QADIN HÜSEYN CAVİD
YARADICILIĞINDA
Tarix səhifələrində Azərbaycan qadınının qəhrəmanlıq, mərdlik, fədakarlıq sədaqəti yazılmış zəngin mədəniyyət tarixçəsi vardır. Bu səhifələrdə Azərbaycan qadını milli adətləri, vətənpərvərliyi, əxlaqi keyfiyyətləri, düşüncə tərzi ilə tanınmaqdadır.
Sağlam cəmiyyətin, sağlam ailənin təminatı olan qadınların Azərbaycan ədəbiyyatı salnaməsində də ayrıca yeri vardır.
“Qadın gülərsə, bu ıssız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək”-
deyən XX əsr türk dünyasının böyük mütəfəkkiri Hüseyn Cavidin yaradıcılığında qadına olan münasibət öz ideya-məfkurə sağlamlığı ilə seçilir.
Hüseyn Cavidin yaradıcılığındakı qadın dünyası onun həm dramaturgiya yaradıcılığında, həm də şeirlərində görünməkdədir.
H.Cavidin yaradıcılığa başladığı XX əsrin əvvəllərində qadın azadlığı, çadra məsələləri böyük mübahisələr yaradır, cəmiyyətdə qadına münasibət müxtəlif çalarlarda özünü göstərirdi.
Yaradıcılığa şeirlə başlayan Hüseyn Cavidin “Qadın”, “Qız məktəbində”, “Şərq qadını”, “Pəmbə çarşaf”, “Bir qızın son fəryadı, yaxud zindan guşəsindən bir səs”, “Dəniz pərisi”, “Get”, “Qəmər” kimi şeirlərində qadının xarici görkəmindən, qadının əsarət, qadının əxlaqi dəyərləri, gözəllik və sevgisindən söhbət açılır. Bu prizmadan onun qadın azadlığı, qadın mənəviyyatı, qadın haqqındakı dini-dünyəvi düşüncələrinin fəlsəfəsi orta çıxır.
“Mən gözəllikdə gözəl ruh araram,
Ruhu düşkünləri çirkin sayaram -
--------------------------------
* Məqalə “Türk dünyasını işıqlandıran M.Akif Ersoy və Hüseyn Cavid” Beynəlxalq Konfransda məruzə edilmiş və həmin konfransın materiallarında yayınlanmışdır. Bakı, 16-18 may, 2013. Qafqaz Universiteti.
Böyük mütəfəkkir şair alçaldılan, təhqir edilən qadınların sıxıntısını həssas bir şair qəlbi ilə hiss etməklə yanaşı, yazıqlığın, çarəsizliyin əleyhinə idi. O, “Şərq qadını” şeirində
Yox, mən artıq sürünən heç deyiləm -
Şərqin azadə, gülər bir qızıyam,
Uca həşmətli fəzalardan aşan,
Pəmbə bir yıldızıyam –
deyən şərq qadınındakı intibahı alqışlayır (I c., Bakı, 1968, s.60).
Qadın azadlığı, çadra probleminə H.Cavidin əsərlərində birmənalı şəkildə yanaşılmır. XX əsrin ilk rübündə bu məsələ böyük diskussiyalara səbəb olduğu bir şəraitdə din xadimləri, eləcə də bir çox ziyalılar qadının çadrasız gəzmələrini ədəbdən, islamdan kənar bir hal hesab edirlər. “Şəlalə” jurnalı 1913-cü ildə çıxan 37-ci nömrəsində yazırdı: “Qadınların açıq vəziyyətdə sokağa (küçəyə - M.H.) çıxmaları tərəqqini təlqin etsəydi, əsrlərdən bəri çıl-çılpaq gəzən Afrika zənciləri tərəqqi etmiş olardı” (“Şəlalə”, 1913, № 37). Jurnal sonrakı nömrələrinin birində yazırdı: “Avropa qadınlarının açıq gəzmələri, erkəkləri evdə yox ikən erkək müsafirləri qəbul etmələri, erkəklərlə sənli-mənli konuşmaları üzündən nə qədər əxlaqsızlar vaqiə gəldiyini görüyor və eşidiyoruz” (Bax: “Şəlalə”, 1913, № 40).
“Təcəttüri-nisvan”, “hürriyyəti-nisvan”, yəni qadının örtünməsi və qadının hürriyyəti məsələsinin qabarıq bir şəkildə ortaya çıxdığı XX əsrin əvvəllərində H.Cavid bu məsələyə dərindən-dərinə müdaxilə edən şeirlər yazmasa da, bir şeirində - “Pəmbə çarşaf” şeirində onun bu problemə münasibətini şairin milli və dini dəyərlərə münasibəti şəklində görə bilirik. “Pəmbə çarşaf” şeirində H.Cavid:
Bu təsəttür nasıl da cazibədar,
Bunda pək incə bir lətafət var –
deyərək qadının açıq və ya örtülü gəzməsinə romantik bir anlam verir.
…Mən açıq şeirdən də həzz edərim,
Fəqət ən gizli şeiri pək sevərim.
…Gülə, pək başqa, fər verir yapraq,
Söylə! Dünyada hankı sənətkar,
Kölgəsiz bir rəsimdə sənət arar!?
…Örtün! Örtün… Fəqət unutma saqın!
Sənin açmaq zamanın: iştə yarın!.. (I c., s. 73)
Yaradıcılığının ilk illərində yazdığı “qadın” şeiri də dərin fəlsəfi və ictimai məzmun daşıyır:
Qadın! Ey sevgili həmşirə, oyan!
Ana! Ey nazlı qadın, qalx! Uyuyan
Daima mövtlə həmduş oluyor,
Zülalü möhnətlə həmağuş oluyor – (I c., s.43)
deyərək qadının öz haqlarını tələb etməsinin, ana kimi müqəddəs bir varlıq olduğunu xatırlayaraq əsarətə, həqarətə boyun əyməməsini, sevgili, şəfqətli mələk olan qadın – ananın vəzifəsinin böyük olduğu qədər də ağır olduğunu xatırladır, oyanıb ətrafını seyr etməyini istəyir. Bütün vətən övladlarının onun şəfasına ehtiyacı olduğunu vurğulayır. Bu şəfa onun təhsili, elmi və əxlaqıdır ki, biz bunun gözəl nümunəsini “Qız məktəbində” şeirində görürük.
“Qız məktəbində” azyaşlı Gülbahar surəti H.Cavidin gələcək nəsil qadın obrazlarının nümunəsidir. Məktəbli Gülbaharın milli dəyərləri onun öz dilində anlayışlı bir şəkildə ifadə edilmişdir. Dialoq şəklində yazılmış şeir şairlə məktəbli Gülbahar arasındadır:
Quzum, yavrum! Adın nədir?
Gülbahar.
Pəki, sənin anan, baban varmı?
Var.
Nasıl, zənginmidir, baban?
Əvət, zəngin, bəyzadə…
Öylə isə geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum? Heç sıxılma…
Var, əfəndim, var… lakin,
Müəlliməm söylər, onların yox qiyməti,
Hər qızın bilgidir, təmizlikdir ziynəti.
Gülbahar H.Cavidin türk qadınında görmək istədiyi ideal milli surətdir, şairin fəlsəfi-poetik idealıdır. Bu ideal Gülbaharla şair arasındakı son dialoqda bütün aydınlığı və gözəlliyi ilə üzə çıxır:
…Bu dünyada sənin ən çox sevdiyin
Kimdir quzum, söylərmisin?
O Allah ki, yeri, göyü, insanları xəlq eylər.
Sonra kimlər?
Sonra onun göndərdiyi elçilər.
Başqa sevdiklərin nasıl, yoxmu?
Var.
Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar.
(H.Cavid. Əsərləri. I c., Bakı, 1968, s.49).
“Qız məktəbində” şeiri H.Cavidin qadına ideal münasibətinin təcəssümüdür. Qadın şərəfinin ali nişanəsi təmizlik, sadəlik və maddi rifahın fövqündə duran mənəvi-əxlaqi dəyərdir. Qadının maddi rifahı yüksək olsa belə o, bu dəyəri üstün tutmalı, elmə-maarifə can atmalıdır.
Hüseyn Cavid bir-birinin ardınca “Ana” (1910), “Maral” (1912), “Şeyx Sənan” (1913-1914), “Uçurum” (1917), “Şeyda” (1917), “İblis” (1918), “Afət” (1922), “Peyğəmbər” (1923), “Topal Teymur” (1925), “Knyaz” (1929), “Telli saz” (1930), “Şəhla” (1935), “Xəyyam” (1935), “İblisin intiqamı” (1936) kimi dram əsərləri yazır və bu əsərlərdə zəngin surətlər qalereyası yaradır. Bu əsərlərdə dramaturq H.Cavid Göyərçin (“Uçurum”), Alagöz (“Afət”), Xumar (“Şeyx Sənan”), Maral (“Maral”), Sevda (“Xəyyam”), Rəna (“İblis”), Südabə (“Səyavuş”) kimi müxtəlif xarakterli qadın surətləri yaratmışdır. Hər birinin özünəxas fərdi xarakteri olan bu qadınlar H.Cavidin qələmində öz mənfi və müsbət tərəfləri ilə canlanır.
H.Cavidin “Ana” pyesinin baş qəhrəmanı Ana – Səlma xalqımızın milli dəyərləri əsasında yaradılmış müsbət qadın surətidir. Milli dəyərlərimiz içərisində qonaq həmişə müqəddəs sayılmış, qonağa hörmət, ehtiram göstərilmişdir. Milli-mənəvi dəyərlərimizi böyük ehtiramla ifadə edən böyük ədib “Ana” əsərində bu dəyərləri yüksək poetik pafosla ümumiləşdirmiş, analıq şəfqətinin qan intiqamı duyğularını üstələyən Səlma ana kimi alicənab bir qadın surəti yaratmışdır.
Ana – Səlma evinə pənah gətirən qonağın oğlunun qatili olduğunu sonra bilir. O, oğlunun qatilini ölümdən xilas edir. Bunun səbəbi qatilin ananın ocağına qonaq kimi pənah gətirməsidir. Ana öz nəcibliyi və insanlığı ilə qatili öldürməklə deyil, insanlığı ilə sarsıdır. Obrazın bu mahiyyətini biz dramaturq H.Cavidin xalq bədii təfəkkürünə bağlılığı ilə izah edə bilərik. Ana sevimli oğlu Qanpoladı qətlə yetirən canini ələ vermir və heç bir vəchlə razı olmur ki, oğlunun tərəfdarları ona pənah gətirən qonağı məhv etsinlər. Ev, qonaq sahibi Səlma ana elin adətinə kəm baxa bilmir. Çünki eldə-obada qonaq həmişə müqəddəs tutulub.
Ana bir tərəfdən oğlunun intiqamı ilə alışıb-yanırsa, özünü bu xain qonağa yer verməkdə təqsirləndirirsə, digər tərəfdən də qonağın qanını tökməyi vicdanına sığışdırmır:
…Həm mültəci, həm qərib, həm müsafir,
Xayır, vicdanım olmaz buna qadir,
Bir də hər nə yapsam bu dərdi silməz,
Məhv olsa aləm, Qanpolad dirilməz,
Xayır, əfv etməli. Getsin də miskin,
Xəcalətdən ölsün, yerlərə keçsin… –
deyərək qatil qonağı yola salır.
Əlbəttə, əsərdə böyük dramaturq milli ruhu və etik prinsipləri Səlma ananın xarakterində və hərəkətlərində verməklə milliliyin spesifik təzahürünü ifadə etmişdir.
H.Cavidin dram əsərlərindəki bir çox qadın surətləri təmiz əxlaqlı, zəngin hissiyyatlı, möhkəm insani keyfiyyəti ilə seçilir.
Maral, Afət, Zəhra, Göyərçin, Xumar, Sevda kimi rəngarəng xasiyyət və təbiətcə bir-birindən fərqli keyfiyyətlərə malik qadın surətləri yaradan H.Cavid qadını bir vətəndaş, bir ana, ruhi və əxlaqi gözəlliyin təmsilçisi kimi görərək, onun varlığına böyük önəm verirdi. O, bir tərəfdən əri tərəfindən unudulmuş, təhqir olunmuş Göyərçin (“Uçurum”), digər tərəfdən ərini zəhərləyən gözəl, füsunkar, cazibəli bir qadın olan Afət (“Afət”) kimi cani bir qadının da ailə faciəsini qələmə almaqla dövrün əxlaq normalarına etirazını bildirirdi.
Məsumluq, mənəvi gözəllik heykəli olan Xumar (“Şeyx Sənan”), Xəyyamı şəxsiyyət olaraq zənginləşdirən Sevda (“Xəyyam”) isə H.Cavidin daxili aləmi zəngin qadın surətləridir.
Gözəlliyi, məhəbbəti və tükənməz həyat nəşəsini Hüseyn Cavidin qadının ismətində, əxlaqında gördüyünü ifadə edən Məsud Əlioğlu yazırdı: “H.Cavidin qadın surətləri içərisində şərə və hiyləyə düşkün, ehtiraslara uyub rəzalətlər törədən mənfi qadınlara da təsadüf edilir (məsələn, “Səyavuş” əsərində Südabə). Lakin şairin qadın surətləri, demək olar ki, hamısı (epizodik səpkidə verilənləri də nəzərə almaqla) müsbət qayəli, xasiyyətcə bütöv və xaraktercə dəyişilməz məğrur qadınlar idi. H.Cavid mənəvi gözəlliyin rəmzi kimi qadını, qadın əxlaqını, varlığını və qadın qəlbinin saflığını qorumağı nəzərdə tuturdu” (Bax: Məsud Əlioğlu. “Məhəbbət və qəhrəmanlıq”. Bakı: “Yazıçı”, 1979, s. 195-196).
H.Cavid “İblis” əsərində Rəna və Xavər kimi qadın tipləri yaratmışdır. Abdulla Şaiq “İblis” əsərindəki “fənalıqların simvolu” adlandırdığı İblis surəti ilə yanaşı qadın tipləri olan Xavər və Rəna haqqında yazırdı: “Əsərdə qadın tipləri olduqca incə və sənətli fırçalarla canlandırılmışdır. Xavər, Rəna – hər ikisi türk qadınlarını təmsil edən sevimli tipdir. Hər ikisinin naturu aydın və müəyyəndir. Nöqteyi-nəzərlərində ziddiyyət yox. Heç birinin ağıl ilə qəlbi, hiss ilə düşüncəsi, idrak ilə arzusu arasında ayrılıq görünmür. Hər ikisi vəzifəsinin qəhrəmanıdır. Hər ikisi bəşəri və milli qayə daşıyır. Xavər Rənaya nisbətən daha səmimi, daha idealistdir. Büllur ruhu həyatın çirkabları ilə bulaşmamış, dağ çeşmələri qədər saf və şəffaf bir qəlbə malikdir. “Həp cinayət qadın cinayətidir” – deyən Cavidi qadınlıq düşməni kimi təlqin edənlər bu qadın tiplərini, hələ Xavəri gördükdən sonra yenə də mi fikirlərində israr edəcəklər? (Bax: “Cavidi xatırlayarkən”. Bakı, “Gənclik”, 1982, s. 61-62).
Abdulla Şaiq fikrinə davam edərək yazırdı: “Cavid və İblis kəndi nəfsinə məğlub olan və yalnız kəndini yaşatmaq üçün bəşəriyyəti və onun bir ailəsi olan millətləri zəhərləyən, hürriyyətinə, yaşamasına əngəl olan xain, xüdbin adamçıqlar və millətlərdir” (Yenə orada, s. 62).
Abdulla Şaiqin H.Cavidi “İblis”i yazmağa gətirib çıxaran bir yazısını da qeyd etmək yerinə düşər. A.Şaiq yazırdı:
Cavidin “İblis” faciəsini ideoloji cəhətdən tənqid edənlərə onun nə kimi təsir altında yazıldığını xatırlatmaq üçün şairin keçirdiyi müdhiş bir fəlakəti yazmaq məcburiyyətindəyəm.
Cavid Bakıda köhnə Nikolayevski küçəsində yerləşən “Təbriz” otelində yaşayırdı. 1918-ci ilin mart hadisəsindən sonra yazıçı və münəqqid Hüseyn Sadiq ilə bərabər bizə gəlmşdi. Cavidin bət-bənizi ağarmışdı. O, son dərəcə nəşəsiz və mütəəsir görünürdü. Əhval sordum. Hüseyn Sadiq Cavidin əsir düşdüyünü və ölümdən qurtulduğunu söylədi. Sonra şair özü başına gələn qəzanı müfəssəl şəkildə belə danışdı:
“Mart hadisəsinin ikinci günü bir dəstə erməni daşnak əsgəri otelin qapısını qırıb içəri girdilər və altmış nəfərdən ziyadə müsafiri əsir aldılar. Mən vəziyyətin nə yerdə olduğunu hiss edərək getmək istəmirdim. “Nə edəcəksiniz, burada edin!” – dedim. Lakin hamımızı məcburən çıxarıb apardılar. Yolda hər tinbaşı üzərimizə yaylım atəşi açıldıqca hamımız qorxudan yerə sərilir, bir-birimizə qısılırdıq. Sonra “qalxın!” əmri verilincə yoldaşlarımızdan bir çoxunun qurşunlara fəda olduğunu görürdük. Xülasə, altmış nəfərdən yalnız iki nəfər qaldıq. Bizi gətirib Mayılov teatrına2 buraxdılar. Aralıq sakitləşənə qədər orada qaldıq” (Bax: A.Şaiq. Xatirələrim. Bakı, 1973, s. 294-295).
Cavid Azərbaycan səhnəsinin şah əsərlərindən olan “İblis” faciəsini bu acı təsir altında yazmış, iblislərin ünvanını verə bilmişdir.
Əlbəttə, Hüseyn Cavidin istər şeirlərində, istərsə də dram əsərlərindəki qadınları, heç şübhəsiz, onların yaşadıqları cəmiyyət, mühit, əhatə olduqları yaşayış tərzi ilə əlaqədar olaraq ədibin qadına münasibəti prizmasından təhlil etməyə çalışdıq və bu qənaətə gəldik ki, XX əsrin böyük mütəfəkkir şairi Hüseyn Cavid:
“Qadın gülərsə bu ıssız mühitimiz güləcək
Sürüklənən bəşəriyyət qadınla yüksələcək –
deməklə idrakda parlayan, düşüncəyə ziynət verən, mərifət nuruna malik, ruhi gözəlliklərə sahib olan qadınlarda bəşəriyyətin gələcəyini görürdü.
BAYATI
Bayatı Azərbaycan poeziyasının həmişəcavan babası, dördcə misrada yeri gələndə dörd qitənin dərdini çəkməyi bacaran poeziya “pəhləvanı”. Təbir münasib olmasa da yeridir: Fərasətli qarışqa nə boyda yük qaldırır! “Bayatıların hər biri bir taleyin uğursuzluğu, bir ömrün eniş-yoxuşu, elin-obanın dərdi-səri ilə bağlıdır. Onların hər biri bir hadisədə yaranıb ağızdan-ağıza keçir, illərin məhək daşına toxunub büllurlaşır, cilalanır, gəlib çağımıza çatır… Ona görə də bu gün biz onlardakı kamilliyə, bütövlüyə, gözəllik və dərinliyə heyran qalmaya bilmirik” (B.Vahabzadə).
Bayatılar folklorun ən geniş yayılmış növüdür. Bayatı demək insan övladının yüksək poetik hünəri olmaqla, insanın öz-özünə mənəvi hesabatıdır.
Əzizim dedi dərdim,
Yar gəldi, dedi dərdim.
Gəl düş mən düşən dərdə,
Onda bil nədi dərdim.
Əzizim gədə dərdi,
Gül əkdim gədə dərdi.
Aləmi dərd öldürdü,
Məni də gədə dərdi.
Ümumxalq mədəniyyətimizin üzvi bir hissəsi olan şifahi xalq ədəbiyyatımızın, onun zəngin bir xəzinəsi olan bayatılarımızın nadir incilərini toplamaq hələ çox-çox illər öncə bir sıra gözüaçıq, qabaqcıl ziyalılarımızın nəzərini cəlb etmiş və söz yox ki, onlar öz vaxtında müəyyən işlər görmüşlər.
Sovet dövrünün 1926, 1938, 1943, 1960 və 1977-ci illərində bir neçə bayatı kitabı nəşr edilmişdir.
Əsrlər boyu nənələrimizin, analarımızın yaddaşında sığallana-sığallana bu günümüzə gəlib çatan gözəl poeziya incilərini bir yerə cəmləşdirmək, yəni işıq üzü görmüş kitabları, ayrı-ayrı illərdə folklor ekspedisiyası zamanı toplanmış nümunələri, habelə bu gün yaranan bayatıları saf-çürük edib bir yerə cəmləşdirmək gərgin əmək və böyük məhəbbət tələb edir.
Bayatılarımız bizim tariximiz, etnoqrafiyamız, milli keyfiyyətlərimiz, həyatımızın canlı poetik salnaməsidir. Həyat fəlsəfəsi, müdriklik, məhəbbət motivləri ilə səsləşən dörd misranın oynaq, həm də həzin formada kitablara sığacaq dərin məna və hikməti vardır.
Bayatılar çox vaxt onların yarandıqları yer haqqında da məlumat verir ki, bu da ayrı-ayrı coğrafi obyektlərlə bağlı olan toponimlərə işarə olduğu üçün, həm də bayatının hansı ərazidə yarandığını bilmək üçün maraqlıdır.
Dağ başında qara bax,
Üstün alan sara bax,
Aləm cənnətə dönsə,
Mənə xoşdur Qarabağ.
Ağdamın yollarında,
Bənd oldum kollarında,
Bir bazubənd olaydım,
Yarımın qollarında.
Məlumdur ki, eyni etnik qrupa daxil olan türkdilli xalqların adət və ənənələrində, dünyagörüşlərində, mədəniyyət və etikasında bir yaxınlıq vardır. Türk xalqlarının bir çoxunun folklorunda təsadüf edilən bayatı janrına İraqın şimalında məskən salmış, dili türk-azəri dilinin, demək olar ki, eyni olan kərküklülərin ağız ədəbiyyatında xüsusilə çox təsadüf edilir. Yaxın mənəviyyatlı, ayrı ərazili, taleləri XX əsrin əvvəllərinə qədər bir olan Azərbaycan, türk, kərkük xalqlarının bayatılarında oxşar, hətta əkiz nümunələr çoxdur.
Apardı tatar məni,
Qul edib satar məni,
Yarım vəfalı olsa,
Axtarar tapar məni –
bayatısı heç bir qrammatik fərq olmadan kərkük-Azərbaycan-türk folklorunda mövcuddur. Hər misrasının öz yükü olan bu dörd sətirlik şeir ötən tariximizi yadımıza salır. İstər-istəməz düşünürsən ki, vaxtilə monqol-tatar zülmünün gətirdiyi kədəri kərküklülər də eynilə yaşamış və bu hadisə ilə əlaqədar yuxarıdakı bayatını bu günə qədər öz folklorunda qoruyub saxlaya bilmişlər.
Kərküklərdə bayatı janrı xoyrat adlanır. Kərkük xoyratlarının əksəriyyəti Azərbaycan folklorundakı kəsik bayatıları xatırladır. Belə xoyrat-bayatıların birinci misrası yeddi hecalı deyil, üç-dörd hecalı olur. Kəsik bayatılar (xoyratlar) Azərbaycan ərazisində də təşəkkül tapdığından onun çoxlu nümunəsi də mövcuddur:
Gəncə daşı,
Kür daşı, Gəncə daşı.
Qonşun bəd övlat olsa,
Yığ evin gencə daşı.
Məlumdur ki, indiyə qədər bayatı toplayan folklorşünas alimlər çox vaxt bayatıların əvvəlində Aşiq, Əzizi kimi müəlliflərin adlarını axtarmağa cəhd etmişlər. Müəllifli bayatılar, şübhəsiz ki, Mən Aşiq, Aşiqəm, Əziziyəm sözləri ilə başlayır. Ancaq çox vaxt bayatı toplayanlar bunun fərqinə varmadan, xüsusən “Əziziyəm”lə başlayan bayatılarda təhriflərə yol verərək, bunu “Əzzim”, “Əzzinəm” şəklində yazırlar.
Əzzim üzüm ağacı,
Üzüm düzüm ağacı.
Bağa baltalı girdi,
Kəsdi bizim ağacı.
Əzzinəm, daşdı canı,
Kəkliyin daşdı canı.
Dərdimi pünhan çəkdim,
Dedilər, daşdı canı.
Göründüyü kimi, “əzzim, əzzinəm” sözləri birinci növbədə bayatıdakı 7 hecalı şeir formasını saxlamaq üçün olsa da onun heç bir poetik yükü yoxdur. Professor V.Vəliyevin yazdığı kimi, “Azərbaycan bayatılarının hamısında müəllif adı axtarmaq meyli, mübahisəsi düzgün deyildir. Müəllifi güman olunanlardan başqa, yüzlərlə bayatımız vardır ki, birinci misrası adi şeir misrası kimidir: həm də birinci misrası qafiyədən ibarət olan bayatılarımız da mövcuddur.
Dərdə məni
Kim saldı dərdə məni?
Loğman sağalda bilməz,
Mayasın dər əməni.
Kamil və müdrik nümunələr olan bayatılarımız bizə vəfadan, sədaqətdən tutmuş, hörmət-ehtirama, xeyir-duaya, mərdliyə, vətən sevgisinə qədər hər şeyi pıçıldayır.
“İLK AZƏRBAYCAN KİTABI”*
1995-ci ildə Şərq-Qərb nəşriyyatı “İlk Azərbaycan kitabı” adlı dəyərli bir kitab nəşr etmişdi.
Latın əlifbası ilə yayınlanan kitabın ingiliscə tərcüməsi də verilmişdir. “İlk Azərbaycan kitabı”nın tərtib edəni tarix elmləri doktoru Aydın Xəlilov, məsləhətçisi xalq şairi Nəriman Həsənzadədir. Kitaba şair Sabir Rüstəmxanlı “Azərbaycan kitabının ad günü” adlı ön söz yazmışdır**.
Nəfis illüstrasiyalarla bəzənmiş bu kitab Azərbaycanda ilk mətbu əsərlərin yaranma tarixindən bəhs edir və Azərbaycan alimlərinin ilk kitab nəşrlərinin 400 ilinə həsr edilmişdir.
“Azərbaycan kitabının ad günü” adlanan ön sözün müəllifi şair Sabir Rüstəmxanlı hər bir xalqın dininin, dövlətinin, ədəbiyyatının tarixi olduğu kimi kitabın da tarixi olduğundan bəhs edərək, Azərbaycan türklərinin kitabı Allahın göndərdiyi nemət sayaraq çörəklə bərabər tutduğu və müqəddəs qəbul etdiyinən “Tanrı haqqı”, “Kitab haqqı” kimi andlar içdiyinə” diqqət çəkir.
Sabir Rüstəmxanlı Azərbaycanın “Qobustan” qayalarında, Kəlbəcərdə yazılan daş kitabalərini, sonralar dədələrimizin daşla, ağacla, mıxla, lələk və metal qələmlərlə yazdığı kitabları xatırlayaraq “dünyanın mixi yazı olaraq qəbul etdiyi əlifba əslində türklərin icadıdır” deyir və “qədim Şumerlərin yazını gil üstündə mıxla yazdığına görə belə yazıların mixi yazı adlandırıldığını və sonralar ərəblərin dilinə bu sözün “mismari yazı” şəklində tərcümə edildiyi qeyd edir.
Sabir Rüstəmxanlı “Azərbaycan kitabı” deyəndə, əlyazmalarını nəzərə alsaq, onda min illərin tarixini vərəqləməliyik. Azərbaycan əlyazma kitabı bütün mədəniyyət yolumuzun yoldaşı olub. Lakin bu bukletdə əlyazmadan yox, sənaye, mətbəə üsulu ilə hazırlanmış ilk Azərbaycan çap kitabından söhbət gedir” deyərək “ilk nəşrlərimizin də çox maraqlı və qədim bir tarixi” olduğunu yazır.
Bəs mətbəədə yayınlanan ilk Azərbaycan kitabı hansıdır? Bu suala kitabın tərtibçisi Aydın Xəlilov “Azərbaycanın ilk çap kitabları” adlı üç bölümlük yazısında “bu kitab ilk dəfə 1594-cü ilə Romanın “Mediçi” mətbəəsində nəşr edilən Nəsirəddin Tusinin “Təhriri-Öqledis” kitabıdır” cavabını verir.
“Təhriri-Öqledis” 1598-ci ildə ikinci dəfə yenə Romada çap olunur. Kitaba Avropada olan böyük tələbi ödəmək üçün o, latın dilinə tərcümə edilərək, 1657-ci ildə Londonda çap edilir. Bir sıra şərq ölkələrində ərəb dilində nəşr edilən “Təhriri-Öqledis” əsəri 1801-ci ildə İstanbulda, 1824-cü ildə Mərakeşdə,1880-ci ildə Tehranda nəşr olunur.
“Təhriri-Öqledis” kitabının bu qədər maraq doğurmasının səbəbi nə idi və Nəsirəddin Tusi kim idi?
Azərbaycanın elm və ədəbiyyat tarixində müstəsna yeri olan Nəsirəddin Tusi haqqında xeyli araşdırmalar aparılmış, əsərləri nəşr edilmişdir. Araşdırmalar içərisində Həbibulla Məhəmmədbəylinin 1957-ci ildə Azərbaycan dilində yazdığı “Nəsirəddin Tusi” əsəri, yenə həmin müəllifin 1961-ci ildə rus dilində nəşr etdirdiyi “Marağa rəsədxanasının qurucusu Nəsirəddin Tusi” kitabları, professor Rəhim Sultanovun fars dilindən tərcümə edərək, müqəddimə və şərh yazdığı “Əxlaqi-Nasiri” kitabı N.Tusi haqqında dəyərli mənbələrdir.
Prof. H.Məmmədbəyli elmi ədəbiyyat kataloqunda “Nəsirəddin Tusi”, “Xoca Nəsirəddin Tusi” adı ilə 76 əsərin qeyd edildiyi və bu əsərlərin sənət, musiqi, tarix, coğrafiya, tibb, ədəbiyyat, riyaziyyat, nücum, ilahiyyat, məntiq, psixologiya kimi sahələrə aid olduğunu, “Zici-Elxani”, “Əxlaqi-Nasiri”, “Tənsiqnameyi-Elxani” (“Cavahirnamə”), “Şərhül-İşarət”, “Təhriri-Mecasil”, “Şəklül-Gita”, “Təhriri-Öqlidis” əsərlərin bunlardan bir neçəsi olduğunu qeyd edir.
Göründüyü kimi, Nəsirəddin Tusi (1201-1274) orta əsrlərdə Azərbaycanın elm və ədəbiyyat sahəsində yetişdirdiyi görkəmli bir riyaziyyatçı, astronom və əbədiyyat alimidir. 1201-ci ildə Həmədan şəhərində dünyaya gələn, sonralar Nəsirəddin Əbu Cəfər Muhammed ibn Muhammed əl Tusi kimi tanınan alimin əsl adı Muhəmməd, atasının adı Muhəmməd, babasının adı isə Həsən idi. Azərbaycanda xalq arasında ona Nəsir Tusi deyilərmiş. Tədqiqatçıların fikirlərinə görə o, gəncliyini və təhsil illərini Xorasanın Tus şəhərində keçirdiyi üçün özünə belə bir ləqəb götürmüşdür (bax: H.Məmmədbəyli. “Mühəmməd Nəsirəddin Tusi”. Bakı, Gənclik, 1980, səh. 36).
Yaşadığı dövrdə “Elm ölkəsinin şahı” kimi şərəfli ad qazanan Nəsirəddin Tusi Marağa Rəsədxanasının qurucusu, yalnız Azərbaycanın deyil, Şərqin nüfuzlu bir alimi olaraq diqqət mərkəzində olmuşdur. Maraqlıdır ki, Marağa Rəsədxanasının tikilməsi XIII əsr Monqol istilası dövrünə təsadüf edir. Odur ki, Marağada Nəsirəddin Tusinin rəsədxanasının tikilməsi üçün bir çox rəvayətlər və mülahizələr vardır. Bu rəvayətlərdən biri də alimin Hülakü xanla münasibəti, rəsədxana üçün ayrılacaq vəsait üçün Hülakü xanla çox incə bir siyasətlə apardığı söhbətlə məqsədinə nail olmasıdır. Bu barədə Həbibulla Məmmədbəyli “Mühəmməd – Nəsirəddin Tusi” kitabında yazır: “Elə ki, Marağada tikiləsi rəsədxananın məsarifi haqqında Xacə Nəsirəddin Hülakü xana söhbət açdı və Hülakü təəccüblənib söylədi ki, bu ulduzlar elminin nə faydası var ki, rəsədxanaya bu qədər pul xərc oluna? Həmin suala Nəsir bu növ cavab verdi: İcazə ver belə bir iş görsünlər. Hamıdan xəbərsiz bir şəxs qoy bu dağın başına qalxsın və kimsənin xəbəri olmadan bir teşti üzüaşağı buraxsın. Və belə də etdilər. Teşt üzüaşağı düşdükdə çox böyük hay-küy saldı və buna görə də aşağıda qoşun içərisində bir vahimə və təlatüm əmələ gəldi. Elə bildilər ki, düşmən qoşunu onların üzərinə hücum edir. Nəsir və Hülakü xan isə sakitcə bu hadisəni seyr edirdilər. Bu halda Nəsir Hülaküyə dedi ki, görürsünüzmü bizə bu hadisə və onun səbəbi məlum olduğu üçün biz sakit, əsgərlər isə xəbərsiz olduqlarına görə çox narahat olmuşlar. Bu qayda üzrə də yer üzərində sakit yaşamaq istəyirsənsə, göy hadisələrini öyrənmək lazımdır.
Bu cür sadə, lakin əyani yolla Nəsirəddin Hülakü xanı məcbur etmişdi ki, Marağa rəsədxanası üçün lazım olan xərci versin (səh. 52-53).
N.Tusinin Marağa rəsədxanasında mötəbər bir kitabxana qurduğuna da “İlk Azərbaycan kitabı”nın tərtibçisi Aydın Xəlilov diqqət çəkərək yazır: “Dünya əhəmiyyətli Marağa rəsədxanasının və onu elmi ədəbiyyatla təmin etmək üçün külli miqdarda əlyazma abidələrini toplayıb 400 min nüsxəlik fondu olan kitabxananın təşkili də Tusinin adı ilə bağlıdır” (səh. 11-12).
Tarixi həqiqətlərə istinad edən kitabın tərtibçisi İtaliya riyaziyyat alimlərinin Nəsirəddin Tusinin “Təhriri-Öqlidis” əsərinin Romada çap olunması 400 illik tarixinə diqqət çəkərək yazır: “Qərbi Avropa səyyahlarının Asiya ölkələrinə səyahətlərinin marşrutları əksər hallarda Azərbaycandan keçdiyindən, onlar Təbrizdə də dayanmış və Marağa rəsədxanası alimlərinin elmi nailiyyətlərindən xəbərdar olmuşlar. Sözsüz ki, rəsədxana rəhbəri Nəsirəddin Tusinin əsərləri İtaliya səyahətçilərinin marağından kənarda qala bilməzdi… İtaliya riyaziyyatçıları Nəsirəddin Tusinin “Təhriri-Öqlidis” əsərini əldə edib çap etdirmişlər. Hazırda Azərbaycan aliminin bu əsərinin 123 nüsxəsi dünyanın 32 kitab xəzinəsində mühafizə olunur”.
… Nəsirəddin Tusinin kitabının ilk çapından (1594) 400 il keçir. Mövcud biblioqrafiya əsərlərinə əsaslanaraq “Təhriri-Öqlidis”in 1594-cü il Roma nəşrini hələlik ilk Azərbaycan çap kitabı kimi qəbul etmək olar” (səh. 14-15).
Kitabın tərtibçisi böyük zəhmət hesabına topladığı elmi araşdırmalara əsaslanaraq, N.Tusinin nəşr olunan bu kitabından sonra Azərbaycanın elm və ədəbiyyat xadimlərinin dünyanın bir çox ölkələrində yayınlanmış əsərləri haqqında da məlumat verərək yazır: “XVII əsr tarixçisi, milliyyətcə azərbaycanlı Oruc bəy Bayatın “İranlı Don Juanın kitabı”nın (1604) ispan dilində İspaniyanın o vaxtdakı paytaxtı Valyadoliddə, İ.Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” (1835) əsərinin fransız dilində Varşavada, A.Bakıxanovun “Qanuni-Qüdsi” əsərinin fars (1831) və rus (1844) dillərində Tiflisdə, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” (1844) əsərinin Londonda, Mirzə Kazım bəyin “Türk-tatar dillərinin qrammatikası” əsərinin Kazan (1846), Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” əsərinin fars dilində Bombeydə (1851), M.Ş.Vazehin şeirlər kitabının Berlində (1851) nəşrini nümunə göstərmək olar” (səh. 15).
“İlk Azərbaycan kitabı”nda Azərbaycanın ən qədim əlyazmaları haqqında da qiymətli məlumatlar vardır.
Kitabda bu gün elm aləminə məlum olan VII əsrə aid “Dədə Qorqud”un əlyazma nüsxələrinin “Almaniyanın Drezden və İtaliyanın Vatikan kitabxanalarında mühafizə edildiyini, XI-XII əsrdə yaşamış Azərbaycan alim və şairləri Qətran Təbrizi, Bəhmənyar, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Xaqani Şirvani, Mücirəddin Beyləqanlı kimi ünlü şair və alimlərin günümüzə gəlib çatan əsərləri, o dövrdə Azərbaycanda əlyazma kitablarının mövcudluğundan xəbər verir. Bu əsərlərin ən qədimlərindən biri 1220-1225-ci illərdə üzü köçürülmüş və hazırda Paris Milli Kitabxanasında saxlanılan Təbərinin “Quranın şərhi” əsəri, XIII əsrin əvvələlrində Əyyubinin “Vərqa və Gülşah”, Xətib Təbrizinin “Şərhi-Divani-Həman” (1256) Əlləaddin Güveyninin “Monqol tarixi” (1290) kimi əsərlərin əlyazma nüsxələrinin mövcudluğundan xəbər verir (səh. 11).
“İlk Azərbaycan kitabı”ndan onu da öyrənmək olar ki, dünya kitabxanasında Nizami Gəncəvinin “Xəmsə”sinin 792 və Füzulinin əsərlərinin təxminən 800 əlyazma nüsxəsi mühafizə edilir.
Tərtibçi eyni zamanda orta əsrlər Azərbaycan ədəbiyyatının varlığından xəbər verən Azərbaycan mətbəə tarixindən və mətbəələrdə çap olunan kitablar haqqında da ətraflı məlumat verir.
Maraqlıdır ki, tərtibçi ilk Azərbaycan mətbəəsinin 1819-cu ildə Təbrizdə qurulduğunu və bu mətbəədə ilk mətbu kitabın 1819-cu ildə Mirzə İsanın İran-Rusiya müharibəsindən bəhs edən “Cahadiyyə” əsəri olduğunu yazır və sonra Təbrizdə daşbasma üsulu ilə Füzulinin “Leyli və Məcnun” (1819), 1835-ci ildə Şuşada, 1874-cü ildə Gəncədə, 1887-ci ildə Şamaxıda, 1892-ci ildə Bakıda və ayrı-ayrı vaxtlarda Azərbaycanın digər şəhərlərindəki nəşrlərindən bəhs edir.
Çox böyük bir tarixi əks etdirən “İlk Azərbaycan kitabı”nın son səhifələrində Azərbaycan və ingilis dillərində alt yazı verilməklə orta əsrlərdən başlayaraq çap olunan Azərbaycan kitablarının fotokopyaları da verilmişdir.
Azərbaycan nəşr kitabları, mətbəə tarixi, əlyazmaları haqqında qısa məlumat verən bu maraqlı kitab Azərbaycanın qədim elm, mədəniyyət, ədəbiyyat tarixinin biblioqrafiyasıdır desək, yanlış olmaz. Buna da inanırıq ki, böyük zəhmət hesabına ortaya çıxan bu qiymətli kitabın tərtibçisi araşdırmalarını davam etdirərək, yeni məlumatlar işığında kitabın dəyərini daha da artıracaqdır.
Dostları ilə paylaş: |