləri nəzərdə tuturdular. Mağlar oda sitayiş edirdilər və iki başlanğıcın işıq və zülmətin olmasını əsas götürürdülər. Mağlar atəşpərəstliyi yaratmş və bu dinin əхlaqi– еtik normalarını, insani münasibətlər haqqında başlıca prinsiplərini formalaşdırmışlar.
Mağların mürəkkəb ayin və mərasim sistemi mövcud olmuşdur. Ölkəmizdə Muğan düzü, Muğan zonası anlayışları mövcuddur ki, bunun etimoloji əsaslarının mağlardan gəldiyi güman olunur.
Zərdüştün öz təlimini mağların adət və ənənələri əsasında yaratması kifayət qədər mənbə vardır.
Zərdüştlik b.e.ə. VII-VI əsrlərdə Azərbaycan və İran ərazisində yaranmışdı. Zərdüşt peyğəmbər bu dinin, həm də onun müqəddəs kitabı Avestanın əvvəlki hissəsinin yaradıcısı kimi qəbul olunur. Zərdüştün bir peyğəmbər kimi emansipasiyasının məhz yaşadığı coğrafiyanın determinantları ilə müəyyənləşməsi şübhəsizdir. Belə ki, tarixən mürəkkəb və dramatik mübarizələrin getdiyi bu məkanda yeni fikrin, həyat tərzi formalaşdıracaq bir konsepsiyanın meydana gəlməsi məhz Zərdüşt peygəmbər kimi bir ali şəxsiyyətin timsalında daha dolğun görünürdü. Onun çağırışları bir növ yeni günün başlanması ilə assosiasiya olunurdu. Yeni gün yeni ümidlər, daha ədalətli cəmiyyətin yaranmasına ümidlə bağlı idi.
Avesta mənəvi abidə kimi təkcə bu coğrafiyada yaşayanların deyil, eləcə də bütün dünyada əxlaqi kredo rolunu oynamaqdadır. Təsadüfi deyil ki, Avestada təlqin olunan ideyalar digər xalqların folkloruna, gündəlik həyat tərzinə əhəmiyyətli təsir göstərmişdir. Onu da qeyd etmək lazımdır ki, bu təsir yalnız Şərq mədəniyyətinin daşıyıcılarının deyil, habelə Avropa fəlsəfi məktəblərinin bir sıra aparıcı nümayəndələri üçün ilham mənbəyi olmuşdur və olmaqda davam edir. Bu mənada Avesta həm də nəsillərarası bir mənəvi körpü kimi də qiymətli və diqqətəlayiqdir.
Əsas qayə Xeyrin Şər üzərində qələbəsidir. Belə ki, Avestada (zərdüştlükdə) Xeyir (Ahura Məzda) və Şər (Ahura Mənu) allahlarını qarşılaşdırılaraq qələbə Xeyirə verilir. Buna görə də, dualist mübarizənin müşahidə olunduğu bütün fəlsəfi konsepsiyalarda Xeyirin qələbəsinin təntənəsinin ilk nümunəsini məhz bu əsər hesab etmək olar. Əsər üç hissədən ibarətdir ki, bunlardan birincisi Vendidad, ikincisi Yasna, sonuncu isə Vispered adlanır. Vendidad və Yasna da olan mətnlər (himnlər) Zərdüştün lirikasını təşkil edir. Zərdüştə görə od – Günəş təmizlənmənin yeganə yoludur.
Azərbaycan xalqının məişətində bu gün də mühüm yer tutan bəzi rituallar məhz Zərdüştlüklə bağlıdır. Məsələn, Novruz şənliyi, odun üzərindən atlanmaq bizim məişətimizə Zərdüştlüyün mirası kimi gəlib çatmışdır.