QARACAOĞLAN ŞEİRLƏRİNİN
ŞƏHDİ-ŞƏKƏRİ
Türk aşıqlarının XVII əsrdə yetişmiş ən ünlü nümayəndələrindən biri olan Qaracaoğlan (1606-1676) sağlığında belə məşhur olmuş, onun şeirlərinə türkülər oxunmuş, bu türkülər bütün Anadoluya, İstanbula, Azərbaycana, Krıma, Rum elindən Dunaya qədər yayılmışdır. Ünü hər tərəfə yayılan Qaracaoğlanın şeirlərindən ikisinin hələ sağlığında nota alındığını tədqiqatçılar yazmaqdadırlar.
Cahit Öztelli “Qaracaoğlanın bütün şeirləri” adlı kitabında yazır: “Əsil adı Albert Bobovski olan və Sultan İbrahimin zamanında (1640-1649) İstanbul sarayına tatarlar tərəfindən dustaq edilib satılan, müsəlmanlığı qəbul etdikdən və adı Əli olduqdan sonra türk dilini şeir yazacaq səviyyədə mükəmməl mənimsəyib “Üfqi” təxəllüsü ilə şeirlər yazan Albert Bobovski həm də yüksək musiqi təhsili görmüşdü. Türk mədəniyyəti baxımından dəyərli olan əsərinə “Məcmuayi-sazı-söz” adını verdiyi əsərində o dövrün şairlərinin türküləri ilə bərabər, Qaracaoğlanın da iki türküsünü nota almışdır. Albert Bobovskinin bu əsəri indi Londondadır” (Cahit Özteli. A.K.Ə. İstanbul, 1970, səh.28).
A.Bobovskinin “Məcmuayi-sazı-söz” əsərindən birinci türkü belədir:
Mədət Allahı sevərsən,
Gəl imdi dilbər, gəl imdi.
Həsrətindən ciyərciyim,
Dəlindi, dilbər, dəlindi.
Can səni görməyə evər,
Nə rəhmim, nə təsəllim var.
Bənciləyim səni sevər,
Bul indi, dilbər, bul indi.
Cavabın aldım dilindən,
Öldüm sevdanın əlindən.
Əlvida canım əlindən,
Al indi, dilbər, bul indi.
Coşdu Qaracaoğlan coşdu,
Eşq dəryası boydan aşdı.
Bir gül idin, çağın keçdi,
Sol indi, dilbər, sol indi.
2-ci türkü:
Şəftalı istərim mahrum göndərmə,
İki ləblərindən, bir gərdanından.
Könül haqq evidir, sakın söndürmə,
İki ləblərindən, bir yanağından.
Ağlım aldın gözlərini süzəli,
Bənzimə düşmüşdür ayva qəzəli.
Sana derim, behey, adəm gözəli,
İki ləblərindən, bir yanağından.
Karacaoğlan, eydür, yarım gəlirsə,
Dəli könül istədiyin bulursa.
Danışlarım icazetin olursa,
İki ləblərindən, bir yanağından.
Bu türkülər XVII əsrdə və türk tarixində ilk Qərb notu ilə qeydə alınan çox dəyərli tarixi nümunədir. Qaracaoğlanın şeirlərində məhəbbət lirikası güclüdür. Mütəxəssislərin yazdığına görə, türk aşıq şeirində məhəbbət mövzusunda yazan aşıqlardan birinciləri, bəlkə də, birincisi Qaracaoğlandır. Onun eşq şeirlərində bəşəri eşq birinci sıradadır. Sevgili bütün geyim-kecimi, bər-bəzəyi, libası-əndamı, ətri-təravəti bir sözlə, bütün əndazəsi ilə təsvir olunur Qaracaoğlanın şeirlərində.
Mənim yarım gəlişindən bəllidir,
Ağ əlləri dəstə-dəstə güllüdür.
İbrişim kuşaklı incə bellidir,
İncə bellərimi sar dedi mana.
Qaracaoğlanın təsvir etdiyi gözəllər sərvboylu, əlif qəddli, ala gözlü, altun saçları yanağını, topuğunu döyən türkmən gözəlləridir.
Ala gözlərini sevgiyim dilbər,
Mən gözəl görmədim səndən ziyadə.
Bilməm hürümüsən, göydənmi endin,
Bu gün gözəlliyin dündən ziyadə.
Doğan aylar kimi doğar görünür,
Qırmızılar geyib çıxar salınır.
Ah etdikcə qara bağrım dəlinir,
Sayılmaz xalların mindən ziyadə.
Qaracaoğlanın gözəli fövqəladə görkəmi ilə qarşımıza çıxsa da, bu gözəl bəzən vəfalı, bəzən də sözündə durmayan bir dönükdür. Bu laqeyidliyin həsrəti aşığı yandırıb yaxır:
Burda bir gözələ meyil eylədim,
Əylənib orada qalasım gəldi.
Başına taxılmış gülü, nərgizi,
Əl sunub ucundan alasım gəldi.
Qız neçin söylədin mənə bu sözü,
Ürəyimə qoydun atəşi, közü.
Başına taxmısan gülü, nərgizi,
Üzümü üzünə sürəsim gəldi.
Qaracaoğlan der ki, nettim, neylədim,
Coşqun sular kimi axdım, çağladım.
Vəfasız dilbərə meyil bağladım,
İradı yollarım görəsim gəldi.
Prof. Ahmet Kabaklı Qaracaoğlanın təsvir etdiyi gözəllər haqqında belə qənaətə gəlir: “Qaracaoğlanın şeirlərindəki gözəllər divanlardakı “miniatür gözəllər”ə bənzəməz. Bunlar qanlı-canlı, hərəkətli gerçək gözəllərdir. Bu qadınlar özəl geyimləri, çöhrələri, sar hörükləri, xasiyyət və xarakterləri ilə yaşayan varlıqlardır. Bənzərlərinə bu gün belə Toros yaylalarında türkmən aşirətləri arasında rastlanır” (A.Kabaklı. Türk Ədəbiyyatı, II c, İstanbul, 1968, səh. 432).
Qaracaoğlan gördüyü gözəlləri nə qədər mədh edib, onlara valeh olsa da, bir gözələ deyil, çox gözələ bağlanır. Bu məziyyətinə görə bəzən özünü ittiham etsə belə, yenə özünə bəraət qazandırır.
Karacaoğlan der ki, kəndim öyməyim,
Coşqun sular kimi bəndim döyməyim.
Güzəl sevmə derlər, nasıl sevməyim,
Sevsəm öldürürlər, sevməsəm ölləm.
Şeirlərində Elif, Esma, Fadimə, Ayşə, Hatice kimi neçə-neçə gözəllərin adını sıx-sıx anmış olsa da,
İncəlikdən bir qar yağar,
Tozar Elif, Elif deyə.
Dəli könül abdal olmuş,
Gəzər Elif, Elif deyə –
Əlif adlı gözəlin eşqindən abdal kimi gəzməsindən bəhs etsə də, hər getdiyi diyarda gördüyü yeni-yeni gözəllərə şeirlər yazır, onlardan mənəvi zövq almaq istəyir:
Ala gözlərini sevdiyim dilbər,
Göstər camalını görməyə gəldim.
Şeftalini dərdə dərman dedilər,
Gerçəkmi, sevdiyim, sormaya gəldim.
Qaracaoğlan bir məhəbbət şairidir. Onun məhəbbət mövzusunda yazdığı hər bir şeiri heyranlığın, bir macəranın, bir küsüb-barışmanın, təsadüfi görüşmənin hekayəsini andırır. Eşqində sədaqətli olmayan aşıq tək bir gözəllə kifayətlənmir, dili ilə könlü arasında uçurum yaranır, gəzdiyi hər obada gördüyü gözəllərə biganə qalmayaraq onlardan arı kimi şirə çəkmək istəyir, istədiyini əldə etməyincə sevdiklərinə sitəm, qarğış etməkdən belə çəkinmir.
Ala gözlü, nazlı dilbər,
Sən də olasan mənim kimi,
Zülfün tökük, boynun bükük,
Sən də olasan mənim kimi.
Bağçanda güllər bitməsin,
Dalında bülbül ötməsin.
Qapından cərrah getməsin,
Sən də olasan mənim kimi.
Gül yerinə tikan bitsin,
Quş yerinə bayquş ötsün.
Gözün yaşı selə dönsün,
Sən də olasan mənim kimi.
XVII əsr türk xalq ədəbiyyatında bütün çalarları ilə məhəbbət mövzusunda şeirlər yazan Qaracaoğlan olduğu kimi, bu əsrin aşıq ədəbiyyatında daha çox gözəlləmələr yazan da Qaracaoğlan olmuşdur. Gözəlləmələrində gözəlin ağlını-kamalını, mərifətini, əndamını, qaşını, gözünü, sözünü ustalıqla mədh etməklə gözəl olan hər şeyi (mənzərə, dağ-daş, təbiət və s.) öyən şeirlər də öz şəhdi-şəkəri ilə Qaracaoğlan yaradıcılığına məxsusdur:
Sabahleyin dan üzünə,
Sürmələr çəkmiş gözünə,
İki əlin almış üzünə,
Gülər nazlanı-nazlanı.
Dostun bağçasına girdim,
Tumurcuq güllərdən dərdim,
Əl bağlayıb salam verdim,
Alır nazlanı-nazlanı.
Qaracaoğlan der mərdanə,
Gözəl içində bir dənə,
Zülüfün tökmüş gərdənə,
Darar nazlanı-nazlanı.
Qaracaoğlanın qoşma, səmai, varsağıları da öz mükəmməlliyi, dilinin gözəlliyi ilə seçilir. Müdriklik timsalı olan öyüdverici şeirlərində (ustadnamələrində) insana xas olan məziyyətlər, ədəb-ərkan, doğru yol tutaraq yaşamaq kimi keyfiyyətlər sənətkarlıqla təlqin olunur.
Dinlə, sənə bir nəsihət edəyim,
Xatırdan, könüldən keçici olma,
İyidin başına bir iş gəlirsə,
Onu yad ellərə açıcı olma.
Məclisdə arif ol, kəlamı dinlə,
El iki söyləsə, sən birin söylə,
Əlindən gəldikcə yaxşılıq eylə,
Xətirə toxunub yıxıcı olma.
El arifdir yoxlar sənin bəndini,
Dağıdırlar tuzağını, fəndini,
Alçaqlarda otur, göz et kəndini,
Qatı yüksəklərdə uçucu olma.
Qaracaoğlan söylər sözün başarır,
Eşqin dəryasını boydan aşırır,
Səni hər məclisdə kiçik düşürür,
Könüllərə qonub köçücü olma.
Qaracaoğlanın şeirlərində təbiətin təsvir və tərənnümü də əsas yer tutur. Təbiət onun şeirlərində təkcə seyr edilən bir mənzərə olmayıb, yaşanan bir məkandır. Təbiətin hər bir çiçəyi, bitkisi, ağacı, daşı, quşu onun duyğularının ifadəçisidir. İlk baharda, yazda, yayda dağların təbiət gözəlliklərini ustalıq və şirin bir dillə söyləyən aşıq bu gözəlliklərdən zövq almağın nəşəsini də yaşayır.
Bülbül, nə yatırsan bahar erişdi,
Ulu sular göl olduğu zamandır.
Qat-qat oldu gül yarpağı qarışdı,
Yenə bülbül qul olduğu zamandır.
Eyni düşüncə tərzi, eyni gözəlliyi seyr edib, bu gözəlliyin şəriki olmaq aşığın “dağlar” rədifli şeirinə də xasdır:
Yağmur yağar mor sünbüllər bitirir,
Yel əsdikcə kokuların gətirir.
Sarı çiçək sarvan qurmuş oturur,
Qarışmış güllərə çəmənin, dağlar.
Qaracaoğlan vətənin füsunkar gözəlliyini, onun dağlarını, yaylasını, ilin yaz-yay fəslində təbiətin min bir rəngini, bu rəngləri ikiqat artıran gözəllərlə birlikdə ustalıqla təsvir və tərənnüm edən şeirləri ilə Anadolu insanlarının sevgisini qazanan aşıqdır. “Anadolu təbiəti ilə Qaracaoğlan qədər iç-içə, bu təbiətlə onun qədər qaynayıb-qarışan bir başqa şairimiz yox kimidir” (Ahmet Kabaklı).
Bahar gəlincə türkmən aşirətlərinin yaylalara köçməsi, onların geyim-kecimi, bər-bəzəyi, bu gözəllikləri tamamlayan Anadolu təbiətini şirin bir xalq ifadə tərzi, dumduru xalq dili ilə ifadə etmişdir Qaracaoğlan.
Türkmən eli yaylasına yürüsün,
Ağ quzular mələsin də gedəlim.
Önü ağ önlüklü, üzü peçəli,
Xatun qızlar yürüsün də gedəlim.
Qaracaoğlanın şeirlərində zəmanədən, özündən, könlündən şikayət motivləri də var. Bəzən zəmanədən şikayət bəzən edə bilmədikləri üçün dünyadan, fələkdən şikayət şəklində, özündən, könlündən şikayət isə yanlış etdiklərinə peşmançılıq, etiraf şəklində ifadə edilir.
Qaracaoğlan der ki, yeyib-içmədim,
Yeyib-içib ağ köksünü açmadım.
Fürsət əldə ikən alıb qaçmadım,
Məni öldürməli, döyməli deyil.
…Dəli könül, gəzər-gəzər gəlirsin,
Arı kimi hər çiçəkdən alırsın,
Harda gözəl görsən, orda qalırsın,
Mən sənin dərdini çəkəməm, könül.
Professor Ahmet Kabaklı “Qaracaoğlanın dili xalq dilinin öz dili olduğunu, yabançı kəlmə və tamlamalardan ola bildiyi qədər uzaq olduğunu” yazmış, “gerçəkdən böyük şairliyi sayəsində heç bir təşkilatın dəstəyi və heç bir kitabın yardımı olmadan bütün Anadoluya yayılmış, şeir deyilsə, türkü olaraq, adı bilinməzsə, anonim bir folklor məhsulu kimi sevilmiş və mənimsənilmişdir. Hər şeiri bir çox bəstələr ilə hər kənd və qəsəbədə söylənən Qaracaoğlan Yunus Əmrə qədər milliləşmiş müstəsna şairlərimizdən biridir” deyə yazmışdır (A.Kabaklı. Türk Ədəbiyyatı, II cild, İstanbul,1968, səh. 433).
Doğrudan da, Qaracaoğlan xalq dilinin incəliyini, gözəlliyini bütün təravəti ilə şeirə gətirmiş, xalqın gözəllərini, dağını-daşını, təbiətini, etnoqrafiyasını, adət-ənənəsini bu dilin şəhdi-şəkəri ilə ifadə etmiş, şeirlərində də doğma türk dilinə olan məhəbbətini açıqca söyləmişdir. Bu cəhətdən onun “Dilləri var bizim dilə bənzəməz” şeiri çox xarakterikdir.
Endim seyran etdim Firəngistanı,
Elləri var, bizim elə bənzəməz,
Levin tutmuş qönçələri açılmış,
Gülləri var, bizim gülə bənzəməz.
Göllərində kuğuları üzüşür,
Meşəsində sığırları böyrüşür.
Gözəlləri şarkı söylər, çağrışır,
Dilləri var, bizim dilə bənzəməz.
Qaracaoğlan eydür, dosta darılmaz,
Xəstələndim xəstəliyim sorunmaz.
Vətən tutub bu yerlərdə qalınmaz,
Elləri var, bizim elə bənzəməz.
Vətənini, onun dilini, gözəl təbiətini, bu təbiətin övladları olan insanlarını dünyanın ən dilbər güşələrindən üstün sayan, bu üstünlüyü türk xalq dilinin bütün rəng və çalarları ilə ifadə edən Qaracaoğlanın dilin təbiətindən, xalqın ruhundan doğan şeirləri xalq poeziyasının şəhdi-şəkərini, dadını-duzunu duymaq istəyənlər üçün qiymətli poetik nümunələrdir .
Dostları ilə paylaş: |