AŞIĞIN SEVDASI
XIV əsr anadilli poeziyamızın ilk nümayəndələrindən olan İzzəddin Həsənoğlunun “Necəsən, ey gül üzlü yarım mənim” misrası ilə başlayan qəzəlinin 2 misrası belədir:
Mən ölücək yoluna gömün məni,
Baxa dursun yarə toprağım mənim.
Həsənoğludan üç əsr sonra yaşamış Sarı Aşığın da eyni sevda təlatümlü, eyni məhəbbətlə dediyi iki bayatı məhəbbətin qüdrətini ifadə edirdi.
Salman Mümtazın yazdığı kimi XVII əsrdə yaşamış “Yaxşı adlı bir sarışın və qaraxallı qıza aşiq olmuş” Sarı Aşıq adı ilə məşhur olan Aşıq Abdulla sevdiyi Yaxşının vəfatından sonra çox yaşamamış, aşağıdakı bayatıda vəsiyyətini belə ifadə etmişdir:
Mən aşıq tərsinə qoy,
Tər məni tərsinə qoy,
Yaxşının qibləsinə,
Aşiqi tərsinə qoy.
Başqa bir bayatısı da belədir:
Mən aşiqəm yar sarı,
Geyinibdi yar sarı,
Qürbətdə ölsə aşıq,
Üzünü qoy yar sarı.
Salman Mümtazın yazdığına görə, aşıq “Bayatısının məzmununa görə basdırılmış və üstünə günbəz tikilmişdir ki, bu gün Aşıq Günbəzi adı ilə məruf və məşhurdur. Aşıq Günbəzi Güləbird kəndinin özündə vaqe olub, Həkəri çayının sol tayındadır. Günbəzin üstündə heç bir yazı, tarix yoxdur. Yalnız qəbir daşının üzərində bir saz şəkli qazılmışdır. Bundan qiyas etmək olar ki, Aşıq saz da çalarmş. Yaxşının qəbri isə Həkəri çayının o biri tayında, yolun arxasındadır. Yaxşı Aşığın istədiyi kimi qibləyə, Aşıq da tərsinə gömümüşdür. Həkəri çayı da bu iki qəbrin arasından axmaqdadır. Əhalinin bir qismi Aşığı Haqq Aşığı adı ilə yad edərək ziyarətə gəlirlər (Salman Mümtaz. “Azərbaycan ədəbiyyatının qaynaqları”. Bakı: Yazıçı, 1986, s. 170).
S.Mümtaz Aşığın qəbrinin şəklini də Azərnəşr bədii ədəbiyyat şöbəsi tərəfindən 1935-ci ildə nəşr olunan “Sarı Aşıq” kitabında vermişdir. Kitabın üz qabığının və qəbrin şəkli belədir.
1927-ci ildə arxeoloqlar da Həkəri çayının sahilindəki qəbiristanlıqdakı üzərində saz şəkli qazılmış qəbri və gümbəzi XVII əsrə və Sarı Aşığa aid etmişlər.
Sarı Aşıq haqqında ilk məlumat Qaradağinin “Təzkireyi-Qaradaği” əsərində verilmişdir. Təzkirədə aşığın əslən Arazın o tayındakı Qaradağdan olması, oradan köçüb Qarabağın Zəngəzur mahalının Həkəri çayı kənarında Güləburd adlı kənddə yaşaması adının da Qurbanəli olduğu, “Zahirən bu zati-pak şifteyi-ruzigardır. Çox qədim vaxtlarda gəlib Qarabağın Zəngəzur mahalında Həkəri çayının kənarında Güləbürd adlı qəryədə sükna edib” - deyə yazılmışdır.
1920-1930-cu illərdə Əmin Abid Sarı Aşıq haqqında məlumat verərək adının Qərib olduğunu yazır. 1927-ci ildə Salman Mümtaz aşığın adının Abdulla olması və həyatı haqqında “Aşıq Abdulla” adlı bir yazıda məlumat verir (bax: Salman Mümtaz. Azərbaycan ədəbiyyatı, sayı 13. Aşıq Abdulla, XI əsr-hicri. Bakı: Azərnəşr, 1927-ci il, səh. 7-20).
Salman Mümtaz da onun Qaradağ mahalından köçüb Zəngəzur qəzasına gəlməsini, oradan da Qaradağlı kəndində sakin olduğunu və bəzi rəvayətlərə görə təxəllüsünün “Misli” olduğunu, Yaxşıya aşiq olduqdan sonra təxəllüsünü “Aşıq” qoyduğunu yazmışdır.
Salman Mümtaz 1935-ci ildə aşığın şeirlərini latın əlifbası ilə “Sarı Aşıq və bayatıları” adı ilə nəşr etdirir. Nəşrin redaktoru yazıçı Seyid Hüseyn idi.
1936-cı ildə isə Bəhlul Bəhcət aşığın özü və bayatıları haqqında məqalələr dərc etdirir. Onun haqqında yazdığı “Bayatı şairi Aşığın tərcümeyi-halı” əsəri əlyazması şəklində Respublika Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilmişdir1.
Bəhlul Bəhcət Sarıca Nəbi adlanırdığı Sarı Aşığın Osmanlı dövlətinin ixtiyarında olan Anadolu əyalətindən 4 nəfərlə birlikdə Səfəvi Şahlarına tabe olan Qarabağ vilayətinə gəldiyini, rəngi sarıbəniz olduğu üçün yoldaşlarının ona Sarıca dediklərini, Həkəri çayının sol kənarında kiçik bir kənddə dul bir qadına qonaq olduğunu, qonaq qaldığı evdə gördüyü Yaxşı adlı gözəl qıza aşiq olduğunu, onun sevgilisi Yaxşını mülkədar Yaman bəyin zorla alıb evlənməsini, Yaxşının anasının kədərindən öldüyünü yazır. Çox keçmədən Yaxşının da ağır kədər içində vəfat etməsindən sonra Aşiqin tamamilə sarsılıb çox kəskin bayatılar çağırmasından, nə qədər yaşadığını və nə yaşda vəfat etdiyini dürüst göstərən bir işarə olmadığından yazır (bax: A.K.Ə. səh. 13-19).
Sonrakı illərdə akademik Həmid Araslı, prof. Əbdüləzəl Dəmirçizadə, prof. M.H.Təhmasib, prof. Ə.Qarabağlı, prof. Əhliman Axundov, prof. Sədnik Paşayev, prof. Mürsəl Həkimov kimi görkəmli alimlər Sarı Aşıq haqqında fikir söyləmişlər.
Göründüyü kimi, bənizi sarı olduğu üçün “Sarı Aşıq” kimi tanınan aşığın adını mənbələrdə müxtəlif şəkildə adlandırmışlar. “Təzkireyi-Qaradaği”də adı Qurbanəli, Əmin Abiddə Qərib, Salman Mümtazda Aşıq Abdulla, Sarı Aşıq, Bəhlul Bəhcətdə Sarıca Nəbi adlanmış, M.H.Təhmasibə görə, Sarı, Aşıq Ələsgərə görə, Yetimdir.
Aşıq Ələsgər:
Fərhad Şirini sevdi,
Yetim Yaxşı yar – demişdir.
Aşığın XVII əsrdə yaşadığı yazılır, fəqət anadan olduğu və öldüyü illər haqqında heç bir tarix yazılmamışdır. Bəzən uzun illər, bəzən də az bir ömür sürdüyü yazılmaqdadır. Prof. Azad Nəbiyevin Dərbənddən əldə etdiyi bir əlyazmada onun 1603-1635-ci illər arasında yaşadığı qeyd edilir (bax: A.Nəbiyev. “Azərbaycan aşıq məktəbləri”. Bakı: “Nurlan”, 2004, səh. 180).
Prof. Azad Nəbiyev Dərbənd əlyazmasında aşığın adının Abdulla olduğunu və Güləburda butasının dalınca gəldiyini, əlyazmada “Abdulla Güləburda butasının dalınca gəldi, özü ilə ata-anasını da gətirdi. Yaxşını qərib aşığa verməyib axirət dünyasını itirənlər peşman oldular. Yaxşının ayağı altında Abdullanı torpağa qoydular. Üstünə günbəz tikdilər. Ancaq insaf eləyib Yaxşını günbəzə gətirib aşığa tapşırmadılar. Sağlam canlar nahaq yerə hayıf oldu” şəklində yazıldığını qeyd edir (bax: A.Nəbiyev. A.K.Ə., səh. 181).
Göründüyü kimi, Sarı aşıq, onun sevdası, həyatı və ədəbi irsi tədqiqatçıları az düşündürməmişdir. Bu bir həqiqətdir ki, eşq fədaisi olan Aşıq zəngin ədəbi irs buraxıb getmişdir. O yalnız bayatıları ilə deyil, təcnis, mürəbbe, qoşma, cığalı bayatı, qıfılbənd bayatı, bayatı-bağlama, tapmaca kimi şeir növlərində müstəsna poetik nümunələr yaratmışdır. Aşığın geniş müşahidə, ülvi məhəbbət, zəngin biliyinin, hicran və həsrətinin məhsulu olan bu poeziya incilərinin içərisində onun Yaxşıya söylədikləri şeirlərin ayrıca yeri vardır. Onlardan bir neçə nümunə:
Şikar edib tutdum bir şahi tərlan,
Sən etdin əqlimi zayil, a Yaxşı.
Səni sevən keçər cani-sərindən,
Olur camalına mayil, a Yaxşı.
(S.Mümtaz. Sarı Aşıq və bayatıları.
Bakı, Azərnəşr, 1935, səh. 1)
Gözəllikdə sənsən bu gün yeganə,
Canım qurban olsun sən nevcavanə.
Yıxar Aşıq evin eylər viranə,
Dolananda hər bir yana gözlərin.
(Yenə orada, səh. 4)
Sallanıban Yaxşı çıxdı qarşıma,
Hüsnünün zəkatı hər ayə yetər,
Cəbrayil gətirdi ərşdən nidanı,
Mürsəl, Məhəmmədə hərayə dəyər.
(S.Mümtaz, səh. 7)
Atlandıq o Zəngini,
Sonalar üzən günü.
Ölsün, aşıq görməsin,
Səndən əl üzən günü.
(S.Mümtaz, səh. 27)
Mən aşıq zində deyil,
Əqli özündə deyil,
Kim dedi haq camalı,
Yaxşı üzündə deyil.
(S.Mümtaz, səh. 39)
Ay doğdu qəlbiləndi,
Doğduqca qəlbiləndi,
Quran gətir and içim,
Bu qəlb, o qəlbiləndi.
(S.Mümtaz, səh. 86)
Dərdin məni cəng eylər,
Vurar başa dəng eylər,
Məhəbbət adam öldürməz,
Saraldıb bədrəng eylər.
(S.Mümtaz, səh. 98)
Aşiq, Yaxşıya məndən,
Xalın yaxşı Yəməndən,
Gedirsən salam-dua,
Apar Yaxşıya məndən.
(Bəhlul Bəhcət. Sarı Aşığın
bayatıları, səh. 66)
Aşiqəm, yara yaxşı,
Təbibi ara yaxşı:
Canımın dərd yarasın,
Nə olar yara Yaxşı.
(Bəhlul Bəhcət)
Aşiq, yaxşı dən gözlər,
Mürgün yaxşı dən gözlər,
Baxdıqca şirin düşər,
Doymaz Yaxşıdan gözlər.
(Bəhlul Bəhcət, səh. 67)
Aşiqəm, o Yamandı,
O Yaxşı, o Yamandı,
Qorxuram ayrı düşəm,
Yaxşıdan o yamandı.
(Bəhlul Bəhcət, səh. 84)
Geniş və hərətərəfli tədqiqata möhtac olan Sarı Aşığın həyat və yaradıcılığı, bəlalı sevdası haqqında hələ çox deyiləcək, çox yazılacaq. Biz bu yazımızda Aşığın məhəbbətinin ünvanı olan Yaxşıya yazdığı S.Mümtaz və B.Bəhcətin onun haqqında topladıqları şeirlərdən bir neçə nümunə verməklə kifayətləndik. Bu nümunələr xalq arasında “Yaxşı və Aşiq” dastanının təsadüfi yaranmadığını göstərir.
Dostları ilə paylaş: |